“Ermənistan faşizmi Azərbaycan torpaqlarını işğala məruz qoyduğu bu 30 il ərzində dünya əhəmiyyətli tarix-memarlıq abidələrini, məscidlərini, şəhərləri, kəndləri, nadir ağacları məhv edib, viran qoyub. Bu sırada II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsidir. 1993-cü ildən ermənilərin işğalı altında olan abidə ərazisi 2019-cu ilə kimi mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılmışdır”.
Versus.az xəbər verir ki, bu barədə açıqlama verən taixçi Faiq İsmayılov Azərbaycan tarixi abidələrinin araşdırılması və 1990-ci illərdən bu yana dağıdılan abidələrimizin bugünkü aqibətinə diqqət çəkərkən bildirib.
F.İsmayılov Ermənistan və erməni vandallarının mənfur, insanlığa utanc gətirən siyasəti nəticəsində Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsini misal olaraq qeyd edib. Tarixçi həmin abidənin uzun müddət baxımsızlıqdan qəzalı vəziyyətə düşdüyünü, türbənin fasadlarını bəzəyən unikal divar rəsmlərinin boyanaraq məhv edildiyini, interyerindəki oyma naxışlı daş plitələrinin dağıdıldığını önə çəkib.
Tarixçi qeyd edib ki, Şuşa şəhərinin tarixi mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərdə ermənilər tərəfindən bombardıman edilməsi zamanı ciddi zədə alıb. Bir çox abidələr tamamilə yer üzündə silinib. Onun sözlərinə görə, 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra burda olan İslam memarlıq nümunələrinin hamısı tamamilə və ya qismən dağıdılıb.
F.İsmayılov 1992-ci ildə Laçın rayonunun işğal edilməsi ilə ermənilərin nəzarəti altına keçən Sisərnəvəng monastırının da 1999–2000-ci illərdə “təmir” edildiyini bildirib. O, bu zaman abidənin dam örtüyü, fasadları və interyerinə ciddi dəyişikliklər edildiyini vurğulayıb. 2020-ci il bəyanatına əsasən Laçın rayonu ərazisini tərk edən ermənilərin monasıtın həyətində yerləşən VI–IX əsrlər və sonrakı dövrlərə aid bədii təsvirli daşlar və xaç daşları aparmalarını əks etdirən fotolar sosial mediada yayımlanmışdır.
F.İsmayılov bildirib ki, əgər siz Bərgüşad çayının sahiliboyu qədim Zəngəzur torpaqlarına səfər etsəniz, mütləq Laləzar çöllər və ermənilərin dağıtdıqları kəndlərimizin xarabalıqları ilə mütləq qarşılaşacaqsınız.
“İşğal dövrü ermənilər demək olarki Qubadlının bütün yaşayış məntəqələrini dağıdaraq ərazini xarabalığa çeviriblər. Bir çox tədqiqatçılara görə, bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır.Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir. Bərgüşad mahalı, Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri “bərgülərin mahalı”, “bərgülərin dağı”, “bərgülərin çayı”, “bərgülərin çökəyi” mənasındadır. Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir.
Orta əsrlərdən 1933-cü ilə qədər Bərgüşad mahalı Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir. Bu tayfa adı Bərgüşad coğrafi ərazi adından götürülüb.
Bərgüşad mahalı XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Qarabağ xanlığına inzibati ərazi vahidi kimi tabe edilərək, Qarabağ xanlığının idarəçiliyinə verilmişdi.
1933-cü ildə Bərgüşad mahalı ləğv edilərək onun əsasında Qubadlı rayonu təşkil olunub. 1963-cü ildə Qubadlı rayonu ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. Qubadlı 1964-cü ildə yenidən müstəqil rayon olub.
Qubadlı rayonu ərazisində dövlət qeydiyyatında olan 67 tarix və mədəniyyət abidəsi olub. Bu abidələrin ən möhtəşəmlərindən biri Bərgüşad çayı üzərindəki Laləzar körpüsüdür”.
F.İsmayılov bildirib ki, indiki Ermənistanın Tavuş bölgəsindəki, Barana (Noyanberyan) rayonunun Dostluq – Qurumsulu (Barekamavan) kəndindəki xristianlığaqədərki dövrə aid olan abidə öz mövcudluğunu qoruyub saxlasa da, orginal görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir.
Onun sözlərinə görə, Qurumsulu abidəsini qədim Azərbaycanın misilsiz gözəlliyə malik və az öyrənilən abidələrindən biri kimi təqdim etsək heç də səhv etmərik. Abidə Qurumsulu (Barekamavan) kəndinin yaxınlığında yerləşir.
“Tədqiqat zamanı bu abidə haqqında praktik olaraq heç bir məlumata rast gəlmədik.
Abidənin inşa tarixinin eramızın IV əsrinə aid olduğu güman edilir. Memarlıq quruluşuna görə abidə 14 guşəli, günbəzli türbə üslubunda inşa edilib. Abidənin karnizi müxtəlif heyvan heykəlləri ilə bəzədilib. Hal-hazırda abidənin günbəzi ermənilər tərəfindən uçurdulub.
Ermənilər öz xislətlərinə uyğun olaraq abidənin şərq pəncərəsinə 2004-cü ildə xaçşəkilli bir daş quraşdıraraq, bu abidənin erməni xristian dövrünə aid olduğunu iddia etməyə başladılar. Bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna heç bir aidiyyəti yoxdur və heç bir mahiyyət daşımır.
Ermənistan hökumətinin müvafiq qurumları abidəni ibadətgaha çevrmək istəsələr də, yerli sakinlər abidənin onların dininə heç bir aidiyyatı olmadığını düşünürlər. Qəribədir ki, abidəni mənimsəməyə cəhd edən ermənilər, abidənin adında fərq etmədən türk toponimindən istifadə ediblər. Belə ki, abidənin adını khach (xaç) yəni xaçlı abidə kimi səsləndirirlər”.
F.İsmayılov Azərbaycan tarixinin yüzillərboyu erməni faşistləri tərəfindən dağıdılması ilə bağlı saysız-hesabsız faktların olduğunu bildirib.
“Azərbaycanın Qərbi dağıdılaraq orada Ermənistan dövləti qurulub və o ərazilərdə olan saysız abidələrimiz məhv edilib. Müasir dövrümüzdə də biz dağıdılan abidələrin araşdırılması və bərpası istiqamətində işləməliyik. Azərbaycan çox böyük haqsızlığa məruz qalıb. Yenə faktlara istinad etmək istərdim:
Ermənistan Respublikasının Aparan (Abaran) rayonunun Damcılı kəndi - ermənilər bu kəndin adını 1935-ci ildə Mravyan, 1991-ci ildə isə dəyişərək Eqipatruş adlandırıblar. 1000 illik tarixi olan Damcılı kəndinin əhalisi Azərbaycan türklərindən ibarət olub. 1988-ci ildə azərbaycanlılara qarşı tətbiq olunan etnik təmizləmədən sonra kənddə bir nəfər də olsun türk qalmayıb.
Damcılı kəndi mahal mərkəzindən 27 km şimal-şərqdə, dəniz səviyyəsindən 2000 m yüksəklikdə, Aparan şəhərindən 15 km cənubda, Aparan su anbarının cənub-şərqində, İrəvan-Aparan magistral yolundan 10 km sağ tərəfdə yerləşir. Kəndin sol tərəfində Sovet dövründə min illik tarixi olan qədim şəhər qalıqları aşkar edilmişdi. Arxeoloji qazıntılar zamanı kəndin ərazisindən eramızdan əvvəl III-II minilliklərə aid bəzək əşyaları, saxsı damqalar tapılmışdı. Kənddə IV-V əsrlərə aid Alban dövrü memarlığının unikal nümunələrindən olan monastr da mövcud olmuşdur.
1980-1988-ci illərdə Ermənistanda baş qaldıran şovinist millətçilər tərəfindən kəndin bütün əhalisi deportasiya edilmiş, kənddə türk xalqının izini silmək üçün tarix və mədəniyyət abidələri dağıdılmış, bir çox bədii daş nümunələri və daş kitabələr məhv edilmiş, bina və qurğular uçurdularaq yararsız hala salınmışdır. 1991-ci ildə Damcılı kəndində ermənilər məskunlaşdırılsalar da, kəndin mədəni dəyərlərinin bərpasına Ermənistan hökuməti tərəfindən icazə verilməmişdir”.
Tarixçi F.İsmayılov Azərbaycan tarixinə qaşı ermənilər tərəfindən bir genosid siyasəti aparıldığının cildlərlə qalaqlanmış faktlarla sübut olunduğunu deyib. O, bu sənədlərin-faktların İSESKO, YUNESKO qarşısında qaldırılmasına və haqqlarımızın bərpasının millətin gələcəyi, tarixi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
T.Qafarlı
Versus.az