Deputat Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə səsləndi
"Ən ağır durumda olan, əslində yaşamaq uğrunda mübarizə aparan dörd ailəni ziyarət etdim və elə onların adından özüm danışdım. Bu məsələni ona görə ictimailəşdirirəm ki, yanaşma və vəzifə borcunu yerinə yetirmə məsuliyyəti dəyişsin. Əgər dövlətin sosial yardımı varsa, gərək ünvanına çatsın. Yoxsa, özlərinin də gündə yüz dəfə pozduqları qanunları əsas gətirib ailələrə imtina verməsinlər. Hərçənd ki, elə qanunlar da bu şəxslərin yanındadır".
Bu sözləri bu günlərdə ağır şəraitdə və sosial dəstəkdən məhrum vəziyyətdə yaşayan dörd ailəni ziyarət edən deputat Razi Nurullayev şəxsi "facebook" hesabında yazıb. Ailənin videosunu ictimailəşdirən deputat gördüklərini diqqətə çatdırıb:
"Hətta məsuliyyətlə deyirəm ki, bu videosunu çəkdiyim və danışdığım ailələrə görə qanunları da pozmaq olar. Buna görə sizə söz gəlməz, hətta böyük "sağ ol" da deyərlər. Amma yenə də deyirəm ki, heç bu ailələrə görə qanunları da pozmaq lazım deyil, haqq etdikləri sosial yardımı verin".
QEYD: Ailələrdən biri İmişli şəhərində yaşayan Hüseynova Nərminə Qubad qızının ailəsidir. Yalnız anası var, atası isə yoxdur, Nərmin bir yaş yarım olanda atıb gedib. 14 yaşında, 8-ci sinifdə oxuyanda götürüb qaçıblar uşaqlığını, həyatını, gələcəyini məhv ediblər. Zaqsı da olmayıb, yalnız kəbin. 12 yaşlı oğlu, 4 yaşlı bir qızı var. Aliment də almır. Əri də uzun illər həbsdə olub. 93-cü ildə valideynləri Füzilidən İmişliyə qaçqın gəlib, Nərminə də elə bir il sonra İmişlidə doğulub.
Dəfələrlə sosial yardıma müraciət edib. Nəticəsi olmayıb.
Razi Nurullayev bu nəticəsizliyi ciddi qanun pozuntusu hesab etdiyini vurğulayıb:
"Belə çıxır ki, yaman gündə yaşayan bir ailəyə kömək etmək üçün səy göstərməyiblər. Gəlib "qaloçka" qoyub gediblər".
Deputat Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə müraciətlə "videoya baxın, yazdıqlarımı oxuyun və ailənin haqqını verin. Əslində isə sizlər özünüz bu ailələri tapıb kömək etməlisiniz. Onların müraciətini gözləməli deyilsiniz" - deyə bəyan edib.