“Biz Laçına qayıdırıq!” - LAÇINLILAR DANIŞDILAR

15:39 29-08-2022 | icon 553 | Cəmiyyət
“Biz Laçına qayıdırıq!” - LAÇINLILAR DANIŞDILAR

“Hər kəsin ürəyi Qarabağda, Zəngəzurda döyünür”

 

Azərbaycanın strateji məkanlarından olan Laçın şəhərinin, kəndlərinin işğalçı ermənilərdən təmizlənməsi prosesi post-müharibə dövrünün ən mühüm mərhələsi olaraq bitmək üzrədir. Azərbaycan ictimaiyyəti Laçın şəhərinin, kəndlərinin Azərbaycann nəzarətinə keçməsini dövlət sərhəd təhlükəsizliyimizin təminatı, daha sonra Xankəndinin tam nəzarətə alınması, bütövlüyümüz istiqamətində həyata keçirilən ən mühüm tarixi hadisə kimi dəyərləndirir. Laçına nəzart, camaatın öz doğma yurdlarına qayıdışı ilə bağlı Prezident səviyyəsində edilən çıxışlar, verilən tapşırıqlar hər bir laçınlı, ümumilikdə Azərbaycan ictimaiyyəti tərəfindən yüksək ruhla qarşılanır.

 

Laçınlılar öz şəhərlərinin, kəndlərinin Azərbaycanın nəzarətə keçməsini, ermənilərin, sülhməramlıların əraziləri tərk edəndən sonra bu yurdun azad nəfəs alacağı günü səbirsizliklər gözləyirlər.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlamalar verən Laçın camaatının nümayəndələri son proseslərə münasibətdə Vətənə qayıdışla bağlı mühüm nüansları bir daha dilə gətirdilər...

 

 

 

1992-ci ildə Laçın Şəhər İcra başçısının birinci müavini işləmiş Qəzənfər Hüseyn:

 

- Bu günlər Azərbaycan dövlətinin Laçın şəhərinə, kəndlərinə tam nəzarəti əlinə alması ilə bağlı yayılan məlumatlar, hər bir laçınlı kimi məni də qürrələndirir, sevindirir. Mən 30 illik işğal dövründə hər gün bu barədə düşünürdüm. İnanırdım ki, Qarabağ, Laçın azad olunacaq və hər zaman bu fikirlərimi sosial şəbəkədə bölüşürdüm. İndi bir çox gənclərimiz deyirlər ki, yaxşı ki, siz bu inam hissini gənclərə aşıladınız və yaxşı ki, biz Laçının azad olunacağına inanaraq yaşadıq.

Bu sevinci bizə yaşatdıqlarına görə biz qəhrəman Şəhidlərimizə, qəhrəman Qazilərimizə borcluyuq. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə cansağlığı versin.

Sözsüz ki, bu qələbəni bizə daddıran qətiyyətli, müzəffər Ali Baş Komandanımız oldu. Müzəffər ordumuz, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbə endirdik.

Nə edək ki, biz elə bir tayfa ilə qonşu olmuşuq ki, öz imperialist, revanşist, işğalçı siyasəti ilə bölgədə daima narahatlıq, müharibələr yaradıb. Ona görə də təkcə yaxın 30 il ərzində bu mənfur qonşuların Azərbaycanda törətdiyi cinayətləri heç kəs unutmamalıdır.  Müasir Azərbaycan insanları, gənclərimiz ötənlərdən nəticə çıxararaq bu millətlə ehtiyatlı, ağıllı davranmalıdır. Biz, bizim atalarımız bu qonşuya münasibətdə çox humanistcəsinə davranmaqla  çox səhvlər eləmişik. Amma indiki gənclərimiz düşmənə münasibətdə başqa cür olmalıdırlar. Düşmənçilik məfkurəsində olan qonşu ilə ehtiyatlı davranmalı, güclü olmalıyıq.  

Allaha çox şükürlər olsun ki, Laçın azaddır və bu günlər Azərbaycanın tam nəzarətinə keçir. Onu deməliyəm ki, laçınlılar öz doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Laçınlılar o günü gözləyirlər ki, öz yurdlarına gedib uçuq-sökük evlərində yaşaya-yaşaya, dövlətin də dəstəyi ilə kəndlərini, şəhərlərini bərpa etsinlər. Yəqin ki, dövlətimiz müəyyən təhlükəsizlik tədbirləri görəndən sonra bərpa işlərinə başlanacaq. Bu prosesdə bizim insanların öz üzərinə çox böyük iş düşür.

Bərpa işi elə getməlidir ki, təbiətə heç bir zərər vurulmasın. Laçını flora-faunası qorunmaqla təbii muzey halına salmaq olar. Laçında turizmin inkişafı, faydalı qazıntılardan istifadə mütləqdir.  Bu məsələ çox proiritet məsələdir.

Bundan başqa istərdim ki, kəndlər, şəhərlər salınarkən orada yaşayan əhalinin qonşuluq, qohumluq ənənələrinə əməl edilsin. Yəni vaxtilə qonşu olan ailələr yeni evlərin bərpasından sonra da qonşu düşsünlər.

Laçın şəhərində yeni qəsəbələr salmaq mümkün deyil. Çünki şəhərimizin reliyefi fərqlidir. Şəhərlərin salınması, inkişafı şimal-qərb, yəni Kəlbəcər istiqamətində aparılmalıdır. Çünki o istiqamətlərdə boş yerlər var. Laçın şəhərində çoxmərtəbəli evlər tikmək mümkün deyil. Amma o dövrdə də 3-4 mərtəbəli evlər var idi. Çoxu salamatdır, yenə də tikib insanlarımzı ora məskunlaşdırmaq mümkündür.

İndi Zabux camaatı köçəcək, çünki orda hazır evlər var. Ermənilər Sus kəndini tamamilə dağıdıblar. Mollalar, Qızılca, Avazlar kəndləri də dağıdılıb. Ermənilər Zabuxta kənd qəbiristanlığını dağıdıb üstündə qəsəbə salıblar. Bərpa prosesində yəqin ki, bu məsələyə də diqqət çəkiləcək. Yəqin ki, insanlarımız öz yurduna köçəndən sonra həyat öz axarına düşəcək. Çətini köçün başlamasıdır.

30 illik ayrılıq insanlarımızda yeni baxış formalaşdırıb. İnsanlar daha yaxşı yaşamaq, öz torpağında daha güclü kök salmaq arzusundadır. Ona görə də insanlarımız, elin sözü ilə desək, Laçında köşlü-köməçli məskunlaşacaqlar”.

 

Laçının düşmən əsarətindən azad olunmasında İştirak edən Qarabağ qazisi Müharibə Veteranları Təşkilatının sədri Babək Asalanov:

 

- Laçınlılar, ümumilikdə keçmiş məcburi köçkünlər torpaqlarımız işğaldan azad olunandan sonra mütləq mənada o torpaqlara qayıtmalıyıq. İndi şükürlər olsun ki, sentyabr ayından Zabux, Sus, kəndlərinə, eyni zamanda Laçın şəhərinin özünə qayıdışlar olacaq. Bu, hər bir laçınlı kimi hər birimizin borcudur. Biz o torpaqlar üçün qan tökmüşük, şəhidlər vermişik.

Mən I Qarabağ müharibəsinin iştirakçısıyam. 44 günlük Vətən Müharibəsinin də iştirakçısı olmuşam. İlk olaraq Laçına Güləbirddən tutmuş, Türklər, Səfiyan, Fərəcan,    Xanallar, Suarası kəndlərindək II Vətən Mühribəsində döyüşlərdə iştirak elədik. Ayın 10-da düşmən kapitulyasiya aktına imza ataraq, təslim oldu. Döyüşlər dayandı və təxris olunduq. Biz 30 nəfərdən ibarət keçmiş döyüşçülər ora kəşfiyyatçı -bələdçi kimi getmişdik. Biz o yerləri yaxşı tanıdığımız üçün Vətən Müharibəsində də iştirak elədik. Müharibədə 3000-ə qədər döyüşçümüz vətən uğrunda şəhid oldu. 10 mindən artıq qazilərimiz var. Bu boş yerə olmadı, torpaqlar işğaldan azad olunub. Ona görə də hər bir  məcburi köçkünün borcudur ki, mütləq mənada qayıdıb işğaldan azad olunmuş ərazilərdə yaşasın.  İnşaallah, biz də bu qayıdışa hazırlaşırıq.

Hazırda da biz Laçın şəhərindənik. Laçın şəhərində qayıdıb yaşayışımızı davam etdirəcəyik. Rayonumuzu daha da inkişaf etdirəcəyik. Bütün dünya görməlidir ki, 92-93-cü illərdə işğala məruz qalmış rayonlarımızın əhalisi çox ürəklə, sevinclə torpaqlara qayıdır. Bu torpaqlar cənab prezidentimiz-Ali Baş Komandan başda olmaqla ordumuzun gücü,  qüdrəti ilə, şəhidlərimizin qanı bahasına işğaldan azad olunub. Biz qüdrətli dövlətik, biz Qafqazda göstərdik ki, biz həqiqətən güclüyük, ordumuz güclüdür, Ali Baş Komandanımız müzəffərdir.

İllərlə həsrətində olduğumuz torpaqlar 44 gün  müdətinə ordumuzun gücü, Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağından azad olundu. Ona görə də hər birimiz sevincliyik, sevincimizin həddi-hüdudu yoxdur. Biz o torpaqlara qayıdırıq!”..

 

 

Qarabağ müharibəsi qazisi Ərşad Hüseynov:

 

- Doğrudan da möhtəşəm bir tarixi hadisəni yaşayırıq. Laçın şəhərindən yan keçən yol artıq hazırdır, istifadəyə verilib. Artıq Laçın şəhərinin tam azad olunmasına saylı günlər qalıb. Yəqin ki, bir-iki günə ermənilər ərazimizi tam olaraq tərk edəcəklər. Laçın paralel olaraq sülhməramlıların nəzarətindən çıxacaq. Bundan sonra nəzarət Azərbaycan ordusunun nəzarətinə keçəcək. Təkcə Laçın şəhəri yox, Sus, Zabux və digər ətraf ərazilər sülhməramlıların nəzarətindən çıxaraq Azərbaycan ordusunun nəzarətinə keçməlidir. Bundan sonra Laçın şəhərinin bərpası, yenidən qurulması sürətlə davam etdiriləcək. İnfrastruktur bərpa olunacaq. Sonra tədricən insanların köçürdülməsi və digər təsərrüfat fəaliyyətinin inkişafı istiqamətində addımlar atılacaq.

Xalqımız 30 ilə yaxın idi ki, yurdunun azadlığını, yurduna dönüşünü həsrətlə gözləyirdi. Ona görə də hər kəsin ürəyi Qarabağda, Zəngəzurda döyünür. Hamı gözləyir ki, orda həyat bərpa edilsin, ölkəmizin təsərrüfat bölgəsinə qoşulsun. Hamı gözləyir ki, həsrət bitsin və gəlib bu yurdlarda yaşasınlar.

Hazırda mən özüm də Laçındayam. Orda təsərrüfatla məşğul olan xeyli insanlar var, ordumuz var. Ordumuzun çox yüksək əhval-ruhiyyəsi var. Və  Laçın camaatının, bütövlükdə bu yerlərə qayıtmasını da ən çox istəyən Azərbaycan Ordusudur. Çünki Azərbaycan Ordusu yüksək dağlarda xidmət edir. Ordunun bu əziyyətinin, bu çətinliklərə dözməsinin qarşılığı olaraq Laçında çox  yüksək bir inkişafa nail olmalıyıq ki, ölkəmiz qüdrətlənsin, çiçəklənsin.

Çox böyük ümidlərimiz var. Laçın Azərbaycanın ən strateji rayonlarından biridir. Şərqi Zəngəzurun coğrafi mərkəzidir. Mən sadəcə bir laçınlı kimi yox, bir Azərbaycan vətəndaşı kimi düşünürəm ki, Laçın qısa müddətdə çox möhtəşəm şəkildə bərpa olunmalıdır. Laçında elə bir şərait yaradılmalıdır ki, heç kəs bir də cəsarət edib Laçına doğru xain baxmasın. Bizim arzimiz budur. Belə də olacaq. Laçının bərpası və yenidən qurulması ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında çox mühüm rol oynayır.

Yeni inşa olunmuş yol, Qarabağ iqtisadi rayonunu Qərbi Zəngəzurla birəşdirir.  Yolun Laçın rayon ərazisinə 7-8 kilometrlik hissə düşür. Həmin hissədən kənarda olan ərazi artıq tam nəzarətə keçəcək. Bütün işlər lazımı səviyyədə görüləcək və möhtəşəm bir inkişaf prosesi başlanacaq”.

 

1991-ci ildə Laçında yaradılan ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyev:

 

- Hələ müharibə başlamamışdan çox-çox əvvəl həmişə ona əmin ididm ki, biz torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik.  Mən bütün çıxışlarımda həmişə bildirmişəm ki, biz o torpaqlara qayıdacağıq. Və heç vaxt da razı olmamışam ki, biz o torpaqlara danışıqlar yolu ilə qayıdaq. Yəni hesab eləmişəm ki, torpaq uğrunda canını, qanını verən igid oğulların qanı elə müharibə yolu ilə də alınmalıdır. Min şükürlər olsun ki, biz bu şərəfli yolla torpaqlarımızı qaytardıq, aldıq.

 

Mən müharibəyə bir  həftə qalmış sosial şəbəkədə bütün döyüş yoldaşlarıma çağırış eləmişdim. Və köhnə döyüşçüləri müharibəyə hazır olmağa səsləmişdim.

27-si günü səhər saat 6-ya 15 dəqiqə işləmiş Tərtərdə olan balaca qardaşım ordan mənə votsapla yazdı ki, “başladı”.  Və əmin oldum ki, bu müharibədir, başlayan. Və bütün günü  sevincimin həddi-hüdudu yox idi.  Hələ məni qınayan da oldu ki, siz müharibəyə niyə belə sevinirsiz.  Düzdür, müharibə ölümdür, itkindir, ağrıdır, dəhşətdir, acıdır. Mən bunu öz üzərimdə hiss eləmişəm. Amma müharibə torpaqların azad edilməsinin ən şərəfli yoludur. Sabahısı günü mən Qarabağ döyüşçüləri Babək Aslanov, Abbasov Çingizlə birlikdə hərbi komissarlığa getdik. Və orda könüllü olaraq müharibəyə getmək istədiyimizi bildirdik. Və bunun təşkilatçılığı ilə məşğul olmağı təklif etdik. Orada bildirdilər ki, artıq 70 nəfər laçınlı yazılıb. Biz də adımızı yazdırdıq. Bu da çox sevindirici idi ki, müharibə dövründə könüllü müharibəyə getmək istəyənlərin ən çoxu Laçın rayonundandır. Mən şahidi oldum ki, insanlar müharibə getmək üçün az qala bir -biri ilə yumruqlaşmağa da hazır idilər. Yəni birini yaşına görə aparmaq istəmirlər, o da narazılıq edib getmək istədiyini deyirdi...

 

Biz də müharibə başlayanda könüllü olaraq getmək istəyirdik. Avtobuslar hazır olub yola çıxanda məni buraxmaq istəmədilər. Dedilər ki, sənin yaşın keçib, gedə bilmərsən. Amma buna baxmayaraq Laçının köhnə döyüşçüləri 30 nəfər könüllü döyüşə getdilər və sonadək döyüşdülər. Laçına, Şuşa sərhəddinə qədər getdilər və 10 noyabr bəyannaməsindən sonra geri qayıtdılar.

 

Laçının alınması çoxları üçün çətin görünürdü, amma mənim üçün asan idi... Artıq avqustun 25- günü Laçının bütün strukturları  Laçında yerləşəcək. Hazırda QAÇKINKOM -da Laçında yaşamaq istəyənlərin siyahısı tutulur.  Çox sevindiricidir ki, orda da növbədir. Getmək istəyənin sayı həddən artıqdır. Onlar heç fikirləşmirlər ki, Laçında yaşamaq üçün şərait varmı, yoxsa yoxdur. Bütün çətinliklərə baxmayaraq laçınlılar Laçına getmək istəyirlər. Mən də artıq  müraciət eləmişəm. Ailə üzvlərimizin  sayını yazmışam. Mən buna çox sevinirəm. Bütün Azərbaycan sevinir. Bu gün sosial şəbəkələrdə Laçının bütün kəndlərinin adı sadalanır. Allaha çox şükür ki, bu gün Laçına qayıdırıq. 

 

Ötən il sentyabr ayında kəndimizə getmişdim. Mən əvvəl elə bilirdim ki, Laçın bizdən küsüb. Amma gördüm ki, yox o dağların, daşların üzü gülür. Bizi səbirsiliklə gözləyirlər. Allah ordumuza dəyməsin. Allah Şəhidlərimizə min rəhmət eləsin. Onların saysində biz torpaqlarımıza qayıdırıq”. ("həftə içi")

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...