“Diplomatik personala hücum beynəlxalq cinayət hesab olunur”
Əlövsət Allahverdiyev: “Dünyanın gözü qarşısında məsuliyyətə cəlb olunmasalar, deməli...”
“Bu cür terror aktları ermənilər tərəfindən ilk dəfə deyil törədili. Dünyada fəaliyyət göstərən erməni terror təşkilatları ki, var, o təşkilatların bir qismi xüsusilə türk diplomatlarının öldürülməsinə istiqamətlənmiş təşkilatlardır. Bu günkü gündə, yəni beynəlxalq hüququn normalarının artıq qəbul olunduğu bir zamanda bu əməlin törədilməsi, diplomatik nümayəndəliklərin binalarına hücum, diplomatik personala hücum yolverilməzdir və birmənalı şəkildə beynəlxalq cinayət hesab olunur”.
Versus.az xəbər verir ki, bunu açıqlamasında beynəlxalq məsələlər üzrə hüquqşünas Əlövsət Allahverdiyev bildirib.
Hüquqşünas qeyd edib ki, diplomatik personal əməkdaşının öldürülməsi, ona hərhansı bir fiziki xəsarətin yetirilməsi, ölüm təhdidi ilə üz-üzə olması adi bir cinayət kimi qəbul oluna bilməz. Bu, dövlətlər arasında münasibətlərin pozulmasına gətirib çıxara bilən bir haldır:
“Diplomatik Agentlər əleyhinə 1973-cü il konvensiyası var. O Konvensiyaya müvafiq olaraq diplomatik personal qorunur. Yəni diplomatik xidmət əməkdaşları qorunur və onlara qarşı törədilən hərhansı bir əməl beynəlxalq cinayət kimi xarakterizə olunur. Ümumilikdə götürəndə, diplomatik xidmət əməkdaşlarının qorunması ilə bağlı, onlar arasındakı münasibətləri tənzimləyən Beynəlxalq Konvensiyalar var ki, onlardan biri 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası, ikinci Konsulluq münasibətlər haqqında 63-cü il Konvensiyası, üçüncü Missiyalar haqqında 69-cu il konvensiyası, dördüncü Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 73-cü il konvensiyası və nəhayət dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərin nümayəndələri haqqında 75-ci il konvensiyası. Bu sadaladığım beş növ konvensiya ki var, bunların hər biri diplomatik nümayəndəliyin binasından tutmuş personalına qədər mühafizə olunmanı özündə əks etdirir. Məsələn, bir aspektə diqqət yetirək, orda konkret olaraq göstərilir: Diplomatik əlaqələr haqqında Vyana Konvesiyasının 22-ci maddəsində göstərilir ki, nümayəndəlik binası toxunulmazdır. Yəni ABŞ-da yerləşən Azərbaycan nümayndəliyinin binası toxunulmazdır. Yerləşmə dövlətinin hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu binalara daxil ola bilməz. Təbii ki, həmin nümayəndəliyin bütün personalı, eyni zamanda nümayəndəliyin ərazisi Azərbaycan Respublikasının qanunları ilə idarə olunur. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və şərəfin təhqir olunmasının qarşısının alınması üçün lazımi tədbirlər görmək yerləşdiyi dövlətin xüsusi vəzifəsidir. Yəni ABŞ birmənalı şəkildə nümayəndəlik personalını, ümumiyyətlə nümayəndəliyə zərər vurulması və digər bu kimi məsələlərlə bağlı cavabdehdir. Ümumilikdə götürəndə nümayəndəliyin binaları, avadanlıqlar, binadakı əmlak, nəqliyyat vasitəsində axtarış və digər məsələlər yenə də toxunulmazdır, heç kəs ona hansısa formada müdaxilə edə bilməz. Bax bu görünən məsələlər birbaça diplomatik nümayəndəliyin və personalın mühafizəsini təmin edir. Söhbət ondan gedir ki, bütün bunlarla bərabər həm Azərbaycan, həm ABŞ, həm də Ermənistan qeyd etdiyim beynəlxalq müdafiə olunan şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 73-cü il konvensasiyasına qoşulub. Ermənistan 94-cü ildə qoşulub, ABŞ 76-cı ildə qoşulub, Azərbaycan isə 2001-ci ildə qoşulub. Hər üç dövlət bu konvensiyaya qoşulduğuna görə, birmənalı şəkildə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir və diplomatik nümayəndəlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasına və beynəlxalq cinayətlərdən qorunmasına yardım etməlidir. Bu gün Amerikada Azərbaycan diplomatik nümayəndə başçısının silahlı hücuma məruz qalması birmənalı şəkildə beynəlxalq cinayətdir. Bu, araşdırılmalı və hadisəni törədən şəxslər dünyanın gözü qarşısında məsuliyyətə cəlb olunmalıdır. Olmadığı təqdirdə bu onu göstərir ki, bu konvensiyaların heç bir əhəmiyyəti yoxdur”. /hafta.az/
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"