“Prezidentin Qurultaydakı tövsiyəsi bizim üçün dərs olmalıdır”
Arzu Oqtay: “Prezident dedi ki, biz dünyanın hansı yerində yaşayırıqsa yaşayaq, öz dilimizi qorumalıyıq"
Şuşa Zəfəri dünya azərbaycanlılarının müzakirələrində araşdırılır, təhlil edilir. Qurultayda dünya azərbaycanlılarının daha sıx birliyinin qurulmasının əhəmiyyəti xüsusilə qeyd olunaraq, xaricdə Azərbaycanımızı tanıtmaq üçün kontentin düzgün tapılması da mühüm amil kimi önə çəkilir.
Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Finlandiya - Avropa Azərbaycanlıları Konqresinin Baş katibi Arzu Oqtay ilk növbədə ölkə başçısının qurultaydakı çıxışında toxunduğu məsələlərə və verdiyi tövsiyyələrə diqqət çəkib.
Onun sözlərinə görə, əgər Azərbaycan prezidentinin Qurultaydakı nitqini və dünya azərbaycanlılarının qarşısında qoyduğu vəzifələrə düzgün əməl etsək, diasporalarımız güclənər və bu da Azərbaycanın milli dövlət maraqlarına öz töhfəsini verər.
Arzu Oqtay bu mənada Prezidentin sərəncamı ilə keçirilən Şuşa Zəfərini – Dünya Azərbaycanlılarının V Qurultayını yüksək qiymətləndirib:
“Şuşa Zəfəri dünyaya yeni bir mesaj verdi. İllərdir adına “güclü“ dediyimiz erməni diasporasına bəyan etdi ki, sən 30 il ərzində işğal etdiyin bir bölgəni viran qoydun, biz 44 gün müddətində o torpaqları azad etdik və dünyada yaşayan azərbaycanlılarımızı ora yığdıq”.
A.Oqtay Prezidentin Qurultayda hər bir azərbaycanlı üçün ən mühüm tövsiyə hesab etdiyi - “öz ana dilimizdə danışmalıyıq” mesajını xüsusilə qeyd edib:
“Prezident dedi ki, biz dünyanın hansı yerində yaşayırıqsa yaşayaq, öz dilimizi qorumalıyıq. Mən düşünürəm ki, bu tələb diasporamızın inkişafında ən birinci mərhələdir. Prezident dedi ki, siz ailənizdə uşaqlarınızla Azərbaycan dilində danışmalısız, onlara Azərbaycan dilini öyrətməlisiz ki, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi gələcək nəslə aşılaya bilək. Dedi ki, qoy sizdən sonra gələn nəsil artıq bir azərbaycanlı kimi Azərbaycanı yaşadığı ölkədə sevdirsin.
Qurultayın mənim üçün ən böyük əhəmiyyətli hissəsi Prezidentin dediyi bu sözlər, verdiyi bu tövsiyələrdir. Bu baxımdan qurultayda Prezidentimizin o tövsiyəsi bizim üçün böyük bir dərs olmalıdır. Bu gün Avropa Azərbaycanlıları Konqresinin baş katibi kimi diasporaların fəaliyyəti ilə bağlı deyə biləcəyim təklif hər kəsi Prezidentin o tövsiyələrinə düzgün əməl etməyə çağırmaqdır. Biz dilimizi qorumalıyıq”.
A.Oqtay paralel olaraq diasporlarla bağlı problemlər və onların aradan qaldırılması üçün vacib bildiyi və qarşılaşdığı bir sıra neqativ nüanslara da diqqət çəkib. Finlandiyada Azərbaycan məktəbində müəllimə işləyən A.Oqtay 2001-ci ildən bugünkü günə qədər diaspora olaraq fəaliyyətlərində müsbətlərin də, mənfilərin də olduğunu deyib. Onun fikrincə, bu normaldır, çünki iş varsa mütləq orda mənfilər də olur:
"Əgər biz o mənfiləri görüb, düzgün qiymətləndirib, onların həlli üçün düzgün qərarlar verə biliriksə, gördüyün hər hansı bir işdə mənfinin olması heç də qəbahət, problem olmaz. Lakin biz problemləri görüb onu gizlədəcəyiksə və onu düzəltməyə çalışmayacağıqsa, mənəmlik, vəzifəpərəstlik iddiaları ilə diasporalarda ayrıseçkilik, parçalanma yaradacağıqsa, bu həm özümüzə, həm də dövlətimizə qarşı xəyanət olar. Prezidentimizin dilimizlə bağlı tövsiyyəsi bizim sarı simimizdir. Çünki bu gün Avropada dilimizə yanaşma çox bərbad haldadır. Bir çox valideynlər “mən neynirəm Azərbaycan dilini”, “mənim uşağım elə bu yerli dili öyrənsə bəsimdir”, yaxud “Bakıda yaşayanda uşağım rus sektorunda məktəbə gedib, rus dilliyəm, mənə lazım deyil” yanaşmaları ilə diasporanın formalaşmasına mənfi təsir edirlər. Azərbaycan ailələrində valideynlər övladlarnı çox vaxt tədbirlərə də gətirmirlər. Belə olduğu halda bizim diasporamızın gələcəyi necə inkişaf edə bilər”.
A.Oqtay hesab edir ki, ölkə Prezidentinin sərəncamı ilə Qurultayın Şuşa şəhərində keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, o qala igidlərimizin canı, qanı bahasına alınıb və bu, Azərbaycan haqqında həqiqətlərin dünyaya təqdim olunmasında hər bir dünya azərbaycanlısının qarşısında bir mənəvi yük qoymuş olur:
“Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi, birliyi, komandanlığı iradəsi ilə bir yumruq olaraq torpaqları işğaldan azad etdi. İndi də ideoloji, informasiya müharibəsi gedir. Azərbaycanlılar Şuşada dayanaraq gələcək fəaliyyətlərinin məsuliyyətini dərk etməlidirlər. Və anlamalıdırlar ki, güc birlikdədir və güc düzgün kordinasiya olunaraq fəaliyyət göstərməkdədir”.
A.Oqtay qeyd edib ki, Şuşa Zəfəri dünya azərbaycanlılarına bir dərs olmalıdır:
“Lakin bir çox hallarda diasporaların koordinasiyası üçün seçilən əlaqələndirici şəxslər, rəhbərlər elə bilirlər ki, bunları azərbaycanlılar arasında əlaqələndirici yox, başının üzərində padşah seçiblər, işləri də bizimlə əmr formasında danışıb, aşağılamaqdır. Yaxud bir problemli məsələni qaldıranda, deyirlər ki, mən filankəsəm, bunu eləməsən səni deport elətdirəcəm. Bu problemlər var. O şəxs əlaqələndirici təyin olunanda burdan ancaq onunla işləyirlər. Gələn məmur da sadəcə onu görür və iclas edəndə də oturanların problemləri ilə maraqlanmır. Sadəcə soruşur ki, bu yeri neçiyə tutmusan. Əgər bizim icma rəhbərlərimiz başa düşsələr ki, onu Koordinasiya əlaqələndiricisi qoyublarsa, burda sən insanların içərisində hamı ilə eyni sırada dayanmalısan, sən özünü digərlərindən üstün tutmamalısan. Əgər gəlib insanlara “mənəmlik” iddianı irəli sürürsənsə, doğru deyil”.
A.Oqtay bildirib ki, xaricdə yaşayan azərbaycanlıların ürəyi Azərbaycanla döyünür. Sadəcə təşkilatın koordinasiya rəhbərləri düzgün seçilməlidir ki, insanları eşitsin, arada birlik yaransın:
"Yalnız bu yolla Azərbaycan diasporaları güclənəcək, öz sözünü planlı şəkildə yaşadığı ölkələrdə aidiyyatı qurumlara çatdıracaq. Əgər diaspora rəhbərlərimiz - istər qurultayda iştirak edənlər, istərsə də etməyənlər - Prezidentin verdiyi tövsiyyələrə əməl etsələr, biz təbliğat baxımından da zəfərə imza atacağıq”. /hafta.az/
Tahirə Qafarlı
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"