Şuşanın tanınmış soylarından biri - QALABƏYOVLAR
Yaxud Xalça Muzeyində ŞUŞA ƏTRİ
Bu günlərdə Azərbaycan Milli Xalça Müzeyində mühüm ictimai-mədəni və tarixi əhəmiyyətə malik bir tədbir həyata keçirildi. Dəvət olunduğum həmin tədbirin təəssüratlarını qələmə alarkən, hər şeydən öncə, bu gözəl mədəniyyət ocağına gəldiyim ilk günü xatırlayıram. Beş il bundan əvvəl, 2017-ci ilin may ayında həmin məkanda keçirilən bir simpoziumda - “Türk dünyasının ortaq dili - naxışlar” mövzusunda təşkil edilən beynəlxalq simpoziumda iştirak etmiş, böyük türk oğlu, azərbaycanşünas alim-yazıçı Yusif Vəzir Çəmənzəminlinin xalı sənəti barədə tədqiqatlarından söz açmışdım. Simpozium çərçivəsində ölkəmizdən və xaricdən gələn elm və mədəniyyət xadimləri, alimlər, tədqiqatçılar, sənətkarlarla birgə muzeyin zəngin ekspozisiya zalındakı sənət nümunələrilə ilk dəfə o vaxt tanış olmuşdum. Doğma Qarabağın, Şuşanın sənətkarlıq nümunələrini, xalçalarını ürək ağrısı, Qarabağ həsrəti ilə seyr etmişdim o zaman... Nənələrin, anaların, qız-gəlinlərin toxuduğu ilmələrin rənglərindən “süzülən” göz yaşlarını görmüş, dil açıb haray çəkən naxışların naləsini, “oxuduğu” Qarabağ şikəstəsini dinləmişdim sanki... Simpoziumda haqqında söz açdığım, Azərbaycanı “Şərq xalıçılığının beşiyi” adlandıran, Şuşanın tanınmış ziyalılarından biri Yusif Vəzirin - Yusif bəy Vəzirovun o vaxt hələ yad əllərdə, yağı tapdağında olan doğma vətəninin, Qarabağın sənət incilərini beləcə ürək yanğısıyla seyr etmişdim beş il bundan öncə...
İndi - beş il sonra yenidən bu möhtəşəm məkanda –Xalça muzeyindəydim. Və yenə də Şuşa ilə əlaqədardı gəlişimiz. Şənbə günü, 8 oktyabrda Şuşanın tanınmış soylarından olan Qalabəyovlar barədə mühazirəni dinləməyə gəlmişdik. Muzeyin direktoru sənətşünas alim Şirin Məlikova qonaqları, tədbir iştirakçılarını salamladıqdan sonra bir gün öncə “Humay” Milli Mükafatına layiq görüldüklərini və bununçün ikiqat sevincli olduqlarını bildirərək sevincini bizimlə bölüşdü. Qeyd edim ki, sevinməkdə, öyünməkdə çox haqlıdırlar. Azərbaycan Milli Xalça Muzeyi bu yüksək mükafata zəngin, genişmiqyaslı fəaliyyəti, uğurları, ölkəmizin mədəni həyatında oynadığı önəmli rolu nəzərə alınaraq layiq görülüb. Milli mədəni irsimizi qoruyub saxlayan, beynəlxalq aləmdə nüfuzunu ilbəil artıran muzey ölkəmizdə və xaricdə çoxsaylı sərgilər, tədbirlər təşkil edir, həmçinin elmi müzakirələr, beynəlxalq konfranslar, simpoziumlar keçirir. Muzeyin Şuşa filialının “Şuşanın tanınmış soyları” adlı yeni layihəsi çərçivəsində keçirdiyi Qarabağın məşhur Qalabəyovlar soyuna həsr olunmuş mühazirə də məhz bu uğurlu fəaliyyətin davamıdır. İllərdir ki, xalqımızın milli-mədəni irsi olan əsrarəngiz Qarabağ xalçalarını təbliğ etməklə yanaşı, erməni vandalizminə məruz qalmış ərazilərimizin etnoqrafiyasını, tarixi abidələrini, məşhur şəxsiyyətlərini də geniş miqyasda tanıtmağa çalışan Azərbaycan Milli Xalça Muzeyinin “Şuşa ili” çərçivəsində başladığı bu yeni layihə təqdirəlayiqdir. Şuşanın - xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin tanınmış soyları, nəsilləri, onların tarixdəki rolu barədə faktların, dəyərli məlumatların ictimaiyyətə çatdırılması bu baxımdan olduqca əhəmiyyətlidir.
Bu tədbirdə Qalabəyovlar soyunun nümayəndəsi hörmətli ziyalımız Urxun Qalabəylinin dəvətilə iştirak edirdim. Qeyd edim ki, bu böyük nəslin nümayəndəsi olmaqla bərabər Urxun müəllim həm də qiymətli bir insanın, ədəbiyyat və mədəniyyət tariximizdə müstəsna xidmətləri ilə şərəfli iz qoyan görkəmli şəxsiyyətlərimizdən biri olan Salman Mümtazın nəvəsidir. Tədbirdə Qalabəyovlar soyuna aid tarixi materiallar əsasında hazırlanmış video-çarx nümayiş olundu. Urxun bəyin Şuşanın tanınmış soylarından biri olan Qalabəyovlar barədə mühazirədə öz soy-kökləri, ailə böyükləri, ata-babaları, nəsilləri haqda verdiyi tarixi məlumatlar, nümayiş etdirilən fotoşəkillər barədə söylədiyi xatirələr olduqca qiymətli idi. Tədbirdə mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin də çıxışı maraqla qarşılandı. Qeyd edim ki, elm və mədəniyyət tariximizə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dair çoxsaylı qiymətli əsərlərin müəllifi olan Ədalət müəllim, Qalabəyovları uzun illərdir tanıyan, Salman Mümtazın ailəsinə, qızı Şəhla xanıma mənəvi övlad məhəbbəti ilə bağlı bir ziyalı kimi bu soy barədə də dəyərli bilgilərə malikdir. Məhz buna görə mühazirə iştirakçılarını maraqlandıran sualları da Urxun Qalabəyli ilə bərabər cavablandırdılar.
Mühazirədən sonra tədbir iştirakçıları üçün muzeydə “Qarabağ xalçaları” mövzusunda ekskursiya keçirildi. Buradakı sənət nümunələrinin böyük əksəriyyəti ilə ilk dəfə beş il əvvəl beynəlxalq simpoziumun iştirakçıları ilə birgə tanış olmuşdum. Amma bu dəfə təəssüratım çox fərqliydi... Bu dəfəki gəlişimdə Qarabağ xalçalarına – nənələrimizin, qız-gəlinlərin toxuduğu bu əsrarəngiz sənət incilərinə baxdıqca şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, mübarək qanı bahasına Şuşa qalasına sancılmış üçrəngli bayrağımızın rənglərini görür, Cıdır düzündə ötüşən Qarabağ bülbüllərinin zənguləsini eşidirdim sanki... Bu əsrarəngiz sənət ocağında azad olmuş vətən torpağının qoxusu, xarıbülbülün ətri də duyulurdu hətta... Bu Şuşanın ətri idi!.. Qırx il əvvəl gördüyüm Şuşanın... Sanki bu gün ətrindən, qoxusundan, rənglərindən, səsindən pay ayırıb bir zər tikməli boxçada nağıllardakı kimi uçan xalçayla sovqat göndərmişdi bizə... Axı, bu gün onun – Şuşanın vaxtilə Qala açarlarının etibar edildiyi bir soyun – Qalabəyovların günü idi...
“Şuşa ili”ndə, şuşalıların, Qalabəylilərin günündə yaşadığım əsrarəngiz təəssüratlar üçün Şuşanın fatehlərinə və tədbirin təşkilatçılarına - Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovaya, Şuşa filialının rəhbəri Azər Abdullayevə, xüsusilə, məni mühazirəyə dəvət edən Urxun Qalabəyliyə bir daha təşəkkür edirəm.
Şəlalə Ana Hümmətli
/Filologiya üzrə fəlsəfə doktoru, dosent/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"