“Azərbaycanı Avropada təbliğ edən mərkəzlərin, icmaların yaradılması vacibdir”
İlkanə Yusifova: “Problemləri çözmək üçün birliyimizi qorumalıyıq”
“Mən qarabağlıyam, Ağdamda doğulub boya-başa çatmışam. Torpaqlarımız işğaldan azad olunandan sonra ilk dəfə Ağdama səfərə gəldim. Bu il isə ilk dəfə Şuşada Şuşa Zəfərində iştirak etdim. İşğaldan azad olunan bu torpaqlar hər birimiz üçün əzizdir, müqəddəsdir. Təkcə II Qarabağ savaşında 3 mindən çox igid oğullarımız şəhid oldu. Qardaşım Teymur Yusifov 1994-cü ildə Ağdam döyüşlərində şəhid olub. 30 il ərzində işğalda qalan bu torpaqlarımızı məhz birliyimiz, vahid gücümüzün sayəsində azad etdik, qalib olduq. Məhz bu faktlar Şuşa Zəfərində iştirak edən dünya azərbaycanlılarının üzərinə böyük məsuliyyət yükü qoyur. Şəhidlərimizin ruhu, tarixi torpaqlarımızın ruhu bizi də bu vətəndə səfərbər edir”.
Versus.Az xəbər verir ki, bunu Niderland Belçika Koordinasiya Şurasının əlaqələndirici üzvü, “Birlikdə Güclüyük” Fondunun sədri İlkanə Yusifova Şuşa Zəfəri və diasporların qarşısında duran vəzifələr istiqamtində açıqlamasında bildirib.
O, Şuşadan dünyaya çox ciddi mesajların verildiyini deyib:
“Eyni zamanda bir daha yəqin etdik ki, yalnız vahid güc, Dəmir Yumruq olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilərik. Azərbaycanlılar dünyada bir yumruq olub öz diaspora fəaliyyətinin gücünü artıra bilər. Düşünürəm ki, bir olmağın zamanı bu gündür, bir yumruqla, bir nöqtəyə vurmağın zamanı bu gündür”.
İ.Yusifova Şuşada olanda çox emossional hisslər yaşadığını qeyd edib. Şuşa xatirələrinin uşaqlıq illərinə təsadüf etdiyini deyən İ.Yusifova valideynlərinin onları necə Ağdamdan Şuşaya aparmaları, orada kövrək addımları, düşüncələri ilə Cıdır düzündə necə gəzdikləri günləri yada saldı:
“O vaxtlar Ağdam bizə isti gəldiyi üçün atam biz yayda Şuşaya aparardı. İndi Niderlandda o istiyə həsrətik. Şuşanın İsa Bulağına, digər bulaqlarına gedərdik. Uşaq idim, Cıdır düzünə gedəndə orda bir daşın üstünə çıxmışdım. Atam mənə “yavaş yıxılarsan”- deyən kimi birdən ayağım sürüşüb yıxılmışdım, sürüşüb aşağıda bir daşa ilişib qalmışdım. O vaxt atam məni düz qayalığın ucundan dartıb çıxartmışdı... Şuşa Zəfəri günlərində Cıdır düzünə gedəndə o günləri yenə xatırladım. Orda xatirə şəkli çəkdirmək istəyəndə mən bir daşın üstündə durdum. Həmin gün uşaqlığımda yaşadığım o xatirələrim yenə gözümün önünə gəldi... Həmin an çox maraqlı bir hisslər yaşadım. Sanki atamın “yavaş yıxılarsan”- dediyi sözlər, səsi qulağıma gəldi...”
Bu gün ulu babalarımızın, şəhidlərimizin ruhlarının Şuşada azad, qürurla dolaşdığını bildirən İ.Yusifova dünya azərbaycanlılarının müqəddəs, tarixi bir məkan olan Şuşada toplaşmasını yüksək dəyərləndirib:
“Şuşaya olan bu səfərdən həm qürurlandım, həm də təsirləndim. İşğalçılar Şuşanın tarixi abidələrini, məscidləri, karvansaraları, evləri, yolları dağıdıblar. Uşaqlıq illərində Şuşada gördüyüm köhnə evlərdən demək olar ki, heç nə qalmayıb”.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçrilməsini tarixi hadisə kimi qeyd edən İ.Yusifova deyir ki, Şuşada dünya azərbaycanlılarının toplaşması düşmənə verilən tarixi bir mesajdır:
“Dağıdılmış abidələrə, evlərə baxanda onlara veriləcək bir sual yaranır: əgər iddia etdiyin kimi Qarabağ sənin torpğın, sənin evin idisə, niyə dağıdırdın, yandırırdın, qırırdın. Ora öz evi olsaydı dağıtmazdı. Bu əlbəttə ki, onların xislətini göstərir. Biz isə bu gün öz evimizə gəlmişik və bir daha burdan deyirik ki, onu abadlaşdıracağıq. Prezidentin Şuşaya gəlişi xüsusilə çox böyük əhəmiyyət kəsb edir. Bu, bizim mesajımızı daha da gücləndirdi. Biz dünyanın hər yerindən gəlib “Qarabağ Azərbaycandır!” deyirik. Biz ev sahibi kimi geri qayıdıb torpağımıza sahib çıxdıq. Prezident yenə mesajlar verdi. Dedi ki, “Qarabağ Azərbaycandır!”, Azərbaycanın bütövlüyü üçün əlimizdən gəlləni edəcəyik. İndi bizə kiməsə sübut eləmək lazım deyil ki, Qarabağ Azərbaycandır! Artıq biz səsimizi xaricdə eşitdirdik. Biz bir daha xaricdə sübut eləməliyik ki, bizim ölkənin tarixi daha zəngindir, daha qədimdir”.
İ.Yusifova bildirib ki, Prezidentin Şuşada bəyan etdiyi “azərbaycanlılar bəzi addımlar atmalıdır” fikirlərinə diaspor fəaliyyətimizlə əməl etməliyik:
“Prezidentin tövsiyələrindən biri də Azərbaycan dilinin, mədəniyyətinin təbliğidir. Orda olan qarışıq, yaxud azərbaycanlı ailələrin bu haqda məlumatı yoxdur. Mən burdan Niderland krallığında yaşamağa gedirəmsə, orda çalışıramsa, oranın mədəniyyətini öyrənirəm. İşgüzar insanam. Mən övladımı məktəbdən sonra görürəm. Amma mənim övladım artıq məktəbdə o dili öyrənir, o yerlərin mədəniyyətini, davranış qaydalarını mənimsəyir. Ona azərbaycanlılığı öyrətmək mənim vəzifəmdir. Deyim ki, bəzən bu vəzifəni düzgün yerinə yetirə bilmirəm. O üzündən Azərbaycanı Avropada təbliğ edən mərkəzlərin, icmaların yaradılması vacibdir. Bir yerə yığılıb işlər görmək də vacibdir. Artıq bu istiqamətdə düşünməyə başlamalıyıq”.
İ.Yusifova bildirib ki, diasporaların fəaliyyəti ilə bağlı özümüz özümüzə çox kritik yanaşırıq. Onun sözlərinə görə, diasporalara qarşı tənqidi yanaşmalardan çox, daha yaxşı işlər görmək üçün müsbət motivasiyaya köklənməliyik:
“Nəzərə almaq lazımdır ki, Azərbaycan diasporası çox gənc bir qurumdur. Gənc təşkilatın bir inkişaf prosesi var. Necə ki, bir uşaq doğulandan sonra ayaq üstə durmağı öyrənir, sonra yeriməyi, sonra düşüncə və qabiliyyətlərini göstərməyə başlayırsa, təşkilat da o mərhələləri keçməlidir. Hər bir təşkilatın içərisində olan üzvləri də onların daşıyıcılarıdır. Unutmayaq ki, biz bir münaqişədə olan ölkəyik və bu gün konfliktdən çıxmış, ədalətsizliyə uğramış və bu gün də ikili yanaşmalara məruz qalan bir ölkənin diasporalarıyıq. Biz diaspora işinə sovetlər birliyi dağılandan sonra, 20-30 ildir başlamışıq. Ona görə də buna kritik yanaşmağımız doğru olmaz. 26 ildir xarici təşkilatlarla işləyirəm. Bu prosesdə öyrəndiklərim odur ki, daha çox motivasiyaverici çıxış etməliyik, nəinki ona sərt kritika ilə yanaşmaq. Düşünməliyik ki, kimin hansı qabiliyyətləri var və kim hansı töhfəni verə bilər. Və problemləri necə çözmək üçün birliyimizi qorumalıyıq”. /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"