Razi Nurullayev: "Müxtəlif əhali qrupuna xidmət edən sığınacaqların problemləri eynidir"
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev partiyanın Qadınlar şurasının rəhbərliyi ilə birlikdə 1 İyun - Beynəlxalq Uşaq Günündə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı - Reinteqrasiya Mərkəzində olub.
Versus.Az xəbər verir ki, MCP rəhbərləri mərkəzin rəhbəri Kəmalə Ağazadə ilə görüşüb söhbət etdikdən sonra bu bayram günündə partiyanın sovqatını da uşaqlara təqdim ediblər.
Deputat Razi Nurullayev bildirib ki, Azərbaycanda müxtəlif əhali qrupuna xidmət edən sığınacaqların eyni problemləri var və onların institusional və sistemli şəkildə həll olunması vacibdir:
"Ayrı-ayrılıqda dövlət orqanlarına müraciət edilən zaman laqeyd qalmırlar, amma məsələlər kökündən həll edilmədiyindən eyni problemlər üzrə təkrar-təkrar müraciətlər edilir.
Birinci növbədə sığınacaq kimi fəaliyyət göstərən təşkilatlara dövlət tərəfindən ehtiyacları ödəyəcək böyüklükdə, şəhərə yaxın və həyət-bacası olan bina verilməsi zərurətdir. Onlar içərisində torpaq alıb tikmək istəyənlər də var, amma xərci dövlət tərəfindən ödənilsə çox yaxşı olardı.
Eyni zamanda, sığınacaqlar ianə ilə yaşamalıdır, layihələrin də olması vacibdir. Amma bunlar əlavə xidmətlərin göstərilməsi üçün vacibdir. Əsas xərclərin isə illik olaraq büdcə vəsaitləri ilə ödənilməsi zəruridir. Bakıda fəaliyyət göstərən üç təşkilat tanıyıram. Çox da deyil. Regionlar üzrə də belə təşkilatların olması vacibdir və yaradılmalıdır. Bütün dünyada belədir ki, idarəçilik ictimai əsaslarla fəaliyyət göstərən təşkilatlarda olur, hökumət isə vəsait verir".
R.Nurullayev aidiyyatı təşkilatlara müraciətlə qeyd etdi ki, birləşib vahid bir müraciət hazırlayıb ona göndərsinlər:
"Bu məsələlərin aidiyyatı qurumlarla müzakirəsini aparıb konkret nəticələrə nail olmağa çalışarıq.
Mən 1 iyun Beynəlxalq uşaq günü münasibətilə bütün uşaqları, bütün fidanları təbrik edirəm. Arzu edirəm ki, heç hir uşaq ata və anasız böyüməsin".
PƏRİ
Versus.Az