Versus.az xəbər verir ki, bunu Rəsulullah Məscidinin imamı Atif İsmayılov İslam dini dəyərlərinin Azərbaycanda ali məktəblərdə düzgün tədrisi və təbliği, dini maarifləndirmə tədbirlərinin gənclərimizin zərərli vərdişlərdən qorunmasına xidmət edən amil, sağlam mənəvi mühitin formalaşması fonunda yaranan sualları cavablayarkən bildirib.
A.İsmayılov qeyd edib ki, dini biliklər və maarifləndirmə gənclərin mənəvi təhlükəsizliyini gücləndirir, onlarda zərərli vərdişlərə qarşı mübarizlik yaradır.
A.İsmayılov hesab edir ki, istənilən uğurlu nəticəyə nail olmaq üçün bu gün Azərbaycanda Məscidlərdə gənclərimiz üçün dini mövzularda təbliğati tədbirlər keçilməlidir. Onun sözlərinə görə, sırf Məscidlərdə din yönümlü təbliğat ancaq ibadət xarakterli, yəni namazın hökmü, orucluqla bağlı qaydaların təbliği üzrə olmamalıdır.
“Gənclərimizin maariflənməsi, onlarn əxlaqlı şəkildə yetişməsi üçün istər Dini Qurumlarla İş üzrə Komitə, istərsə də Qafqaz Müsəlmanları Ruhani İdarəsi, yaxud dini icmalar tərəfindən məktəblərdə və yaxud ictimai yerlərdə seminarlar və kurslar təşkil olunsa çox gözəl olar. Quran prinsipinə söykənən bir çox əxlaqi normativ qaydalar var. Bütün bunlar gənclərə aşılanmalıdır. Biz gəncləri texnoloji biliklərlə mənəvi baxışlarının çoxalmasına yönəldə bilərik. Gənclərimizin milli-mənəvi baxışlarının təməlində ailə münasibətləri, gənclər arasındakı münasibətlər öndə dayanan məsələlərdən biridir. Bu gün gənclərimizə əqli baxımdan, elmi baxımdan dinin müxtəlif ölkələrdə necə təbliğ olunması təcrübəsini də təqdim etməliyik.
Dini tədbirlərə dini və dünyəvi sahələrdə mütəxəssis olan insanları çıxartmaq lazımdır. Cəmiyyət, ictimaiyyət arasında bəzi problemlərin yaranması, başqa yollara getməsinin qarşısını almaq üçün gənclərlə çox mükəmməl şəkildə işləmək olar. Məsələn, Ramazan ayı çox dəyərli aylardan biridir və bu ərəfədə gənclərimizi hansısa mədəniyyət evlərində, hansısa bir universitetlərdə, məktəblərdə Allahın bərəkətli süfrəsi ətrafında toplayıb maarifləndirmə işlərini aparmaq gözəl nümunə olar”.
A.İsmayılov hesab edir ki, bütün bunların fonunda bir çox ölkələrdə dövlətin nəzarətində olan, elmi əsasda fəaliyyət göstərən dini ali təhsil müəssisələrinin yaradılması, orada yüksək səviyyəli dini-mənəvi təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycanın dövlətinin də qarşısında duran mühüm vəzifələrdən biridir. O, bu mənada İlahiyyat Universitetinin yaradılmasını ən doğru addımlardan biri kimi dəyərləndirdi.
“Bu gün belə bir yüksək səviyyəli universitetlərin açılması çox mühümdür. Hesab edirəm ki, bu universitetlərdə əqlə və sırf Quran prinsipinə söykənən geniş mövzular qoyulmalıdır. Məsələn, bu gün hər hansı İlahiyyat universitetini bitirənlərin 80 faizi dövlət qulluğunda xidmət edir. Biz İlahiyyat Universitetində təhsil alan gənclərin sırf dövlət qulluğunda xidmət etməsini deyil, onları cəmiyyətin ilahiyyat sahəsi üzrə maarifləndirilməsi üçün hazırlamalıyıq. Universitetdə elə yüksək səviyyəli kadr yetişməlidir ki, o eyni zamanda məscidlərdə, kütlə qarşısında dini təbliğatı aparmaq üçün böyük potensiala malik olsun. O ilahiyyatçılar özlərində böyük mənəvi otmosfer yaratmalıdırlar.
Universitetin açılmasını yüksək səviyyədə dəyərləndirmək lazımdır. Bura böyük potensiallı insanlar cəlb olunmalıdır. Məsələn, bir insan ərəb dilini bilirsə, təkcə bir qramatik dərsləri keçməklə iş bitməməlidir. İslamda dünyəvi dərslər olan riyaziyyat, kimya, islam tarixi bir yerdə cəm olunaraq keçilməlidir ki, gənclər bir mütəxəssis kimi formalaşa bilsinlər. Unuversitet mütləq orta məktəblər üçün müəllimlər hazırlamalıdır. İsətrdim ki, İlahiyyat Universitetinin içərisində ixtisaslaşma aparılsın”. (hafta.az)
Tahirə
Versus.az