Azərbaycan Rusiyanın dövlət informasiya agentliyini BLOKLADI
Sırada “Sputnik Azərbaycan”dır?
TURAN RZAYEV
/politoloq/
Məlum olduğu kimi, bir neçə gün öncə ölkəmizdə Rusiyanın dövlət informasiya agentliyi - "RİA Novosti"nin girişi bloklanıb. Buna səbəb özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın sözügedən agentliyə müsahibəsi olub.
“RİA-Novosti” son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti məskunlaşan rus sülhməramlılarının nəzarət etdiyi ərazidə fəaliyyət göstərməyə çalışan erməni separatçılarının yalan və böhtan dolu təbliğatını aparmaqla məşğul idi. Agentliyin özünü qondarma nazir kimi təqdim edən Artak Beqlaryandan müsahibə alması isə rəsmi Bakının səbr kasasını daşırıb.
Ümumiyyətlə, rəsmi Bakının bu qərarı təkcə “RİA-Novosti” və ya Rusiya ilə bağlı deyil. Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına giriş məhdudlaşdırıla bilər.
“RİA-Novosti”nin bloklanması Kremlə münasibətlərə təsir edəcək?
"RİA Novosti"yə girişin Azərbaycanda bloklanması Azərbaycan - Rusiya münaisbətlərini pozacağını düşünmürəm.
Birincisi, “RİA-Novosti” Rusiyanın dövlət agentliyidir və agentliyin bu addımı hər şeydən öncə Azərbaycan və Rusiya arasında dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin, eyni zamnda “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəalarının pozulması deməkdir.
İkincisi, Azərbaycandan fərqli olaraq Rusiya bir müddət öncə "Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən “Oxu.az”, "haqqın.az”, "minval.az”, "baku.ws" kimi yerli media subyektlərinə Rusiya ərazisində girişinə blok qoyub. Adları çəkilən saytlar Rusiya-Ukrayna müharibəsinə obyektiv mövqe tutduqları və işğala məruz qalanın yanında olduqları üçün bloklanmışdı.
Üçüncüsü, rəsmi Bakı bu günə qədər Rusiyanın terrorçu və separatçı saydığı Çeçen İcxerya respublikasının Rusiyadan kənarda yaşayan nümayəndələri ilə heç vaxt “RİA-Novosti”nin etdiyi kimi müsahibə almayıb. Belə bir müsahibə Kremli necə narahat edərdisə hazırda “RİA-Novosti” Artak Beqlaryandan aldığı müsahibə Azərbaycanı elə narahat edir.
“Sputnik Azərbaycan” da “RİA-Novosti”nin aqibəti ilə üzləşə bilərmi?
Hazırda Azərbaycanda onlarla akkreditasiya olunmuş xarici jurnalist və media orqanları fəaliyyət göstərir. Onların hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bir çox xarici media orqanının uğurlu fəaliyyətinin də şahidi oluruq. Bununla belə bəzi xarici media orqanlarının fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Daha dəqiq desək “RİA-Novosti”nin ardınca “Sputnik Azərbaycan”nın da ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır.
Məsələ ondadır ki, “Sputnik Azərbaycan”nın ölkədəki fəaliyyətini şübhə altına alan və bağlanmasını zəruri edən başlıca səbəb Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyandır. Simonyan bundan öncə dəfərlərlə ölkəmiz əleyhinə əks-təbliğat aparıb. Onun bir müddət öncə paylaşımlarından birində “Qarabağ Rusiyaya birləşdirilməlidir” deməsi isə bu şəxs qədər onun rəhbəri olduğu qurumun da ölkəmiz üçün potensial təhdid olduğunu sübut edir”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"