Uşaqlara işgəncə verilən SIĞINACAQ
Xəbər verildiyi kimi, Bakıda sığınacaqda uşaqlara işgəncə verilib. Bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilmiş monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla, qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M.-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb.
Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın adı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, bu, “Sevgi Evi” qadın və uşaq sığınacağıdır.
Sığınacağın təşkilatçısı isə Könül Qasımovadır.
Məsələ ilə bağlı “Report” “Sevgi Evi” qadın və uşaq sığınacağı ilə əlaqə saxlayıb. Özünü sığınacağın rəhbəri kimi təqdim edən qadın bu barədə danışmaq istəmədiyini, hər şeyin qaydasında olduğunu söyləyib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"