- Zahid müəllim, artıq 3 aydır ki, “Şuşa ili”ni yaşayırıq. Bu müddət ərzində Şuşada nə dəyişikliklər müşahidə olunur?

 

- Bu dəqiqə Şuşa tikinti meydançasına bənzəyir. Bir həftə Şuşada oldum, yeni qayıtmışam.  Şəhərdə sürətlə yenidənqurma işləri gedir. Məhəllələr təzələnir. Həm yenilik var, həm də köhnə tarixi abidələr bərpa olunur. Şuşada quruculuq işləri uğurla aparılır. Yaxın vaxtlarda şuşalılar evlərinə qayıdacaq. Şuşanın tarixi görkəmi qorunur. Bir şuşalı, bir ağsaqqal kimi görülən işləri bəyənirəm. Tarixi abidələrin, binaların bərpası ilə bağlı mənim də müəyyən məsləhətlərim oldu. Aprelin 19-da Şuşada Dünya Azərbaycanlılarının Qurultayı olacaq.  Qarşıda duran ümdə məqsəd odur ki, Şuşa öz tarixi libasını itirməsin, amma tamamilə yenilənib gözəlləşsin, Şuşaya yenidən ruh gəlsin. Müəyyən layihələr çərçivəsində buna da az-çox nail olunub.

Düz, 32 il Mədəniyyət və Turizm İdarəsində çalışmışam. Şuşadan məcburən çıxdığımız zaman özümüzlə gətirdiyimiz tarixi maddi-mənəvi mədəniyyət nümunələrini bir əmanət kimi qoruyub saxlamışıq. Artıq yavaş-yavaş hamısını qaytarırıq. Şuşa Rayon Xalça Muzeyi, Rəsm Qalereyası, Bülbülün Ev-Muzeyi artıq Şuşada özünün fəaliyyətini davam etdirəcək.

 

- Bu gün Şuşa mədəniyyət nümunələrinin mühafizəsi, müdafiəsi istiqamətində qarşıda bizi nələr gözləyir, nələri etməliyik?

 

– Bu mövzu çox geniş və əhatəli yanaşma tələb edir.  Şuşanın mədəniyyət sahəsi çoxşaxəlidir. Bu, tək musiqidən ibarət deyil. Burada həm kitabxanalar, tarixi abidələrin bərpası, muzeylər, musiqi məktəbləri, mədəniyyət evləri, klublar və sair sahələr nəzərdə tutulur. Biz bu 30 ildə Şuşa Rəsim Qalereyasının inkişaf etdirilməsinə çalışmışıq. Düşünürəm, az-çox buna nail olmuşuq. Ermənilər bizim bütün tarixi abidələrimizi dağıdıblar, çox abidələr zədələnib, bir çoxları isə ümumiyyətlə yox edilib. Bütün abidələrimizin hamısında, demək olar ki, erməni caynağının izləri var. Ona görə də elə abidələr var, restovrasiya olunacaq, elələri də var, yenidən tikilməlidir. Bunun üçün hökumətimiz müəyyən işlər görür.

Şuşada dünya memarlıq incisi olan Hacı Quluların binası vardı, onu darmadağın ediblər. Təsəvvür edin, elə bir tarixi, memarlıq arxitekturası olan binalar çox  azdır. O bina İtaliyada yerləşən Kolizey bunası kimi möhtəşəmdir. Ermənilər onu elə yaralayıblar ki, təmir etmək də mümkün deyil, nə də onun kimi  yenisini tikmək də çox çətindir. Möhtərəm Prezidentimiz Şuşada oldu.  Abidələrin bərpası ilə bağlı komissiya yaratdı. Bizlər də gedib bütün abidələrin yerini, xüsusiyyətini dəqiqləşdirdik. Müəyyən etdik ki, hansı abidələr təmir edilməlidir, hansı abidələr yenidən tikilməlidir. Tarixi abidələrin yenidən dirçəlməsinə Heydər Əliyev fondu da dəstək verir. Qədim Şuşa abidələrinin bərpa prosesinə İtaliya şirkətləri də qoşulub, bizə kömək edirlər. Yaxın günlərdə o abidlərin bərpasına start verəcəyik.  Mən tarixi abidələrin təmir edilməsi üzrə şirkətlərin birində məsləhətçi təyin edilmişəm.  Yəqin ki, köməyim dəyəcək və o abidələrin hamısını olmasa da, əksəriyyətini əvvəlki vəziyyətinə qaytara biləcəyik.

Şuşa Azərbaycanın qədim şəhəri olub. Şuşanın memarlığı, arxitekturası  tamamilə fərqlənən abidələrə aiddir. Şuşada məhəllələr demək olar ki, dünyada qeyri-adi üslubda salınıb. Bu gün o məhəllələri yenidən qurmaq çox dəqiqlik tələb edir.  Eyni zamanda biz müasirliyi də nəzərə almalıyıq. O abidələrdə həm müasirlik öz əksini tapmalıdır, həm qədimilik. Çalışırıq ki, təkcə köhnəliyə doğru getməyək, bunalara, yollara müasir ruh verək.

Şuşada yollar adi asfaltdan çəkilmirdi. Hamısı bülöv-qəmər daşlardan idi. Onlar qayalardan qopmuş daşlardır ki, 9-cu dərəcəli daşlar hesab olunur. 10-cu dərəcəli daşlar mərmərdir. Bütün qapıların, pəncərələrin kənarları, yolların sütunları hamısı həmin o bülöv-qəmər daşlardan düzəlirdi. Yerə də bülöv daşlar düzülür, bu daşlar bir az işlənəndən sonra gözəl hamarlanır, çox gözəl bir görkəm alınır. Əminəm ki, bərpa işləri tezliklə öz nəticəsini verəcək. Yaxın 5 ildə  qarşıya qoyulan məqsədlərə nail ola biləcəyik.

 

- Təxminən, 5 il müddətində bərpa işlərinin başa çata biləcəyini qeyd etdiniz. Nəzərə alsaq ki, artıq 3 aydır Şuşa ilini yaşayırıq, sizcə bu ay ərzində Şuşa küçələrinin ruhunda özünə qayıdış hiss olunurmu?

 

– Bəli, Şuşa tamamilə yenilənir, çox işlər görülüb. Şəhərdə aparılacaq söküntü işləri də çoxdur. Bir çox binalar, dağıntılar söküləcək, yenidən qurulacaq. Dediyim kimi, Şuşa tukinti meydanına çevrilib, bu saat çox işlər görülür. 

Bu gün “xruşşovka”ların hamısı sökülüb. Yeni binaların tikintisinə gələn ayın 1-dən start veriləcək. Onlar tamam fərqli binalardır, çox gözəl, yaraşıqlı, 4-5 mərtəbəli 5 binadır ki, şəhərin bir hissəsində tikiləcək.  Binalar şəhərin qədim hissəsində yox, yuxarı hissəsində tikiləcək. Qədim hissəsinə hələlik toxunulmur.

 

Bəllidir ki, Şuşada bir sıra abidələrin açılışları olub. Yaxın günlərdə daha hansı mühüm açılışlar gözlənilir?

 

- May ayı ərzində çox açılışlar olacaq.  Tək bizim şirkətə may ayında nəzərdə tutulan 3 böyük tədbir tapşırılıb.  May ayında Kann Festivalı, Kulinariya sərgisi, Xalçatoxuma sərgisi gözlənilir.

 

Ayın 19-21-də Dünya Azərbaycanlılarının Qurultayının keçiriləcəyini dediniz. Bu qurultay azərbaycanlıların simasında dünyaya  torpaqlarımızın işğala məruz qalması və bərpası yönündə hansı növbəti informasiyanı vermiş olacaq?

 

Əlbəttə, bu gün bütün dünya azərbaycanlılarının gözü Şuşadadır. Hamı Şuşanı görmək istəyir. Qurultayın Şuşaya salınması fikri çox düzgün, yerində verilmiş qərardır. Qoy dünya azərbaycanlıları Şuşanın indiki vəziyyətini öz gözləri ilə görsünlər və qayıtdığı ölkələrdə diaspora və digər tədbirlərlə ictimaiyyəti məlumatlandırsınlar. Qoy hamı bilsin ki, qədim şəhər necə qorunur və bu gün hansı vəziyyətdədir, hansı işlər görülür. /Həftə İçi/

 

Tahirə Qafarlı
Versus.az