"Ərbəin yürüşü, eşqin tərənnümü"-təhlil
Bu günlərdə, əzəməti ilə dünya mediasının diqqətini cəlb edən hadisə, Ərbəin mərasimi və milyonlarla azad insanın Kərbəlaya piyada səfər edərək, Allah Rəsulunun (s) sevimli nəvəsi, Hüseyn İbn Əlinin (ə) qəbrini ziyarət etmək üçün yürüşə çıxmasıdır. Ərəbin yürüşünün həm tarixi və həm də sosial-mənəvi yönü vardır. Bu hadisə, İmam Hüseynin Kərbəlada şəhadətindən 40 gün sonra, Cabir İbn Abdullah Ənsarinin Mədinəni tərk edib, Kərbəlaya çataraq, onun qəbrini ziyarət etməsilə baş verib.
Bu barədə Versus.az-a İran Mədəniyyət Mərkəzinin rəhbəri, doktor Əli Purmərcan Ərbəin yürüşündən və onun elmi tərəflərindən danışaraq maraqlı faktlara diqqət çəkib.
Əli Purmərcan qeyd edib ki, Hz. İmam Hüseyni (ə) ziyarət etmək, Məsum imamların (ə) tərəfindən daim təşviq olunan bir savab əməldir. Uzun illər boyunca, müxtəlif xəlifələrin hakimiyyəti dövründə, bunun üçün çoxsaylı maneələr yaradılsa da, insanlar ilahi fədakarlıq rəmzi olan Kərbəla hadisəsini unutmayaraq, Hz. Peyğəmbərin (s) əziz nəvəsinin ziyarətinə üz tutmuşlar. Bu tarix boyu belə olmuşdur və belə də olacaqdır.
Onun sözlərinə görə, son bir neçə ildə bu səfərə diqqət və qayğı olduqca artıb.
"İmam Hüseynin (ə) Ərbəin günündə ziyarəti milyonların iştirakı ilə baş tutur və müxtəlif ölkələr bu tədbiri hər il planlaşdırır.
Materialist baxış, müasir zamanda Ərbəin yürüşünü olduğu kimi şərh etmək iqtidarına malik deyildir. Amma bununla belə, bu tərzi-təfəkkürə malik görkəmli şəxsiyyətlər də, onun mədəni və mənəvi çalarlarının dərinliyinə və əzəmətinə şübhə etmirlər.
Ərbəin günündə dünyanın hər yerindən Hüseyn İbn Əlinin aşiqləri mənəviyyatın xəzinəsinə, onun pak məqbərəsinə çatır və eşq vadisinin sevgi dolu çeşmələri ilə mənəvi susuzluqlarını yatırırlar. Bəli, dünyanın onlarla ölkəsindən insanları Kərbəlaya çəkən də, məhz bu eşqdir! Fədakarlıq, əyilməzlik, qəhrəmanlıq və ilahi eşqin təcəllasıdır! Şəhidlər ölmür və Rəbbin hüzurunda ən gözəl mükafatlarla yaşayırlar!
Bəlkə də bu məfhum bir sıra insanlar üçün çətin başa düşülər, amma həqiqət budur ki, mərifət və mənəviyyat vadisində məsafə və zaman öz mənasını itirir. Keçmiş və gələcək qavramı Hüseynin məhəbbət vadisinə addım atdıqda, bu eşq çənbərinə məftun olub, onun isti ağuşunda hüzur tapar.
Bu gün, Ərbəində piyada getmək məşuqa bəslənən sevgi, məhəbbət və eşq yolunda fədakarlıq simvoluna çevrilmişdir. Yaş, sosial status və sair fərqlər öz mahiyyətini itirir, sanki Hüseyn cazibəsində mərkəzləşərək, nur mənbəyinə sarı axışır. Necə ki, hər kəs, kişilər və qadınlar, uşaqlar və yeniyetmələr, varlılar və kasıblar, hətta qeyri-müsəlmanlar bu mənəvi səfərin nəvazişi ilə onun məhəbbətindən öz paylarını alır. Məhz buna görədir ki, bu sevgi və məhəbbətə çatmaq üçün bütün qəlbləri ilə səy göstərirlər. Ərbəin ziyarəti boyunca, Hüseyn zəvvarlarının xidmətində dayanan, bunun üçün heç bir şeydən çəkinməyən və təvazökarlığın simvoluna çevrilə insanları buna vadar edən də, yalnız eşqin təzahürüdür.
Bu vadiyə addım atan şəxs, 80 kilometr yolu, Hüseyn İbn Əlinin sevgi dolu ideallarını varlığında canlandırmaq məqsədilə piyada getməklə qət etməyə hazırdır. Yol boyu üzləşdiyi yorğunluqlar, ağrı və çətinlikləri elə buna görə də rahatlıqla, sevə-sevə qəbul edir. Bu insanların qəlblərinin azadlıq fəryadıdır. Bəli, Hüseynin özünü və ailəsini fəda etdiyi azadlığa çatmaq istəyidir. Maddi cazibələrin burxovundan, nəfsin əsirliyindən azad olmaq və onunla Allahı arasında məsafə qoyan hər hansı bir amildən uzaq olmadır.
Bu vadiyə girən hər kəs sanki fəryad edir ki, Hüseynin eşq məktəbi yaşayır və əsrlər boyudur ki, yer üzündə ən mükəmməl, ən gözəl və ən mənəvi, ictimai məktəbdir, mən uzaq ölkələrdən onun eşqilə gəldim. Mən Hüseyn ibn Əli ilə əhd bağlamaq üçün və onun sevgi çağırışına ləbbeyk deyib Vadi-salama gəldim.
Ərbəin müsəlmanlar arasında birliyə, İslam ümmətinin əzəmətinə və vəhdətinə xidmət edir. Burada yeganə mənəvi cazibə, müxtəlif millətlər, mədəniyyətlər, və ölkələrdən olan iyirmi milyondan çox insanı birləşdirən, Hüseynin eşq məktəbidir. Hüseynin məktəbi gözəllik məktəbidir, “Mən gözəllikdən başqa bir şey görmədim!”-deyə buyurdu Hz. Zeynəb (ə). Allah eşqi, pak məqsəd və amal uğrunda şəhidlik məktəbidir. Kərbəlaya üz tutanlar, məhz bu eşqin pərvanəsi olub, onun sevgisi ilə alışıb yanmaq istəyənlərdir.
Hüseyn İbn Əlinin fədakarlıq dərsi və məhəbbət iksirinin sehridir ki, onun aşiqləri zəvvarlar qarşısında tam nəzakət və təvazökarlıq nümayiş etdirirlər. Çox varlı və yaxud şöhrət sahibi olan insanlar Ərbəin ziyarətində yol boyunca zəvvarlara xidmətçi kimi qulluq edir, onlara yemək, istirahət, təmizlik sahəsində təmənnasız xidmət təqdim edirlər. Eşq və məhəbbətlə Hz. Hüseyn zəvvarının ayağının tozunu təmizləyir, onların ayaq ağrılarını və şişlərini sağaltmaq üçün masaj və dərmanla yardım göstərir, ayaqqabılarını cilalayır və heç bir yardımı onlardan əsirgəməyirlər. Bu, Hz. Hüseyn məktəbinin dərin mənəvi-fəlsəfi əsaslara söykənməsinin nişanəsidir. Bu Hüseyn sevgisinin eyni zamanda insanların qəlblərinə hakim olmasının bariz nümunəsidir.
Buna görədir ki, Hz. Hüseyni ziyarət etmək əzəmətli savaba malikdir. Hz. Sadiq (ə) buyurmuşdur: "Elə bir adam yoxdur ki, Qiyamət günü deməsin ki, kaş İmam Hüseynin(ə) zəvvarlarından olardım. Çünki görəcək ki, Allah-taala İmam Hüseynin (ə) zəvvarlarına hansı kəramətləri əta edir". (Kamiluz-ziyarat, səh. 135)
Həmçinin başqa bir hədisdə buyurur: “Kim Hüseyni (ə) onun haqqına və məqamına layiq mərifətlə ziyarət edərsə Allah-taala onun çün min qəbul olunmuş həccin və min qəbul olunmuş ümrənin savabını yazar, onun keçmiş və gələcək günahlarını bağışlar.” (Biharul-ənvar, c. 100, səh. 257 , hədis. 1)
Həməd bin Müslim, Hz. Baqirdən (ə) belə rəvayət edir: “Əgər insanlar İmam Hüseynin (ə) ziyarətinin nə qədər fəzilət və savaba malik olduğunu bilsəydilər, şövqdən ölür, nəfəsləri həsrətdən kəsilərdi.”
Dedim: Nə qədər fəziləti var?
Buyurdu: “Hər kəs İmam Hüseyni, ona olan sevgisinə görə ziyarət etsə, Allah ona min məqbul həcc, min ümrə, min Bədr şəhidlərinin əcrini və min oruc tutanın savabını və min qəbul olmuş sədəqənin və Allah rizasına min qul azad etməyin savabını yazar.” (Vəsilüş-şiə, c. 14, səh. 435)"
Ağanizə Əliqaraqızı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"