Ermənistan Azərbaycanın dinc sakinlərini də atəşə tutdu

12:00 15-09-2022 | icon 394 | Cəmiyyət
Ermənistan Azərbaycanın dinc sakinlərini də atəşə tutdu

"Kimlərsə işğalçıya dəstək verdikcə, o, daha da quduzlaşır, iştahı artır"

 

Ermənistanın hərbi hissələri Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan sərhəd ərazilərindən Azərbaycanın hərbi və mülki şəxslərini atəşə tutmaqda davam edir. İki mülki şəxsimiz Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Bunlar Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan – Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan – Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğludur.

 

 

"Ermənistan axşam saat 11 radələrində təxribata əl atdı, atışma başladı. Gecə saat 3 radələrində yaxınlığımıza top mərmisi atıldı. Bunun ardınca atılan ikinci mərmi lap yaxınımıza düşdü, xoşbəxtlikdən partlamadı. Tez yerə uzandıq. Üçüncü mərmi isə yaxınlığımızda partladı”.

 

Bunu Ermənistanın təxribatı nəticəsində Kəlbəcər rayonunun Dəmirçidam kəndində yaralanan mülki şəxs Arzuman Orucov deyib.

 

Mərmi partlayışından sonra A.Orucov topuğundan qəlpə yarası alıb:

 

“Baxdım ki, digər yoldaşım çığırır. Tez yanına qaçdım, gördüm ki, ayağından qan axır. Bir kəndir tapıb, tez ayağını bağladım. Qanı dayandıra bildim. Sonra aidiyyəti yerlərə zəng vurdum. Təcili gəlib hospitala çatdırdılar”.

 

A.Orucov həmin şəxsin hazırda Gəncədə müalicə olunduğunu bildirib:

 

“Mənim də ayağımı sarıdılar. Xəstəxanaya yerləşdirmək istəyirdilər, razılaşmadım. Hazırda ayağımı yerə basa bilmirəm. Lazımı tibbi dəstək göstərilir. Dünən ayağımın sarğısını dəyişiblər, bu gün də dəyişəcəklər”.

 

May ayından Kəlbəcərdə heyvandarlıq fəaliyyəti ilə məşğul olduqlarını qeyd edən A.Orucov Ermənistanın təxribatı nəticəsində təsərrüfatlarına da ciddi ziyan dəydiyini bildirib.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan, Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan, Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

 

Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

 

Hüquq müdafiəçisi Çingiz Qənizadə açıqlamasında bildirib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdən bu günə qədər heç bir beynəlxalq hüquq normalarına əməl etmir.

 

Onun sözlərinə görə, kimlərsə işğalçıya dəstək verdikcə, o, daha da quduzlaşır, daha da iştahı artır:

 

“Məhz həmin dəstəyin nəticəsidir ki, Ermənistan son 30 ildə torpaqlarımızı işğalda saxlaya bildi.  Çox təəssüf ki, beynəlxalq hüququ yazan dövlətlər işğalçı ilə işğala məruz qalan arasında hər hansı fərq qoymadılar. Ona görə də 2020-ci ildə torpaqlarımızı öz gücümüzə gücümüzə azad etdik. Beynəlxalq hüquqla tanınan Azərbaycan torpaqlarından işğalçını qovduğumuz zaman da bizə qarşı təzyiqlər oldu, “Müharibəni dayandır” çağırışları edildi. Çox təəssüflər, bu gün beynəlxalq hüquq bəzi dövlətlərin alətinə çevrilib”.

 

Ç.Qənizadə bildirir ki, sentyabr ayının 12-dən 13-nə keçən gecə erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazisinə göndərilən təxribatçı qruplar Azərbaycan Ordusu və istehkamları arasındakı ərazilərin, təminat yollarının minalanmasına cəhdlər edib. O, düşmənin layiqli cavab aldığını önə çəkib.

 

Hüquq müdafiəçi bildirir ki, revanşist iddialarından əl çəkməyən erməni hərbçiləri Azərbaycan hərbi hissələrinin yerləşdiyi ərazilərə minaatanlardan  atəş açmaqla tək hərbçilərə  qarşı deyil, bu əraziyə köçürülmüş mülki  əhalimizin, kənd təsərrüfatı ilə məşğul olan insanlarımızın, eyni zamanda,  yenidənqurma infrastrukturunda çalışan mülki  əhalimizin həyatının da təhlükə altına atdığını önə çəkib:

 

“Mülki əhali arasında xeyli yaralananlarımız var. Təsərrüfatlara, hərbi  obyektlərə zərər dəyib. Bunun nəticəsində Azərbaycan Ordusu haqlı olaraq sərhədboyu yerləşmiş ermənilərin hərbi bömələrinə və  sərhəd istiqamətində yerləşdirilmiş hücum təyinatlı texnikalarına  zərbələr endirib. Beynəlxalq hüquq deyir ki, əhalinin zəif təbəqəsi olan uşaqlara, qadınlara, qocalara, mülki şəxslərə qarşı  güc tətbiq etmək qadağandır. Lakin ermənilər beynəlxalq hüququ saymır. Ona görə də hələ I Qarabağ savaşında itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyindən xəbər yoxdur. Ermənistan həmin dövrdə əsir götürmüş və itkin düşmüş şəxslər barəsində hələ də heç bir məlumat vermir. Ermənilər öldürüb-basdırdıqları kütləvi məzarlıqların yerini də  demək istəmirlər. Belə çirkin siyasətlə qonşu dövlətin ərazisində yaşayan insanlara qarşı milli, iqri, dini kin-küdurət zəminində yaşamağa davam edir. Çox təəssüflər olsun, dini, milli, irqi düşmənçilik törədən belə bir dövlətə qarşı beynəlxalq təşkilatlar susur. Onlara qarşı heç bir təsir, təzyiq metodundan istifadə etmirlər”.

 

Ç.Qənizadə Ermənistanın illərdir davam edən bu mənfur siyasətinin indi də davam etdiyini bəyan edib. Bildirib ki, yenə də bəzi dövlətlərin, qurumların, təşkilatların rəhbərləri səviyyəsində xoşagəlməz və ədalətdən uzaq olan müəyyən çağırışların şahidiyik:

 

“Ermənistana deyən yoxdur ki, 10 Noyabr 2020-ci ildə imzaladığın sazişə əsasən öhdəliyin var, niyə yerinə yetirmirsən?! Sənin 21 yanvar, 26 noyabr 2021-ci il tarixli Moskva, Soçi anlaşman var, niyə yerinə yetirmirsən?! Sənin Avropa İttifaqında keçirilən 4 görüşdə üzərinə götürdüyün öhdəliklərin var. Bundan sonra sülh sazişi üzərində işlədiyin bir dövrdə Azərbaycan üzərinə təxribatçı göndərib, ərazilərin minalanmasını həyata keçirmək, mülki əhalinin olduğu istiqamətlərdə toplardan atəş açmaq siyasətini hara qədər davam etdirəcəksən? Heç şübhəsiz, Ermənistanı buna vadar edən, daxili, xarici qüvvələr var. Ermənistanın indiki siyasi hakimiyyəti sülh sazişini imzalamaqdan yayınaraq hansısa yollarla vaxtı uzatmağa çalışır. Avropa İttifaqı ilə görüşdə konkret müddət qoyulmuşdu ki, 1 ay müddətində Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində sülh mətninin üzərində iş aparılsın. Sentyabr ayında bu prosesin bitəcəyinin gözlənildiyi dövrdə ermənilər belə bir təxribata əl atdılar”.

 

Ç.Qənizadə ermənilərin bu təxribatlarının, artıq aylardır, illərdir davam etdiyini, Azərbaycanın mülki vətəndaşlarının xəsarətlər aldığını, şəhidlər verdiyini də qeyd edib. Hüquq müdafiəçisi bunu yolverilməz addım kimi qiymətləndirib:

 

“Azərbaycan tərəfi 13 sentyabr əks-əməliyyatla  BMT-nin 51-ci maddəsinin tələblərinə uyğun hərəkət edib.  Özünün suverenliyini, toxunuzmazlığını qorumaq üçün işğalçıya, revanşist qüvvələrə cavab verib. Biz Ermənistan ərazisinə keçməmişik, hər hansı əraziləri işğal etməmişik. Öz ərazilərimizdən ermənilərin sərhədboyu yerləşdirdiyi hərbi kontingentini, hərbi texnikanı məhv etmişik, çünki onlar Aərbaycan dövləti xüsusi  təhlükə yaradırdı. 

Sentyabrın 13-də saat 9-dan Rusiyanın xahişi ilə atəşkəs elan olunsa da, onlar dünən də, bu gün ərzində də təxribat xarakterli atəşlərini davam etdirirlər. Bu, belə davam edə bilməz. Ermənistan bu addımlarını dayandırmasa, bədəli daha ağır olacaqdır”.

 

Hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistan dövlətinin, xalqının revanşist xisləti uzun illərdir bizə bəllidir və Azərbaycan dövləti və xalqı bunu öz həyatında görür:

 

"Biz 44 günlük müharibədə Ermənistanın Bərdəyə, Tərtərə, Gəncəyə atdığı qadağan olunmuş raketlərlə yüzlərlə mülki vətəndaşlarımızın - uşaqların, qocaların, qadınların ölümünə səbəb olmalarını, mülki yaşayış sahələrimizin dağıdıldığını gördük: Bu faktlar bu gün də meydanda durur. Görünən odur ki, Ermənistan müharibəni də xaincəsinə aparır və heç bir beynəlxalq hüquq normalarına əməl etmir”.

 

Onun sözlərinə görə, bu gün də erməni hərbi hissələrinin Azərbaycanın sərhəd kəndlərində mülki əhalini atəşə tutması təsadüfi və yaxud gözlənilməz hal deyil:

 

“Biz Ermənistanı 30 illik işğal dövründə daha yaxşı tanıdıq.  Biz erməni xislətinin nədən ibarət olduğunu bilirik. Ermənistan hər zaman müharibələrdə, döyüş bölgəsində uduzduğu zaman əllərindəki kartı mülki əhaliyə qarşı istifadə edən cinayətkardır. Bunun kifayət qədər nümunələri var. Xüsusən də hələ birinci Qarabağ savaşı dövründə Xocalıda, Ağdabanda soyqırımları törədən, mülki əhalimizi əsir götürən, onlara işgəncələr verən məhz ermənilərdir. Hələ II Qarabağ savaşı dövründə Tap-Qaraqoyunlu, Tərtər, Füzulinin kəndlərini atəşə tutub siyasi şantaja əl atırdılar. Yəni bu xislətə malik olan həmin bu erməni ordusu, həmin bu erməni hakimiyyəti, həmin bu erməni xalqıdır.  Onların indi də öz güclərindən mülki şəxslərimizə qarşı istifadə edəcəkləri istisna olunmur. Ermənilər mülki əhaliyə qarşı müxtəlif silahlardan istifadə edərkən hansı cəzanı aldıqlarını da unutmamalıdırlar. Eləcə də Tovuz hadisələrində rəhmətlik milli qəhrəmanlarımız Polad Həşimovu, İlqar Mirzəyevi şəhid edən zaman bunun qarşılğını necə aldıqlarını yaxşı xatırlamalıdırlar”.

 

E.Şıxəliyev bildirib ki, Azərbaycanın müharibəni sivil, beynəlxalq hüquqa uyğun olaraq aparmasının nümunələri var.  Onun sözlərinə görə, 44 günük müharibə dövründə Azərbaycan tərəfindən heç bir mülki obyektlərə zərər verilmədi və dünya da bunu yaxşı bilir.

 

Hərbi ekspert qeyd edib ki, müharibədə Qarabağda yaşayan erməni əsilli əhalini yerlə-yeksan  eləməyimiz üçün qarşımızda heç bir maneə yox idi.  Onun sözlərinə görə, öz ərazilərimiz olsa da, Xankəndindən bizə atəş açıldığına görə o şəhəri də əhali qarışıq yerlə-yeksan edə bilərdik:

 

“Bizim müharibəni sivil qaydada aparmağımıza dair prinsiplərimiz var. Siyasi və hərbi iradəmiz birbaşa müharibənin də konvensiyalara uyğun aparılmasına yönəlikdir. Lakin Ermənistan üçün qırmızı xəttlər yoxdur.  Gələcəkdə Ermənistana qarşı istifadə olunacaq əsas reparasiya faktlarından biri də ermənilərin konflikt zonalarında bizim bölgələrdə törətdikləri vandalizm hərəkətlərinə, mülki əhaliyə qarşı apardıqları genosid siyasətinə qarşı atacağımız addımların əsasını təşkil edəcək. Ermənilər rayonlarımızı, mülki əhalimizi atəş altında saxlasalar da, gələcək də bunun məsuliyyətindən qaça bilməyəcəklər”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...