“O, “müsəlmana etibar etmək olmaz” şüarını rədd etdi...”

09:57 14-10-2022 | icon 1428 | Tarix
“O, “müsəlmana etibar etmək olmaz” şüarını rədd etdi...”

 Fəzail İbrahimli: "Ulu öndərin izi hər yerdə görünür"

 

 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezidentin sərəncamına əsasən “2023-cü il Heydər Əliyev ili” elan edilib. Məhz ulu öndərin  100 yaşını qeyd edəcəyimiz bu ilin ulu öndərin adı ilə bağlanmasının hansı siyasi, tarixi, milli-mənəvi əhəmiyyətə malik olması hər zaman təhlil edilir və onun izi ilə gedilir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli tarixi faktlara istinadla çox mühüm məqamlara toxunub.

 

- Fəzail müəlllim, 2023-cü ilin ulu öndər Heydər Əliyevin adı ilə bağlanması “Heydər Əliyev ili” olması hansı tarixi  əhəmiyyəti özündə əkz etdirir?

 

- Cənab Prezidentin təklifi ilə 2023-cü ilin Ulu Öndərin şərəfinə elan olunması tamamilə qanunauyğundur. Tariximizə, dünənimizə, bu günümüzə və gələcəyimizə olan bir münasibətdir.  Ulu öndər 1923-cü ildə dünyaya gəlib. Amma onun həyat səlnaməsi iki tarixi dövrə bölünür: Sovet dövründə Heydər Əliyev və Müstəqil Azərbaycan dövründə Heydər Əliyev. Heydər Əliyev dünyaya gələndə - 1923-cü ildə Azərbaycanın tarixi üçün ən böyük faciəvi dövr başlamışdı. “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması məhz  1923-cü ildə baş vermişdi.  Sanki Azərbaycanın Qarabağla bağlı olan keçmişi Heydər Əliyevin doğulduğu bir ilə təsadüf edirdi və o ömrünün sonuna qədər o problemin həlli uğrunda vuruşdu, ancaq həyat ona bu problemi həll etməyi nəsib etmədi.

 

- Sovet dönəmində Heydər Əliyevin fəaliyyəti üçün səciyəvi cəhət nədən ibarət idi?

 

- Məlumdur ki, 1920-ci il aprelin 27-də baş verən sovet bolşevik işğalından təxminən 2 ay sonra Azərbaycan Kommunist Partiyasının II qurultayı çağrıldı və qurultayda bolşeviklərin əsl simasını ifadə edən bir fikir səsləndi: azərbaycanlı - müsəlman yaxşı bolşevik ola bilər, ancaq ona etibar etmək olmaz,  çünki onun içərisində müsavatçılıq və müsəlmançılıq var. Bu siyasi xətt sovet hökuməti dağılana qədər davam etdi.  Bu xətt Heydər Əliyevin də taleyində öz izini buraxdı.

Burda bəzi məqamlara diqqət çəkək: “Müsəlmana etibar etmək olmaz” -siyasi xətti məhz tarixi şəxsiyyət Nəriman Nərimanovun zəhərlənməsinə gətirib çıxartmışdı. Əsrin 2-ci yarısında Mircəfər Bağırov güllələndi. Bu təkcə Mircəfər Bağırov dövrünün 37-ci il hadisələri ilə bağlı deyildi, əslində həmin o siyasi xətt davam etdirilirdi. Hətta Partiyanın VI qurultayında bəyan elədilər ki, Azərbaycanda azərbaycanlılardan ibarət millətçi qrup var. Həmin o “millətçi qrup” adı altında Azərbaycanda nə qədər ziyalı var idi, yerlə yeksan etdilər. Amma Heydər Əliyev bu bolşevik siyasi xəttini özünün şəxsi xarakteri,  siyasəti, diplomatiyası, zəkasının qüdrəti ilə sındıra bildi. Söhbət ondan gedir ki, Heydər Əliyev 1967-cü ildə, ilk dəfə olaraq Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçildi. O, Azərbaycanın tarixində ilk insan idi ki, ona etibar edildi.  Sovet bolşevizminin siyasi xətti belə idi ki, müsəlmana etibar etmək olmaz. Amma Heydər Əliyevin şəxsi nüfuzu, zəkası o qədər qüdrətli idi ki, ona etibar edildi. Çünki xalqın taleyi məhz Dövlət Təhlükəszilik Komitəsinin divarları içərisində həll olunur, orda həll olunan məsələlər Kommunist Partiyasına ötürülürdü. Kommunist Partiyası ancaq siyasi qərarlar verirdi. 

Heydər Əliyev “müsəlmana etibar etmək olmaz” şüarını rədd etdi, o sipəri qırdı və ilk dəfə olaraq  millətinin taleyini öz imzası ilə  həll etmək imkanına malik oldu. Bu hadisə nə qədər insanın taleyinə təsir göstərdi.  1969-cu ildə isə Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilməklə  demək olar ki, Azərbaycan artıq keçmiş ittifaq respublikaları içərisində əsas yerlərdən birini tutdu. Azərbaycan, o vaxta qədər adının düzgün deyilmədiyi bir məmləkətdən İttifaq miqyasında öndə gedən bir məmləkətə çevrildi. Bu da ulu öndərin ikinci əsas addımlarından biri idi.

Baxaq görək, Heydər Əliyevin üçüncü addımı nə oldu;

...Stalinin ölümündən sonra Siyasi Büroda qeyri-leqal bir qərar qəbul edilmişdi. Qafqaz, türk mənşəli insanları Siyasi Büroya gətirmək olmazdı; Beriya güllələnir, Stalin “antisovet” çıxarılır... Bundan sonra Siyasi büroda ancaq slavyan mənşəli şəxlər yerləşdirilirdi. Lakin Heydər Əliyev Siyasi Büroya üzv seçilməklə bu siyasi xətti də darmadağın etdi.  Heydər Əliyev təkcə siyasi büronun üzvü deyildi, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Yəni hökumətdə 2-ci adam idi. O dövrdə Heydər Əliyevin adı ilk beşlikdə çəkilirdi. Burdan o nəticəni çıxartmaq olar ki, işğal olunan, əyalət kimi baxılan, millətinə müsəlman və türk parçası kimi yanaşılan bir məmləkətin nümayəndəsi böyük bir imperiyanın idarəçiliyinə gedib çıxa bildi. Bununla da idarə olunan milləti, idarə edən millət statusuna qədər qaldıra bildi. Bax Heydər Əliyevin böyüklüyü bu idi.  Bu sovet dövrü mərhələsində idi. Və o bu siyasi xətti sonda sağlıq durumu ağırlaşana qədər gətirib çıxarda bildi. Ancaq həyat davam etdi və ulu öndər qüdrətli cəngavər, bir insan kimi heç nəyin qarşısında əyilmədi...

 

- Ulu öndərin, qeyd etdiyiniz kimi SSRİ-nin tərkibində olduğumuz dövrdə Azərbaycanımızın inkişafı naminə gördüyü işlər və müstəqillik dövründə apardığı dövlətçilik siyasəti bu günümüz  üçün hansı bazanı yaratdı?

 

- 90-cı illəri ulu öndərin Azərbaycan dövləti, xalqı qarşısında gördüyü böyük işlərin ikinci dövrü hesab etmək olar... Azərbaycanı zaman 2 dəfə böyük imtahana çəkmişdi: əsrin əvvəllərində və sonunda. Əsrin əvvəllərində zaman məsələni belə qoymuşdu: ya ayağa dur, dövlətinə sahib ol, dünya dövlətləri sırasında dayan və bütün dünyaya bəyan et ki, “Mənim dövlətçilik tarixim var, mən dövlətimiz qurmalıyam!..”

Bu cumhuriyyət liderlərinin fəaliyyət göstərdiyi dövr idi. Birinci dünya müharibəsi qurtarıb, rus imperiyası dağılıb, zaman çox münbit bir şərait yaratmışdı. Məhz bu həqiqəti dərk edən, bu tarixi missiyanı üzərinə götürən, Avropanın qabaqcıl düşüncələrinə sahib olan, rus təhsilinə yiyələnın Zaqafqaziya Seyiminin Azərbaycan nümayəndə heyətinin üzvləri – 44 kişi bu ağırlığı öz üzərinə götürdü və Tiflisdə Azərbaycan adında bir məmləkət elan edib, onu 23 ay yaşatdı. Paytaxt yarandı, sərhədlər müəyyən olundu. Ancaq deyir, “zalımın başı qarışanda , məzlum bildiyini edər”...

Sovet rejimi aprel işğalında Azərbaycan Xalq Cumhuriyyətinə son qoydu və bu tarixi missiya bolşeviklərin əlinə keçdi.

...91-ci ildə Azərbaycan yenə müstəqilliyini qazandı. Yenə o qara buludlar Azərbaycanın üstünə çökdü.  Azərbaycanın bölünmsi, parçalanması, vətəndaş müharibəsi artıq reallaşmaq ərəfəsində olanda bu dəfə Cumhuriyyət liderlərinin hamısının birgə gördüyü işi, tarixi missiyanı Heydər Əliyev öz çiyninə götürdü, yenidən Azərbaycana rəhbərliyə qayıtdı və Azərbaycan yenidən özünün müstəqillik tarixini yaşamağa başladı. Təkcə 1994-cü ildə “Əsrin Müqaviləsi”ni bağlamaqla, o gələcək Azərbaycanın taleyinə qızıl bir imza atdı. Ulu öndər dünyasını dəyişdikdən sonra onun yolunu layiqli davamçısı İlham Əliyev  davam etdirdi. Ulu öndər öz vəsiyyətində yazır ki, mən İlham Əlyevə özüm kimi inanıram, özüm edə bilmədiyim işləri, o həll edəcək. İlham Əliyev prezidentliyi dövründə  Azərbaycan dünyaya yeni bir simada daxil oldu, Qafqazda güclü dövlətə çevrildi, hərbi gücünü artırdı və ulu öndərin niskillə dünyadan getdiyi, həll edə bilmədiyi Qarabağ probleminin həlllinə nail oldu. Onun Şuşanın işğaldan azad olunduğu dövrdə elan etdiyi “atamın vəsiyyətini yerinə yetirdim” sözləri böyük məna kəsb edirdi. Bu tarixi missiyanı təkcə ata vəsiyyətinin yerinə yetirilməsi ilə məhdudlaşdırmaq olmaz. Bu Azərbaycan xalqının kimliyini özünə qaytardı. 200 illik əzilən, lakin tabe olmayan bir millətin tarixdə ermənilrə qarşı ilk qələbəsi idi. Bu qələbəni reallaşdıran cənab Prezident oldu. Bu gün ulu öndərin ruhu şaddır. Azərbaycan müstəqildir, güclüdür, Və onun övladı İlham Əliyev bu bayrağı əlində qaldıraraq bütün xalqı öz ardınca uğurla aparır. Allah ulu öndərə qəni-qəni rəhmət eləsin...

 

-Fəzail müəlllim, siz Heydər Əliyevin zəngin həyat yoluna qısa nəzər saldınız. Siz geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini düşündürən məsələləri uğurla həll etdiyini qeyd etdiniz. Ulu öndərin adı ilə yazılan tariximiz, bu gün bizə gələcək məqsədlərə çatmağımız üçün hansı imkanları açır və necə öyrənilir?

 

- Cənab Prezident dəfələrlə bəyan edib ki, biz ulu öndərin qoyduğu ideyalar əsasında gedirik. Müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın bugünükü durumu Ulu öndərin o ideyalarına söykənərək həyata keçib. Ulu öndər kifayət qədər öyrənilib. Ulu öndərin izi hər yerdə görünür. Əslində onun irsinin öyrənilməsindən çox, onun izlərinin hər bir yerdə görünməsi Azərbaycan xalqı üçün çox dəyərləndirilən məqamlardandır. Amma güman edirəm ki, xüsusi proqram hazırlanacaq, tədbirlər həyata keçiriləcək və ulu öndərlə bağlı üzə çıxmayan məqamlar bundan sonra da üzə çıxarılacaqdır. Və Azərbaycan xalqı “Heydər Əliyev ili”ni özünün ömür səlnaməsinə yazacaq. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Bu universitetə rektor TƏYİN EDİLDİ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Qarabag müharibəsi əlili haqqını tələb etdi və...

Məhşur restoranda kütləvi DAVA

Samir Bağırovun içinə şeytan girirmiş