"Onlayn nəzir" hansı halda QƏBULEDİLƏNDİR?

15:47 18-05-2022 | icon 638 | Cəmiyyət
"Onlayn nəzir" hansı halda QƏBULEDİLƏNDİR?

 "Onlayın forma inanclı insanlarda bir balaca naharatçılıq və probem yarada bilər"

 

Dini etiqad azadlığı, ruhi inanclardan irəli gələrək insanlarımızın yardımlaşmaq üçün Allah yolunda verdiyi ianələrin, nəzir qutularına atılan nəzirlərin öz kursu, mahiyyəti üzrə nə dərəcədə şəffaf xərclənməsi bu gün də müzakirə olunur. Uzun illər bütün fəaliyyət sferalarında olduğu kmi dini müstəvidə də qaydalara uymayan törəmə adətlə, verilən ianələrin aidiyyatı üzrə sərf olunmasının qeyri-müəyyənliyi bu istiqamətdə də çox mübahisələr yaradırdı.  Əksər hallarda ianələrin yanlış  “qutulara” atıldığı və müəyyən “mollaların” bu prosesdən məharətlə yararlandığı da söylənir, çıxış yolları axtarılır.  Onlardan bir də nəzirin onlayn şəkildə ödənilməsi ilə bağlıdır...

 

“Dini  etiqad azadlığı haqqında” qanunda edilən dəyişikliklərə əsasən ianələrin toplanmasına dair problemlərin həlli yönündə müəyyən addımlar atılıb. Onlayn nəzir hansı halda mümkündür və qəbulediləndir? Maraqlıdır, bu gün “Onlayın Nəzir qutuları” ilə bağlı fəaliyyət nə yerdədir? Ümumiyyətlə, “Onlayın nəzir qutularına” maraq varmı və onlayn sistemdə ianələr hansı effektini verə bilər”.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən dinşünas və ilahiyyatçılar maraqlı nüanslara diqqət çəkiblər.

 

 

“Nəzirlərin onlayn verilməsinin müsbət tərəfləri çoxdur”

 

Millli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar üzrə komitə üzvü Ceyhun Məmmədov bildirib ki, “Dini etiqad və azadlıqlar” haqqında qanuna dəyişikliklər olsa da, hələ ki, prosesə tam başlanılmayıb. Onun sözlərinə görə, bu sistem bir müddətdən sonra işləməyə başlayacaq:

 

“Əvvəl də qeyd olunduğu kimi burada əsas məqsəd və hədəflərdən biri nəzir və ianələrin verilməsi, toplanmasında şəffaflığın artırılmasıdır. Lakin bu o demək deyil ki, nəzirlər yalnız onlayn qaydada olacaq. Nəzirlər həm fiziki formada, yəni istənilən şəxsin Məscidlərə, ziyarətkahlara gedərək birbaşa ödəməsi ilə də gerçəkləşəcək. Vətəndaşın bunu həm də  onlayn qaydada da yerinə yetirməsi mümkün olacaq.  Hazırda məqsəd və hədəf budur”.

 

C.Məmmədov bildirib ki, onlayn sistemə keçid bir çox hallarda insanların işini asanlaşdıracaq:

 

“Nəzirini Məscidə getmədən vermək istəyənlər üçün daha rahat şərait, imkanlar yaradılmış olacaq. Ona görə də nəzirlərin onlayn verilməsinin müsbət tərəfləri çoxdur.  Yəqin ki, bir müddətdən sonra bu barədə mətbuata geniş və ətraflı açıqlama veriləcək”. 

 

“Nəzir vermə, sədəqə çıxma qaydalarının şəriətdə necə olduğunu izah etmək lazımdır”

 

AMEA-nın Şərqşünaslıq İnstitunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədov bildirib ki, sədəqə və nəzirlərin onlayn formada ödənilməsini sistemləşdirmək əvəzinə, insanlara nəzir vermə, sədəqə çıxma qaydalarının şəriətdə necə olduğunu izah etmək lazımdır.

   

Onun sözlərinə görə, maarifləndirici verilişlər vasitəsi ilə insanımıza başa salmaq lazımdır ki, nəzir, sədəqə vermək istəyiriksə yaxşı olardı ki, onu fərdin özünə verək:

 

“Ən yaxşısı da elə bundan ibarətdir. İstər elektron, istər ənənəvi qaydada olan nəzir, sədəqə qutuları hardasa müəyyən problemlər yarada bilər. Çünki problem həmin qutulara nəzarətin edilməsi ilə bağlıdır. Üstəlik insanımıza başa salmaq lazımdır ki, sədəqəni, nəziri birbaşa insanların özünə verməklə onları sevindirmək daha düzgündür. Bax bu istiqamətdə iş aparmaq lazımdır. Verən və alanın  birbaşa ünsiyyəti daha düzgündür. O cəmiyyətdə  siniflər arasında inamı gücləndirir, sosial həmrəyliyi möhkəmləndirir”.

 

E.Məmmədov qeyd edib ki, “Din və etiqad haqqında” qanuna son dəyişiklik  nəzir qutularına nəzarətin tətbiqini nəzərdə tutur:

 

“Məqsəd də bundan ibarətdir ki, ayrı-ayrı fərdlər toplanan o nəzirləri mənimsəməsinlər. Paralel televiziyalarda dini maarifləndirmə şəklində  islamda sədəqə çıxma ədəbi, nəzirvermə qaydaları barədə ciddi surətdə maarifləndirmə aparmaq lazımdır. Biz bunları insanımıza öyrətsək, insanlar nəzir çıxmanın, sədəqə verməyin qaydalarını öyrənsələr bu cür inzibati nəzarətə də ehtiyac qalmayacaq”.

 

“...İnanclı insanlar tərəfindən qeyri-real görünür”

 

Rəsulullah Məscidinin imamı Atif İsmayılov nəzir və zəkatın verilməsini mühüm, eyni zamanda cəmiyyət arasında çox böyük suallara, qalmaqallara səbəb olan məsələlərdən biri kimi qeyd edib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə bir qism insanlar yardımlaşmada, sosiallaşmada, xüsusən də ianələrin həyata keçirilməsində müstəqildir, ixtiyar sahibləridirlər. Yəni insanlar maddi vəziyyəti yaxşı olmayan insanlara  müstəqil şəkildə yardım edə bilər. Kimsə ona dəyə bilməz ki, sən hər hansı birinə yardım etmək üçün ayırdığın pulu mütləq gedib pirə, məscidə təqdim etməlisən”.

 

A.İsmayılov paralel olaraq burda bir nüansa da diqqət çəkib. Onun sözlərinə görə, bəzi adamlar “nəzir deyilən bir şey yoxdur” -deyir. Amma istər inanclı insanların adət-ənənəsində, eyni zamanda Qurani Kərimdə nəzir vermə var:

 

“Biri var nəziri sədəqə qismində verəsən, bir də var nəzir qismində... Nəziri hər hansı bir vaxtda sədəqə qismində vermək şəriətimizdə, dinimizdə də çox bəyənilən işdir. Çünki sədəqələr bəlaları dəfv edir, insanın sıxıntılarını aparır. Bu sədəqələr özü də qismlərə bölünür. Biri var, “vacibi sədəqələr”- ona dinimizdə zəkat, fitrə deyirlər. Biri də var, savab xarakterli sədəqələr. Yəni savab xarakterli sədəqə insanın öhtəçiliyində vacib və zəruri deyil. İnsan özü onu istədiyi formada həyata keçirdə bilər”.

 

A.İsmayılovun fikrincə, indi nəzirin sədəqə qismində sistemləşmiş, yaxud Onlayın formada icra olunması inanclı insanlarda bir balaca naharatçılıqlar və probemlər yarada bilər. Onun fikrincə, mübahisə doğuran məqam inanclı insanların dini hökmlər əsasında icra etdiyi ödənişlərin -nəzir, sədəqə, zəkat, fitrənin kimə verməsi ilə bağlıdır:

 

“Dində bunun yetim-yesirə, kasıba çatdırılması şərtdir deyə, inanclı insanlar burda həddən artıq ehtiyatla davranır, məsələyə həddən artıq pəhrizkarlıqla yanaşırlar. Ona görə də dini hökmlərlə bağlı verilən ianələrin, digər yardımların onlayın formada ödənişi ilə eyni formada tutmaq inanclı insanlar arasında söz - söhbətlərə, qalmaqallara səbəb olur. İnanclı insanlar məscidə və yaxud da pirlərə, ziyarətlərə gedəndə nəzirlər verirlər. Çünki özləri Allah qarşısında əhd bağlayırlar ki, işi düzəlsə, filan yetimə əl tutacaq. Buna nəzir deyirlər. Bu kimi nəzirləri vermək üçün inanclı insanlar Məscidlərə, ziyarətgahlara üz tuturlar. Yaxud, namaz əsnasında Məscidlərə, ziyarətgahlara gələndə Allahla aralarında olan əhdi-pehmana, bağlılığa əsasən müəyyən bir formada nəzirlər çıxardırlar. O nəzirləri Məscid daxilində, ziyarətgah və ibadət yerlərində qoyurlarsa, bu sırf dini rəngə boyanır. Bu, dini baxımdan onu verənin öz boynunda öhtəçilik yaratdığı kimi, onu alanan da üzərində məsuliyyət qoyur və o, bunu düzgün icra etməlidir... Məsələn, şəriətin qanunlarına görə əgər bu zəkatdırsa, nəzirdisə fitrədisə, o həqiqi fəqirə, kasıba çatdırılmasa o, yenə də həmin insanın boynundan düşmür. Onu yenidən çıxartması vacibdir. Yəni dini rəngə boyanmış nəzirlər, sədəqələr, zəkatın onlayn vasitəsi ilə həyata keçirilməsi inanclı insanlar üçün qeyri-mümkün görünür. Amma  ümumilikdə digər ianələrin onlayın formada edilməsinin heç bir qəbahəti yoxdur. Bunu inanclı insanlar da eliyir, qeyri -inanclı insanlar da... Bu çox mükəmməl bir əməldir”.

 

“Bəzi rüşvətxor, qara qüvvələr yenə də orda öz mənafeləri üçün əyri yolu tapırlar”

 

İlahiyyatçı Tural İrfan müasir dövr texnologiyanın inkişafı ilə bağlı nəzirlərin onlayn verilməsini müsbət təşəbbüs kimi dəyərləndirib. Onun sözlərinə görə, el dilində buna nəzir desək də, bu ianə, yardım hesab olunur:

 

“Bu ianə və nəzirlərin ələ verilməsi, yaxud kart vasitəsi ilə ödənilməsi arasında bir fərq yoxdur.  Daha yaxşı olardı ki, ianələrin ödənilməsi kart vasitəsi ilə şəffaf şəkildə həyata keçirilsin. Amma təəssüflər olsun ki,  bizdə texnologiya inkişaf etdikcə bəzi rüşvətxor, qara qüvvələr yenə də orda öz mənafeləri üçün əyri yolu tapırlar”.

 

T.İrfan təəssüflə bir faktı da qeyd edib:

 

“Orucluq ayında fitrə zəkatı deyilən bir yardım növü var. Bu, oruc tutan şəxslər tərəfindən əsasən kasıb insanlara verilməlidir. Həmin ərəfədə tanınmış axund var - Şahin Həsənli, o sosail şəbəkədə kartını paylaşıb bildirmişdi ki, sədəqələri bu karta ötürün. Amma hara, kim üçün xərclənəcəyi barədə yazılmamışdı. Bu da böyük müzakirələrə, tənqidə səbəb oldu. Çünki burda artıq şəxsi mənafe və şəxsi nüfuzdan söhbət gedirdi. Yəni onlayn nəzir məsələsinin də bu cür fəsadları ortaya çıxdı. Çünki hələ ki, nəzarət tam həyata keçirilmir. Nəzarətin də həyata keçirildiyini biz müşahidə etmirik. Bilirsiz ki, Qafqaz Müsəlmanları İdarəsində olan bəzi səlahiyyətlər Dini Qurumlarla İş Üzrə Komitəyə keçib. Ona görə ümid edirik ki, bu məsələdə də bir şəffaflıq təmin olunar. Amma hal-hazırki vəziyyəti qənaətbəxş hesab etmirəm. Çünki nəzir, sədəqələrin verilməsi pərakəndə haldadır, maarifləndirmə işləri də aparılmır. Belə işlərlə bağlı normal səviyyədə maarifləndirmə işləri aparılmalıdır. Şəffaf şəkildə bildirilməlidir ki, hansısa ünvanlı ianələr xaricdən onlayn vasitəsi ilə hansısa Pirə ödənilib. Onun hara xərclənəcəyi, necə olcağının şəffaf şəkildə hesabatı verilməlidir. Bu baxımdan boşluqlar var”.

 

T.İrfan qeyd edib ki, əvvəllər QMRİ-nin apardığı hansısa “işlər” nəticəsində  elə xoşagəlməz mühit formalaşıb ki, bunun birdən-birə tənzimlənməsi çətin olcaq. Onun fikrincə, problem burdadır:

 

“Düşünürəm ki, hələ bir müddət onların təsirindən çıxmaq mümkün olmayacaq. Hətta ianələrin vaxtilə xums, zəkat adında formalaşdırılaraq, toplanaraq başqa yerlərə, İrana göndərilməsi haqqında məlumatlar da var. İndi imamların qəbulu ilə bağlı DQİK-nin qəbul etdiyi konsepsiya ilə tanışam. Orda göstərilir ki, imam, axund, din xadimi xaricdən pul vəsaiti ala bilməz. Yardım ala bilməz. Amma eyni zamanda orda göstərilməliydi ki, xaricə ianə də verə bilməz.

ünki xums, ianə adı ilə varlı, savadsız adamlardan alınan pulların xaricə göndərildiyi barədə məlumatlar var. Yəqin ki, bu məsələlərə də ciddi nəzarət olmalıdır”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...