"Ermənistan öhdəlikləri kobud şəkildə pozmağa davam edib"
Əlövsət Allahverdiyev: “Beynəlxal Ədalət Məhkəməsinin özünün icra səlahiyyətləri yoxdur”
“Lakin bu günə qədər ölkəmizə qarşı baş verən ədalətsizliklərin qarşısının alınmasında fəaliyyətsiz qaldıqları üçün indi də BMT-nin nəsə edəcəyinə o qədər də ümid bəsləmirəm. Buna baxmayaraq biz beynəlxalq hüquq normalarının bizə verdiyi bütün imkanlardan istifadə etməliyik. Bu mənada XİN-in müraciəti tam haqlı olaraq verilmişdir”.
Versus.az xəbər verir ki, bunu hüquqşünas Əlövsət Allahverdiyev 2021-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə qaldırdığı dövlətlərarası iddialara əsasən bildirib.
Məhkəmənin qərarı Azərbaycan tərəfindən təqdim edilmiş dəlil və sübutlara söykənir.
Qeyd edək ki, Məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını verib.
Məhkəmənin bu qərarlarına baxmayaraq, Ermənistan 2022-ci ildə öhdəliklərini kobud şəkildə pozmağa davam edib. Ölkə ərazisində revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlara qarşı heç bir əməli tədbirlər görülməyib, hərbiləşmiş qanunsuz birləşmələr Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətlərini davam etdirib.
Ə.Allahverdiyev bildirib ki, məhkəmənin əsas funksiyası suveren dövlətlər arasında mübahisələrə dair qərar çıxarmaqdır. Onun sözlərinə görə, məhkəmədəki işlərdə yalnız dövlətlər tərəf ola bilər və mübahisəyə hər iki dövlətin razılığı əsasında baxılır:
“Beynəlxalq Ədalət Məhkəməsinin işinin ən mühüm cəhəti ondan ibarətdir ki, onların razılaşmaya əməl edilməməsi üçün tələb olunan təzminatları müzakirə etmək qabiliyyətindən başqa heç bir icra səlahiyyətləri yoxdur. Azərbaycanın Məhkəməyə müraciəti hər kəsə bəllidir, Məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməklə bağlı tövsiyələrini verib. Məsələ burasındadır ki, Məhkəmə Statutunun 36-cı maddəsinə əsasən, məhkəmənin məcburi icraatına hər bir dövlət özü razılıq verə bilər. Məhkəmənin özünün icra səlahiyyətləri yoxdur.Yəni burada biz Məhkəmədən fövqəladə bir addım da gözləməməliyik. Sistem elə idarə olunur ki, hər bir məsələ BMT-yə bağlıdır. BMT Nizamnaməsinin 94-cü maddəsinə əsasən, Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü tərəf olduğu istənilən işdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyi öhdəsinə götürür”.
Hüquqşünas bildirib ki, işdə iştirak edən hər hansı bir tərəf Məhkəmənin çıxardığı qərara əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə, digər tərəf Təhlükəsizlik Şurasına müraciət edə bilər, o, zəruri hesab etdiyi halda, tövsiyələr verə bilər və ya görülməli tədbirlər haqqında qərar verə bilər.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"