“Diaspor təşkilatı rəhbərlərinin çoxu təsadüfi şəxslərdir"

17:14 20-04-2022 | icon 483 | Cəmiyyət
“Diaspor təşkilatı rəhbərlərinin çoxu təsadüfi şəxslərdir"

Vüqar Dadaşov: “Şuşa növbəti dəfə Dünya Azərbaycanlılarını vətən naminə birləşdirəcək"

 

“Dünya Azərbaycanlıları Qurultayının türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilməsinin həm simvolik, həm də siyasi hədəfləri var. Qurultay dünya azərbaycanlılarının, diaspor təşkilatlarının Şuşa mənəviyyatının ətrafında sıx birləşməsinə müsbət təsir edəcək. Şuşanın əzəməti diaspor təşkilatlarının vətən sevgisini daha da alışdıracaq”.

 

Versus.az xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov Şuşa Qurultayı və Şuşadan diaspora fəaliyyətinin formalaşmasına yönəlik dünyaya veriləcək mesajlarla bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, diaspor təşkilatları faktiki olaraq dövlət və xalq maraqlarını təmsil və təmin edən ən effektli vasitədir:

 

“Hətta deyərdim ki, dövlət büdcəsindən maliyyələşən səfirlik, konsulluqlardan da daha səmərəli fəaliyyət göstərə bilər. Ukrayna müharibəsində başsız qalan azərbaycanlıların taleyini səfirlik, konsulluq yox diaspor təşkilatları nümunəvi şəkildə həyata keçirdi. Diaspor təşkilatları var ki, dünya düzəninə təsir etmə imkanına malikdir. Yəhudi, çin, erməni, yunan diasporları və sair diaspor təşkilatları öz dövlət, xalq maraqlarını dövlətlərinin xarici işlər nazirliklərindən, səfirliklərindən, konsulluqlarından da çox yüksək səviyyədə qoruyurlar və hətta yerli hakimiyyət diaspor təşkilatları ilə fəaliyyətini koordinasiya edirlər”.

 

Diaspora işi üzrə müəyyən təcrübəsinin olduğunu deyən V.Dadaşov diasporalarımızla bağlı problemlərə və onun səbəblərinə diqqət çəkib:

 

“Xaricdəki bir çox diaspor təşkilatlarının rəhbərlərinin çoxu təsadüfi şəxslərdir. Azərbaycanlıların diaspor təşkilatlarının pərakəndə şəkildə fəaliyyətləri, bir təşkilat altında fəaliyyət göstərmək istəyinin olmamasının müxtəlif səbəbləri olsa da, həmin səbəblərdən ən əsası diaspor təşkilat rəhbərlərinin şəxsi maraqlarıdır. Birincisi, diaspor təşkilatlarının əksər rəhbərləri təşkilatı qurmaqla Azərbaycanlılar içərisində öz fərqliliyin göstərmək, lider olmaq hissləri və azərbaycanlılar adından yüksək mövqe əldə etmək istəyən şəxslərdir. Bəzi diaspor təşkilatları və rəhbərləri əksər hallarda həmin dövlətin xüsusi orqanlarının təsiri altında olurlar. Etiraf etmək lazımdır ki, diaspor təşkilatlarının çoxları həmin təşkilat rəhbərlərinin de-fakto kommersiya təşkilatı funksiyasını yetirməklə bir gəlir mənbəyinə çevrilib. Məhz göstərdiyim səbəblərdən də müxtəlif ölkələr daxilində yaşayan azərbaycanlıların diaspor təşkilatları bir təşkilat daxilində birləşməyə meylli deyillər. Təkcə Rusiyadakı diaspor təşkilatlarımızın nümunəsi ümumi mənzərəni ortaya çıxarır. Yeri gəlmişkən, jurnalist Fuad Abbasovun həbsi, deportasiyası ilə bağlı hadisələrin diaspor təşkilatları arasında mübarizənin nəticəsi idi”.

 

V.Dadaşov hesab edir ki, məhz belə neqativlərin aradan qaldırılması və xaricdə fəaliyyət göstərən bütün təşkilatların koordinasiya olunaraq fəaliyyət göstərməsi baxımından Şuşaya toplaşan dünya azərbaycanlıları öz müsbət təklif və töhfələrini verəcək. O, hesab edir ki, Şuşa növbəti dəfə Dünya Azərbaycanlılarını vətən naminə birləşdirəcək. /hafta.az/

                                

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...