Azərbaycanın yeganə canlı “heykəli”
O, canlı heykəl işini Türkiyədə eyni işi görən dostundan öyrənib
Paytaxtın Nizami küçəsi...
Bəzən sizin də yolunuz tez-tez bu küçədən keçir. Bəlkə də, ani jestləri ilə ətrafdakıları təəccübləndirən, daha doğrusu “qorxudan” heykəl adamla siz də rastlaşmısınız. Sanki heykəldi, amma sonradan anlayırsan ki, o da canlıdır.
“Küçə sənəti” ifadəsinin əvvəlində “küçə” sözü olduğundan bəzi insanlar buna qeyri-ciddi yanaşırlar. Bəziləri isə dəstək olur. Sözsüz ki, bu normal haldır. Çünki bir teatrı və ya filmi zalda oturan hər kəs bəyənmək məcburiyyətində deyil. Amma bütün bunlara baxmayaraq sənət həmişə və hər yerdə sənətdir. İstər küçədə, istərsə də qapalı məkanda”.
Elə bu sözləri Lent.az-ın əməkdaşı ilə söhbətində “Cansız heykəl”i canlandıran Pərviz Abdullayev deyir.
Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Pərviz hazırda aktyor, ssenarist həmçinin küçə sənəti ilə məşğuldur. O, canlı heykəl işini Türkiyədə eyni işi görən dostundan öyrənib:
“Keçən ilin yay ayında qardaşımla film çəkilişi üçün Türkiyəyə getmişdik. Orada “Pantomim” teatrının keçmiş aktyoru Rafiz Mehdizadəylə görüşdüm. Rafiz orada Pat Atölye adında özəl teatrda aktyor və rejissor kimi çalışır, həmçinin küçə sənəti ilə də məşğuldur. Elə canlı heykəli də orada Rafizdən öyrənmişəm. Adını çəkdiyim teatr rəhbəri Esin Aslan mənə canlı heykəl olmaq üçün şərait yaratdı və canlı heykəl kimi ilk dəfə elə İstanbulda Kadıköydə küçəyə çıxdım. Və küçəyə çıxmaq üçün çox həyəcanlı idim. İlk dəfədən elə doğma gəldi ki, mənə. Elə bil illərdir bu işlə məşğulam.
Düşündüm ki, bizim ölkədə niyə olmasın? Bu təşəbbüsü Azərbaycanda ilk dəfə irəli sürə bildiyim üçün çox sevinirəm”.
Pərviz deyir ki, saçı uzun olduğu üçün bəzən “qızdır, ya oğlan” kimi fikirlər səsləndirirlər:
“Məni izləməyə gələn tamaşaçıların reaksiyaları müxtəlif olur. Elə olur ki, bir neçə dəqiqə bir nöqtəyə dikilib qalıram. Qarşımdan keçənlər məni həqiqi heykəl hesab edir. Bəziləri isə - “həqiqidir, yəqin təzə qoyublar bu heykəli” , “robotdur, içində adam var” deyirlər. Əgər ümumi mənzərəni götürsək, düşünürəm ki, insanlara xoş təsir bağışlayıram. Hətta bir uşağın valideyni mənə mesaj yazmışdı ki, oğlum sizi çox sevib, hər gün bağçadan çıxanda sizi görmək üçün yolumuzu Nizami küçəsindən salırıq.
Səyyar tamaşaya insanları hazırlamaq yox, insanlar üçün səyyar tamaşa hazırlamağı daha düzgün hesab edirəm”.
Canlı heykəl hesab edir ki, ölkəmizdə meydan teatr festivalları keçirilsə, buna insanlar da öyrəşər və daha çox marağa səbəb olar.
Pərviz deyir ki, bu peşə üçün xüsusi təhsil yoxdur. Canlı heykəl olmaq üçün professional teatrın tələb etdiyi kimi aktyor öz bədən dilini, pozisiyalarını və bədəninin sıfır nöqtələrini dəqiq bilməlidir. Öz bədənini tanımaq aktyora istər səhnədə, istər küçə sənəti nümayiş etdirəndə, istərsə də kamera önündə çox yardımçı olur.
“Yeriyən heykəl”i gördüyümüz an bir sual yaranır: bəs, heykəlin qrimini necə edirlər?
“Bir çox insana daha çox qrimim maraqlıdır. Bunun qrim olduğunu bilməyib maska, karton və s. deyənlər də var. Heykəl olduğum vaxt ətrafımda toplaşan insanların dialoqlarını eşidirəm. Deyirlər ki, görəsən üzünü necə yuyur? Görəsən necə yatır? Bu geyimi necə geyinib? Saçı uzundur, deyəsən qızdır. Amma, saqqalı da var axı. Yaşlıdır, ya cavandır? Gözünü qırpmadan necə qalır? Bu kimi sözlər deyirlər. Bu da mənə maraqlı gəlir”.
Pərviz deyir ki, məni görmək üçün Fəvvarələr Meydanına hər gün gəlmək lazım deyil. Çünki heykəl adam həftənin müxtəlif günləri şəhərə çıxır.
“Tarkovski demişkən, “ən təhlükəli məqam müvəqqəti axmaqlıqdır”. Həmçinin, Vsevolod Meyerholdun dediyi kimi, “sənin fikrinlə razı deyiləm, amma sənin fikrinin müəyyən yerə çatması üçün əlimdən gələni edərəm”. Susmaq mənim üçün həmişə daha effektivdir. Susaraq daha çox öz suallarımıza cavab verə bilirik”.
Bu günlərdə qazancına gəldikdə isə “Pis deyil, min bərəkət” deyən Pərviz konkret məbləği açıqlamadı:
“Nə qədər klassik cavab olsa da, demək istəyirəm ki, bu peşədən maddi tərəfi yaxşılaşdırmaq üçün yox, sənət nümayiş etdirmək üçün istifadə edirəm.
Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, “Heykəl adam”la şəkil çəkdirmək və ya onu izləmək üçün insanlarda pul vermək məcburiyyəti yaranır. Bu heç də belə deyil. Mən pulla işləyən aparat deyiləm ki, insanlar pul verəndə hərəkət edim”.
Paytaxt sakinləri ilə söhbət zamanı bəlli olur ki, onların marağına səbəb olan həm də daş heykəl hesab etdikləri adamın sonradan hərəkət etməsidir.
Paytaxt sakini Fazilə Rəhimova bunun çox gözəl hiss olduğunu, hər zaman belə təşəbbüsləri Avropa ölkələrində gördüyümüzü amma bugünkü gündə şəhərimizdə nümayiş olunduğu üçün xoşbəxt hiss etdiyini deyir.
Mənsur Həsənov bildirir ki, belə təşəbbüslər “küçə sənəti” ni inkişaf etdirir:
“Avropada və ya inkişaf etmiş ölkələrdə olduğu halda bizdə niyə olmasın. Bundan da əlavə, insanların diqqətini çəkmək üçün, uşaqları əyləndirib, küçə sənətini inkişaf etdirmək üçün çox yaxşıdır.
Bu da belə... “Canlı heykəl”in dediyi kimi, cismən heykəl olsaz da, ruhən heykələ çevrilməyin...
Son söz əvəzi
Qeyd edək ki, Bu layihə Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya mərkəzinin layihəsidir. İdeya Pərviz Abdullayevə məxsus olsa da, bu təşəbbüsü həyata keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Bakı Baş Mədəniyyət İdarəsi layihəyə dəstək olur.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"