MehmaXANA oyununa qocalar buraxıldı

12:32 08-01-2019 | icon 987 | Kürsü
MehmaXANA oyununa qocalar buraxıldı

""Mehmana azadlıq" adlı sirk tamaşasına bənzəyən kampaniya aparırlar" 

 

 

 ELÇİN ALIOĞLU

 

Bloqer Mehman Hüseynovun aclıq elan etməsini - indi o aksiya dayanıb - Azərbaycanın ən böyük problemi kimi qələmə verənlər sosial şəbəkələrdə artıq günlərdir ki, "Mehmana azadlıq" adlı sirk tamaşasına bənzəyən kampaniya aparırlar.

 

Onlar bu "məşum, dəhşətli, misli görünməmiş hadisə"yə görə hakimiyyətdən və dövlət başçısından da hesab sorur, cavab tələb edirlər.

Bunca qeyri-ciddi, siyasətdən çox kənar tin uşağı səviyyəsindəki tələbkarlıq ironiya doğursa da, yazanlar və danışanlar sifətlərinə ciddi, sözlərinə qəmli görkəm verərək susmaq bilmirlər.

Halbuki kiminsə haradasa aclıq aksiyası elan etməsi, əvvəla, görünməmiş hadisə deyil və az qala ümummilli faciə kimi qəbul olunmamalıdır.

Azərbaycanın çağdaş tarixində yüzlərlə isan ən müxtəlif tələblərlə çeşidli vaxtlarda aclıq aksiyaları keçiriblər. Unutmamışıq?!

 

Mehman Hüseynovun aclıq aksiyasından narahat olanların sosial şəbəkələrdəki veb-şivəninin məntiqsizliyi həm də ondadır ki, onları narazı və ya şübhəli salan olay vardısa, Ədliyyə Nazirliyini məhkəməyə vermək, yaxud bloqerin gerçək durumunun müəyyənləşdirilməsi üçün beynəlxalq komissiyanın yaradılmasını tələb etmək olardı.

 

Edilmədi, çünki sərf etmir.

Bloqer Mehman Hüseynovla bağlı ölkədən çox uzaqlarda hazırlanmış ssenari üzrə aparılan isteriyada səslənən iddialara nəzər salanda Lars fon Trierin belə, həsəd apara biləcəyi absurdizm səhnəciklərinin şahidi oluruq.

 

Həmin iddialara nəzər salaq.

"Mehman Hüseynovun aclıq aksiyasını dayandırmaq üçün onu zorla yedirdirlər". Avropa İnsan Haqları Anlaşmasının 3-cü maddəsinə uyğun olaraq yeməkdən və ya müalicədən davamlı imtina edən məhbusları və stasionar xəstələri, müvafiq olaraq həbsxana və xəstəxana müdiriyyətləri yeməyə və ya müalicəyə məcbur edə bilərlər.

Bu, nəzarət altında olan kəslərin seçimi məsələsi deyil, nəzarət edən qurumların öhdəliyidir. Mehman yeməkdən davamlı imtina etməklə, həbsxana müdiriyyətini belə bir öhdəlikdən azad etmir. Həbsxana müdiriyyəti Mehmanı yeməyə məcbur etməli idi. Bu proses isə Avropa İnsan Haqları Anlaşmasının 3-cü maddəsinə uyğun aparılıb.

 

"Davam edir 37" (Bu zaman Mikayıl Müşfiqlə Mehman Hüseynovun fotokollajı da sosial şəbəkə çığırtısına əlavə olunur). Bu, iddia boş və yersizdir. Millətlərə divan tutulduğu, xalqların sürgün edildiyi repressiyalar dönəmi ilə bloqerin həbsxana macəralarını müqayisə etmək sosial şəbəkələrdəki virtual sərgədanlıq, bekarçılıq, maymaqlıq, deyingənlik, söyüşçülük və aqressiyadan ibarət ortamın bərabər tutulması, əslində, repressiya qurbanlarına, o cümlədən Mikayıl Müşfiqə təhqirdir.

Ən azı ona görə ki, Müşfiqin yaradıcılığı vardı və onun əsərləri ideoloji məfkurədən xali deyildi. Azərbaycanda özünü müxalifət adlandıran siyasi eksponatların isə heç bir ideologiyası yoxdur, çünki onlar nə istədiklərini bilmirlər.

Mehman Hüseynovla bağlı qara-qışqırıqlarsa həmin kəslərin və onları davaya sürükləyən əcnəbi "sərkar"ların bəlli ssenarisinin yeni, amma çox kiçik epizodudur.

Unudulub gedəsidir: necə ki, Mehman Hüseynovu indi onu müdafiə edən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov və digər siyasi varlıqlar heç zaman ciddi fiqur hesab etməmişdilər.

Filosof Rene Dekart etibarlı məlumat mənbəyi kimi yalnız ağılı görürdü. Onun "Düşünürəmsə, demək, varam" (Cogito ergo sum) şüur düsturunu indiki şəraitə tətbiq etsək, M.Hüseynovun həbsini onun özünün az qala  iplə çəkdiyini və prosesdə də mövcud "müdafiəçilər"in həmin sadəlövh gəncə var qüvvələri ilə "yardım" etmələrini xatırlatmaq zəruridir.

 

Mehman Hüseynov, sadəcə, çağdaş Yusif Sərracdır. Onu aldatdılar, vədlər verib "ruh"landırdılar. "Əhsən", "Maşallah", "Səndən yoxdur, afərin!", "Yaxşı edirsən, daha da cəsarətli ol!" təki ifadələrin sayrışdığı virtual məkanda gənc, təcrübəsiz və az qala hər eşitdiyinə inanan Mehman Hüseynovu bütpərəst ayinlərindəki qurban təki tonqala sürükləyənlər nə etdiklərini bilirdilər.

 

Onlara Mehmanın qismində yerli "Orlean insanı" gərəkdi. "Mübarizə kampaniya"larına başlamaq, bunun üçün pul almaq, həmin pulları bölüşdürmək və ən başlıcası, siyasi fəallığın görüntüsünü yaratmaq üçün.

Mehman Hüseynov da özünün yaratdığı illüziyaların əsiri təki qurban rolunu sövq-təbii olaraq oynadı, indi də ona biçilmiş rolun məkrli müəlliflərinin istəklərini dərk etmir.

Əvəzində aldadılmış gəncin taleyinin siyasi qumara qoyulduğu oyuna yeni personajlar qatılıb.

Onlar Rüstəm İbrahimbəyov və Əkrəm Əylislidir.

 

Qoca və gölməçə: Əylisli balıqçı olmağa çalışır

 

''Elə bir mühit yaradıblar ki, adamın xəcalətdən nəfəsi kəsilir''. Bunu Əkrəm Əylisli deyir.

80 yaşlı yazıçı bloqer Mehman Hüseynovla bağlı vəziyyəti şərh edərkən sinirini və qeyzini gizlətməyib. Di gəl, 80 yaşlı cənab Əylislinin qeyzlənməsi hisslərinin elə bir zirvə səviyyəsi olub ki, qərəzə, hikkəyə və mənasız söz yığını təsiri bağışlayan açıqlamaya çevrilib.

 

Müxalifətdəki fəallar, fəal olmayıb süstlüklərini sosial şəbəkələrdəki hayqırtılarla pərdələyənlər və o pərdənin ölçüsü ilə materialını sifariş vermiş kəslərin dediklərinə görə, 2 il azadlıqdan məhrum edilən və həbsinin bitməsinə az qalmış haqqında yenidən cinayət işi açılan bloger Mehman Hüseynov 11 gündür aclıq aksiyası keçirir. Bloger Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə ittiham olunur. Onun cinayət işinə qarşı başladığı aclıq aksiyası, sən demə, gündəmin əsas mövzusudur və bu barədə nə gündəmin xəbəri var, nə də o gündəmin nə olduğunu bilənlərlə bilməyənlər.

 

Əkrəm Əylisli də 80 yaşının müdrikliyindən kənar düşməsini "Meydan TV"yə verdiyi müsahibəsində Mehmanı guya müdafiə edərək ortaya qoyub.

Əkrəm Əylisli az qala başını bulayaraq buyurur ki, bəs belə mühitdə az qala nəfəsi kəsilir. Tamamilə doğrudur, bir zamanlar əsərləri çox oxunan, populyar olmuş və sevilmiş yazıçı "Daş yuxular"ında daş yuxusunda olduğunu göstərib qəflət röyasını həqiqət kimi qələmə verəndə təəccübdən az qala nəfəsimiz kəsilmişdi.

Ağsaqqal, təcrübəli, az qala müdrik insan təsiri bağışlayan Əylislinin qəflətən belə ermənimeyl olması, günahsız soydaşlarımıza divan tutanların vəhşiliklərini pərdələyərək divan oxusu üçün fantasmaqoriya səhnələri yaratması təəccüblü idi ilkin dönəmdə.

Amma sonralar əyan oldu ki, Əkrəm Əylisli epataj arzusunda olmayıb: o, gerçəkdən də, belə düşünür və insan qəssablarını "müharibədə naçar qalaraq qəddarlıq edənlər" kimi qələmə verməklə o, sadəcə, saxta humanizmlə məşğul deyil. Əylisli "Daş yuxular"ı ilə bağırlara daş basıb, yalanı gerçək, gerçəyi də utopiya kimi qəbul edib.

 

İndisə Əkrəm Əylisli iddia edir ki, sən demə, "bütün Azərbaycan cəmiyyəti Mehman Hüseynovun səhhətindən narahatdır". Bloqerin aclıq aksiyasına günlər əvvəl son qoymasından bixəbər olan Ə.Əylislinin dediyinə görə, Mehman Hüseynov "aclığı dayandırsa, yaxşıdır": "Onun öz həyatına qəsd etməsini məqbul saymıram. Mənim ona heyfim gəlir".

 

Daha sonra isə o, Azərbaycandakı yaradıcı birlikləri, ictimai xadimləri, ziyalıları susqunluqda, qorxaqlıqda suçlayır. Ə.Əylislinin qənaətinə görə, şayət kim Mehman Hüseynovu qəhrəman saymırsa, qorxaq, onun "hüquqlarının müdafiəsi" adı ilə küçələrə çıxıb bağırmırsa, müti və susqundur.

 

80 yaşlı yazıçı müsahibəsinin sonunda əsas məramını açıqlayıb. Bəlli olur ki, Əkrəm Əylisinin beyninin ağrısı M.Hüseynovla bağlı situasiya yox, onun müxalifətdə cəsur, igid və dahi sayılmaması, kimlərdənsə nəyə görəsə "müdafiə" olunmamasıdır.

"Azərbaycanda ziyalı yoxdur!" deyən Əkrəm Əylisli "ziyalılıq ölüm ərəfəsindədir, nəfəs alır, ancaq can verir" söyləyir, "ziyalılığın kökü kəsilir" buyurur.

Əylisli ziyalı arayıb özünü bu ada layiq bilirsə, yanılır: çünki ziyasının kökünü kəsib mənbəyini qazıyan insanın başqalarında nur araması qədər mənasız işin olmadığını proletarlar da anlayır.

"Qoca və dəniz" romanı 1952-ci ildə dərc olunandan sonra dünyaca məşhurlaşanda müəllim Ernest Heminquey əsəri qələmə aldığı Bimini adasındakı kafelərdən birində içib sərxoş olmuş, demişdi: "O qoca Santyaqo, əslində, mənəm: mən də qocaldıqca reallıqdan uzaqlaşıram".

Balıqçı Santyaqo həyatının ən böyük balığını tutub sahilə çıxarmağa 84 gün sərf etdi, sonucda ona qalan balığın kəlləsi və sümükləri oldu.

Əkrəm Əylisli isə Santyaqo ilə müqayisədə mağmın təsir bağışlayır: 80 yaşlı yazıçımız, sanki, amneziyaya tutularaq bulanıq gölməçədə mənfəət balığı tutmağa çalışır, hikkə və eqosunu "ziyalı harayı" kimi kütlənin menyusuna daxil edir.

 

"Hansı ziyalıdan danışırsınız, mən bilmirəm?!" söyləyən Əkrəm Əylisli barədə elə onun sözlərini təkrarlamaq olar.

Əkrəm Əylislinin indiki halından bəhs ediriksə, hansı ziyalıdan danışmaq olar ki...

 

Belə yaşamaq olmaz, İbrahimbəyov

 

"Ümumiyyətlə, sevməyi bacarmayan insanı sevmək olarmı?" Rüstəm İbrahimbəyovun "Yaşıl qapı arxasındakı qadın" əsərindəki qəhrəmanlardan biri belə ritorik sual vermişdi.

Tanınmış yazıçı və ssenarist, bir zamanlar Azərbaycanın fəxri olan, indisə utanc səbəbinə çevrilmiş Rüstəm İbrahimbəyov ədalətin, haqqın və gerçəyin nə olduğunu unudubsa, nə haqla ədalətin gerçəyindən danışır - müəmmadır.

R.İbrahmbəyov da Mehman Hüseynov "aşiq"ləri sırasındadır. Onun fikrincə, bloqer tamamilə günahsızdır və səbəbsiz yerə həbs olunub.

İbrahimbəyov 80 yaşlı Əkrəm Əylisliyə qarşı xuliqanlıqla bağlı açılmış cinayət işini "sərsəmlik və keçmişimizlə haqq-hesab çəkmək", Mehman Hüseynovu "ölməyə məcbur etməyi" isə "gələcəyimizin məhv edilməsi" sayır.

 

Təəccüblənmirik. Azərbaycanda iğtişaşlar törətmək və dövlət çevrilişi etmək məqsədilə yaradılış "Milyarderlər İttifaqı" adlı tragikomik qurumun "Azərbaycan prezidentliyinə namizəd" qismində Bakıdakı yarımcan, kliniki ölüm vəziyyətində olan radikal müxalifətə "prezidentliyə namizəd" kimi sırıdığı, "Milli Şura" təki kukla teatrına "həmsədr" təyin olunan Rüstəm İbrahimbəyovun erməni eşqinə düşmüş Ə.Əylislini ölkəmizlə millətimizin keçmişi, həvəskar bloqer M.Hüseynovu isə gələcəyi sayması yanlışlıq deyil.

İbrahimbəyov bu dəfə yeni ssenari yazıb və o ssenaridə baş rolda özü, arxa plan rollarında isə Ə.Əylisli və M.Hüseynovdur.

 

"Bir əsr əvvəl azadlıq və ədalətə doğru addım atmasıyla bütün Şərqə nümunə olan bir ölkədə müasir dövrdə ömrünü dövlətin əsaslarını dağıdan korrupsiya ilə mübarizəyə həsr edən cavan bir oğlanın cəzalandırılması yolverilməzdir" deyən R.İbrahimbəyov yaxşı bilir ki, yalan danışır.

 

Əvvəla, Mehman Hüseynov artıq aclıq etmir.

 

Həbsdə olan bloqer Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır.

Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur.

Səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir.

M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib. Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb.

... Rüstəm İbrahimbəyov əsərlərindən birində yazıb: "Belə yaşamaq olmazdı artıq. Hər addımda yalan danışmaq, bir şeyi düşünüb hiss etmək və tamam başqa bir şeyi demək, hər sözünü götür-qoy etmək, danışdığın adamı təhlil etmək, ona nə qədər inana biləcəyini mizana çəkmək, əlinə ilk fürsət düşən kimi səni satıb-satmayacağını fikirləşmək..."

Gerçəkdən də, İbrahimbəyov, belə yaşamaq olmaz. Vətəninə istismar obyekti, xalqına isə kütlə kimi baxan kəsin yaşamı indi ağırdır.

Zira R.İbrahimbəyov bir zamanların istedadlı yazıçısından xalturaçıya, "siyasətçi deyiləm" ifadəsini mantra kimi təkrarlayaraq siyasi konyuktura ovçusuna çevrilmiş zavallı insan, yaradıcılığından, sadəcə, "yara"ları qalan bihudədir artıq.

Təəssüflər olsun.

... Avropadakı Otuz İllik Savaş dönəmində, 1619-cu ilin noyabrın 11-də soyuqdan dönən fransız zabit Rene Dekart sobanın qarşısında yuxuya getmişdi. Yuxuda o, güclü küləyi, La Fleş kilsəsində onu vurub yıxan adamı, sonra da acından səndələyən gənci görmüşdü. Analitik həndəsənin və çağdaş cəbri simvolikanın banisi, filosof Dekart sonralar yazacaqdı: "O yuxulardan sonra anladım ki, hiss edirəmsə, yaşayıram. Dürüst hisslərimi yalana çevirirəmsə, ölmüşəm".

 

Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov yalan danışdıqlarını, yalanlarına başqalarını qurban seçdiklərini hiss edirlərsə, onlar kimdir?..

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol