Bu zülmü nəinki Allah, heç şeytan da bağışlamaz

16:09 02-06-2022 | icon 895 | Cəmiyyət
Bu zülmü nəinki Allah, heç şeytan da bağışlamaz

...Həcciniz qəbul, dualarınız müstəcəb olmayacaq

 
 


TURAL İRFAN

/MCP sədr müavini, ilahiyyatçı/

 
 

Həzrət Əlinin vəfatı sırasında oğlu İmam Həsənə etdiyi vəsiyyətin bir yerində deyir: "Oğlum, nə badə Allahdan başqa köməyi olmayana zülm edəsən!"

 
 
Cəmiyyətin, əhalinin böyük əksəriyyəti Allahdan başqa köməyi olmayan hissədir. Çünki nə məmur qohumu, nə banklarda pulu, nə də başqa bir arxa-dayağı var. Dara düşəndə nə kredit verən, nə ərizəsinə cavab yazan, nə də ki, problemini həll edən var. Zülm, təkcə bir adama işgəncə vermək, aparıb döymək, evini traktorla yıxmaq, başını kəsmək deyil. Zülm ədalətin əksidir. Ədalətsizlik etmək ən böyük zülmdür. Adicə borc alan adam imkanı düzələn saat dərhal borcunu qaytarmırsa, borc aldığına zülm etmiş olur, gərək halallıq alsın. Yaşlı insanların pensiyasını banklara sələmə vermək, faizə vermək, yaxud səhlənkarlıqdan gecikdirmək əhaliyə zülmdür. Uşaqpulu verilməli olduğu halda onu verməmək zülmdür.
 
 
 
Böyük bir söz var, deyir: küfrlə bərbad olmayan zülmlə bərbad olar. Yəni, Allah özünə qarşı küfr, şirk edənə möhlət verər, ancaq çarəsizə, məzluma zülm edəni əsla əfv etməz, hətta hidayət etməz. Quranda Allah buyurur: Allah zalım qövmu doğru yola yönəltməz. Allah zalımlara lənət etsin!
 
 
Hətta zülmə qarşı susmaq, razılıq əlaməti olduğu üçün bu da zülmdür. İmam Əli buyurur: zalım, zalıma yardım edən, zülmə susan - hər üçü günahda ortaqdır.
 
 
Uşaqlar günü oldu. Uşaqpulu verilmədi. Özümüzün taleyimiz məhv edildiyi kimi, uşaqlarımızın da taleyini məhv edirlər. Qiyamət günü hakimin də vəkilin də, ittihamçının da Allah olduğu bir gündə bunun hesabını heç kəs verə bilməyəcək.
 
 
Bir ilahiyyatçı olaraq, xəbərdar etmək, bunu demək mənim borcum idi, dedim. Əgər deməsəm mən də Qiyamət günü əzaba düçar olanlardan olaram.
 
 
Əmin olun ki, əksəriyyətin inanmadığı o böyük gün mütləq gələcəkdir. Ayaqların bir-birinə dolaşdığı, qardaş qardaşı tanımadığı, qorxudan ürəklərin ağıza gəldiyi o gün zalımların aqibəti ağır və sındırıcı olacaqdır. Hər and içəndə dilə gətirdiyiniz Quranda Allah deyir bunları, mən demirəm. Mən sadəcə xatırladıram, yada salıram.
Təkvir surəsində Allah buyurur: diri-diri torpağa basdırılan qız uşağından, niyə onu bu cür etdilər deyə soruşulacağı gün...
 
 
Diri-diri torpağa basdırılan uşaqlarla uşaqpuluna həsrət qalıb uşaqlıq keçirməkdən məhrum olan uşaqların da hesabı eynidir və mütləq soruşulacaq. Uşaqpulu almayan uşaqlar deyildimi Qarabağ savaşında şəhid olanlar? Bir şəhid atasının sözü hələ də qulağımdadır. Deyirdi ki, qonaq getdiyim evdən cibimdə çörək gətirib böyütmüşdüm mən tək oğlumu...Milyardlar sahibi bir ölkənin uşaqları da onun bunun ağzına, əlinə baxarmı? Bu zülmü nəinki Allah, heç Şeytan da bağışlamaz!
 
 
Allahın əzabı bəzən bu dünyada da haqlayır. Nuh, Ad, Lut, Səmud qövmü kimi tükürpədici səs, tufan, zəlzələ, yoluxucu xəstəlik və sair vasitələrlə də gəlir ani əzab.
 
 
İmam Cəfər Sadiq bir gün məmur məclisindəikən süfrədə haram olan iş gördülər. O dərhal məclisi tərk etdi. Səbəbini soruşdular ki, haramı edənlər edir, siz ki, etmirsiniz, niyə tərk edirsiniz? İmam cavab verdi ki, Allahın əzabı gələndə o deməyəcək ki, qulum Cəfər də oradadır...
 
 
Ona görə zalım qövmə əzab gələndə məzlum da məhv olur. Çünki bir hədisdə də qeyd edilir ki, Allah məzluma lənət etsin, çünki zülmə susandır, Allah zalıma lənət etsin, çünki zülm edəndir.
 
 
Odur ki, ədalətin bərpası, zülmün iflası üçün susduqca imanınız kamil, həcciniz qəbul, dualarınız müstəcəb olmayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...