Azərbaycan-Qırğızıstan qardaşlığının yeni səviyyəsi

12:51 23-04-2022 | icon 536 | Siyasət
Azərbaycan-Qırğızıstan qardaşlığının yeni səviyyəsi

Xalqlarımızı birləşdirən ortaq köklər, oxşar tarix və ümumi dəyərlər

 QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət Komitəsinin sədri/

 
 

Qardaş Qırğız Respublikasının Prezidentinin Sadır Japarovun respublikamıza ilk səfəri uğurla başa çatdı. İki ölkə Prezidentinin 20 aprel tarixli Birgə Bəyanatı səfərin, səfər müddətində imzalanmış sənədlərin, uğuru şərtləndirən amillərin təsbiti baxımından özünə xüsusi diqqət tələb edir. Birgə Bəyanat qardaş ölkələrimiz arasında əməkdaşlığın dünəni, buğunu və perspektivinin mahiyyətini ifadə etməkdədir.

 
 
Öncə onu vurğulayaq ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Hərçənd statistik göstəricilərdəki müsbət dinamika təqdirəlayiqdir, dəyərlidir lakin “keyfiyyətcə yeni səviyyə” dedikdə, yalnız kəmiyyət (statistika) nəzərdə tutulmur, təbii; bu, daha çox mahiyyəti, qardaşlıq ruhunun real müstəvi üzərindəki inkasını, əməli fəaliyyət sahələrinin hamısı üzrə işbirliyinin səviyyəsini, perspektivini ehtiva edir. Məsələn, Qırğız Respublikası Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanan 10 sənəddən biri “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, digəri “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”dur. – Digər sənədlərin də önəmini vurğulayarkən, etiraf edək ki, bu iki sənəd xüsusi önəm daşıyır. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional məsələlər, beynəlxalq problemlər daha effektli və fəal surətdə müzakirə olunacaqdır.
 
 
Bundan başqa: hər iki ölkənin də qurucusu olduğu Türk Şurasının ötən ilin payızında Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi, Qırğız Prezidentinin də imzası ilə TDT-nin ən yüksək ordeninin Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə təqdim olunması, digər ortaq türk qurumları üzrə işbirliyi, bu fonda ikitərəfli əlaqələrin inkişafı keyfiyyəti, yeni səviyyəni ifadə edir. (Mərkəzi qərargahı Bakıda yerləşən TürkPA-nın Baş katibi, 2017-ci ildən ötən ilin sentyabrınadək Qırğız Respublikası Joqorku Keneşinin (Ali Məclisinin) nümayəndəsi Altınbek Mamayusupov idi. Hazırda TÜRKSOY baş katibi Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayevdir).
 
 
Beləliklə, həm yeni imzalanmış sənədlər əsasında Strateji tərəfdaşlıq – qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini ifadə edir, həm də ortaq türk qurumlarının qurucusu olmağımız, o qurumlarda alınan qərarlar da ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Azərbaycanla Qırğız Respublikasının bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi ənənəvi xarakter alıb. Hazırda Azərbaycan Prezidentinin sədrlik etdiyi Qoşulmama Hərəkatı, eləcə də, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, ECO çərçivəsində ölkələrimizin bir-birinə davamlı dəstəyi vardır.
 
 
Vurğulanan bütün platformalar üzrə əlaqələr, əməkdaşlıq real nəticələr verməklə yanaşı, yeni imkanları, yeni çağırışları da ehtiva edir. Misal üçün, nəqliyyat infrastrukturunun, “Şərq-Qərb nəqliyyat dəhlizi”nin daha səmərəli fəaliyyət göstərməsi üçün ölkələrimizin səyləri birləşdirilməlidir. Artıq bəllidir ki, yüklərin Azərbaycan ərazisindən bütün vacib istiqamətlərə (Şimal, Cənub və Qərbə) göndərilməsinə imkan verən çağdaş nəqliyyat, o cümlədən liman infrastrukturu mövcuddur. Liman infrastrukturu başda olmaqla, Azərbaycanın nəqliyyat imkanları Qırğız Respublikasının, bütün qardaş, dost, tərəfdaş ölkələrin üzünə açıqdır. Üstəlik, II Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər də, qardaş, dost ölkələrin hər biri üçün yeni imkanlar doğurub. Bayaq vurğuladığımız nəqliyyat infrastrukturunun bir hissəsi, işğaldan azad olunmuş ərazilərimizdən də keçəcək. Özəlliklə, Zəngəzur dəhlizinin işə düşməsi ilə tam yeni, əlverişli ortam yaranacaqdır. Qarşılıqlı olaraq, Qırğızıstanın, ümumən Orta Asiyadakı bütün qardaş, dost və tərəfdaş ölkələrin iqtisadiyyatı, özəlliklə, enerji, kənd təsərrüfatı, turizm sektoru Azərbaycan işadamları, böyük şirkətlərimiz üçün cəlbedici sayılır. Azərbaycan şirkətlərinin çağdaş enerji, kənd təsərrüfatı, turizm müəssisələrinin yaradılmasında özünəxas təcrübəsi vardır. İlk növbədə bu üç istiqamətdə səylərin birləşdirilməsinə, konkret olaraq, Qırğızıstanda Azərbaycanın yatırım potensialına ehtiyac duyulduğu bəllidir.
 
 
Ortaq mədəni irs və ortaq tarix isə qardaş xalqlarımızı birləşdirən, bütün dövrlər üçün güncəl olmuş əməli fəaliyyət sahəsi, önəmli bir kateqoriyadır. Bu sahənin möhkəm özülü, zəngin (ortaq!) keçmişi, cazibədar buğunu və fövqəladə gələcəyi var. Ümumən humanitar sahə dövlətlər, xalqlararası münasibətlərdə həmişə önəmli yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin, Qırğız respublikasının da dəstəkləməsi ilə 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmasını burada xatırlatmaq istərdim. İnanırıq ki, gələn ili gözləmədən, gələn aykı “Xarı bülbül” festivalında, ondan sonrakı “Vaqif Poeziya Günləri”ndə Qırğız sənətçiləri, şairləri, jurnalistləri, mədəniyyət işçiləri və incəsənət xadimləri böyük həvəslə iştirak edəcək. Hər görüş, hər səfər yeni tanışlıqlar, yeni əməkdaşlıqlar, layihələr deməkdir. Çox şadam ki, ötən illərdə Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, bizim biləvasitə iştirakımızla önəmli layihələr icra olunub. Belə layihələrə misal olaraq, “Qarabağ hekayələri”nin qırğızca nəşrini misal çəkə bilərik.
 
 
Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Parlament nümayəndə heyətlərimiz beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Hesab edirəm ki, parlamentlərarası əlaqələrin də böyük potensialı vardır və bu potensialdan yararlanmaq hər iki ölkənin maraqlarına tam cavab verir.
 
 
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov respublikamıza səfəri çərçivəsində Milli Məclisdə olub, Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə səmərəli görüş keçirib.
 
 
Ali qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən xanım spiker, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin mövcudluğuna, xalqlarımızı birləşdirən ortaq köklər, oxşar tarix və ümumi dəyərlərə vurğu edib.
 
 
Xanım spikerin qardaş ölkə prezidentinin bu səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən parlamentlər arasında əlaqələrin inkişafına yeni impuls və stimul verəcəyinə əminliyini ifadə edib.
Qırğız Respublikasının Prezidenti ölkələrimizin parlamentləri arasındakı münasibətləri yüksək qiymətləndirib.
Parlament sədri ilə qardaş ölkə prezidentinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da faydalı fikir mübadiləsi aparılıb.
 
 
Yaşasın Azərbaycan-Qırğıstan qardaşlığı və dostluğu!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI