İctimai Şuranın üzvləri nədən narahatdır? - MÜZAKİRƏ
“İctimai Şuralara münasibət dəyişməlidir”
İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Maraqlıdır, öz missiyasına uyğun fəaliyyət göstərə bilirmi? Yaxud, dövlət qurumlarının yanında yaradılan ictimai şuralar həmin qurumların fəaliyyətində nəyi dəyişib? Dövlət qurumlarının tərkibində olan ictimai şuraların effekti varmı?
Versus.az xəbər verir ki, ayrı-ayrı dövlət qurumlarının tərkibində fəaliyyət göstərən ictimai şura üzvləri öz açıqlamalarında problemə birmənalı münasibət sərgiləməyib. Onlar İctimai Şuraların fəaliyyətindəki effektivlik əmsalını, nöqsanları fərqli aspektlərdə dəyərləndiriblər.
“O, ictimai şuraya seçilsə də heç nə edə bilmir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılan İctimai Şura üzvü Məhluqə Rəhimova hesab edir ki, təmsil olunduğu qurumda fəaliyyətləri effektivdir. M.Rəhimovanın sözlərinə görə, sosial-məişət, məşğulluq və digər sosial-ictimai problemlərin həlli ilə bağlı böyük yükü və məsuliyyəti olan bu nazirlikdə ictimai şuraların fəaliyyəti özünü kifayət qədər göstərə bilir.
Onun fikrincə, ictimai şuraların hansı dövlət qurumlarında olması və prosesə necə müdaxilə edə bilməsindən də çox şey asılıdır. M.Rəhimova “Azəriqaz”, Azərsu və digər dövlət qurumlarında formalaşan ictimai şuraların görünən problemləri dövlət strukturlarına düzgün yönləndirə bildiklərini də qeyd edib:
“Bütövlükdə bütün ictimai şuraların fəaliyyəti effektli deyil. Bir çox hallarda dost, tanış, xahişlə seçilənlər var ki, fəaliyyətləri və kadr bazaları zəifdir. O, ictimai şuraya seçilsə də heç nə edə bilmir.Amma uzun illərin təcrübəsi olan və güclü kadr potensialı olan QHT -lər də var ki, onların söz deməyə cəsarəti, bacarığı çatır. O halda məmurlar o ictimai şura üzvləri ilə əməkdaşlıq etməyə məcbur qalırlar. Belə ictimai şuralar yerlərdə görünən problemləri aidiyyatı orqanlara çatdırıb əksər hallarda həllinə nail olurlar”.
Artıq 2 ildir ki, ƏSMN-də ictimai Şura üzvü olduğunu deyən M.Rəhimova uzun müddət sosial sahədə yaranan problemlərin araşdırılması, həlli yönündə işləyən QHT olaraq, bir çox regionlarda məmurların nöqsanlarını açığa çıxardıqlarını və aidiyyatı orqanlar qarşısında məslə qaldırdıqlarını deyib:
“Bu qurum bizim fəaliyyətimizin reallığını görür və ona görə də bizimlə əməkdaşlıq onlara çətinlik yaratmır. İctimai Şurada heç bir problem qapalı qalmır. Sosial problemlərin qapalı qalması nazirlik üçün pisdir. Biz problemləri hətta Sahil Babayevin müzakirəsinə də çıxardırıq. Təbii ki, regionda olan məmurlar bunu bilir və işlərində məsuliyyətli olmağa çalışırlar. Biz 20 il Şəki şəhərində ev növbəsində olan, lakin yerli icra hakimiyyəti tərəfindən get-gələ salınan Qarabağ qazisinin məsələsini araşdırıb nazirliyin qarşısında qaldırdıq. Nəhayət ötən il onun evinin tikintisinə başlandı. Biz Şəki kəndlərində apardığımız monitorinq zamanı 100-lə problemi aşkar edib həllinə nail olduq. Çox təəssüf ki, bir çox hallarda icra hakimiyyətləri problemə məsuliyyətsiz yanaşırlar. Yəni İctimai şuralar məmurların fəaliyyətinə təsir edə bilir. İctimai şuralar problemləri açır və məsələni nazirlər səviyyəsində qaldırıb həllinə nail olurlar. Amma elə ictimai şuralar var ki, səsini də çıxarmır, formal olaraq görünür”.
“İctimai şuraları istintaq qrupu kimi görmək yanlışıdır”
“Təmiz Dünya” İctimai Birliyinin sədri, DİN yanında İctimai Şura üzvü Mehriban Zeynalova bildirb ki, dövlət yanında yaradılan ictimai şuralarda fəaliyyət könüllüdür və hansısa tədbirlərin həyata keçirilməsi o iki il ərzində nəzərdə tutulur. Məsələn, Daxili İşlər Nazirliyində ictimai rəyin öyrənilməsi ilə bağlı bir qurum var. O qurum ictimai rəyi öyrənir və məlumat verir. Və yaxud şikayətlərlə bağlı müraciətlərə baxılır, aidiyyatı üzrə göndərilir. Yəni işlər gedir”.
M.Zeynalova qeyd edib ki, ictimai şuraya seçilən üzvlərin əksəriyyəti müstəqil qeyri-hökumət təşkilatlarıdır və ictimai şuraları istintaq qrupu kimi görmək yanlışıdır:
“Biz ictimai sorğuları araşdırır, məlumatı veririk. Hansınınsa nəticəsi dərhal olur, elələri də var ki, müddət tələb edir. Amma elə məsələlər də olub ki, onların həllinə nail olmuşuq. Əslində ictimai şura ictimai dinləmələri aparmalı, məsələləri müzakirə eləməli, təkliflər verməlidir ki, dəyişiklik olsun. Ola bilsin ki, ictimai şuralarla bağlı qanunun təkmilləşməsinə ehtiyac var. Hələ ictimai şuraların özünün struktur olaraq formalaşmasında da problem var. Və müddət az olduğuna görə nəyəsə nail olmaq çətin olur. Ümumən ictimai şuralarla işləməyə qurumlar hazırdır”.
“İctimai Şuraların əksəriyyəti formal yaradılıb, qanunun tələblərini deyil…”
"Azərsu" ASC yanında İctimai Şuranın üzvü jurnalist Cavid Şahverdiyev bildirib ki, əksər ictimai şuralar yenidir. Yeni olduğundan tam formalaşmağa, oturuşmaya bilər:
“Baxmayaraq ki, qanun 2014-cü ildən qüvvədədir. Bu gün dövlət qurumları yanında yaradılan İctimai Şuraların 90 faizi müstəqil deyil, təzyiqlər var. Kənardan yox, daxildən. Müstəqil qərar çıxara bilmirlər, qanunauyğun fəaliyyət göstərə bilmirlər. Bir çox qurumlarda ictimai iştirakçılığın genişlənməsini istəmirlər, fəaliyyətlərindəki şəffaflığın təmini onlara sərf etmir. İctimai Şuraların əksəriyyəti formal yaradılıb, qanunun tələblərini deyil, bu çətir altında şəxsi maraqlarını təmin edirlər. Ona görə də bu qurumlara inam, etimad olmur. İctimai Şuraların əksəriyyəti hansı qurumun yanında yaradılıbsa, onun bir şöbəsi kimi fəaliyyət göstərir. Yuxarıdan gələn tapşırıqları icra edir”.
“İctimai Şuralara münasibət dəyişməlidir”
DİN yanında İctimai Şura üzvü “Cumhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov bildirib ki, İctimai Şuraların fəaliyyəti ilə bağlı çox müzakirələr gedir və müxtəlif fikirlər var.
Onun sözlərinə görə, cəmiyyətdə bəzən onların fəaliyyəti həm şişirdilir, həm də böyük gözləntilər olur. Amma İctimai Şuralar tam olaraq cəmiyyətin düşündüyü deyil və ola da bilmir:
“İctimai Şuralar bu gün adı, qanunvericiliklə təsbit olunan hüququ və vəzifələri olan, lakin heç bir təsiri olmayan, yalnız kağız üzərində bir ictimai nəzarət subyekti vəziyyətindədir. Ona görə ki, qurumlar özləri onları birmənalı qəbul etmir. Bəziləri bu şuralara özünün yan qurumu kimi baxır, bəziləri isə qanunun icrası baxımından razılaşıb, amma lazımsız bir subyekt hesab edir. Bu qurumlardan bir çoxu İctimai Şuraların yaradılmasına məcburiyyətdən imkan tanıyıblar. Daha doğrusu, qanunun icrasına məcbur ediliblər. Qanunu icra etmək tələbi olub və etmirik deyə bilməyiblər. Ona görə də bizim yanımızda da İctimai Şura yaradılıb görüntüsü yaradırlar”.
R.Becanov hesab edir ki, İctimai Şuralara münasibət dəyişməlidir:
“İçtimai Şuraların fəaliyyətinə diqqət ayırmaq lazımdır. Onların təklif, tövsiyə, rəyləri nəzərə alınmalıdır. Dövlət qurumları bilməlidir ki, bu şuaralar özbaşına yaradılmayıb, qanunvericiliyin tələbidir. İctimai nəzarət mexanizmidir. Hesab etmirəm ki, dünənlə müqayisədə bu gün köklü, fövqəladə nəsə dəyişib. Vəziyyət elə əvvəlki kimidir. Bəzilərində fəaliyyət görüntüsü yaradılır, bəzilərində isə o görüntü də yoxdur. Hamının işinə, kiminsə fəaliyyətinə neqativ yanaşmıram, çoxluğun vəziyyətini çatdırmaq istəyirəm. İşləmək istəyən, işləməyə çalışan İctimai Şuralar da var. Məsələn, Təhsil Nazirliyinin yanında olan İŞ-ın fəaliyyətini izləyirəm, müsbət dinamika var. O cümlədən, “Azəriqaz” İB-nin İctimai Şuarsında bu hiss olunur, eləcə də adlarını çəkmədiyimiz bəziləri. Təvəzökarlıqdan uzaq olsa da, mənim təmsil olunduğum DİN yanında İŞ da nəsə etməyə çalışır. Amma alınır, alınmır, o başqa məsələdir. Hesab edirəm İctimai Şuralar dinamaik bir qurum olmalı, təmsil olunduğu mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə münasibətləri “İctimai iştirakçılıq haqqında” Qanunla tənzimlənməli və həmin qanunla təsbit olunan hüquqlarından istifadə etməlidir”.
R.Becanov hesab edir ki, bu gün o tam işlək gücü olan sistemi qurmaq hələ çətindir. Onun szölərinə görə, İctimai Şuralar qurumların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasını təmin edə bilmir:
“Bunun da dediyimiz kimi səbəbi şuraların, o şuralara seçilənlərin bacarıqsızlığı yox, dövlət quqmlarının yanaşmasıdır. Bu yanaşma dəyişməlidir. Ona görə ki, İctimai Şuralar hələ yenidir. İndi təşkil olunan bu şuralar bir növ keçid dövrünün subyektidir. Ümid edək ki, gələcəkdə daha fərqli olacaq...”
“...Hazırda bu səviyyədə əngəli aşmaq gücündə deyillər”
Gənclər və İdman Nazirliyi yanında ictimai şuranın üzvü, gənclərlə iş komitəsinin sədri Asim Vəliyev bildirib ki, İctimai Şuraların fəaliyyəti barədə fikir söyləyərkən bir sıra amilləri nəzərə almaq və subyektlər arasındakı münasibətləri doğru təsvir etmək lazımdır:
“Adlarından da göründüyü kimi İctimai Şuralar hansısa mərkəzi və ya yerli icra hakimiyyəti qurumunun yanında fəaliyyət göstərirlər. Əgər ictimai şuraların qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi müvafiq yerli və ya mərkəzi icra hakimiyyəti orqanını qane etməsə İctimai Şuraların effektiv fəaliyyətini təşkil etmək çox çətin olacaq. Etiraf edək ki, vətəndaş cəmiyyəti institutlarımız hazırda bu səviyyədə əngəli aşmaq gücündə deyillər. Ona görə də burada tərəflərlərin cəmiyyətin və dövlətin ümumi inkişafı naminə birgə və qarşılıqlı səmərəli fəaliyyətindən asılıdır.
Digər tərəfdən, maraqlıdır ki, hələ də bir sıra mərkəzi dövlət qurumları İctimai Şuraları özlərinə əngəl, problem yaradan təsisat kimi gördüyündən onu yaradılmasından faktiki olaraq imtina edirlər. Burada əsas povitiv məqam həm də budur ki, QHT sektorunda olan şəxslər elə mətbuat nümayəndələri də dövlət qurumları yanındakı İctimai Şuralarda təmsil olunmağa həvəslidirlər. Buna can atırlar, laqeyid deyillər. Amma heç kim İctimai Şuralara maddi gəlir qazanacağı iş yeri kimi baxmamalıdır. Əks halda İctimai Şuralar həmin dövlət qurumlarının yan təşkilatına və təbliğatçısına çevriləcək”. /hafta.az/
“Reallıq ondan ibarətdir ki, tam olaraq bu prosesləri həyata keçirə bilmirik”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında, DİN-i, Gömrük Komitəsi yanında İctimai Şuraların üzvü jurnalist Elməddin Muradlı bildirib ki, ictimai şuraların fəaliyyətini ümumən normal hesab etmək olar.
O, digər dövlət qurumlarından fərqli olaraq Gömrük Komitəsində İctimai şuranın tam formalaşmadığını qeyd edib:
“Orda müəyyən qurup şəxslər xoşagəlməz hərəkətlərə, saxtakarlıqlara yol verdiyi üçün Komitə şuranı qəbul eləmir. Demək olar ki, 1 ilə yaxındır fəaliyyətsiz qalmışıq. Əks tərəfdə 7 nəfər, digər tərəfdə isə 6 nəfər var. Və o 7 nəfər öz aralarında sədr seçir, kimlərisə müavin elan edirlər. Qanunda ictimai şurada 1 müavin nəzərdə tutulduğu halda bunlar 3 müavin elan ediblər”.
E.Muradlı qeyd edib ki, Gömrük Komitəsi ilə konfliktli məsələ olsa da, həmin qurumla sıx münasibət saxlayıb, vətəndaşlar tərəfindən daxil olan müraciətləri rəhbərliyə yönəldə, cavab ala bilir. O, xüsusən də ekoloji təmiz nəqliyyat vasitələrinin ölkə gətirilməsində güzəştlərin tətbiq olunmasında müzakirələr aparıldığını qeyd edib.
E.Muradlı bildirib ki, üzv olduğu digər qurumlarda ictimai şuralar səmərəli fəaliyyət göstərirlər:
«Biz quruma namizədliyimizi verəndə bilirdik ki, bu könüllülük əsasında olan fəaliyyətdir və ictimai şuralar cənab Prezidentin tapşırığı ilə yaradılır. Düzdür, ictimai şuraların fəaliyyəti qanunvericilikdə daha geniş məqamları əks etdirir. Amma reallıq ondan ibarətdir ki, biz tam olaraq bu prosesləri həyata keçirdə bilmirik. Ola bilsin ki, ilk mərhələdə olduğuna görə istənilən təcrübə hələ formalaşmayıb. Amma biz imkanımız yetən qədər işlər görürük”.
E.Muradlı qeyd edib ki, DİN yanında ictimai şura üzvü olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı müraciət edən vətəndaşları hər gün dinləyir, hətta şuranın müzakirələrinə çıxarılmadan belə birbaşa aidiyyatı üzrə yönləndirmək imkanına malikdir:
“Demək olar ki, hər gün 1-2 belə müraciətlərin yönləndirilməsinə və həllinə nail oluram. Qarşı tərəf bu məqamlara diqqət yetirir və bizim tərəfimizdən edilən müraciətlər vaxtında qəbul olunur. Biz bir neçə dəfə DİN-nin müavini general-leytinant İsmət Əliyevlə görüşmüşük, eləcə də nazirliyin digər əməkdaşları ilə ünsiyyətdəyik. Hətta bu yaxınlarda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ictimai şuranın sədri Əliməmməd Nuriyevi qəbul edib və söz verib ki, şura üzvləri ilə görüşəcək”.
E.Muradlı deyib ki, bəzən şura daxilində maddi və şəxsi maraqlarının üzə çıxması ilə bağlı narazılıqlar baş qaldırır:
“Ümumən deyə bilmərəm ki, bizə 100 faiz gözəl şərait, geniş imkanlar yaradılır. Biz hələ ki, təkliflər veririk, nazirlik qəbul edir”.
E.Muradlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında ictimai şuranın fəaliyyətini daha geniş hesab edir. Onun sözlərinə görə, burda yüksək texnologiyalar, nəqliyyat sahəsi və digər sahələr birləşir:
“Nazirliyin fəaliyyəti çoxşaxəlidir. Burda ixtisaslaşmış QHT-lər öz sahələri üzrə işlərlə məşğul olur. Şəxsən mən nəqliyyat sahəsi üzrə proseslərdə iştirak edirəm. Nazir Rəşad Nəbiyev ilk aylarda bizi qəbul edib. Nazir müavinləri Rövşən Rüstəmov, Rəhman Hümmətov və nazirliyin digər məsul əməkdaşları bizimlə ünsiyyətdədir. Dövlət Avtomobil Xidmətinin rəsi Anar Rzayevlə demək olar ki, mütəmadi əlaqədəyik. Hər xırda məsələni onlara burbaşa yönləndirə bilirəm. Bu çox gözəl bir nümunədir. Eyni zamanda nazirin müşaviri Rəşad Bayramov da bu məsələdə yaxından bizə dəstək olur. Şuranın digər üzvləri də fəaliyyətdədirlər . Bu yaxınlarda geniş tədbirə hazırlaşırıq. Düşünürəm ki, səmərəli əməkdaşlıq nəticəsində ətraf mühitin qorunması ilə bağlı geniş tədbirlər keçirəcəyik”.
Bütün deyilənlərə əsasən E.Muradov İctimai şuraların ilk mərhələ üçün heç də az fəaliyyət göstərmədiyini önə çəkib. Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan qaydalara əsasən ictimai şuralara daha geniş imkanlar yaradıla bilər:
“Ola bilsin bəzi strukturlar ictimai şuralara qısqanclıqla yanaşır. Digərlərinin yaxına buraxmaq istəmirlər”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"