Kağızın idxalı və satışı ƏDV-dən azad edildi - MÜZAKİRƏ

18:42 13-05-2022 | icon 3277 | Uşaq Dünyası
Kağızın idxalı və satışı ƏDV-dən azad edildi - MÜZAKİRƏ

 

 

 

 

 

Bu gün – mayın 13-də Azərbaycan Respublikasının Baş nazirinin imzaladığı qərara əsasən Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən  (ƏDV) azad edilib.

 

Bu qərar çap mediası məhsullarının maya dəyərinə və onların istehsal xərclərinə nə dərəcədə təsir edəcək və alıcılara hansı üstünlükləri yaradacaq?

 

İqtisadçı və qəzet rəhbərləri məsələni belə şərh etdilər.

 

“Rəqabətlilik mühiti genişlənərsə qiymətlərin də aşağı düşməsinin şahidi ola bilərik"

 

Versus.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bildirib ki,  gözlənilən qərarın kitab nəşri, media sahəsinə, eləcə də alıcılara müsbət təsirləri olacaq. Onun sözlərinə görə, bundan sonra ən azı ölkəyə gətirilən və yaxud ölkədə çap olunan kitab məhsullarının qiymətində artım olmayacaq.  İqtisadçı hesab edir ki, burada qiymətlərin aşağı düşməsi ehtimalı da var.

 

“Rəqabətlilik mühiti genişlənərsə qiymətlərin də aşağı düşməsinin şahidi ola bilərik. Çünki 18 faiz ƏDV-nin tutulmamasından kifayət qədər ciddi rəqəm alınır. Bu, 1 kitabda 1 manat 80 qəpiklik güzəşt deməkdir.  İndiki ehtimallara görə, ola bilər ki, 10 manata satılan kitablar təqribən 8 manat 50 qəpiyə satılsın. Bu həm də xammalın özünün qiymətinin qalxıb-qalxmamasından asılı olacaq”.

 

N.Cəfərli ümumən dünyada kağızın özünün qiymətinin qalxmasına diqqət çəkərək, hesab edir ki, Azərbaycanda kağız məhsullarının idxal və satışına görə 18 faiz əlavə dəyər vergisindən azad edilmə ən azından növbəti qiymətartma dalğasını azalda bilər. 

 

“Ola bilər ki, Azərbaycanda bundan sonra çap məhsullarının qiyməti artmasın. Bu baxımdan pozitiv, çoxdan gözlənilən bir qərardır.  Ümumilikdə bu sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olacaq və əhali üçün də müsbət təsirini göstərəcək”.

"Qərarın qəbulunda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin də səyləri yüksək qiymətləndirilməlidir"

 

"Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən azad edilməsi ölkəmizdə çap mediasına dəstəyin növbəti nümunəsidir. Bu fikirləri "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

 

Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsi ilə bağlı uzun müddətdir ki, müxtəlif səviyyələrdə müzakirələr gedirdi və təkliflər də verilmişdi. 

 

"İndiki məqamda dünyada kağız məhsullarının artan qiymətləri fonunda ƏDV-nin ləğvi özlüyündə Azərbaycanda çap mediasını gözlənilən çətinliklərdən bir qədər çığortalamış olur. Belə ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq" - S.Seyidova bildirib.

 

Baş redaktorun sözlərinə görə, qərarın qəbulunda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin də səyləri yüksək qiymətləndirilməlidir. Belə ki, müvafiq qərara qədər istər media təmsilçiləri, istərsə də nəşriyyat nümayəndələri ilə keçirilən görüşlərdə ƏDV-nin ləğvi məsələsi də qaldırılıb. MEDİA müvafiq qurumlar qarşısında bu məsələnin müsbət həlli üçün məsələni daim gündəmə gətirib.

 

"Təbii ki, ƏDV-nin ləğvi ilə bağlı qərar çap mediasına növbəti iqtisadi dəstəkdir" - S.Seyidova bildirib.

 

 

 

“Çox məsələlər nəşriyyatların bu qərardan necə nəticə çıxaracaqlarından asılı olacaq”

 

 

“Kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV-nin ləğvi ölkəmizdə çap texnologiyası üzərində qurulmuş bütün sənayenin  inkişafında yeni bir mərhələ aça bilər”. Bunu “Bakı Xəbər”qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

 

Baş redaktorun sözlərinə görə, burada söhbət həm qəzetlərin, jurnal redaksiyalarının vəziyyətindən, kitabların çap olunmasından, həm də dərsliklərin istehsalında yeni şəraitin yaranmasından gedir.

 

A.Quliyevin bildirib ki, bu məsələyə iki cür yanaşıla bilər. Birinci məqam odur ki, ölkəyə idxal olunan çap məhsullarının idxal xərclərinin enməsi nəticəsində onların qiymətlərinin aşağıya doğru dəyişmə ehtimalı artır. Hansı ki, hazır jurnalların ölkəyə gətirilməsi və onun  satış qiymətləri xeyli yaxşılaşa bilər. Bunlar  öz növbəsində Azərbaycan cəmiyyətinin çox geniş bir çərçivədə marağında olan məsələlərdir.  İkinci məsələ isə odur ki, ölkəyə ixrac olunacaq rulon, vərəqə formasında çap kağızının dəyər vergisindən azad olunması,  ölkənin daxilində çap istehsal texnilogiyasının özünün xərclərinin  xeyli dərəcədə aşağı düşməsinə təsir göstərə bilər. 

“Ona görə ki, ölkədə qəzetlərin, kitabların və dərslik komplektlərinin istehsalında çox mühüm problemlərdən biri idxal olunan kağızın  qiyməti ilə bağlı idi. Çünki həm dərsliklər, həm qəzet, həm də jurnallar birbaşa bu idxal məhsulunun üzərində dayanırdı. Aydın məsələdir ki, kağızın ölkəyə idxalının özünün baha olması və ƏDV nəticəsində onun qiymətinin qalxması son nəticədə məhsulların özünün qiymətinin qalxmasına mənfi təsir göstərir və bahalaşmasını şərtləndirirdi. Əgər həmin qərar əsasında ölkəyə idxal olunan kağızın qiymətində bir dəyişiklik baş verəcəksə, daha doğrusu 18 faiz əlavə dəyər vergisindən azad olunacaqsa, bu özünü son nəticədə həm qəzetlərin istehsal xərclərində göstərməlidir,  həm də jurnalların və kitabların nəşr olunmasında”.

 A.Quliyev hesab edir ki, çox məsələlər nəşriyyatların bu qərardan necə nəticə çıxaracaqlarından da asılı olacaq.

“Əslində bu qərar təkcə dövlət nəşriyyatlarının yox, həm də özəl nəşriyyatların fəaliyyətində öz təsirini göstərəcək. Ona görə ki, idxal  olunan məhsulların ƏDV-dən azad olunması həm dövlət nəşriyyatlarının, həm də özəl nəşriyyatların marağındadır. Çünki ləğv olunan ƏDV hər ikisinin  fəaliyyətinə təsir göstərirdi. Bu mənada qəbul olunmuş qərar həm dövlətin nəşriyyatlarının, həm də özəl nəşriyyatların fəaliyətində də müsbət nəticələrə yol açacaq.  İstehsal  prosesində bu qərarın necə tətbiq olunacağı isə artıq nəşriyyatların özlərindən asılı olacaq”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI