Jurnalistlərdən azad olunmuş bölgələrə səfərlə bağlı TƏKLİFLƏR
Bu ilin yanvarın 24-dən başlayaraq işğaldan azad edilmiş Şuşa və Ağdam şəhərlərinə səfərlər təşkil olunur. Şuşa və Ağdama avtobus reyslərinin açılması Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını ziyarət etməyə həvəsləndirib. Bununla əlaqədar bir neçə rayondan olan sakinlər aidiyyatı qurumlara müraciət edərək, doğma yurdlarına baş çəkmək istədiklərini bildiriblər.
Uzun illərin həsrətindən sonra azad olunan ərazilərə səfər etmək istəyənlər arasında qələm əhlinin nümayəndələri də var. Onlar Şuşa və Ağdamla yanaşı, digər bölgələrimizi də ziyarət etmək istəyirlər
Bəs, Qarabağa sakinlərlə yanaşı, həmin bölgələrdən olan jurnalistlərin ayrıca səfərlərinin təşkili mümkündürmü?
Versus.az Qarabağdan olan jurnalistlərin mövzu ilə bağlı Modern.az-a dediyi fikirləri bölüşür.
Türküstan.az saytının baş redaktoru, Kəlbəcərdən olan jurnalist Aqil Camal deyir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə həyati əhəmiyyətli infrastruktur işləri həyata keçirilir:
“Eyni zamanda, bölgədə mina təhlükəsinin aradan qaldırılması ilə bağlı kompleks tədbirlər görülür. Bu işlər əhalinin mümkün qədər tez bir vaxtda doğma yurdlarına qayıdışına gətirib çıxaracaq. Artıq bir müddətdir ki, Şuşa şəhərinə və Ağdam rayonuna turların təşkili həyata keçirilir, amma işğaldan azad edilmiş digər rayonlara belə turlar hələlik nəzərdə tutulmayıb. Bu isə istər-istəməz həmin rayonların sakinlərinin narazılığına səbəb olur. Sözsüz ki, insanların kütləvi şəkildə həmin ərazilərə buraxılması mümkünsüzdür. Çünki hər addımda mina təhlükəsi ilə qarşılaşa bilərlər”.
Aqil Camalın fikrincə, mina təhlükəsizliyi təmin edilmiş ərazilərə, xüsusilə, rayon mərkəzlərinə qısamüddətli səfərlər təşkil edilə bilər:
“Nəzərə almaq lazımdır ki, rayonlarda insanların bir gün qalması üçün məişət şəraiti yoxdur. Ona görə də, standart turların təşkili mümkün ola bilər. Xüsusilə, yaşlı, xəstə insanların, şəhid ailələrinin və digər şəxslərin müvafiq qaydada rayonlara aparılması hesab edirəm ki, tədricən həyata keçirilə bilər”.
Cəbrayıldan olan jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Vəlizadə Şuşa və Ağdama səfərləri müsbət qiymətləndirdiyini deyir:
“Hesab edirəm ki, Qarabağın digər bölgələrinə də Cəbrayıla, Füzuliyə, Kəlbəcərə, Laçına da yerli əhalinin səfərləri təşkil olunmalıdır. Bizim üçün insanların təhlükəsizliyi öndə gəlir, minalanmış ərazilərlə bağlı problemlər var. Təkcə aprel ayında 10 nəfər minaya düşərək xəsarət alıb. Ancaq elə bölgələr var ki, onlar minalardan tamamilə təmizlənib. Məsələn, Zəngilanda artıq quruculuq işləri gedir, ora gedən tanışlar deyir ki, Zəngilan inşaat şəhərini xatırladır".
S.Vəlizadənin sözlərinə görə, Zəngilanda yüzlərlə insan çalışırsa, yerli əhaliyə də bu imkan tanınmalıdır:
“Müharibədən sonrakı dövr ərzində kifayət ərazilər minalardan təmizlənib. Həmin ərazilərdən olan insanların ata-baba yurdlarına ziyarəti təşkil olunmalıdır. Dəfələrlə demişəm ki, ilk növbədə yaşlı nəslin o torpaqlara ziyarəti baş tutmalıdır, onların 5-10 il gözləməyə imkanları yoxdur. Söbhət bütün kəndlərdən getmir, ən azından minalardan təmizlənmiş ərazilərə hər kəsin gedişi təşkil olunmalıdır”.
Avropa.info xəbər portalının baş redaktoru, Qubadlıdan olan Rəsul Mirhəşimli bildirib ki, dəfələrlə yerli əhalinin ora ziyarəti üçün təşəbbüslər irəli sürülüb:
“30 il həsrətdən sonra əhali o torpaqları görməyə can atır. İlk olaraq rayon əhalisindən mərhələli şəkildə səfər təşkil etmək olar. Bundan əlavə, həmin bölgədə şəhid olmuş oğulların da ailələrindən ibarət səfər təşkil etmək olar. Məsələyə birmənalı münasibət bildirmək olmur, çünki təhlükəsizlik məsələləri də var. Harda minalanmış ərazilər təmizlənib, ora səfər təşkil etmək mümkündür. Məndə olan məlumata əsasən, bu ilin yayından etibarən həmin ərazilərin əhalisinin mərhələli şəkildə səfərləri baş tutacaq. Şuşada ziyarətlərlə bərabər bir çox tədbirlər də keçirilir. Bu tədbirlərdə QHT-nın nümayəndələri, media mənsubları iştirak edir. Burada da narazılıqlar ortaya çıxır, məsələyə münasibət bildirənlər haqlı olaraq eyni adamaların dəfələrlə Şuşaya getməsindən narazılıq edirlər. Bu siyahıları kimlər hazırlayırsa, bir dəfə gedən şəxlər yenidən göndərilməmlidir. Çünki hər kəs oranı gedib ziyarət etmək, görmək istəyir”.
Rəsul Mirhəşimli işğaldan azad olunmuş bölgələrdən birində jurnalistlər bağının salınmasını təklif edib:
“Bakıda da jurnalistlər bağı var. Mənim təklifim çox müsbət qarşılanmışdı. Azad olunmuş bölgələrin layihələndirməsi başa çatmadığı üçün bağın harada salınması hələlik araşdırıla bilməz. Həmin bağa jurnalistlərin səfərini təşkil etmək mümkündür”.
Zəgilandan olan jurnalist, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlının fikrincə, azad olunmuş ərazilərə səfərlərin təşkili təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir:
“Düşmən çox hiyləgərdir, ağlagəlməz yerlərə minalar quraşdırılıb, nə qədər vətəndaşımız minalara düşüb xəsarət alıb. Heç kim istəməz ki, elinə, obasına gedən insanın qarşısını kəssin. Aparılan abadlıq işləri təhlükəsizlik çərçivəsində həyata keçirilir. Vətəndaşların səfəri də konkret marşurut üzrə həyata keçirilir. Burada bələdçilər, ANAMA-ın təlim keçdiyi sürücülər, nümayəndələr fəaliyyət göstərir. Bütün hallarda bələdçilər, sürücülər ANAMA tərəfindən təlimatlandırılır. Bir az səbirli, təmkinli olmaq lazımdır”.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"