Bəhai Dini İcması və İran İslam Respublikası
AZƏR CƏFƏROV
/Bəhai Dini İcmasının İctimai Əlaqələr ofisinin kordinatoru,
BDU-nun dosenti, fəlsəfə doktoru/
Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, dünyanın 234 ölkəsində yaşayan 2100 millət, xalq və etnik qrupa mənsub 8 milyondan çox insanı birləşdirir. Bu Birlik planetimizdə qlobal ekologiyanı qorumaq, xalqların maddi və mənəvi rifahına nail olmaq yollarında BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidə Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir. Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir yerində bəhailər bu ölkədə olduğu kimi ciddi təqiblərə məruz qalmamışlar. Yarandığı tarixdən (1844) bu günə kimi İranda bəhai olduğuna görə 20 min insan öldürülmüş, on minlərlə insan həbsxanalara salınmış, başqa ölkələrə mühacirət etmişlər. Dəfələrlə İranın müxtəlif şəhərlərində və kəndlərində yüzlərlə insanın ölümünə səbəb olmuş talanlar törədilmiş, bəhailərə məxsus evlər, dükanlar yandırılmış, qəbirstanlıqlar və ibadət evləri dağıdılmışdır. Ölkədən çıxmaq imkanı olmayan 350 min (bəzi mənbələrə görə 500 min) insan ən elementar insan haqlarından məhrum edilmişlər.
İslam inqilabından sonra Bəhai dini icmasını zəiflətmək və sonda onu məhv etmək İranın daxili siyasətində aparıcı istiqamətlərdən biri idi. İnqilabın ilk günlərdə icmanının 9 nəfərdən ibarət rəhbər şəxsləri həbs edilərək, naməlum istiqamətdə aparılmış, o hadisədən 43 il keçsə də, onların teleyi haqqında hələ də məlumat yoxdur. Onları əvəz edən növbəti 9 nəfər, bu dəfə rəsmi şəkildə “cəsusluqda” ittiham olunaraq 1983-cü ildə edam edildilər. Həmin dövrdə müxtəlif şəhər və kəndlərdə 200 nəfərdən çox bəhai qətlə yetirildi, 3 mindən çox insan həbsxanalara atıldı, evləri, emalatxanaları dağıdıldı, torpaqları əllərindən alındı, 10 minlərlə bəhai ölkədən qaçdı. Ən kədərli hadisə 1983-cü il iyun ayının 18-də Şiraz stadionunda 10 bəhai qadını eyni vaxtda dar ağacından asmaqla edamı oldu: onların ən cavanı 17 yaşında, ən yaşlısı 54 yaşında idi. Ölkədən getmək imkanı olmayan təqribən 350 min bəhai elementar insan haqlarından – Universitet və kolleclərdə oxumaq, dövlət idarələrində və şirkətlərində işləmək, təqaüd almaq və s. məhrum edildilər.
Bəhai icmasına vurduqları “öldürücü zərbənin” “müsbət nəticələrindən” ilhamlaraq, bir qrup din xadimi ölkənin şəhər və kəndlərini bu “murdardan” təmizləmək məqsədi ilə xüsusi düşərgələr (konslagerlər) salıb, bəhailəri orda yerləşdirmək layihəsini irəli sürdülər. Lakin dünya ictimaiyyətinin heyrət və qəzəbindən çəkinərək ondan imtina etməli oldular.
XX əsrin 80-90-cı illəri kütləvi qətillərin və zülmün yüksələn xətt üzrə artması ilə yadda qalmışdır. Məqalənin sonrakı hissəsində son 20 ildə baş verənlərin xülasəsi verilmişdir.
Kütləvi həbslər. 2008-ci il mayın 14-də bəhai icmasının 6 rəhbəri - Fəriba Kamal Abadi, Cəmaləddin Xancani, Əfif Nəimi, Səid Rzai, Behruz Təvəkküli, Vəhid Tizfəhm, Məhvəş Sabiti İsrail dövlətinin xeyrinə “cəsusluqda” və “dövlət quruluşuna qarşı təbliğatda” ittiham olunaraq həbs edilirlər. Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi məhbusların vəkilliyini boynuna götürür. İnsan Haqları Beynəlxalq Federasiyası yeddi bəhainin həbsini özbaşınalıq kimi qiymətləndirir və onların dərhal azadlığa buraxılmasını İran hökumətindən təkidlə tələb edir. Bütün səylərə və Beynəlxalq etirazlara baxmayaraq, İran məhkəməsinin hökmü ilə bəhai icmasının yeddi rəhbər şəxsi 20 il müddətinə azadlıqdan məhrub edildilər. Bu hadisədən sonra BMT Baş Assambleyasının komitəsi xüsusi Qətnamə qəbul edir.
2005-2021-ci illlər ərzində, 1500 nəfərdən çox bəhai həbsə məruz qalmışdır. Həbslər eyni sxem üzrə həyata keçirilirdi: Kəşfiyyat Nazirliyinin agentləri (adətən mülki geyimdə) bəhailərin evlərinə gəlir, axtarışlar aparır, kitab və kompüterləri müsadirə edir və evin yaşlı sakinlərini həbs edib həbsxanaya aparırdı. Bir müddət sonra bəhailər məhkəmənin qərarı ilə saxta ittihamlarla (“casusluq”, “İslam rejimi əleyhinə təbliğat”, son zamanlar “hicabsızlığa çağırış” və s.) müxtəlif müddətlərə həbsxanalara atılırdı.
2022- ci ilin iyul-avqust aylarında ölkə miqyasında Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən bəhailərə qarşı son 43 ilin ən iri miqyaslı hücumlar və kütləvi həbslər həyata keçirildi. Əyalətlərdə və kənd yerlərində isə həbslələrlə yanaşı bəhailərə məxsus evlər və təsərrüfat tikililəri uçuruldu və sakinləri küçələrə atıldı. Kütləvi həbslər həmişə olduğu kimi bəhailəri “rejimi daxildən sarsıtmaq”, “ölkədə hicabsız hərəkatı başlatmaq” və “İsrailə cəsusluq” kimi böhtan kampaniyası ilə müşayət olundu.
Uşaq və gənclər. Ötən bu illər ərzində bəhai uşaq və gəncləri bu zülmdən kənarda deyildi. Məktəblərdə uşaqlara müsəlman uşaqlarla bir masa arxasında oturmaq qadağan edilmişdi. Bəzi yerlərdə, xüsusən də əyalətlərdə və kiçik yaşayış məntəqələrində uşaqlar məktəblərə buraxılmır və təhdidlərə məruz qalırlar: ən geniş yayılmış praktika - bəhai şagirdlərə hədə-qorxu gəlməklə, onları məcburən İslamı qəbul etdirməkdir. Bu tələblərə müqavimət göstərən bəhai şagirdlər kütləvi şəkildə müxtəlif bəhanələrlə məktəbdən xaric edilirlər.
İranın dövlət və özəl universitet və kollecləri gənc bəhailərin üzünə bağlıdır. 2022-ci ilin Ali məktəblərə qəbul zamanı 6 bəhai gənc (Kuruş Kəriminejad, Rujin Atefi, Ariya Mssleh, Arşiya Rəvrin, Humayun İsmaili, Hunam İsmaili) sınaq imtahanlarından yüksək nəticə əldə etmələrinə baxmayaraq, İtan Təhsil Nazirliyinin göstərişi ilə uviversitetə qəbul edilməyiblər. Bütövlükdə cari ildə yüksək bal yığıb, Universitetlərə girişi qadagan edilən bəhai gənclərin sayı 52 nəfər olmuşdur (mənbə: günaz.TV)
Bəhai gənclərin ali təhsil almasını təmin etmək məqsədilə icma tərəfindən yaradılmış distan təhsil sistemi (BIHE) isə Kəşfiyyat Nazirliyi tərəfindən hələ 2015-ci ildə aşkar edilirək dağıdılmış, təşkilatçılar və müəllimlər isə həbs edilmişdir.
İqtisadi məngənələr. İslam rejimi bəhai icmalarını iqtisadi çətinliklər məngənəsində boğmağa çalışır. Bəhailərin dövlət idarələrində və müəssisələrində, dövlət və özəl mətbu orqanlarında işləməsi qadağandır. Bu qadağalar özəl sektorun bəzi sahələrinə (zərgərlk, turizm, fotoməhsulların istehsalı, kompüter texnologiyaları, İnternet və ərzaq sənayesi) də şamil edilmişdir. Hazırda Bəhai icmasına iqtisadi təzyiqlər özünü aşağıdakı formalarda göstərir:
- bəhailərə məxsus dükan və emalatxanaların müxtəlif bəhanələrlə bağlanması;
- bəhailəri şəxsi mülkiyyətində olan əkin və örüş sahələrini əllərindən alınması, su quyularının möhürlənməsi;
- təqaüdlərin verilməməsi;
- vərəsəlik hüququnu tanınmaması
- müsəlman iş adamlarına təzyiqlər göstərməklə müəssisələrində işləyən bəhailərin işdən qovdurulması;
- bəhailərə və ya bəhai şəriki olan müsəlman iş adamlarına biznes fəaliyyəti üçün lisensiyalar verilməməsi;
- bəhailərə bank kreditlərinin verilməməsi və s.
28 may 2012-ci ildə Kəşfiyyat Nazirliyi Semnan şəhərində bəhailərin şərikli istifadə etdiyi (birinci müəssisədə 15 bəhainin və 36 müsəlmanın, ikinci müəssisədə 2 bəhainin və 6 müsəlmanın işlədiyi) iki müəssisədə axtarış aparır və müəssisələr möhürlənir. Eyni zamanda şəhərdə yaşayan bəhailərə banklar tərəfindən kreditlərin verilməsi də dayandırılır. Şəhərdə fəaliyyət göstərən tikinti şirkətlərinə işsiz qalmış bəhailəri günəmuzd işə götürməmək göstərişi verilir (mənbə: bahai.org)
2015-ci ilin aprel-may aylarında hökumət Rəfsancan, Kerman, Sari və Həmədan şəhərlərində dini günlərini qeyd edən bəhailəri cəzalandırmaq məqsədilə onlara məxsus 35 dükanı bağlatmışdır. Bu dükanlar kiçik müəssisələr olub, məişət texnikasının təmiri, paltar və avtomobil hissələrinin satışı ilə məşğul olurdular. Hökumət dairələri bəzi dükan sahiblərinə təzyiq göstərib, dini bayramları qeyd etməyəcəkləri barədə öhdəlik götürməyə, faktiki olaraq öz dini inanclarından imtina etməyə cəhd etmişlər. İranda kiçik biznes fəaliyyəti bəhailərin yeganə gəlir mənbəyi olduğuna görə, onların bağlatdırılması onsuz da maddi durumu ağır olan icma üzvlərinin vəziyyətini daha da ağırlaşdırmışdır (mənbə: bahai.org).
Bəhai qəbirstanlıqlarının dağıdılması. Şirazda bəhailərin tarixi qəbirstanlığında müxtəlif dövrlərdə dünyalarını dəyişmiş bəhailərin nəşiləri uyuyur. 1983-cü ildə İslam İnqilab məhkəməsinin qərarı ilə asılmış 10 bəhai qadın da həmin qəirstanlıqda dəfn olunmuşdur. Şəhər məsullarının xüsusi göstərişi ilə 2014-cü ilin aprelində qəbirstanlıq dağıdıldı.
2012-ci ilin dekabrında Yəzddə, 2013-cü ilin dekabrında isə Sənəndacda meyitlərin qüsul edildiyi bina tam və qəbirstanlıqdakı qəbirlər isə qismən dağıdılmışdır. 2012-ci ilin oktyabr-noyabr aylarında Semnan şəhərində bəhai qəbirstanlığında əvvəlcə cəsədlərin qüslə verildiyi bina dağdılmış, 2013-cü ilin yanvarında isə buldozerlə bütün qəbirlər 40 sm lik torpaq qatı ilə örtülmüşdür. İran cəmiyyətinin bütün təbəqələrindən olan vətəndaşların etirazları və bu məsələnin Beynəlxaq dairələrdə səsləndirilməsi dağıntı işlərini bir müddət dayandırdı.
2015-ci ilin aprelində Təbriz şəhərində Mürvəti soyadlı bir bəhainin şəhər qəbirsanlığının bəhailərə məxsus hissəsində dəfninə icazə verilməmiş, nəşi ailəsinin razılığı alınmadan məsullar tərəfindən Qərbi Azərbaycan vilayətinə aparılaraq, naməlum yerdə torpağa basdırılmışdır.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"