Ərdoğandan Baydenə də ŞƏRT
"Türkiyə NATO-nu terrorizmə “bulaşmaqdan” qoruyur"
NATO-nun beynəlxalq terrorizmə müxtəlif bəhanələrlə dəstək verən iki ölkənin – İsveç və Finlandiyanın hesabına genişlənməsi, bütün dünya üçün təhlükəli proseslərə yol aça bilər... Türkiyə isə öz milli maraqlarını qorumaqla yanaşı, həm də beynəlxalq terrorizmin NATO-nun “təhlükəsizlik çətiri” altına sığınmasının qarşısını almağa çalışır...
Rusiya-Ukrayna müharibəsi Avropa qitəsində təhlükəsizlik problemlərini intensivləşdirməyə başlayıb. Bəzi Avropa ölkələri Rusiyanın Ukraynada hərbi qələbə qazanacağı təqdirdə, Kremlin aqressiyasına növbəti hədəf ola biləcəklərindən narahatdırlar. Hətta belə bir təhlükədən yayınmaq üçün indidən ehtiyat addımların atılmasına cəhd göstərən ölkələr də var.
Təbii ki, Rusiya ilə savaş ehtimalından ciddi narahatlıq keçirən ölkələrin sırasında Finlandiya və İsveç xüsusi yer tutur. Bu iki dövlət artıq Rusiyadan qorunmaq üçün NATO-nun “təhlıükəsizlik çətiri” altına sığınmaq qərarı verib. Və bu, beynəlxalq məkanda yeni ziddiyyətlərə yol açıb.
Məsələ ondadır ki, Rusiya İsveç və Finlandiyanın NATO-ya üzvlük qərarı verməsini sərt reaksiya ilə qarşılayıb. Kreml NATO-nun bu iki dövlətin sayəsində daha da genişlənməsini Rusiyanın milli təhlükəsizlik maraqlarına zərbə kimi dəyərləndirir. Eyni zamanda, Kreml bununla barışmayacağını və adekvat addımlar atacağını bəyan edib.
Əslində, Rusiyanın bu mövqeyi qətiyyən təəccüblü deyil. Çünki Kreml NATO-nun genişlənməsinə yönəlik istənilən addıma aqressiv reaksiya verməyə vərdişlidir. Hətta Rusiya tərəfindən Ukrayna savaşının başladılmasında da bu faktor bəhanələrdən biri kimi istifadə olunmuşdu.
Halbuki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə etiraz edən ölkələrin sırası yalnız Rusiya ilə məhdudlaşmır. Belə ki, Türkiyə də bu iki ölkənin Avratlantika blokuna üzv qəbul olunmasını yolverilməz hesab edir. Çünki rəsmi Ankaranın Finlandiya və İsveçə qarşı kifayət qədər ciddi iradları var və onlara mütləq müsbət reaksiya verilməsində israrlıdır.
Maraqlıdır ki, rəsmi Ankaranın bu iki dövlətin NATO üzvlüyü üçün bir sıra şərtlərinin mövcudluğu məlum olub. Həmin şərtlər yerinə yetirilməyəcəyi təqdirdə, Türkiyə hər iki ölkənin NATO-ya üzvlüyünə qarşı öz veto hüququndan istifadə etmək niyyətindədir. Və bu halda, həm Finlandiya, həm də İsveç NATO-nın qapısı ağzında gözləməli olacaq.
Onu da qeyd edək ki, "Bloomberg" Agentliyinə adlarının çəkilməsini istəməyən üç yüksəkrütbəli Türkiyə rəsmisinə istinadən həmin şərtləri açıqlayıb. Beləliklə, rəsmi Ankara tələb edir ki, İsveç və Finlandiya NATO-ya üzv qəbul olunmazdan əvvəl PKK terror təşkilatını, onun bütün törəmələrini terror təşkilatı kimi tanımalıdır. Bu ölkələrdə PKK terror təşkilatına rəğbət bəsləyənlərə qarşı qətiyyətlə mübarizə aparılmalıdır.
Ancaq son baş verənlər onu göstərir ki, rəsmi Ankaranın şərtlərinə hələlik müsbət cavab verməyə o qədər də tələsmirlər. Belə ki, Türkiyə İsveçdən 33 terrorçunun ekstradisiyasını tələb etsə də, rəsmi Stokholm məhz terrorçuları himayə etməyi üstün tutub. Və bu, artıq rəsmi Ankaraya Türkiyənin veto hüququnu aktivləşdirmək haqqı verir.
Düzdür, Finlandiya və İsveç bu ziddiyyətlərin diplomatik təmaslarla həll ediləcəyinə də ümid bəsləyir. Hətta hər iki ölkə yaxın günlərdə Türkiyəyə diplomatik heyət göndərməyə hazırlaşdığını da vurğulayıb. Və Ankarada müzakirələrin müsbət nəticələnə biləcəyinə inandıqlarını bildirib.
Ancaq Finlandiya və İsveçin diplomatik təmaslara olan ümidlərinin boşa çıxma ehtimalı daha çoxdur. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şərtlər yerinə yetirilməyəcəyi təqdirdə, diplamatik cəhdlərin boşuna zəhmət olacağına eyham vurub. Yəni, rəsmi Ankara hətta ABŞ və Böyük Britaniyanın təzyiqləri qarşısında belə, geri çəkilmək niyyətində olmadığını qətiyyən gizlətmir.
Onu da qeyd etmək lazımdır ki, əslində, Türkiyənin bəzi prinsipial şərtləri də elə birbaşa ABŞ və Böyük Britaniyaya ünvanlanıb. Belə rəsmi Ankara Türkiyəyə qarşı tətbiq olunan hərbi xarakterli sanksiyaların ləğvini tələb edir. Eyni zamanda, Türkiyənin yenidən F-35 proqramına geri qaytarılmasını, 40 F-16 döyüş təyyarəsinin satışının və 80 F-16 döyüş təyyarəsinin modernizasiyasının paket həllində israrldır. Nəhayət, rəsmi Ankara Türkiyənin Rusiyadan S-400 HHM sistemlərinin almasına qarşı ABŞ-ın tətbiq etdiyi CAATSA sanksiyalarını ləğvini də istəyir.
"Bloomberg"in istinad etdiyi Türkiyə rəsmiləri vurğulayıblar ki, rəsmi Ankara Yunanıstanın yenidən NATO-ya qəbulunda buraxdığı səhvi təkrarlamaq niyyətindən çox uzaqdır, yəni şərtlərin qaynaqlandığı bütün problemlər mütləq həll edilməlidir. Çünki həmin şərtlər birmənalı şəkildə Türkiyənin milli təhlükəsizlik maraqlarını ifadə edir.
Məsələ ondadır ki, Yunanıstan da PKK terror təşkilatını himayə edən ölkələrin sırasına daxildir. Bu ölkənin NATO-ya üzvlüyünə veto qoyulmamasının əvəzində Türkiyəyə terrorizmlə mübarizə sahəsində müəyyən vədlər verilmişdi. Ancaq Yunanıstan NATO sıralarına qayıtdıqdan sonra həmin vədlərin heç birisini yerinə yetirməmişdi.
İndi rəsmi Ankara növbəti dəfə aldadılan tərəf rolunda qalmaq istəmir. Ona görə də, PKK terror təşkilatını himayə edən daha iki dövlətin – Finlandiya və İsveçin NATO üzvlüyünü veto etmək niyyətindədir. Bu, həm də NATO-nun sıralarında terrorizmlə əlaqəsi olan ölkələrin təmsilçiliyinə qarşı da önəmli addımdır. Çünki, NATO kimi nəhəng hərbi-siyasi alyansın beynəlxalq terrorizmə müxtəlif bəhanələrlə dəstək verən ölkələrin hesabına genişlənməsi, əslində, bütün dünya üçün təhlükəli proseslərə yol aça bilər.
Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, Türkiyə öz milli maraqlarını qorumaqla yanaşı, həm də beynəlxalq terrorizmin NATO-nun “təhlükəsizlik çətiri” altına sığınmasının qarşısını almağa çalışır. Hətta NATO baş katibi Yens Stoltenberq bu məsələyə münasibət bildirərkən, Türkiyənin narahatlıqlarına mütləq nəzərə alınmasının vacibliyini vurğulayıb. Və bu baxımdan, PKK terror təşkilatını himayə edən iki dövlətin NATO-ya üzvlüyünün o qədər də asan olmayacağı qətiyyən şübhə doğurmur. /“Yeni Müsavat”/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"