“Qaloş” dövrünü geridə qoyanlar

12:34 18-07-2022 | icon 586 | Cəmiyyət
“Qaloş” dövrünü geridə qoyanlar

Kişi ilə qadın niyə bir-birindən tez bezir?

 

“Artıq bizim gənclərimiz qaloş dövründə deyil, “keta” əsrində yaşayırlar. Ona görə də hadisələrə yanaşmaları tamamilə fərqlidir. Nə qədər “Biz Avropaya inteqrasiya edəcəyik” desək də, bizim mental düşüncələrimizin dəyişkənliyində problemlər ortaya çıxır, valideyn-övlad arasında bu mövzuda münaqişələr yaşanır”.

 

Bunu boşanmalarla bağlı statistikanı şərh edərkən psixoloq Aytən Ələkbərova deyib. 

 

Dövlət Statistika Komitəsinin ötən həftələrdə yaydığı məlumata görə, bu ilin ilk dörd ayında boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, əhalinin 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artdığı halda, boşanmaların sayı 1,6-dan 1,5-ə düşüb. Ümumilikdə isə dörd ayda 5 043 boşanma baş verib.

 

 

2020-ci ilə qədərki rəsmi rəqəmlərə baxdıqda da ölkədə müəyyən dövrlərdə boşanma sayında artma-azalma halları müşahidə edilir. Məsələn, 2018-ci ildə 14 857 boşanma qeydə alındığı halda, 2019-cu ildə bu say 17 148-ə qalxıb, 2020-ci ildə isə 14 628 təşkil edib.

 

Müxtəlif dövrlərdə boşanmaların əsas səbəbi olaraq gənclər yeni qurulan ailələrə kənar müdaxilələrin olduğunu göstəriblər. Valideynlər isə, adətən, ayrılıqların oğlanın narkoman, qızın isə əxlaqsız olması səbəbilə yaşandığını iddia ediblər. Məlumdur ki, Avropada tərəflər əvvəl bir evdə yaşayır, mənəvi və cismən bir-birlərinə uyğun olub-olmadıqlarını öyrənirlər, istəklərinin nə olduğunu daha dəqiq müəyyənləşdirdikdən sonra ailə qururlar. Azərbaycan mentalitetində isə bu mümkün deyil, xüsusilə bölgələrdə cütlüklər elçilikdən sonrakı üç-dörd aylıq qısa müddətdə tanış olurlar. Bu isə uğurlu ailə modelinə sahib olmağı bir qədər çətinləşdirir.  

 

Aytən Ələkbərova bu səbəbdən valideynlərin gənclərlə davranışda müəyyən korrektələr etməli olduğunu vurğulayır:

 

“Övladının məcburən, hətta qarşısına şərt qoyaraq ailə qurmasını tələb edən valideyn sabah nələrin baş verə biləcəyini gözünün qabağına gətirmir. Bəli, biz hər şeyin yaxşısını düşünməliyik, heç bir valideyn övladının uğursuz ailə qurmasını istəməz, amma övladın istəyinin nədən ibarət olduğu və bu istəklər qarşısında evləndirildiyi şəxsin uyğunluq təşkil edib-etmədiyi diqqətə alınmalıdır.

 

Tərəflər qarşılıqlı olaraq istər mənəvi, istər cinsi istəklərinin fəallığını ortaya çıxara bilmədikdə ailədə xəyanət başlayır. Təbii, burada Azərbaycan ailəsindən söhbət getdiyi üçün xanımlar tərəfindən belə bir addımın atılması, istəyinin qarşılanmayacağı təqdirdə boşanmaq cəhdi son məqamda atılır. Xanımlar belə situasiyanı yaşadıqda onu dilə gətirə bilmirlər, çünki cəmiyyətin münasibəti fərqli olur. Bunu öz araşdırmalarıma, gündəlik praktikaya əsasən, dəqiqliyi ilə deyə bilirəm. Çünki biz Azərbaycan xanımından danışırıq, pərakəndə həyat tərzi yaşayan qız və oğlanlardan danışmırıq. 

 

Bəzən hətta qucağına körpə almış xanım belə, qayğısızlıqla qarşılaşır, həyat yoldaşı ona xəyanət edir. Onun uşağı dünyaya gətirməsi belə, qəribə görünür, çünki ruhunda və beynindəki cinsi istəklərinə cavab verəcək bir tip qarşısında deyil. Sevən cütlüklərin dünyaya gətirdikləri övlada münasibətləri daha doğmadır, bir-birlərini daha çox əzizləyirlər”.

 

Mütəxəssis ailələrdəki uyuşmazlığın bölgələrdə daha çox olduğunu bildirib:

 

“Valideyn övladına şərt qoyur, “əks halda, sən mənim övladım deyilsən, mən deyənlə evlənməsən, səni işindən-gücündən belə edərəm” deyir. Bu valideyn övladının nə istədiyinin fərqində olmur. Ona övladınla dost ol deyəndə də “övladla valideynin dostluğu tutmaz” cavabını verir. Bu mental düşüncələr, “mən kişiyəm, oğlum-qızım mən nə desəm, onu etməlidir” yanaşması səhvdir”.

 

“XX əsrin əvvəlində mental düşüncələr ortaya çıxmağa başladı, mental sözünün mənası isə psixi pozuntu deməkdir. Deməli, bu qənaətə gəlirik ki, bizim beynimizdə yaratdığımız mental düşüncələr bizi inkişafdan saxlayır. Biz demirik ki, gənclərimiz pərakəndə həyat yaşasınlar, sadəcə, nə istədiyini anlayan gəncə valideynlərinin hörmət və rəğbət göstərməsini istəyirik.

 

Ailə quran şəxslər qarşılıqlı olaraq bir-birlərini düşünməlidirlər. Ailədə ruhlar bir-birini tamamlamırsa, psixoloji uyuşma yoxdursa, təbiidir ki, sonda boşanma olacaq. Bizdə qadının ikinci dəfə ailə qurmasında qəribə yanaşmalar ortaya çıxır. “Məndən boşanıbsa, ərə gedə bilməz, getsə, başını kəsərəm, mənim adımadır” kimi fikirlər səslənir. Sənin adındırsa, yanında saxlayardın, boşanmadan sonra xanım ailə qura bilər, bu, hətta dində də var. Deməli, biz nə dinin, nə də Avropanın yolunu tuta bilirik. İçimizdə yaranacaq mental düşüncənin sualları ilə özümüzü məhvə doğru aparırıq”, - psixoloq Aytən Ələkbərova qeyd edir.

 

Mövzu barədə danışan psixoloq Gülər Məmmədova ailə quran insanların bir çoxunun gedişatda qarşılaşacaqları situasiyadan bixəbər olduqları qənaətindədir:

 

“Ailə elə bir quruluşdur ki, onu qurmadan əvvəl insanlar qarşılarına məqsəd qoyurlar. Tək yaşamamaq, özlərini doğrultmaq üçün ailəni özlərinə prioritet götürürlər. İnsanlar ailəni bir-birini sevmək, sevişmək, bal ayına getmək, qonaqlıqlar, tədbirlərdən ibarət düşünməməlidirlər. Hər şey bundan ibarət deyil. Ailə ciddi bir konsepsiyadır. Ailəni təşkil edən üzvlər mütəmadi bu qurumun ciddiliyinin fərqinə varmalıdırlar. Düşünməlidirlər ki, ailə qurublarsa, müəyyən “yox”lara hə, “hə”lərə yox deməli və baryerləri aşmalıdırlar. Çünki bunun həm qaranlıq, həm işıqlı tərəfi var.

 

 

Ailədə kiçik konfliktlər, çözülməz situasiyalar, qarışıqlıqlar ola bilir. Bütün bunlardan keçmək üçün insanlar dərindən başa düşməlidirlər ki, bu ailəni qurublarsa, o artıq uzunömürlüdür, ailə bir dəfə qurulur, əgər hər konflikt olan zaman ayrılmaq istəyəcəklərsə, bu, qeyri-ciddi bir yanaşmadır. Deməli, insanlar bir yerdə birgə həyat sürməyi ciddiyə almırlar, konflikt olanda gözləri qorxur. “Biz bir yerdə yaşasaq, çox problemlər olacaq, gəl elə başdan ayrılaq” deyə düşünürlər. Bu cür narahat olan şəxslər münasibətlərini sürdürə bilmirlər”.

 

Psixoloq ailənin - tərəflərin bir-birinin davranışlarını tənzimləməsi, gedişat zamanı bir-birini öyrənməsi olduğunu deyib:

 

“Əvvəllər ailə quranda belə bir ənənə vardı, deyirdilər ki, qız ailə qurdusa, ata evinə meyiti gəlməlidir. Yəni hər şeyə dözməlidir. İndiki gənclərdə belə deyil, özlərinə güvənləri artıb. Savadlı, ali təhsilli, özünə yatırım edən hər hansı bir qızı döyüb çətinliyə dözdürmək mümkün deyil, artıq o ənənə aradan götürülüb. 

 

Qeyd etmək istəyirəm ki, bu gün konfliktlərin artmasına və boşanmaya da gətirib çıxaran səbəb dözümsüzlük, bir-birlərini qavraya bilməməkdir, tez qərar çıxarıb, tez bezirlər. Müəyyən yaş dönəmində yaşanmalı olan hadisələrə bir çoxu tab gətirə bilmir.

 

İnsanları tərbiyə etmək olur, əvvəl də olub, indi də var, insanın ailədəki problematik davranışı onun genetik faktorları ilə də əlaqəli ola bilir. Belə insanlar evdə hər şeydən bir söz çıxarır, idarə etmək, qarşı tərəfi çərçivədə saxlamaq istəyirlər. Ənənəylə, genetik kodlarla gələn bu cür yanaşmalar çox bezdirici olur, ona görə də insanlar bir-birindən yorulurlar, tərk etmək istəyirlər. Amma nə qədər alınmaya bilər? Çətinliklər müvəqqəti olur, həmişə olmur”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...