"Qazilərimizin adlarından sui-istifadə halları var"
Çingiz Qənizadə: “Bu “qazilər” ən böyük cəzaya layiqdirlər”
44 günlük müharibədən sonra Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə dəstəyi, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl addımları davam edir. Bununla belə, qazi, şəhid ailəsi adından sui-istifadə hallarının olduğu istisna edilmir və belə hallar ciddi neqativləri ortaya çıxarır. Bunun yolverilməzliyi, belə qanunazidd əməllərin ictimaiyyət tərəfindən qınanılması ilə bağlı fikirlər birmənalıdır.
“Saxta qazi” mövzusu bu gün cəmiyyətdə nə dərəcədə aktualdır və bunu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Versus.Az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə açıqlamasında bildirib ki, Qarabağda əldə etdiyimiz qələbələrə görə ilk öncə Şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusuna, Ali Baş Komandana minnətdarıq.
Hüquqşünas hesab edir ki, nə qədər Azərbaycan var, bu dövlətin qazilərinə və Şəhid ailələrinə, əsgərinə qarşı qayğı, diqqət hər zaman olacaq və biz hazırda bunun şahidiyik:
“Azərbaycan dövləti qazilərimizə və Şəhidlərimizə, digər təbəqədən olan bu insanlara qarşı çox diqqətlidir. Bu gün sosial problemlərin həlli istiqamətində saysız-hesabsız görülən işlərin şahidi oluruq. Elə bu yaxınlarda 500-ə yaxın mənzili olan yeni şəhərcikdə 200-ə yaxın qazi və şəhid ailəsinin mənzillə təmin olunmasının şahidi olduq. Belə hallar minlərlədir. Qazilər, şəhid ailələri avtomobillərlə təmin olunur, kreditləri silinir, onlara müəyyən evlər tikilir, iş yerləri ilə təmin olunurlar. Belə ki, digər belə yardımların göstərilməsi, tibbi yardım öz ölkəmizdə mümkün olmadıqda qazilərin xaricdə müalicəsinin həyata keçirilməsi ilə bağlı saysız faktlar var”.
Hüquqşünas bu istiqamətdə dövlət büdcəsindən xeyli miqdarda vəsaitlərin ayrıldığını önə çəkib. O, hesab edir ki, bu işlər gələcəkdə daha uğurla davam edəcək.
Ç.Qənizadə təəssüf hissi ilə bildirir ki, bir çox hallarda bizim qazilərimizin adlarından sui-istifadə halları olur:
“Biz 44 günlük müharibədən öncə də qazilərin müəyyən hissəsinin müəyyən iş adamlarının əlində bir vasitə kimi istifadə edilərək, torpaqların zəbt edilməsi, evlərin, obyektlərin tikilməsi faktları ilə rastlaşmışıq. Bunun qarşısı qanuni yolla alındığı zaman isə aksiyaların keçirilməsi ilə bağlı xoşagəlməz hadisələrin şahidi olmuşuq. Elə bu yaxınlarda bir şəhid anasının adından Sabunçu rayon ərazisində baş verən hadisə buna sübutdur. Dövlət bu xanımla bağlı lazım olan addımları atıb, qadın mənzillə təmin olunub və s. Məlum oldu ki, bu xanımın adından hansısa işbaz qeyri-yaşayış sahəsi inşa etdirmək niyyətində olub. Yəni bu cür hallar var. Eyni zamanda qazi adından küçədə dilənən bir nəfərin polis tərəfindən saxlanılması və onun həqiqətən qazi olmamasının ortaya çıxması, gizlətdiyi ayaq nahiyəsinin videogörüntülər vasitəsilə aşkarlanmasının, onun durub-yeriməsinin şahidi olduq”.
Hüquqşünas bu faktları utanc doğuran, qazi və Şəhidlərimizin adına xələl gətirən hallar kimi qeyd edib:
“Onlara qarşı müharizə ciddi olmalıdır. Qazi adından istifadə edərək küçədə “Ayağı yoxdur”, – deyə forma alan, dilənən şəxsə 30 sutka həbsin verilməsi, təbii ki, təqdirəlayiqdir və bu hal başqalarına da dərs ola bilər. Qazilərimizin adlarından yararlanaraq guya ki, şəhid ailələrinə yardım etmək üçün pul kartlarının əldə edilməsini də görürük. Qazilərimizin adından müxtəlif orqanlara tələblər irəli sürürlər. Bunlar var və təbii ki, xoş deyil. Biz qazimizə, şəhidimizə, döyüşən hər bir əsgərimizə sevgimizi izhar etməklə, aramızda və sıramızda olan bu cür yaramaz insanları gördükdə təəssüf hissi keçiririk. Qazi, şəhid adından saxta yolla istifadə edib, nəsə dividend əldə etmək istəyən, onların ləyaqətli adına xələl gətirən hərəkət edənlər, əslində, qazi olmayanlar ən böyük cəzaya, ictimai qınağa layiqdirlər. Bunlara qarşı inzibati metodlardan dəhral çəkinmədən istifadə edilməlidir”. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"