"İslamın modeli olmaz, İslama baxışın modeli olar"

14:25 07-04-2022 | icon 609 | Cəmiyyət
"İslamın modeli olmaz, İslama baxışın modeli olar"

Elvüsal Məmmədov: "Xalq o cür cəzaların qarşısında istər-istəməz dindən uzaqlaşdı"

 

Bu gün müsəlman aləmi müqəddəs Ramazan ayını yaşayır. Dinimizin “ayların sultanı” üzərindən meydana çıxardığı kəramətlərinə diqqət çəkərkən sosial-ictimai fikirdə dinə yanaşmada müşahidə olunan “kölgələr” birmənalı büruzə verir. Bu gün cəmiyyətin dinimizə yanaşmaları nədir və necə olmalıdır?

 

AMEA Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi Elvüsal Məmmədov bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Elvüsal müəllim, Azərbaycan cəmiyyətində İslam dininə münasibətdə mövcud sosial-ictimai fikir nədir?

 

- Azərbaycan tarixən müsəlman ölkəsi olub və statistika göstərir ki, 98 faiz əhali İslam dininə etiqad edir. Əlbəttə, biz burada dindarlıq səviyyəsindən yox, inancdan danışrıq. Əhalinin 98 faizi özünü müsəlman hesab etsə də, bunun çox az hissəsi dindarlığı təmsil edir. Azərbaycanda dindarların sayı ölkə əhalisinin, təxminən 10-15 faizini təşkil edir. Onu da qeyd edim ki, dindarlaşma, yəni inancın əməli müstəviyə daşınması ölkədə hər il müəyyən inkişaf xətti ilə irəliləyir. Əlbəttə ki, burda intensiv inkişaf yoxdur, amma istər-istəməz xalq müsəlman olduğu üçün hər il namaz qılanların, oruc tutanların sayı artır. Ümumiyyətlə, oruc tutanlar namaz qılanlarla müqayisədə daha çoxdur. Namaz qılmayanlar belə oruc tutur. Bizim xalq aqnostik, liberal, deist deyil. Əlbəttə, bu və ya digər müstəvidə, xüsusən universitet gəncləri arasında deizim, aqnostizm yayılıb, ateizm isə çox azdır. Ümumi götürəndə xalqımız inanclıdır.

 

- Nəyə görə ölkəmizdə dindarların sayı 10-15 faizdir, bunun kökündə nə dayanır?

 

- Biz təxminən 70-80 il ərzində dindən kənarda qaldıq. Sovet ideologiya maşını dinə inanmağı seçim məsələsi halına gətirməmişdi. Əksinə, inzibati-amirlik üsulları ilə bizə dinə yaxınlaşmaq qadağan olunmuşdu. 30-cu illərin repressiyalarında təkcə ziyalılar sıradan çıxarılmamışdı: ruhanilər, ilahiyyatçılar, dindar insanlar fiziki cəhətdən məhv edilmişdi. İnsan təbiət etibarilə fiziki cəzadan qorxur. Ona görə də bizim xalq da o cür cəzaların qarşısında istər-istəməz dindən uzaqlaşdı. Dinə  qayıtmaq kifayət qədər geniş vaxt alacaq.

 

O ki, qaldı gənclər arasında deizmin, aqnostizmin, qismən də ateizmin yayılmasına, bunun iki səbəbi var: internet vasitəsilə bu istiqamətlərin təbliğatının güclü olması, dini təmsil edən şəxslər arasında intellektual cəbhəni təmsil edənlərin azlığı. Bilirsizmi, namaz qılmaq, oruc tutmaq, Allaha inanmaq kifayət deyil. Dövrün özü ilə gətirdiyi intellektual suallar vardır. Bunlara dinin cavablarını vermək lazımdır. Müasir elmlərə, müasir cərəyanlara, geniş dünya görüşünə sahib olmayanlar müasir suallara düzgün cavab verə bilmirlər. Biz dinlə elmin uyğunluğunu tapa bilmirik. Din Allahın göndərdiyi təlimlərdir. Allahın göndərdiyi təlimlər Allahın yaratdığı dünyanı idarə edən qanunlara əks düşə bilməz. Düşürsə, problem dinə baxışdadır. Qanun dəyişməz, amma dinə baxış dəyişir. Gənc axtarışdadır, hansı cavablar onu qane edirsə, onun arxasınca gedir.

 

İkinci səbəb: təəssüf ki, bizdə daha çox bu cür cərəyanlara populist yanaşma, populist mənsubiyyət hakimdir. Yəni “mən” araşdıraraq, oxuyaraq deyil, populizmə qapılaraq bu cür istiqamətin davamçısı oluram. Azərbaycanda ateist olmaq, deist olmaq, fərqli fikir söyləmək dəb halına gəlib. Gənclərin də cəmiyyətdə özlərini təsdiq ehtiyacları var. Özünütəsdiq ehtiyaclarından biri də diqqətin özünə cəlb edilməsidir.

 

Biz fərqli fikir söylədikdə, ənənədən kənar çıxdıqda diqqəti özümüzə cəlb edirik. Bu, gəncdə psixoloji olaraq rahatlıq yaradır. Amma görürsən ki, yeniyetmə yaşlarında bu cür qeyri-ənənəvi fikirlərə qapılanlar, artıq 30-lara yaxınlaşdıqda həmin fikirlərdən əl çəkə bilirlər.

 

- Necə edək ki, Azərbaycanda elmi müstəviyə çıxa bilən İslam modeli qurulsun?

 

- Biz istəyirik ki, Azərbaycan İslam modeli yaransın. Mən ümumiyyətlə prinsip etibarilə bunun əleyhinə olan insanam. İslamın modeli olmaz, İslama baxışın modeli olar. İslam islamdır, Allah təkdir, Quran Qurandır, peyğəmbərin sünnəsi eyni sünnədir... Bunun ayrı-ayrı modelləri mövcud deyil. Bunu necə formalaşdırmaq lazımdır. Azərbaycan xalqının dinə baxışını dözümlülüklə, fərqli fikirlərə açıq olmaqla müəyyən adət-ənənələrlə  çulğalaşan bir model formalaşdırmaq istəyiriksə, bu işi ilahiyyatçı və ruhanilərin öhdəsinə buraxmalıyıq. Bu kənardan dövlətin və ayrı-ayrı qurumların diqtəsi ilə baş verəcək iş deyil, çünki din inanc işidir. Siz kimisə məcburən nəyəsə inandıra bilməzsiniz. Yenə xalq öz bildiyinə inanacaq. Azərbaycanda bu və ya digər şəkildə dindən uzaqlaşmanın səbəbi həm də təəssüf ki, ruhanilərin müəyyən hissəsinin yarıtmaz fəaliyyətidir. Bir müəllim yarıtmaz fəaliyyətə yol verəndə hamı müəllimi tənqid eləməyə başlayır. Heç kəs demir ki, bu, o müəllimin fərdi davranışıdır. Bu yanaşma hər bir sahəyə aiddir. Ona görə də bu gün hansısa dindar səhvə yol verəndə biz demirik ki, yəqin bu, dindarın şəxsi yanaşmasıdır, deyirik ki, din belə tələb edir. “Belə Allah olar, belə şəriət olar”, - deyə tənqid edirik. Halbuki biz hadisələrə qiyməti prinsip əsasında verməliyik.

 

- Dindən siyasi maraqların həlli üçün istifadə halları varmı?

 

- Hazırda müsəlman dünyasında, eyni zamanda Azərbaycan cəmiyyətində bu kimi hallara tez-tez rast gəlirik. Çox təəssüf ki, bu və ya digər məzhəbin görüşü dinin görüşü kimi təqdim olunur. Bu və ya digər alimin fikri az qala Quranın görüşü kimi təqdim olunur. Halbuki, insanlar həmişə yanıla bilərlər. Biz baxmalıyıq ki, hansı görüş, hansı nöqteyi-nəzər cəmiyyətdə qurub-yaratmağa xidmət edir, insanları bir-birinə yaxınlaşdırır. Dinə, Allaha qarşı insanlarda sevgi yaradır, biz bu nöqteyi-nəzərləri mənimsəməliyik. Hansı görüş, hansı mənsəb adamları parçalayır, insanlar arasında təfriqə toxumu səpir, insanları bir-birinə düşmən edir, müxtəlif adlar altında eyni ölkənin insanlarını bölürsə, biz o cür fikirlərdən imtina etməliyik. Bu din ola bilməz.  Dinin məqsədi birləşdirməkdir. Allah Quranda dəfələrlə deyir ki, insanları parçalayanlar kimi olmayın!.. Dinin  məqsədi vəhdəti təmin etməkdir.

 

- Azərbaycanda dini maarifləndirilmə, dinin düzgün təbliği necə aparılır?

- Əlbəttə ki, Azərbaycanda dini düzgün başa düşən, dinin düzgün təbliğatı ilə məşğul olan insanlar var. Bəzən bu cür insanların səsi çox eşidilmir. O insanların səsi çox eşidilir ki, onlar din adına birləşə bilmirlər, dini parçalayırlar. Allah adına parçalamaq, Allah adına öldürmək, Allah adına təhqir etmək olmaz! Biz bilmirik ki, bu əməlimizdən Allah razıdır, yaxud razı deyil. Bunu etmək üçün isə insanların dini sahədə savadsız qalmasında maraqlıdırlar. Ona görə də həqiqi inanclı insanlar oxumalıdırlar. Söhbət təkcə dini sahədən getmir. Yəni Azərbaycanda təhsil düzəlmədikcə, sağlam fikirli, geniş dünya görüşlü inanclı ordusunun şahidi olmayacağıq. Mən bu fikrimin altından imzamı da atıram. Azərbaycanda təhsil düzəlməlidir. Harada təhsil varsa, orada insan düşünür, insan  düşündüyü zaman Allahını düzgün tapacaqdır. Allahını hansısa şeyxin, hansısa məzhəb rəhbərinin kitabında deyil, Allahın kitabında tapacaqdır. Ona görə də  çalışmalıyıq ki, Azərbaycanda təhsil yaxşılaşsın.

 

Mövhumatla mübarizə inzibati üsullarla olmamalıdır. İnsanların düşüncələrini dəyişmək lazımdır. Əgər biz insanlara islamı düzgün öyrədə bilsək, həmin insan özü pirə getməyəcək, o mövhumatı tərk edəcək. Biz insanlara piri zorla qadağan edə bilmərik. Pir onun dünyagörüşündə mədət yeridir. Onun arzularının gerçəkləşdiyi ocaqdır. Sən onun əlindən ocağınımı almaq istəyirsən?! Bu “ocaq” onda səhv təsəvvürlər formalaşdırıb. Əgər insanlara İslamı düzgün öyrətsək,  Allahdan birbaşa kömək istəmə ənənəsini yaratsaq,  insanlar öz əlləri ilə o cür mövhumat ocaqlarını dağıdacaqlar.

 

- Bu istiqamətdə vəziyyət necə dəyişir?

 

- Mən çox sevinirəm ki, 2018-ci ildə Azərbaycanda İlahiyyat İnstitutu yaradılıb, artıq dini kadrların yetişdirilməsini Azərbaycan dövləti özü yerinə yetirir. Əvvəllər dini kadrlar kənarda oxuyub gəlirdilər. Şəriəti yaxşı bilirdilər, amma hansısa başqa ölkənin baxışını da gətirib təbliğ edirdiər. Əlbəttə ki, burda baxış önəmlidir. Açığı İranda bir cür baxışlar var, Türkiyədə bir cür, Səudiyyə Ərəbistanında bir cür... Biz elə etməliyik ki, Azərbaycan insanı sağlam əsaslarla bu problemə baxsın, biz baxışı dəyişməliyik. Bunun üçün də İlahiyyat İnstitutu yaradılıb. Təbii ki, bu, dəryada bir damcıdır. Hələ işlər görülməlidir. Orta məktəblərə dinin sadə qaydalarını öyrədən fənn salmalıyıq. Bundan qorxmaq lazım deyil. İndiyə qədər bu problemin həll edilməməsinin bir səbəbi var idi - hansı kadrlar bu fənni təbliğ edəcəkdi? Bu fənni keçən insanın özünün inancı olmalıdır. Əks halda, bu, həkimlikdən başı çıxmayan bir müəllimin Azərbaycan Tibb Universitetində gələcəyin təbiblərinə anatomiyadan dərs deməsinə bənzəyəcək. İnanıram ki, İlahiyyat İnstitutunda kadrlar ordusu yaranacaq və Azərbaycanın orta məktəblərində din fənni tədris olunacaqdır.  Belə olduqda xalqımız öz dinini sağlam əsaslarla öyrəncək, bu da yad təsirlərin qarşısını alacaq.

 

- Elvüsal müəllim, bu yaxınlarda Bakıda gecə klublarının birində baş verən dəhşətli partlayışdan sonra sosial şəbəkələr o partlayışda zərər görən insanların Ramazan ayında belə əyləncəyə meyilləndikləri üçün Allahın qəzəbinə gəldiyini yazdılar. Sizcə, bu hadisəni dinlə əlaqələndirmək kimi yanaşmanın özü nəyi ifadə edir?

 

- Heç kəsin Allahla birbaşa əlaqəsi yoxdur. Ümumiyyətlə, oradakılara “Allah cəzalandırdı” demək  özü də bir kahinlikdir. Əgər Allah cəzalandıracaqsa, onu Ramazanda yox, başqa ayda da cəzalandırar. Çox az günahların cəzası bu dünyada verilir. Məsələn, kiməsə iftira atmaq,  kiminsə adını qara yaxmaq, kiminsə eybini açmaq, falçılıqla məşğul olmaqla bağlı əməllərin aqibəti ilə bu dünyada üzləşir. Digər günahlara gəlincə, onların cəzası burada verilməz. Ona qalsa, o qədər zülm edən insan var ki, onların cəzası niyə verilmir? Əstəğfürullah, Allah həmin barda insanların fərdi şəkildə əylənməsini cəzalandırır, zülm edənləri cəzalandırmır? Bu, insanlarda haqlı olaraq “Bu, necə bir Allahdır!” – sualı yaradır. Ona görə də məsələyə bu cür baxmamalıyıq. Ancaq kahinlər bu cür danışa bilərlər. Biz Allahın adından danışan kahinliyi rədd edirik.  Allahın adından peyğəmbərlər danışa bilər, indi isə peyğəmbərlik yoxdur. Belə sözləri dilimizə gətirməməliyik, ən azı ayıbdır.

 

İkincisi, bir insanın başına  qəza gəlirsə, ona şadyanalıqla dini don geyindirməməliyik. İnsandır, orada ölüb, yanıb. Bu, müsibətdir. İstərdik ki, Azərbaycan xalqının böyük bir hissəsi daha da inanclı olsun, o cür qaranlıq yerlərdən uzaq olsunlar. Heç bir ailə – ata, ana öz övladının  elə bir məkanda olmasını istəməz. Hamımız bilirik ki, oralar kitabxana deyil. Ora normal ailəvi yeməkxana da deyil. Oranın statusu bəllidir. Çox istərdik ki, Azərbaycan cəmiyyətində belə hallar olmasın. Cəmiyyətdə yaxşı da var, pis də var, əxlaqlı da var, əxlaqsız da var. Elə insan var ki, öz əyləncəsini əxlaqa söykənən yollarla təmin edir, elə insanlar da var  onun üçün çərçivə, qaydalar, abır, ismət yoxdur. Bu, təkcə qadınlara aid məsələ deyil, kişilərə də aidir. Təəssüf ki, Azərbaycan cəmiyyətində abır-həya deyəndə, ən çox qadınlar ağla gəlir. Halbuki hər şeydən əvvəl kişi abırlı-həyalı olmalıdır. Mən cəsarətlə deyirəm: Azərbaycanda çalışmalıyıq ki, oğlan uşaqlarını əsl kişi kimi böyüdək, onlara abır-həya öyrədək. Kişi abır-həyalıdırsa, heç kəs onu yoldan çıxara bilməz. Kişi abır-həyalıdırsa, kimisə yoldan çıxarmaz.  Görürsən ki, bəzən kişilər xanımları aldadırlar. Özünə kişi deyən kəs belə olmamalıdır. Kişilik təkcə erkəklik deyil... Şəxsiyyət baxımdan kişilik başqa şeydir, bioloji olaraq erkəklik başqadır...

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...