"Artıq İran qırmızı xətti keçib"
Turan İrfan: “İran Qarabağın işğal olunmasına dəstək verib”
“Mövcud vəziyyət Azərbaycan daxilində İran şəbəkəsinin təmizlənməsini labüd edir”.
Versus.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan bu günlər Azərbaycanda İran agenturasının “təmizlənməsinə” başlanılması ilə bağlı məsələlərə dair açıqlamasında bildirib.
T.İrfan ilk növbədə İranın hazırki rejiminin yaranma səbəbinə diqqət çəkərək məsələyə yanaşıb. Onun fikrincə, indiki İran heç də xalqın özünün rəyinə əsaslanmayıb. İnqilabdan əvvəlki və sonrakı proseslər təsdiq edir ki, İran rejiminin yaranmasında Amerikanın, sovet imperiyasının, xüsusilə də Fransanın böyük maraqları olub. Bu rejim həmin dövlətlərin ideoloji maraqlarının təmin olunmasında böyük rol oynayıb:
“Çünki həmin dövrdə bir neçə sünni islam dövləti vardı, amma Şiə bölümünün bir dövləti yox idi. Bu məzhəbləri üz-üzə qoymaqdan ötrü, yəni islam aləminin vahid qütbdən mayalanmaması üçün bu İran rejimini qurdular. Hazırki proseslər də onu göstərir ki, indiki İran rejiminin mübarizəsi islam aləminə qarşıdır. İslam aləmində 80 faiz müsəlmanların böyük əksəriyyətini və türk millətlərinin Azərbaycan və İrandan başqa 90 faizi əhli-sünnətə aiddir. Yəni İranın burda qurulma səbəbi həm türk aləmini birləşməyə qoymamaqdır, həm də ki, islam həmrəyliyinə mane olmaqdır. Ona görə də İran istənilən müsəlman ölkəsinin maraqlarına qarşı çıxır və çıxacaqdır. Son dövrlərdə Fransa rəsmisi Makronun Azərbaycanın əleyhinə mövqeyi ilə İranın Xarici İşlər Nazirliyinin və digər hakimiyyət dairələrinin üzvlərinin fikirləri üst-üstə düşdü. Bu heç də təsadüf deyildi. Yəni İranın İsraillə, Amerika ilə zahiri düşmənçiliyi formal xarakter daşıyır. Onlar ciddi mahiyyət daşımır, gözdən pərdə asmaqdan ötrüdür. Amma əsas ideoloji müstəvidə Qərbin, Amerikanın maraqları ilə, İranın maraqları tamamilə üst-üstə düşür. O baxımdan da İranın bu gün Ermənistanın yanında dayanması təbiidir. Yəni, biz sadəlövhcəsinə İranın müsəlman dövləti olmasına inanıb və bir müsəlman kimi ondan dəstək gözləyə bilmərik. İran tək Qarabağ məsələsində yox, Kəşimir məsələsində Hindistanın yanında olublar, uyğur türklərinin soyqırımı məsələsində Çinin yanında olublar. Yəməndə zeydi mənsəbinə tabe olan Yəmən xalqına qarşı da qırğınlar törədir. Eyni zamanda Qarabağda, Azərbaycanın digər işğal altında olan ərazilərində ermənilərin Məscidlərin, tarixi abidələrin dağıdılmasına göz yumması özünü onda göstərir ki, onlar heç də islam nöqteyi-nəzərindən çıxış etmirlər”.
T.İrfan bildirib ki, Azərbaycan daxilində də İranın uzun müddətdən bəridir din pərdəsi altında kök salmış cəsus şəbəkəsi vardı:
“Müstəqillik illərimizin ilk vaxtlarından başlayaraq İran başqa ölkələrdə olduğu kimi din pərdəsi adı altında öz adamlarını burda da yerləşdirib. Bu tək Azərbaycanda deyil, başqa dövlətlərdə onların adamları də var. Əsasən də bizim başqa ölkələrdə yaşayan həmvətənlilərimizin arasında da İran ideologiyası geniş yayılıb. İrançılıq, farsçılıq, şiyəlik pərdəsi altında radikal siyasi cərəyan yayılıb. Məsələn, Gürcüstanın Borçalı ərazisində yaşayan soydaşlarımız arasında bu proseslər gedir. Rusiyada azərbaycanlılar yaşayan yerlərdə İran təbliğatçıları, fədailərinin əli ilə azərbaycanlıları təsir altına salıblar. Bununla bağlı da dövlətimiz işlər aparmalıdır. Tək Azərbaycanda İran şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı deyil, bizim başqa ölkələrdə yaşayan soydaşlarımızla bağlı işlər görülməlidir. Azərbaycanın İranın ölkəmiz daxilindəki cəsusları zərərsizləşdirməsi ilə bağlı əməliyyatlara başlaması təbiidir. Çünki son vaxtlar İran Azərbaycana qarşı çox təhdid, hədə dili ilə danışır. İranın Azərbaycana qarşı bu cür neqativ yanaşmaları ilə biz çox rastlaşmışıq. Lakin Azərbaycan qonşularla sülh, dostluq müstəvisində yaşamaq əməkdaşlıq etmək prinsipini daim elan edərək, İranın bu cür yanaşmalarına təmkin sərgiləyib. Hətta Qarabağ savaşı dövründə İranın hərbçiləri bizim ordumuzun qarşısını kəsərək maneçilik törətmişdilər”.
T.İrfan bu günə baxanda artıq İranın qırmızı xətti keçdiyini bəyan edib:
“İran əvvəllər ikili danışsa da, bu gün artıq bir mövqedən çıxış edib, Azərbaycanı təhdid edir, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, hətta Ermənistanla birgə hərbi təlimlər keçməyi bəyan edir. Bununla yanaşı İrana bağlı olan Hizbullah təşkilatının 1989-91-ci illərdə lideri və qurucusu olmuş Şeyx Sübhi Tüfeyli mütəmadi olaraq açıqlamalar verir. Onu da zatən həmin təşkilatdan İrana bağlı olmasına görə uzaqlaşdırıblar. O şiyə aləminin tanınmış simalarından biridir və bu istiqamətdə bir çox açıqlamaları var. O öz açıqlamasında qeyd edir ki, İranın xarici işlər nazirləri açıq-aşkar bəyan etdilər ki, biz Azərbaycanın türk dünyası ilə əlaqələrini məhdudlaşdırmaq üçün Qarabağın işğal olunmasının tərəfdarıyıq. Buna görə Ermənistana kömək edirik. Mən belə bir nüfuzlu simanın belə bir münasibətinə istinadən deyirəm ki, İran nəinki Qarabağın işğaldan azad olunmasına maneçilik törədib, hətta işğal olunmasına dəstək verib. Belə bir vəziyyətdə Azərbaycan İranla münasibətlərində ona adekvat yanaşmalıdır”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"