Səkinə Əliyeva: "Sənin əməyin heç də kiçik əmək deyil"
Sevindik Nəsiboğlunun “MÖHTƏŞƏM ZƏFƏRİN NİŞANƏSİ” adlı kitabına Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin anası Səkinə Əliyevanın (Bayramova) rəyini təqdim edirik.
“Əzizim Sevindik balam, sənin əməyin heç də kiçik əmək deyil. Çox təqdirə layiq iş görürsən. Mən hazırda balam Əliyev Anarın heyətinin şəhid olan zabit və əsgərləri haqqında məlumat əldə edib öz vatsap statusumda paylaşıram. Həm özüm onları daha yaxından tanımaq üçün,həm də başqalarının onları daha da yaxşı tanımaları üçün. Mən də bununla təskinlik tapıram.
Elə Şəhid var ki, onun haqqında İnternetdə geniş məlumat verilib. Amma bəzi Şəhidlər barədə məlumat tapa bilmirəm. Bu barədə Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabı çox qiymətlidir.Orada rütbəsindən, yaşından, yaşadığı yerdən asılı olmayaraq yüzlərlə qəhrəman Şəhid haqqında lazımi məlumat tapa bilərsiniz. Axı gözünü qırpmadan, qorxu bilmədən döyüşə atılan hər bir oğul Qəhrəmandır! Od alov içindən döyüş yoldaşlarını, komandirini xilas etmək üçün özünü qurban edənlər, həyatlarını təhlükəyə atanlar əsil Qəhrəmandır! Onların arasında necə fərq qoymaq olar?!
Buna görə də mən sənə ölənəcən dəstək olacam. Uğurların bol, canın sağ, ömrün uzun olsun! Allah səni bədnəzərdən qorusun! Amin!"