“Çağırışçıların 90 faizini bu aktla sığortalamaq olacaq”
Xəbər verildiyi kimi, “Narkoloji xidmət və nəzarət haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edilib. Bu dəyşikliyə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçiriləcək. Eləcə də həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi təmin ediləcək.
Versus.az xəbər verir ki, bu barədə şərh verən hərbi ekspert Elxan Şıxəliyev edilən dəyişikliyi zəruri və vaxtında atılan addım kimi dəyərləndirib.
E.Şıxəliyev bildirib ki, narkotik gəncliyimizin ən böyük bəlasına çevrilib.
“Orta məktəblərdən başlayaraq narkotik vasitələrin ticarətçiləri gənclərimizi bu və ya digər formada bu bəlaya alışdırır. Gənclər hərbi xidmətə çağrılanda avtomatik olaraq bu vərdişləri özü ilə aparıb. Silahlı qüvvələrə çağrılan zaman onların bu məziyyətlərini sıfırlamaq olmur”.
Hərbi ekspert hesab edir ki, belə bir vəziyyətin qarşısını almaq üçün dövlətin bu qanunu çox vaxtında qəbul edilib.
“ Əgər belə çağrışçılar olacaqsa onlar tibbi-narkoloji dispanserdən arayış təqdim eləməlidirlər. Təbii ki, bu arayışlar da testlərin nəticəsində ortaya çıxır. Belə olduğu təqdirdə bu risk qrupuna aid olan gənc çağırışçılar avtomatik olaraq hərbi xidmətə qədər aşkar olunacaqlar. Əgər onun bu adətləri hərbi xidmət yaşına qədər yaranıbsa, o təzədən müayinə və müalicəyə cəlb olunmalıdır ki, bu vərdişlərdən ayrılsın. Əslində bu, silahlı qüvvələrdə xidmət edən şəxsi heyəti sığortalamaq baxımından çox vaxtında atılmış addımdır”.
Hərbi ekspert bildirib ki, silahlı qüvvələrə çağrılan şəxsi heyət narkotika ilə bağlı müayinələrindən keçmədən orduya çağrılırlar. Onun sözlərinə görə, belə gənclər orduda da bu vərdişləri davam edirlərsə, bu, xidmət dönəmində çox böyük problemə çevrilir.
“Əgər bir insan narkotik aludəçisidirsə bu hərbi xidmətə çağrılarkən orada böyük sıxıntılara çevrilir. Narkotik istifadəçisi sonrakı zamanlarda bunun davamını gətirmək üçün müxtlif vasitələrdən istifadə etməyə cəhd edir. Hərbi xidmət dövründə narkotik istifadə edərsə istər-istəməz bir çox neqativ nüanslar ortaya çıxır. Çünki bilirik ki, narkotik alverçiləri əsgərlərə, mülki əhaliyə narkotiki elə-belə servis eləmir. Qarşılığında onlardan hərbi sirri, hər hansı diversiya etmələrini də tələb edə bilər. Narkotikin qarşısında istənilən diversiya hərəkətlərini onlara sifariş edə bilərlər”.
Hərbi ekspert qeyd edib ki, əgər mülki həyatda biz bunun qarşısını ala bilmiriksə, orduya keçməsinin də qarşısını almalıyıq. Ekspert hesab edir ki, bunun tam sıfırlanması mümkün olmasa da, çağırışçıların 80-90 faizini bu aktla sığortalamaq olacaq. Həm də çağrışçılara ilkin mərhələdə gözəl mesaj olacaq ki, mülki həyatda narkotikə bulaşacaqsınızsa, bilin ki, qarşınıza belə problem çıxa bilər.
“Çağrışçı o testdən keçirdiləndə onun narkotik aludəçisi olduğu üzə çıxacaq. Hər halda bunun bir çox mərhələdə faydaları ola biləcək. Düşünürəm ki, bu, ictimai məlumatlandırma istiqamətində də çox böyük rol oynayacaq. Bu, həm gənclərin özünə, həm də ailələrinin narkotikə bulaşmaması yönündə çox böyük dəstək olacaq”.
E.Şıxəliyev bildirib ki, bu qanunun zəruriliyi tək xidmətə çağrılanlara aid deyil.
“Orduda da xidmət edən hərbçilər arasında də bu kimi hallara bulaşmış şəxslər ola bilər. Ona görə ordunun içərisində də tibbi müayinənin keçirilməsində fayda var. Çünki hərbçilər hər zaman mülki əhali ilə təmasdadırlar və qarşılarına narkotikə bulaşma məsələləri çıxa bilər. Ona görə də bu qanunun qəbulu zamanında baş verən proseslərdir”.(hafta.az)
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"