Hacı Zeynalabdin Tağıyevin məzarı ziyarət olunub
Sentyabrın 2-də məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anım günü qeyd edildi.
Versus.Az xəbər verir ki, məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 98-ci ildönümü ilə əlaqədar Bakının Mərdəkan qəsəbəsində anım mərasimi keçirilib.
Mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov, bir qrup ziyalılar- professor Hacı Həsən, professor Çingiz Abdullayev, H.Z.Tağıyevin ailə üzvləri və muzey kollektivi iştirak ediblər.
Mərasim iştirakçıları H.Z.Tağıyevin və qızı Sara xanımın, Axund Abu Turabın məzarları üzərinə gül dəstələri düzüblər.
Daha sonra akademik N.Vəlixanlı, H.Z.Tağıyev irsinin tədqiqatçısı, dosent F.Cabbarov, professor Hacı Həsən, professor Çingiz Abdullayev məşhur xeyriyyəçi haqqında çıxış ediblər. Tağıyev irsini yaşadanlar Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edərək, onun xatirəsinin əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə H.Z.Tağıyevin yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 2007-ci ildən etibarən böyük mesenatın xatirə muzeyi fəaliyyət göstərir. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə H.Z.Tağıyev irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir. Burada xeyriyyəçiyə aid əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyətinə dair əsərlər çap olunur.
Qeyd edək ki, ənənəyə uyğun olaraq sentyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyində “açıq qapı” günü keçirilib və ziyarətçilər üçün giriş ödənişsiz olub.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"