Müqəddəs Torpağa ŞANLI QAYIDIŞ

12:15 01-10-2022 | icon 749 | Cəmiyyət
Müqəddəs Torpağa ŞANLI QAYIDIŞ

Bu ilk səfərimi heç zaman unuda bilməyəcəyəm

 

İnsan həyata gəlib ağlı kəsəndən həyatdan köçdüyü son ana kimi onun qəlbində daim dolaşan bir çox arzuları olur. Bəzən o arzular həyata keçmir, bəzən isə yuxu kimi gördüyümüz arzular çin olur, yerinə yetir və sən muradına çatmağının ləzzətini hiss edirsən, ancaq bəzən də o arzuların gerçəkləşməsini sadəcə göylərdən, ruh gözü ilə seyr edə bilirsən. İnsan hərdən elə arzular arzulayır ki, o arzu üçün ölümə də gedir, canını da fəda edir, sağlamlığından da keçir. İnandığı yolda inamla irəliləyən, yeriyən, bu yolda sona qədər çalışan, çabalayan insan o yolun sonuna mütləq mükafatı olaraq çatır. O, zəhmətinin bəhrəsini görsə, qəlbiylə, görməsə, ruhu ilə yaşayır, arzusunun həyata keçməsini hiss edir. Bəzən isə eyni bir arzunu on minlərlə insan arzulayır və digər minlərlə insan da həmin o ümumi olan arzunu gerçəkləşdirir. Sonunda nə olursa, olsun, o insanlar o arzuların gerçəkləşməsi yolunda canını, canından bir parçanı fəda edir və fədai, şəhid, qazi adını qazanır. Arzular gerçəkləşdikdən sonra insanın ürəyi qanadlanır və bir quşa çevrilir. Arzusu gerçəkləşən insanın çöhrəsində iki hiss özünü büruzə verir: sevinc və şükranlıq hissi... Bir neçə gün əvvəl mənə də Allah nəsib etdi ki, mən illərdir arzusunda olduğum, şeirlərimdə zəfərimizə qədər adını həsrətlə, zəfərimizdən sonra isə adını çəkməkdən qürur hissi duyduğum o müqəddəs şəhərə — Şuşaya səfər etdim. O müqəddəs şəhərə çatanda mənim də çöhrəmdə həmin hislər özünü büruzə verirdi. Göy üzündə Allahın, yer üzündə şəhidlərimizin, qazilərimizin, Ali Baş Komandanımızın, əsgər və zabitlərimizin sayəsində bizə bəxş olunan sevinc hissi və özümlə bərabər həm də millətimizin onlara ömür boyu edəcəyi təşəkkür, şükranlıq hissi... İndi mən uca Allaha şükür edirəm ki, mənim də şəhid qanı ilə müqəddəsləşmiş bu şəhərlə bağlı bir xatirəm oldu, arzularım gerçək oldu və mən, nəhayət ki, yerinin, torpağının altında köklərimin, əcdadlarımın olduğu ulu Qarabağı ziyarət edə bildim. Mən taleyimə yazılan o günü heç bir zaman unutmayacağam... Müqəddəs və müqəddəs olduğu qədər doğma olan Şuşa şəhərini ziyarət etdiyim tarix mənim üçün əlamətdar günə çevrildi: 9 sentyabr 2022-ci il...

 

Belə ki, 9 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu tərəfindən möhtəşəm Zəfərin nişanəsi olan Şuşa şəhərində, görkəmli Azərbaycan şairəsi, Azərbaycan qadınlığının, Şərq qadınlığının, analığının fəxri simvolu, qüruru və nümunəsi olan Xurşidbanu Natəvanın 190 illik yubileyi görkəmli şairənin erməni vandalları tərəfindən viran qoyulmuş, bir zamanlar saraydan da əzəmətli olan evinin qabağında keçirilirdi. Tədbir zamanı məlum oldu ki, bu evin qalıqları həm 19-cu əsrin, həm də 21-ci əsrin tarixini özündə əks etdirir. Belə ki, iki türk respublikasının iki türk başçısı, iki türk qardaş – cənab prezidentimiz İlham Əliyev və qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan məhz burada – Xurşidbanu Natəvanın evinin qarşısında keçən il o möhtəşəm bəyannaməni – tarixi Şuşa bəyannaməsini imzalamışlar.

 

Mən hörmətli Mədəniyyət nazirimiz cənab Anar Kərimovun xüsusi diqqəti və qayğısı, şəxsi təşəbbüsü sayəsində əvvəlcədən dəvət aldığımdan bu tədbirdə qonaq qismində iştirak etmək üçün səhər tezdən tədbirdə iştirak edəcək nümayəndələrin olduğu avtobuslardan birinə elə Bakı şəhərində Mədəniyyət Nazirliyi binasının yaxınlığında əyləşdim və taleyimə yazılan o şərəfli səyahətə, o müqəddəs ziyarətə yol almağa başladım. Yol boyu məni o müqəddəs torpaqlar, o gözəl yerlər, möhtəşəm Zəfərin yolu o qədər maraqlandırırdı ki, yuxum ərşə çəkilmişdi və bir an öncə o anın yetişməsini səbirsizliklə gözləyirdim. İllərlə səbir etsəm də, o tarixi anlara saatlar qalmış artıq səbir edə bilmirdim. Çünki Qarabağ mövzusu, Qarabağ həsrəti hər bir Azərbaycan övladının qəlbində yuva saldığı kimi, mənim qəlbimdə, varlığımda, düşüncəmdə, yaradıcılığımda da böyük iz qoymuşdu. Qarabağdan olan, məcburi köçkün ailəsinin ən kiçik bir fərdi olaraq sakini olsam da, orada yaşaya bilmədiyim, işğalda olan Qarabağ torpağı, Xocavənd torpağını da görmək məni çox maraqlandırırdı. Biz ailəlikcə Qarabağın erməni mənfurları tərəfindən işğalından, sözün əsl mənasında, çox çəkmişdik. Qeydiyyatda olduğumuz kəndimiz – Xocavənd rayonunun Muğanlı kəndi 2 oktyabr 1992-ci ildə erməni cəlladları tərəfindən işğal olunduğu günün səhərisi ana babam, böyük ziyalı insan Saleh Sadıq oğlu Həsənovun vəfatı təkcə başçısı olduğu ailəni deyil, bütün kənd camaatını, qohum-qardaşı kədərləndirmişdi və kəndimizin işğal olunduğu gün həm torpağımızın, həm də ailə başçımızın əlimizdən getməsi bizimkiləri olduqca sarsıtmışdı. Həmin vaxtdan təkcə ailəmiz deyil, bütün Azərbaycan xalqı tez bir zamanda torpaqlarımızın işğaldan azad olunmasını könüldən, qəlbdən arzulayırdı. Bu arzu bizi gecə-gündüz tək qoymurdu. Qarabağsız günlər bizi çox kədərləndirirdi. Hamımız bir idik, cəm idik və cəm olaraq bu acını yaşasaq da, elə bil ki, yenə də özümüzü cəm hiss etmirdik. Bizdən bir parça qopmuşdu və o parçanın adı Qarabağ idi...

 

Yenə də göydə Allaha, yerdə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna şükürlər, təşəkkürlər olsun ki, 30 il dilədiyimiz o diləklər, canımızı belə verməyə hazır olduğumuz o müqəddəs amal gerçəkləşdi və bu gün cənab Prezidentimiz demişkən, sözün əsl mənasında biz qayıtmışıq! Bu gün biz Qarabağın yarasını sarımaq üçün, yenidən Qarabağda birləşmək üçün qayıtmışıq! Qarabağı bərpa etmək, dirçəltmək üçün qayıtmışıq! Yol boyu bu fikirlər məni heç cür darıxmağa qoymur, daha da həyəcanlandırır, həvəsləndirirdi. Zəfər yolunda görüşünə gələcəyim, görəcəyim o gözəl yurdları düşündükcə ürəyim, qəlbim qanadlanırdı və cismimdən ayrılaraq bir quş kimi qanad açıb həmin yerlərə uçurdu. 6-7 saatlıq yol bu həyəcan və düşüncələr arasında getdikcə uzanırdı. Ancaq onu da fikirləşirdim ki, biz 2 ildir nəfəsimiz olan Şuşaya nəfəsdən də yaxınıq. Artıq Şuşanı qaytarmışıq, Şuşa bizim üçün əlçatmaz deyil. Ona görə də mənə çox uzun gələn bu yollar əslində yaxından yaxın, elə köksümüzdəki qəlbimizin içində idi.

 

Nəhayət, yurdumuzun bir çox gözəl guşələrini, eləcə də dünyaya göz açdığım İmişlini gördükdən sonra Beyləqana, oradan da Füzulinin əvvəldən azad etdiyimiz ərazilərinə çatdıq. Füzuli adlı bu qəhrəmanlıq dastanının birinci hissəsini görəndə başdan-başa abad olan şəhərlər, kəndlər gözümün önündə canlandı, bu xoş mənzərədən gözüm-könlüm açıldı. Ancaq onu da bilirdim ki, bu dastanın ikinci hissəsini açıb oxuyanda gözümün önünə bunun tam əksi olan, erməni barbarları tərəfindən yaradılmış viranəliklər, xarabalıqlar, dağıdılmış cənnət məkan canlanacaqdı. Üçüncü hissəni oxuyub bu dastanı tamamlayanda isə gözümün önündə dəmir yumruğu ilə düşmənin başını əzib sona qədər həmin dəmir yumruğu yerində, mənfur düşmənin başı üzərində saxlayan şanlı Azərbaycan əsgəri canlanacaqdı. Füzulinin əvvəldən azad etdiyimiz ərazilərinin sonuna — Arayatlı kəndinə çatanda gözümün önünə dayım, uzun illər daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış, hazırda təqaüddə olan polis polkovniki, müharibə iştirakçısı Sahib Saleh oğlu Həsənovun da 15 il (1992-2007) rəhbərlik etdiyi Xocavənd rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə fədakarlıqla sonadək iştirak etdiyi, hətta İran-Azərbaycan sərhədində erməni separatçılarının (qondarma respublikanın) bayrağını şəxsən endirdiyi “Horadiz əməliyyatı” gəldi. 1-ci Qarabağ müharibəsi hələ bitməmiş Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən “Horadiz əməliyyatı”, Horadizin fəthi, qurtuluşu bizim üçün son istifadə tarixi 27 sentyabr gününə qədər olan bir ümid işığı idi. Bu işıq 27 sentyabra qədər ermənilər və onların tərəfdarları tərəfindən nə qədər söndürülməyə çalışılsa da, cənab prezidentimiz İlham Əliyev tərəfindən yenidən yandırıldı, alovlandırıldı, şölələndi və bu işıq Qarabağın azadlığının məşəlinə çevrildi. Elə bu düşüncələr və bu fəxr, qürur hissi ilə Zəfər yoluyla Qarabağın işğaldan azad edilmiş ərazilərinin müqəddəs səyahətinə başladıq. Əvvəlcə, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin ilk gününün ilk anlarında şanlı Azərbaycan Ordusu tərəfindən düşmən işğalından azad olunan ilk kəndlərin xarabalıqlarını gördük. Onu deyim ki, Şuşaya qədər gördüyümüz tək şey xarabalıqdan başqa bir şey deyildi. Sadəcə Şuşaya çata-çatda bir-iki sağlam ev gördük və bildik ki, bura qədər talayan ermənilər burdan sonra da ancaq istifadə edib, yararlanıb, oğurlayıblar. Ona da şahid olduq ki, şanlı ordumuz bu əraziləri azad edərkən bir evə də dəyməyib, ziyanlıq vurmayıb, yandırmayıb, talamayıb, dağıtmayıb, bir evin bir kərpicinə də zərər yetirməyib. Bu da onlarla bizim ölçüyə belə gəlməyən müqayisəmiz. Bunu inkar edən hər cəsarətli şəxs o cəsarəti özündə tapıb bu Zəfər yolunda yeriyə bilər. Əgər bunu etsə, yol boyu görər ki, erməni mənfurları necə cinayətlər işləyib, hirsini, kinini, vəhşiliyini, barbarlığını təkcə yaşayan insanlardan deyil, ölülərin məzarlarından, cansız evlərdən, təbiətimizdən, meşələrimizdən, kənd-kəsəklərdən çıxıblar. Televiziya ekranlarında gördüyüm dağıdılmış məzarları canlı-canlı görmək mənə çox pis təsir etdi. Ancaq onu da fikirləşdim ki, qaniçənlərdən də elə bunu gözləmək olardı. Onsuz da tez bir zamanda ermənilərin yıxdığı bütün yerlər abad olacaq, indi dağıdılan yerlərin xarabalıqlarından gələcəkdə əsər-əlamət qalmayacaq. İndi də biz cənab prezident İlham Əliyevin Qarabağın yaralarını necə sarıdığının şahidi oluruq. Cənab prezidentin quruculuqla bağlı gördüyü təqdirəlayiq və sözün əsl mənasında böyük işlər hələ başlanğıcdır. Zirvələrə təkan verən bu bünövrələrdən biri də Qarabağın ilk hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanıdır. Keçən ilin oktyabr ayında iki qardaş ölkənin – Azərbaycanın və Türkiyənin liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan burada Füzuli Beynəlxalq Hava Limanının açılışını etmişdilər. İlk olaraq həmin hava limanına cənab Rəcəb Tayyib Ərdoğanın təyyarəsi eniş etmişdi. Füzuli şəhərinin mərkəzinə çatdığımız zaman Füzuli Beynəlxalq Hava Limanını da yaxından görmək nəsibimiz oldu. Bu qədər dağıntılar içində gördüyüm tək abad yer də hələlik bura idi. Dağıntılar, xarabalıqlar ermənilərin, abadlıq isə Azərbaycanımızın keçmiş və indiki arzusu, amalını əks etdirirdi. Bir tərəfdə qısa müddətdə yaradılmış abadlıq, digər tərəfdə isə yüz illər boyunca vəhşiliklər nəticəsində yaradılmış viranəliklər. Təbii ki, bu qurub yaratmaq eşqi ilə vulkan kimi püskürən Azərbaycanım üçün nə ilkdir, nə son olacaq. Yol boyu mən nə qədər xarabalıqlar görsəm də, bir o qədər də bu torpaqların əsl sahiblərinin yeni qurduğu tikililər, binalar görəcəkdim və bunlar mənim gözümü, qəlbimi oxşayacaqdı.

 

Tarixi hava qapımız olan Füzuli Beynəlxalq Hava Limanından sonra Füzuli şəhərinin mərkəzindən keçdik. Qarşıda, arxada, sağda və solda gördüyümüz tək şey yalnız xarabalıqdan başqa bir şey deyildi. Füzuli şəhərinin mərkəzi, həqiqətən də insanın qəlbini göynədir, daxilini parçalayırdı. Sanki, bir qəbiristanlıqda idin və bütün ölülər məzarlardan çıxarılmışdı. Füzulinin xarabalıqları çürüyüb sümüyə dönən bir insanın nəşinə bənzəyirdi. Bir vaxtlar Azərbaycanın ən çox turist axını olan, həm kənd təsərrüfatı və sənayesi ilə respublikada öndə gedən, həm də gözəl insanlara, təbiətə malik metropol şəhərlərindən olan Füzulinin xarabalıqları ürəyimi parçalasa da, bunda bir ümid hiss etdim. Fikirləşdim ki, nəzərə almaq lazımdır ki, bir vaxtlar biz bu xarabalığa ancaq KİV-dən, sosial şəbəkələrdən, internetdən baxırdıq, indi isə canlı-canlı bu xarabalığa baxaraq bundan dərs çıxarırıq. Bundan sonra təkcə ümid etməyəcəyik, təkcə arzulamayacağıq, həm də çalışacağıq ki, ruhlar şəhərinə çevrilmiş bu yerlər tez bir zamanda Azərbaycanın göz oxşayan məkanlarından birinə çevrilsin. Prezidentimizin sayəsində biz buna öz varlığımız kimi inanırıq.

 

Füzuli şəhərindən sonra isə Xocavənd rayonunun Şuşa yolu istiqamətində olan kəndlərinə Zəfər yolumuz ilə hərəkətimiz başladı. Bu səfərimdə məni ən çox sevindirən amil də bu idi. Bildirim ki, ata yurdum Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi güzəranını 30 il boyunca təmas xəttində mənfur düşmənlə üz-üzə keçirməli olub. Kəndin qurtaracağından sonra bir tərəfdən Ağdam rayonunun Yusifcanlı kəndi, o biri tərəfdən də Xocavənd rayonunun Nərgiztəpə ərazisi başlayır və həmin ərazidə “N” saylı hərbi hissə yerləşirdi. Birinci Qarabağ müharibəsi, habelə Aprel döyüşləri və Vətən müharibəsinə bu yerlər şahid olub. Bu yerlərdə nə qədər Vətən oğlu canını qurban verib. Mən tez-tez kəndə səfər etdiyim zaman kəndin ərazisinin qurtaracağından sonrası, təmas xətti ilə bağlı çox maraqlanardım. Çox istəyərdim ki, tezliklə oralar da azad olsun, həm o yerlərə səfər edək, həm də bu yerlər təmas xətti deyilən müharibə yarasından qurtulsun. Çox şükürlər olsun ki, nəinki biz təmas xəttindən o tərəfə adladıq, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına hətta bütün Qarabağımızı azad etdik. Bu gün Xocavəndimi azad görəndə yadıma Nərgiztəpə yüksəkliyi düşür və ona göz aydınlığı verirəm ki, daha yaran sarılıb, daha bu torpaqlar azaddır və sən bir daha müharibə acısı ilə qovrulmayacaqsan!

 

Xocavənd rayonunun Düdükçü, Məmməddərə, Çiraquz, Xırmancıq, Edilli, Tağavard, Zoğalbulaq, Böyük Tağlar və digər kəndlərindən, gözəl guşələrindən keçdik və cənnət məkan Xocavəndin mənzərəsi sanki bizi bihuş etdi. Onu da deyim ki, havanın çox təmiz və evlərin çox az, demək olar ki, barmaqla sayılası qədər az olduğundan Xocavəndin bu kəndlərindən Şuşanın düz mərkəzi, həmçinin gözəl Cıdır düzü yüksəklikdən baxanda uzaqdan da görünürdü. Elə o gün Vətən müharibəsi zamanı yaşadığımız günlərə xəyalən qayıtdım. 2020-ci ilin oktyabr ayının 20-dən etibarən artıq Xocavənd-Şuşa istiqamətində döyüşlərə başlanılmışdı. Oktyabrın son günlərində azad etdiyimiz kəndlər Şuşaya yaxın olduğundan artıq hisslərimizə inanmışdıq ki, Şuşanı azad edəcəyimiz gün yaxındır. Həmin günlərdə belə bir şüar yarandı və bütün dillərdə əzbər oldu: “Biz Şuşaya nəfəs qədər yaxınıq!” Mən həmin anlarda bir daha Şuşaya nəfəs qədər, nəfəsdən də yaxın olmağın sevincini və qürurunu yaşadım və bir daha özümdə Şəhidlərimizə, Qazilərimizə və Ali Baş Komandana borcluluq hiss etdim.

 

Qarabağ içi xəzinələrlə dolu böyük bir sandıqdır. Şuşanı mən bu xəzinənin içindəki ən qiymətli almaz hesab edirəm. Bu almaz bizim qismətimizdir və bu almazı bundan sonra heç kəs bizdən ala bilməyəcək! O, bizim qəlbimizdədir, o, bizim göz bəbəyimizdir və biz onu gözümüz kimi qoruyacağıq!

 

Xocalı rayonunun Çanaqçı, Sığnaq, Şuşakənd və Muxtar kəndlərində olanda sevincimin heç həddi-hüdudu olmadı. O an içində olduğum bu cənnət məkan ərazinin Xocalı olduğunu bilərək, dərk edərək qürurlandım. Bu dərk, bu qürur prosesində beynim sanki Xocalı soyqırımının içindən keçdi və o cəlladları tapıb Xocalının ərazisindən Şuşaya aparan yol hissəsində onların üzərində Zəfər çaldı. Bu cəlladlar qara bulud kimi beyinlərdə dolaşan pis, iblis fikirlər kimi idi. Mən Xocalı rayonunun o kəndlərinə çatanda böyük qayıdışın təntənəsini hiss etdim. Bu böyük qayıdış həm də Xocalının qisası demək idi.

 

“Möhtəşəm zəfərin nişanəsi” adlı kitabımda yer almış “Ata, ruhun şad oldu” adlı şeirimdə “Xocalıdan sonra biz axır çatdıq Şuşaya” misrasını Prezidentimizin adından dediyim zaman mən bunu nəzərdə tuturdum, bundan danışırdım. Axır ki, Xocalıdan sonra əsas məqsədimizə, əsas amalımıza, illər boyu qəlbimizdə gəzdirdiyimiz, gerçəkləşməsini gözlədiyimiz, uğrunda canımızı verməkdən çəkinmədiyimiz və hətta canımızı əsirgəmədən fəda etdiyimiz o gözəl arzuya çatdım. Bu arzunu mən illərlə bütün qəlbimlə arzulamış və bunu şeirlərimin hər kəlməsinə hopdurmuşdum. Təsadüfi deyil ki, 2017-ci ildə qələmə aldığım, 2018-ci ildə çap edilmiş “Hərdən uçmaq istəyirəm” adlı kitabımda yer almış “Təsəvvür edirəm ki... ” adlı şeirimin “Təsəvvür edirəm ki, Qarabağ azad olub” misrasını xatırladım və bildim ki, artıq həmin anlar xatirəyə çevrilib. Bu təsəvvürlərin gerçəkləşdiyi günü də həmin vaxtlar mən “Dirilişin, Zəfərin nişanəsi” adlandırmışdım. Mən elə o gündən Möhtəşəm Zəfərin nişanəsinin özündəydim, mən onun daxilində, o, isə mənim qəlbimin özəyində yuva qurmuşduq. O gün sanki mən Zəfər yolunda Zəfər gününü yenidən yaşadım. 9 sentyabr sanki məni 9 noyabra apardı, hansı ki “Zəfərin nişanəsi” adlı şeirimi mən həmin gün yazmışdım. Necə ki o gün də arzularım gerçəkləşmişdi, bu gün də gerçəkləşir və indən belə Uca Allahın köməyi ilə həmişə də gerçəkləşəcək. Vətən müharibəsində qazandığımız Zəfərdən bəri keçən hər gün sanki bizə Zəfər günüdür və hər yeni gün bizi yeni-yeni arzulara, zəfərlərə, yüksəlişə yaxınlaşdırır və onları gerçək edir.

 

Daşaltıdan keçdiyimiz zaman mənə elə gəldi ki, Daşaltının köksümüzü qabardan o uca zirvəsində Şəhidlərimiz dayanıb, hansı ki 30 il əvvəl bu dağlarda o igid qəhrəmanlar düşmənin və düşmən xislətlilərin hiyləgər, məkrli bir planı əsasında qurulmuş tələyə qurban getmişdilər və xəyanət nəticəsində bu dünyadan köçmüş, Şəhidlik zirvəsinə ucalmışdılar. Həmin o xəyanətdən, o faciədən sonra ötən 30 il idi ki, həmin qurbanların ruhları bu yerlərdə bizdən gileyli, küsgün gəzirdi, dolaşırdı, cövl edirdi, qisaslarının alınacağı günü gözləyirdi. İndi isə o ruhlar sanki dilə gəlirdi və azad Şuşanın azad Cıdır düzündən əsən Xarı bülbül ətirli küləklər onların dilindən bizə “xoş gəlmisiniz” deyirdi. Bu məni olduqca çox sevindirirdi, çünki havanın bir az tutqunluğunda belə xüsusi bir gözəllik var idi. Daşaltı yollarında avtobusumuzda Milli Qəhrəmanımız şəhid Riad Əhmədovdan da söz düşdü. Onun qəhrəmanlığından danışaraq onu bir daha yad etdik, qürurla andıq, ruhuna dua oxuduq, Onunla bərabər Daşaltı şəhidlərini və bütün Şəhidlərimizi qürurla andıq, onlara bir daha Allahdan rəhmət dilədik. Demək olar ki, bütün yol boyu biz qanları, canları bahasına bizə bu günü bəxş edən şəhidlərimizə həm dilimizdə və həm də qəlbimizdə, ürəyimizdə rəhmət oxuduq.

 

Bir insan sonunun ən ağır məhrumiyyət olan ölüm olduğunu bilə-bilə o yolda necə yeriyə bilər? Bilə-bilə ki, gerçəkləşdirdiyi arzunun meyvəsini özü yox, başqaları dərəcək, onda yenə də bu yolu son damla qanına qədər əzmlə necə davam etdirə bilər? Bəli, dünyaya göz açandan dünyadan köç edənədək bu amal üçün yaşayan insanlar var. Bunu ancaq fədai və Şəhid olmaq üçün doğulan insanlar edə bilər. Necə ki bizim vətən fədailərimiz, Şəhidlərimiz bunu etdi. Onlar bu dünyada gerçəkləşdirdiyi arzunun meyvəsini, gördükləri zəhmətin bəhrəsini dada bilmədilər, ancaq o biri dünyada bu səadətə qovuşdular, Zəhmətlərinin əvəzini əkib qanları ilə suladıqları ağacların dadlı meyvələrinin ətrini Cənnətin ən gözəl bucağında qoxladılar. Biz ayaq basdığımız bu Vətən torpağında, təkcə orada yox, olduğumuz hər bir yerdə Şəhidlərimizə, Qazilərimizə borcluyuq. Çünki bir Vətənin keşikçisi, fədaisi olmasa, elə bircə anda onu ətrafında pusquda dayanmış çaqqallar üzük qaşı kimi əhatəsinə alar və hərəsi bir tərəfdən çəngəlini batırıb sanki yemək bölürmüşcəsinə bölərlər. Lakin Vətən övladları bir olduğu zaman el məsəlində deyildiyi kimi dağı yerindən oynadar. Necə ki Şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçılarımız o gün ayağımı basdığım o müqəddəsləşmiş torpaqlarda bunu etdilər. 1918-ci ildə Ağdamı, Əsgəranı və Şuşanı andranikin mənfur quldur, qaniçən, cəllad dəstələrindən qurtaran türk-azərbaycan qardaşlığının orduları, o andan 102 il sonra — 2020-ci ildə bu dəfə türklərin mənəvi və siyasi dəstəyi ilə Şuşanı qanları və canları bahasına andranikin “nəvələrindən” xilas edən Şəhidlərimiz, Qazilərimiz uğrunda canlarından, canlarının bir hissəsindən keçdikləri bu yerləri müqəddəsləşdirdilər. Onlar Şuşanı bizim ovcumuzun içərisinə qoyub göz bəbəyi kimi qorumağımız üçün ovcumuzu da möhkəm-möhkəm sıxdılar ki, onu bir də əlimizdən buraxmayaq. Şuşa bizə onların əmanəti oldu və bu əmanəti biz qiyamət gününə qədər gözümüz kimi qorumalıyıq və qoruyacağıq. Bu, bizim müqəddəs borcumuzdur.

 

Şuşa şəhərinə, o müqəddəs məkana çatan zaman ilk dayandığımız yer şəhərimiz mənfur düşmənlərimizdən azad edildikdən sonra təntənəli surətdə istifadəyə verilən “Qoç Ət” restoranı oldu. Burada avtobusdakı yol yoldaşlarımızla birlikdə uzun-uzadı söhbət etdik, yol təəssüratlarımızı bölüşdük və uzun yolun, əgər demək düz olarsa, “yorğunluğunu” çıxardıq. Əslində mən yorulmamışdım, sadəcə xəyallar aləmindən reallığa qayıtmaq, fikrimi cəmləşdirmək istəyirdim. Şuşada bir dilim belə yavan çörək yeməyin, Natəvan bulağından bir udum su içməyin nə demək olduğunu sözlə ifadə etmək mümkünsüzdür. Bəzən elə anlar olur ki, o anları sözlə ifadə etmək olduqca çətinlik yaradır, həmin anı tam dərk etmək üçün o anı yaşamaq və yaşatmaq lazımdır. Hər bir insana belə anlar nəsib olur. Mən də həmin gün yaşadığım o gözəl anları, o xoş xatirələri ömrümün sonuna qədər qəlbimdə yaşayıb yaşadacağam.

 

“Qoç ət” restoranında olduğumuz zaman orada Şuşada keçirilən beynəlxalq tədbirə dəvət olunmuş özbək qardaşımız, şair Mansur Xocayev ilə görüşüb tanış oldum. Mansur qardaş özünü təqdim etdi və Azərbaycan ilə bağlı çox gözəl və mənalı xatirələrindən söhbət açdı. O dedi ki, uşaqlıq çağlarında onun atası tez-tez Azərbaycanla bağlı söhbətlər edər, azərbaycanlı müğənnilərin oxuduğu mahnıları, xüsusilə də, “Ay mənim Arzu qızım” və “Əmiqızı” mahnılarını tez-tez zümzümə edərmiş. Məhz həmin uşaqlıq xatirəsində qalmış musiqinin ona olan xoş təsirinə görə ailə qurduqdan sonra dünyaya gələn qızının adını sevə-sevə Arzu qoymuşdur. O, həmçinin qardaş Özbəkistan Respublikasında Azərbaycana göstərilən hörmət, qardaşlıq münasibəti və səmimiyyətdən də ağız dolusu danışdı. Biz Mansur qardaşımızdan onu da öyrəndik və fəxr etdik ki, özbək qardaşlarımızın əlindən Azərbaycan ədəbiyyatının klassiklərinin kitabları düşmür. Ən çox da dahi şair Nizami Gəncəvi sevilir, oxunur və öyrənilir .Türkdilli xalqlarımızın ədəbiyyatımıza, keçmişimizə bu səmimi, isti münasibəti məni olduqca fərəhləndirdi.

 

Həmin vaxt xalq şairimiz çox hörmətli Vahid Əziz də orada bizim masamızla qonşu masada əyləşmişdi. Vahid müəllim ilə görüşmək və söhbət etmək kimi böyük şərəf mənə məhz Şuşa şəhərində, azad Şuşada “Qoç ət” restoranında nəsib oldu. O, mənə bildirdi ki, məni sosial şəbəkələrdən izləyir və tanıyır. Bu, mənim üçün böyük xoşbəxtlik və fəxr idi. Vahid müəllim mənə yaradıcılıq işlərimdə uğurlar arzulayaraq bir böyük, ağsaqqal kimi nəsihətlərini və tövsiyələrini verdi. Əminəm ki, onun dəyərli nəsihətləri həmişə mənim yoluma işıq salan mayak olacaq. Sonda Vahid müəllim ilə xatirə fotoşəkli çəkdirərək restorandan çıxdıq və tədbirdə iştirak edəcək nümayəndələrlə birlikdə həyəcanla və sevinc hissi ilə piyada halda Şuşa küçələri ilə gəzə-gəzə Xan qızı Natəvanın 190 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün bir zamanlar onun yaşadığı evin yanına gəldik.

 

Tədbir iştirakçıları üçün ayrılmış avtobuslar cənab prezidentimizin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyinin yerləşdiyi binanın yanında yerləşən məşhur karvansaraya gəlib orada park edilmişdi. Tədbirin keçiriləcəyi yer olan Xurşidbanu Natəvanın evi çox yaxınlıqda idi. Mən qarşımda dikələn bu gözəl və möhtəşəm hökumət binasının qarşısında dayandım və bir müddət bu binanı seyr etdim. Onda bildim ki, qarşısında dayandığım həmin bina bir vaxtlar qondarma artsax adlanan terror dəstəsinin Şuşa şəhərində, tikməsə də, orada yerləşdiyi icra hakimiyyəti binası olub. Şanlı ordumuzun qəhrəman əsgərləri, Şuşa fatehləri bu binanı işğaldan azad edən zaman məhz bu binanın damında ilk olaraq üçrəngli bayrağımızı dalğalandırmış, bu binanın qarşısından müzəffər ordumuzun əsgərləri Şuşa şəhərinin işğaldan azad edilməsini Cənab Ali Baş Komandana məruzə etmişlər. Bunun fərqinə vardıqdan sonra fikrim məni Şuşanın azad olunduğu o müqəddəs günə — 8 noyabr 2020-ci ilə apardı. O gündən bu günə az vaxt keçsə də, çox şey dəyişib. Bu möhtəşəm dəyişmə bizim böyük qayıdışımızın simvoludur. Bu möhtəşəm dəyişmə güclü inkişafdan xəbər verir. Füzulidə, Zəngilanda, Laçında tikilən Hava Limanlarından, yeni hökumət binalarından, görkəmli şəxsiyyətlərin yenidən tikilən ev-muzeylərindən, türbələrindən, abidələrindən xəbər verir. Bunları fikirləşdikcə düşünürəm ki, Qarabağ və mədəniyyət paytaxtımız olan Şuşamız Ali Baş Komandanın gücü, fədakar zəhməti sayəsində ucaldıqca ucalır, inşəAllah daha da ucalacaq düz ulduza, Aya qədər... Eyni ilə Şuşada gözümüzün qabağında dalğalanan, dalğalandıqca bərq vuran, bərq vurduqca qəlbimizi fərəh hissi ilə titrədən ucalardan uca və müqəddəs üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı kimi...

 

Bu gözəl binanın qarşısından keçərkən onunla üzbəüz məşhur güllələnmiş heykəlləri də gördüm. Azərbaycanın, Qarabağın 3 dahisi, dünya şöhrətli övladları — Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün yaralı heykəlləri... 30 il boyunca bu torpaqlarda qan su yerinə axınca bu güllə yağışına tutulmuş yaralı heykəllərin yarasında qan qalmadı, qan dinmədi, dayanmadı, hey damcıladı... Qan axdıqca axdı, sanki bitib-tükənmək bilmirdi. Ancaq cənab Ali Baş Komandanımız Şuşaya səfər edərkən bu güllələnmiş heykəlləri Şuşa ilə qovuşdurduğu zaman 30 il dayanmadan sızan qan dayandı və qanı dayanan o yara sağalmağa başladı, o bölgəyə təzə ruh, təzə nəfəs və təzə həyat gətirdi. Heykəllər və ruhların yaraları sağaldı, ruhlar şad oldu, heykəllər yenə əvvəlki kimi öz layiq olduğu yerdə dimdik durdu möhtəşəm heykəl kimi... Ali Baş Komandanımız Qarabağda getdiyi hər yerə təzə nəfəs, təzə həyat verdiyi kimi bu yerlərə də, bu ruhlar məskənlərinə də həyatı qaytardı. Şuşada həyat canlanıb və bir gün elə canlanacaq ki, belə canlanma heç bir zaman Qarabağdan başqa bir yerdə müşahidə olunmayacaq. Qarabağda abad olmayan yer qalmayacaq.

 

Xurşidbanu Natəvanın büstünün önündə böyük şairənin 190 illik yubileyinə həsr etdiyim “Natəvan” şeirimi söylədikdən sonra digər iki dünya şöhrətlilərimiz — Üzeyir bəy Hacıbəylinin və Bülbülün büstünü ziyarət etdim, onların ruhuna dua oxudum və layiq olduqları yerə qayıtdıqları üçün onların büstlərinə gözaydınlığı da verdim. Sonra tədbirin keçirildiyi yerə — şairənin yaşadığı evin qarşısına gəldim, oturacaqların birində əyləşdim və tədbirin başlamasını gözlədim.

 

Tədbir başlamazdan əvvəl Mədəniyyət Nazirliyinin səlahiyyətli əməkdaşı Akif müəllimin vasitəsi ilə tədbirin təşkilatçısı olan Mədəniyyət nazirimiz cənab Anar Kərimovla görüşdüm. Öyrəndim ki, nazirimiz mənim tədbirə gəlib-gəlməyəcəyimlə bağlı hətta bir neçə dəfə əməkdaşlarından soruşubmuş. Anar müəllim mənimlə söhbətində səyahətimin, ziyarətimin necə keçdiyi ilə bağlı maraqlandı, suallar verdi və sonda dedi: “Görürsən, biz sənə Qəbələdə 21.07.2022-ci ildə görüşümüz zamanı söz vermişdik ki, Şuşada keçirilən tədbirlərə dəvət alacaqsan və bu sözümüzü yerinə yetirdik, yəni cənab Prezidentimizin dediyi kimi “Sözümüz imzamızdır!”. Bu söz öz-özlüyündə mənim üçün böyük hədiyyə idi. Cənab nazirdən bu sözləri eşitmək məni çox sevindirirdi. Təbii ki, cənab nazirin təqdirəlayiq işləri, layihələri və bu layihələrin icrası ilə bağlı çəkdiyi zəhmət, sərf etdiyi əmək göz önündədir. Lakin cənab nazirin mənə göstərdiyi bu diqqət hər zaman olduğu kimi bu dəfə də məni sevindirmişdi və indi də o fəxrin mənə verdiyi sevincin içərisindəyəm. Mən göstərdiyi qayğı və diqqətə görə cənab nazirimiz Anar Kərimova dərin minnətdarlığımı bildirdim. Ona Qəbələdə görüşümüzün təəssüratları ilə əlaqədar yazdığım və “Kredo” qəzetinin 10 avqust 2022-ci il tarixli 32-ci sayında dərc edilmiş “Mədəniyyət nazirimiz hörmətli Anar Kərimovun qəbulundan və onunla görüşümdən təəssüratlarım” adlı məqaləmi təqdim etdim. Sonda yenidən təşəkkürümü bildirərək tədbiri izləmək üçün yerimə qayıtdım. Mən bir Azərbaycan gənci, bir gənc şair, publisist, bir vətənsevər kimi cənab nazirimiz Anar Kərimovu bu məsul vəzifəyə layiq bildiyi üçün hörmətli cənab Prezidentimiz İlham Əliyevə öz adımdan və Azərbaycanın yaradıcı gəncləri adından dərin minnətdarlığımı bildirirəm.

 

Nəhayət ki, səbirsizliklə gözlədiyim anlardan biri də gəlib çatdı və tədbir başladı. Tədbiri giriş sözü ilə nazir Anar Kərimov açdı, tədbir iştirakçılarını və qonaqları azad Şuşadan salamladı. Cənab nazirimizin çıxışı çox böyük əhəmiyyət kəsb edirdi. Belə ki, o, çıxışında 190 illik yubileyi keçirilən Xurşidbanu Natəvanın şəxsiyyətindən, personasından söz açaraq onun “Məclisi-üns” adlanan yazıçılar birliyi haqqında da gözəl fikirlər bildirdi. Anar müəllimin çıxışının məzmununun bir hissəsi də ondan ibarət idi ki, Şuşanın azad olunması ilə birgə Şuşaya təzə həyat və nəfəs gəldi. Biz Şuşaya böyük qayıdışımızı elan etdik. Bu böyük qayıdış həm də mədəniyyət sahəsindədir. Biz Natəvanın “Məclisi-üns”ünü bərpa edərək həm də keçmiş ənənələrimizi bərpa edir, yaşadırıq. Həmin gün həm Natəvanın 190 illiyi təntənəli şəkildə qeyd edildi, həm də “Məclisi üns” İctimai Birliyinin əsası qoyuldu. Bu gözəl və tarixi hadisəyə şahidlik etdiyim üçün çox sevincliyəm və özümü xoşbəxtlərin xoşbəxti bilirəm. Şuşaya ilk səfərimin belə bir möhtəşəm tədbirin keçirildiyi tarixə təsadüf etməsinin və həmin tədbirə şahidlik etməyimin sevinci isə tam başqa idi.

 

Bu tədbir hər mənada çox gözəl keçdi. Tədbirdə bir çox mədəniyyət işçiləri, mədəniyyət sahəsində səlahiyyətli şəxslər və böyük aydınlar çıxış etdilər. Hörmətli millət vəkillərimiz — Rafael Hüseynovun və Qənirə xanım Paşayevanın çıxışı çox təqdirəlayiq idi. Azərbaycan ədəbiyyatının ulu çinarı, hörmətli ziyalımız, xalq yazıçısı Anar müəllimin çıxışı da Natəvan irsinə göstərilən hörmət və dəyərin bariz nümunəsi olan bu tədbir ilə bağlı idi. Tədbir zamanı Türk dünyasının qardaş ölkələrindən gəlmiş gənc şairlər də öz şeirlərini söylədilər. Qazaxıstandan olan gənc şair 1986-cı ildə qızıl ordu tərəfindən törədilən Jeltoksan qətliamı ilə bağlı yazdığı “86 Jeltoksan” şeirini söylədi. Özbəkistandan olan şairlərin çıxışları da çox diqqətəlayiq idi. Qırğızıstandan olan şairlər Derdibek bəy və Nurqız xanımın şeirləri də sevilərək dinlənildi. Tədbirdə ən çox bəyənilən şeirlərdən biri də qardaş Türkiyədən gəlmiş şair Atabəy Barışın Daşaltı əməliyyatı və şəhid Təbriz Xəlilbəyli haqqında yazdığı şeir idi. Şeir həm axıcılığına görə, həm deyilmə tərzinə görə və hər sahədən tədbir iştirakçılarının gurultulu, dayanmaq bilməyən alqışları ilə qarşılandı. Tədbir zamanı qardaş ölkələrdən gəlmiş şairlərlə görüşərək onlara öz kitabımı hədiyyə etdim. Onlar da mənə öz ədəbiyyatlarının nümayəndələrindən olan şairlərin kitablarını bağışladılar. Türk şair Atabəy qardaşımın səmimiyyəti, məni Ankarada olan evlərinə dəvət etməsi və istənilən zaman qəbul edəcəyini bildirməsi mənə çox xoş təsir bağışladı, öz növbəsində mən də onu qonaq kimi deyil, qardaş kimi öz evimizə dəvət etdim. Azad Şuşa və onun torpağı üstündə keçirilən bu tədbir mənə xoş xatirələr və səmimi yoldaşlıqlar qazandırdı.

 

Onu da qeyd edim ki, tədbirdən sonra tədbirin səhnəsində cənab nazirimiz Anar Kərimovla xatirə şəkli çəkdirdik. Tədbir üçün gəlmiş dəyərli millət vəkilimiz, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva mənimlə “MaşAllah, mənim balam böyüyüb” deyərək səmimi görüşdü, məni qucaqlayıb ana nəvazişi ilə köksünə sıxdı. Mən zəfərimizə, şəhidlərimizə həsr etdiyim “Möhtəşəm zəfərin nişanəsi” adlı kitabımı Qənirə xanıma hədiyyə etdim. O isə özünün Xurşidbanu Natəvana həsr etdiyi kitabını mənə bağışladı və biz onunla da birlikdə şəkil çəkdirdik. Qənirə xanımın da mənə olan isti münasibəti məni çox duyğulandırdı.

 

Tədbir bitdikdən sonra biz əvvəlcə “Xan qızı” bulağını ziyarət etdik. Bu bulağın önündə olmaq, bu bulaqdan su içmək, bu pak suyu əlinə alıb üzünə çəkmək Allahın yer üzündə bizə qismət etdiyi saysız-hesabsız xoşbəxtliklərdən biri idi. Bu bulaq Ali Baş Komandanımızın göstərişinə əsasən Şuşa azad edildikdən və Prezidentimizin göstərişinə əsasən o, Şuşanı ilk ziyarət etdikdən sonra bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılan abidələrimizdən ilki olmuşdur. Mən xoşbəxtliyi həmin gün o bulaqdan su içərək daddım. Bu suyun dadı ilə xoşbəxtliyin dadı eyni imiş, bunun fərqinə onda vardım...

 

Bu xoş anlardan sonra özümüzü növbəti ziyarət məkanına hazırladıq. Növbəti ziyarətimiz isə müqəddəs Şuşanın tarixi, əzəmətli və möhtəşəm məkanı olan Cıdır düzünə və böyük şair, mütəfəkkir Molla Pənah Vaqifin məqbərəsinə idi. Buraya yol nə qədər enişli-yoxuşlu, bir az uzaq məsafədə olsa da, yorucu olmadığından (orada nə qədər piyada gəzsən də, insan yorulmaq bilmir) ziyarətimizi yenə də öz istəyimizlə piyada olaraq davam etdirdik, çünki istəyirdik ki, bu yerdə hər daşa, hər torpaq zərrəsinə, hər əşyaya, hər şeyə toxunaq, təmasda olaq, onu hiss edək, özümüzü, əsl sahiblərini 30 illik fasilədən sonra buranın hər daşına, qayasına, torpaq zərrəsinə hiss etdirək. Bu isə mənə lap xoş gəlirdi, ələlxüsus da Şuşa küçələrində. Şuşa küçələri dediyim zaman sanki özümü nağıllar aləmində hiss edirəm. Küçələr deyil bunlar, sanki həyat yolu, həyat işığıdır. Göz işlədikcə sağda-solda görünən ağaclar, ağacların budaqlarından sallanan meyvələr adamın gözünə rahatlıq verir, könlünü xoş edir, elə bil hamısı bizə “xoş gəlmisiniz” deyib, bizi səmimi salamlayırdı. Bura küçədən çox göz xəstəliklərinə şəfa verən şəfa xəstəxanasına bənzəyir sanki. Buraları gördükdən sonra insanın gözünün ağrısı gedir, insanın gözünə həyat işığı gəlir. Təbii ki, yol boyu ürəyimizin ağrıdığı, göynədiyi, gözümüzün sanki qanadığı yerləri də gördük. Söhbət Şuşada bir zamanlar bu şəhərin rəmzi olan tikililərdən, daha doğrusu, ermənilərin emblemi olan indiki xarabalıqlardan gedir. Bu xarabalıqlar erməni vəhşiliyə məruz qalmış yarı yandırılmış, indi azadlığa çıxmış libası olan bir qadına bənzəyir. Lakin namusu ilk günkü kimi təmizdir və onu qoruyan övladları var. O övladlar ki, onun uğrunda hər an can verməyə, qan tökməyə hazırdırlar! O övladlar ki, yolunda şam kimi əriməyə hazırdırlar! Məhz buna görə bu Vətənin namusu təmiz, qeyrəti təmizdir. Bu Vətənin özü kimi təmiz övladları da var. Bu Vətən torpaqlarına ayaq basan hər kəsin can rahatlığı bu övladların sayəsindədir. Biz bu qeyrətli, namuslu övladlarla ömür boyu fəxr etməliyik və edəcəyik də! Necə ki bu Vətənlə fəxr edirik, eyni qayda ilə də onun bu cür qeyrətli, vətənpərvər cəngavərləri ilə qürur duymalıyıq, duyuruq və duyacağıq!

 

Elə bu fikirlərlə addımlayaraq yolumun növbəti hissəsinə çatdım və qarşımda ulu bir məqbərə dikəldi. Bu məqbərə öz böyüklüyü və ululuğu ilə mənim gözümdə öz ululuğunu bir daha beynimdə həkk elədi və beynimdə heykəlləşdi, bir daha ululaşdı mənim üçün. Çünki erməni vandalları onun metal konstruksiyalarını söküb satmaqla haram yolla çörəkpulu əldə etsələr də, o məqbərə-heykəl 30 il ərzində düşmənlərin önündə də yenilməz bir komandan kimi özünü qoruyub saxlamışdı. Özümü yuxuda hiss edirdim. İllər uzunu şəkillərdən gördüyüm, tarixi açılışını arxivlərdən qısa-qısa izlədiyim bu gözəl məqbərə mənə nəfəsdən də yaxın idi. İndi mənim arzumun çin olması o məqbərəni görmək, qapısını açmaqdan asılı idi. Qapı açıldı və içəri girdim. Məqbərənin başladığı yerə qədər oturacaqlar düzülmüşdü. Məqbərənin sağ tərəfində görünən o uca dağ sanki məqbərəni müşayiət edən, onu qoruyan başqa bir heykəl idi ya da sanki məqbərədə yatanın ruhu idi. Bir yanda böyük şair Vaqifin bədəni, bir yanda isə ruhu bərqərar olmuşdu sanki. Məqbərənin sağ tərəfində yerləşən məlumat paneli çox diqqətəlayiqdir. Paneldə böyük şairin məqbərəsinin tarixi və təntənəli açılışı ilə bağlı şəkillər, illər sonra Ali Baş Komandan cənab İlham Əliyevin məqbərəyə ailəsi ilə birgə səfər etməsi ilə əlaqədar foto şəkillər yer almışdır. Alt hissədə Molla Pənah Vaqifin məşhur məqbərəsinin ilk variantının — erməni mənfurları tərəfindən dağıdılmış variantının qalıqları eksponat kimi yerləşdirilmişdir. Bu panel Vaqifin kiçicik bir məqbərə-muzeyi idi sanki.

 

Məqbərənin içərisinə doğru gedən zaman yadıma düşdü ki, əlimdə Molla Pənah Vaqifə 2020-ci ildə Vətən müharibəsinin gedişi dövrü həsr etdiyim, “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımda yer almış “Yaşa, Vaqif!” adlı poemam var və mənim bura gəlişimin bir məqsədi də Ulu şairin məqbərəsi önündə həmin poemadan müəyyən parçaları səsləndirmək arzumu gerçəkləşdirməkdir. O an sehrdən ayıldım və Vaqifin məqbərəsi önündə böyük şairə həsr etdiyim “Yaşa, Vaqif!” adlı poemamdan parçaları söylədim.

 

Poemamdan parçaları məqbərə önündə böyük istək və zövqlə söylədikdən sonra bu arzumu yerinə yetirdim və məqbərənin içərisini ziyarət etməyə başladım. İçəridə böyük şairimizin əbədi uyuduğu yeri və onun bir qədər yuxarısında dikələn büstünü gördüm. Məqbərə içli-çöllü gözəlliyi, parlaqlığı ilə məni sehrləmişdi.

 

Məqbərəyə olan səfərimi başa çatdırdıqda bunları fikirləşirdim. Əslində, Vaqifin məqbərəsi həm də yaxın tariximiz cəhətdən tarixilik xüsusiyyəti daşıyır. Çünki bu məqbərə bizim Şuşaya olan böyük qayıdışımızın ilk və ən böyük, ən gözəl nümunələrindən biridir. Qısa zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə işğaldan əvvəlki vəziyyətinə qaytarılması ilə yanaşı çox böyük ustalıqla və dəqiqliklə tikilən bu məqbərə sanki Zəfər tariximizin yeni bir qoludur. Bu, öz-özlüyündə dünyaya bir mesajdır ki, biz öz torpağımıza gəlmişik və hərçənd ki, bu diyarda yıxılası bir yer qalmayıb, biz bura yıxmağa deyil, qurmağa gəlmişik!

 

Ulu şairimizin məqbərəsini ziyarətdən sonra oradan bir neçə addım uzaqlaşmışdıq ki, qarşımda bir ucalıq da dikəldi. Ucalığın, yüksəkliyin və ululuğun bütün tərifləri özünü burada sınayırdı. Bu yerlərdə bütün lüğətlər, bütün alimlər ucalığın tərifini verməkdə aciz olurlar. Çünki o saat onlar başa düşürlər ki, əsl ucalıq elə görünən bu müqəddəs yerdə də müqəddəs olan bu məkandır. Bu məkanın adı Cıdır düzüdür, hansı ki Azərbaycan əsgəri bu düzənliyin sonunda başlayan sıldırım qayalıqlardan qalxmaqla düşmənin ağlına gəlməyən yerlərdən keçib Şuşamızı düşmən əlindən xilas etmişdilər! Cıdır düzü nəyə görə bizim üçün bu qədər ucadır? Bu sualın cavabını Şəhidlərimiz 8 noyabr 2020-ci ildə verdikləri üçün mən bu suala cavab verməyəcəyəm. Bu ucalığın qarşısında o gün susduğum kimi susacağam. Amma istərdim ki, hər şeyi mən yox, Cıdır düzü özü danışsın. Onun dili olsun və danışsın. Danışsın ki, 30 il nələr çəkib? Danışsın, desin ki, gözünün qabağında həbsxana divarlarında nə qədər günahsız Vətən oğulları işgəncə görüblər? Danışsın ki, ilbəil bura turistlər gəlib “Bura məşhur erməni şəhəri Şuşinin Katarot düzüdür” deyən zaman içindən nələr keçirib? Od olub yanıbmı, su olub sellənibmi, külək olub tufan qoparıbmı, şimşək olub çaxıbmı? Erməni oğlu erməni paşik sərxoş halda orada yallı gedəndə o, hansı hissləri keçirib? “Hanı bu yurdun ərənləri” deyibmi? Bunları unudubmu ya hamısını sıxıb daxilindəmi saxlayıb? Danışsın ki, 30 ildən sonra ilk Azərbaycan əsgərini gördüyü zaman hansı hisslər keçirib? Danışsın ki, neçə igid dişi ilə, dırnağı ilə bu ucalığa çatmağa çalışdı? Neçə igid gözü qarşısında bu ucalığı fəth edərkən elə bir ucalığa çatdılar ki, Cıdır düzü onun ucalığına aşağıdan yüksəyə baxmalı oldu?! İstərdim ki, Cıdır düzünün dili olaydı və danışaydı. Onda Şəhidlərimizin yazdığı dastan qədər bir kitab alınardı. Bütün mətləblər aydın olardı. Ancaq mən hesab edirəm ki, Şuşada, Cıdır düzündə yazılan bu Şəhid dastanları sanki elə Şuşanın, Cıdır düzünün özünün qələmindən çıxıb. Şəhidlər torpağın altına köçən zaman Cıdır düzü bunları nəql edib və nəticədə Şəhidlər Cıdır düzünün özünün xeyir duası ilə dastanı yazıblar. Bu dastanı Cıdır düzünün özünün duası ilə silinməz bir izlə “Xuramanuçan”ın qayalarına əbədi olaraq qızıl hərflərlə həkk ediblər.

 

Cıdır düzü də həmin məkanda başqa bir əfsanədir, orada olan zaman sehrlənməmək olmur. Orada xəyallar səni uçurduqca uçurur. Nə qanadın var, nə təyyarən, ancaq bunların heç bir təfavütü yoxdur, elə hey göyün ənginliklərinə uçursan, başın üzərində də Cıdır düzünün qanadları... Cıdır düzü səni öz qanadları altına alır və sən də bu gözəl nağıllar diyarına, sehrlər aləminə baxıb, bu cür gözəlliklərə şahid olub sehrlənirsən. Özünü dünyanın ən gözəl yuxusunda hesab edirsən. Bu yerdə deyiblər: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur”. Qarabağ, Şuşa, Cıdır düzü... Bu müqəddəs məkanlar Azərbaycan adlı vətənimin içində ikinci vətənim, göz bəbəyimdir. Vətən adlı müqəddəsliyin içində yatan ikinci bir paklıq, ikinci bir müdriklik Qarabağda məskən salıb, orada yaşayır, gizlənir. Bu gizliliyi aşkar etmək üçün gərək mütləq bu yerləri görəsən. Bu sözlə ifadə oluna bilməyəcək anı yaşayasan, yuxu hesab elədiyin anı... Belə yuxunu da hər kəs görə bilmir, hər kəsə nəsib olmur. Bizə nəsib oldusa, əvvəlcə Allaha şükür, sonra isə Şəhidlərimizin ruhuna rəhmət, qazilərimizə can sağlığı, ordumuza Allahın duası, Prezidentimizə və təşəbbüskar nazirimiz cənab Anar Kərimova Allahdan can sağlığı nəsib olsun! İnşəAllah! Amin!

 

Şuşa azad olunandan bəri bunu da arzulamışdım ki, Cıdır düzünə səfər etmək nəsibim olsun və Şuşanın artıq başı dumansız olan dağlarında onun şəninə qoşduğum şeirləri hüzurunda deyə bilim. Allah bunu da mənə qismət etdi! Mən Cıdır düzündə, Şuşanın hüzurunda ona yazdığım “Ata, ruhun şad oldu!”, “Dəstur, Şuşada Bozqurd var!” və “Var ol, Azərbaycanım!” adlı şeirlərimi söyləyə bildim.

 

Son olaraq hər an ələ düşməyən bu səfərin sonuna gəldiyimizi biləndə təəssüf hissi keçirmədim. Adətən, pis anlar üçün, pis xatirələr üçün təəssüf hissi, heyfsilənmək hissi baş verir. Amma burada elə yaxşı anlar keçirdim, elə yaxşı xatirələrim oldu ki, Şuşa üzümdə bir gülümsəmə buraxaraq məni yola saldı. Mən həyatımda görüb görə biləcəyim ən gözəl rəsmi həmin gün gördüm, Böyük Qayıdışın rəsmini. Qürurla dikələn bir Cıdır düzü və onun əngin səmalarında onu ucaldıqca ucaldan və özü də ucalan bir Azərbaycan bayrağı...

 

Həmin gün mənim həyatımda çox gözəl izlər buraxdı. 9 sentyabr günü mənim arzularımın günü oldu. Həyatımda yaşayıb yaşaya biləcəyim, yaşada biləcəyim ən gözəl günlərdən biri oldu. Mənim üçün 9 sentyabr Şuşa ilinin Şuşa günü idi. Xatirələrlə əbədiləşən, ölümsüzləşən həmin gün ölənə qədər mənim qəlbimdə həmişə yaşayacaq... Biz bir də yaşamayacağıq, ancaq yazılarımız yaşayacaq. Bizdən sonra gələn nəsil yaşadığımız bu gözəl günü, bu əlçatmaz hissləri daha da ölümsüzləşdirəcək. Mən nə vaxtsa həyatda olmasam belə mənim üçün əbədi olan 9 sentyabr günü Şuşa qədər əbədi olacaq...

 

Bütün bunları indi yazıram və nöqtələyirəm. Bəlkə, bu müqəddəs məkana, bu nağıllar aləminə, sehrlər diyarına ikinci, üçüncü səfərlərim də olacaq və Şuşa haqqında bundan da geniş yazılarım olacaq. Bundan 20-30 il keçəcək və mən həmin gün, bəlkə də bir çox arzularıma çatmış olacağam. Ancaq illər sonra bu məqaləni oxuduğum zaman o xoş xatirələr yenidən yadıma gələcək. Həyatda ilklərin yeri həmişə ayrı olur. Mən bu ilk səfərimi, illərlə dilədiyim arzumun gerçəkləşməsini heç bir zaman unuda bilməyəcəyəm. Eyni zamanda bu səfərə rəvac verən böyük insanları da unuda bilmirəm və indi o böyük insanların adını təşəkkür məqsədi ilə çəkəcəyəm. Həm tədbiri, həm də arzumu gerçəkləşdirdiyinə görə Mədəniyyət nazirimiz cənab Anar Kərimova, Mədəniyyət Nazirliyinin bu sahədə əməyi, zəhməti olan bütün əməkdaşlarına bir daha dərin minnətdarlığımı bildirirəm.

 

Sonda onu bildirmək istəyirəm ki, Şuşa, sən azadsan! Və nə yaxşı ki sən azadsan, nə yaxşı ki dirçəlirsən! Prezidentimiz cənab İlham Əliyev dediyi kimi: “Şuşa biz səni dirçəldəcəyik!” Bəli, səni dirçəldəcəyik Xarı bülbülü şəhidlərimizin qanı ilə dirçəltdiyimiz kimi! Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Xalqı, Azərbaycan Ordusu, Ali Baş Komandanımız, Yaşasın xalqın birlik simvolu olan Dəmir Yumruq! Qarabağ Azərbaycandır!

 

 

 

Nəsib İsmayıloğlu
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...