Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar dünya mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu və DHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk”, “TRT Haber” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star”, “Vatan” və digər qəzetlər, ölkənin digər aparıcı media qurumları erməni vandalizminin daha bir nişanəsi olan, işğaldan azad edilən Azərbaycan torpaqlarında üzə çıxarılan növbəti insanlıq əleyhinə cinayətdən bəhs ediblər. Bildirilib ki, kütləvi məzarlıqda aşkar olunan skeletlərin 12 azərbaycanlı hərbçiyə aid olduğu ehtimal edilir. Türkiyə mətbuatı ermənilərin bu amansızlığını bəşəri cinayət kimi dəyərləndirib.
Türkiyə mediası yazır ki, məzarlıqda aşkar edilən geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Diqqətə çatdırılır ki, skeletlərin əksəriyyətinin kəllə sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladlar tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir.
Türkdilli ictimaiyyətə həmçinin məlumat verilib ki, Ermənistanın əsassız iddiaları nəticəsində başlayan Birinci Qarabağ savaşında dörd minə yaxın azərbaycanlı itkin düşüb.
Fransa KİV-ləri də Edillidə aşkarlanan kütləvi məzarlıq barədə məlumatları geniş işıqlandırıb. “Frans-Press” agentliyi, “20 Minutes”, “Le Progres”, “Durabull-products” və digər portallar Xocavəndin Edilli kəndində aşkarlanmış ikinci kütləvi məzarlıqla bağlı məqalələr dərc ediblər.
Yazılarda qeyd olunub ki, Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərin əvvəlinə aid yeni kütləvi məzarlıq aşkarlanıb. Diqqətə çatdırılıb ki, hələ bu ilin fevralında Edilli kəndində işgəncə verilmiş 25 şəxsin meyitlərinin olduğu kütləvi məzarlıq tapılıb. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4 000 azərbaycanlı haqqında hələ də məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina edir. İnformasiyalarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsində paylaşımına istinadla bildirilib: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb”.
Qətərin “Əl-Cəzirə” agentliyi də Qarabağda 1990-cı illərdə ermənilər tərəfindən işgəncə verilərək qətlə yetirilən azərbaycanlı hərbçilərin olduğu kütləvi məzarlıq barədə məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncələrə məruz qalaraq edam ediliblər. Ümumilikdə isə həmin müharibə zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur.
“Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq aşkarladığını deyir” - “Thesundaily” nəşri, “news7d.com”, “barrons.com”, “move-artistic.com”, “inversezone.com” portalları Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı informasiyaları məhz bu sərlövhə ilə təqdim ediblər. Yazılarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı “Twitter” hesabında edilən paylaşıma istinadla qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncə verilərək qətlə yetiriliblər. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlı hərbçi və mülki şəxsin taleyi barədə məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini bildirməkdən yayınır.
Moldovanın xəbər portalları da Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıb.
Bu ölkənin “Noi”, “Dosarmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə faktla bağlı Azərbaycanın Hərbi Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işinin açıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən edilib.
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan yeddi şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Həmin hadisələrin şahidi olmaqla 1993-cü il avqustun 28-dən 1994-cü il dekabrın 14-dək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
İspaniyanın EFE informasiya agentliyi, “SWI swissinfo.ch” xəbər və informasiya onlayn-xidmətinin ispandili versiyası (İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) beynəlxalq onlayn platforması, MSN xəbər portalı “Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlar – sağalmayan yara” sərlövhəli məqalələr dərc ediblər.
Məqalələrdə Azərbaycanın 2020-ci ildə işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində bu yaxınlarda üç kütləvi məzarlığın aşkar edilməsinin Qarabağda birinci müharibə zamanı itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi ilə bağlı uzunmüddətli prosesdə daha bir addım olduğu qeyd edilib.
Azərbaycanın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Tibbi məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova EFE-nin jurnalisti ilə söhbətində deyib ki, üç kütləvi məzarlıqda hərbçilərə aid olduğu ehtimal edilən 18 meyit qalığı aşkar edilib. İnformasiyalarda N.Hüseynovanın fikirlərinə istinadla qeyd olunur: “Ekspertizanın rəyindən sonra bu insanların taleyi ilə bağlı daha dəqiq təsəvvürümüz olacaq”. Həmçinin vurğulanır ki, bu ilin fevralında Edillidə mülki şəxslərə aid olduğu ehtimal edilən yeddi nəfərin qalıqları aşkarlanıb, onların identifikasiyası prosesi hələ başa çatmayıb.
İspandilli nəşrlər, eyni zamanda, yazırlar ki, Xocavənd rayonunun Edilli kəndi Vətən müharibəsində, demək olar, 30 ildən sonra erməni işğalından azad edilib.
EFE agentliyinin materialında diqqətə çatdırılır ki, Azərbaycan ilə Ermənistan arasında münaqişənin yekun həlli çərçivəsində, o cümlədən itkin düşmüş insanların taleyinin müəyyən edilməsi də daxil olmaqla, humanitar məsələlərin həlli mexanizmləri müəyyənləşdirilməlidir.
Qeyd olunur ki, əsir düşmüş, girov götürülmüş və itkin hesab edilmiş insanların siyahısına daxil olunan vətəndaşların axtarışı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə aparılır.
EFE agentliyinə müsahibəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev bildirib ki, itkin düşmüş insanların axtarışı Birinci Qarabağ müharibəsindən geri dönməyi bacaran azərbaycanlı hərbi əsirlər və girovların ifadələrinə əsaslanır və bu, çətin işdir.
“Şahid ifadələri və digər məlumat əsasında müəyyən olunub ki, Birinci Qarabağ müharibəsi zamanı əsirlər və girovlar ətraf ərazilərdən Edilliyə gətiriliblər. Burada yerləşən bölüşdürücü məntəqədən onlar daha sonra Qarabağın digər rayonlarına və Ermənistana göndəriliblər. Ermənilər şəhərdə qalan hərbi əsirləri yol təmirində işləməyə məcbur ediblər. Təmir işlərində isə azərbaycanlıların münaqişə zamanı dağıdılmış evlərinin daşlarından istifadə olunurdu”, - deyə N.Əfəndiyev qeyd edib.