7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

12:09 21-11-2022 | icon 1834 | Şəhidlər və şahidlər
7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

 

Yolum 44 günlük vətən müharibəsinin 19 yaşlı şəhidi Rəvan Quliyevin ailəsinin yaşadığı ünvanadır.... 19 yaş.... Kədərlidir, nə qədər arzuları, xəyalları yarımçıq qaldı.... Adətən bu yaşda gələcək barədə düşünürsən, planlar qurursan.... Amma Rəvanın taleyinə 19 yaşında qəhrəman olmaq yazılmışdı.... Bu millətin qanı ilə tarix yazan, 30 illik işğala son qoyan düşmən çəpəri olan say-seçmə igid oğulları sırasında 19 yaşlı Rəvan da vardı...

 

Yaşadıqları küçəyə çatanda anası Aybəniz xanım qarşılayır.... Uzaqdan görən kimi bilirəm ki, şəhidin ailəsindən biridir.... Saçları ağappaq, arıq, qara paltarlı, gözlərindən qəm yağan, gənc bir qadın.... Görüşəndə ona “siz Rəvanın bacısısınz” deyə soruşuram. O isə “anasıyam” cavabını verir.... Susuram...

 

Kirayədə qaldıqları evə gəlirik.... Aybəniz bacı “Bura nisbətən genişdir, Rəvan heç vaxt böyük ev, otaq görmədi. Balamla kiçik, dar, bir otaqlı evlərdə kirayədə yaşadıq” deyir....

 

Əslən Neftçaladan olsalar da, Rəvan 2001-ci il iyulun 17-də Şirvanda dünyaya gəlib. Beş il sonra Bakıya köçüblər. Anası Aybəniz xanım onu və kiçik qardaşı Hüseyni min bir əziyyətlə, atasız böyüdüb. Uşaqlıqdan çox həssas olduğundan anasının necə zəhmət çəkdiyini, gecə-gündüz işləyib onlara baxdığını, çətin şərtlər altında o və qardaşı üçün hər şeyin yaxşısını  etməyə çalışdığını görürdü....

 

Rəvan 2007-ci ildə Səbael rayonu 51 saylı orta məktəbin birinci sinfinə gedir. İlk gündən müəllimlərinin sevgisini qazanır. Aybəniz xanımın sözlərinə görə, həm dərslərini yaxşı oxuyurdu, həm də təlim-tərbiyəsinə görə seçilirdi:

 

“Valideyn iclaslarına gedəndə oğlumla qürur duyurdum. Müəllimləri onu tərifləyirdi, məktəbin ən sakit, intizamlı,tərbiyəli, nümunəvi şagirdlərindən biri olduğunu deyirdilər. Dərslərindən əlavə mütaliə edirdi, daha çox öyrənməyə can atırdı. Birinci, ikinci sinifdə oxuyanda bayrağımızın rənglərinin hansı məna verdiyini elə gözəl izah edirdi ki.... Bütün rayonların işğal tarixini əzbər bilirdi. Hətta ildönümləri gününü oğlum yadıma salırdı, mən də Rəvandan öyrənirdim. Haradan biləydim ki, 30illik işğal tarixinə son qoyacaq, qələbə tarixi yazanlar sırasında mənim 19 yaşlı balam da olacaq........”.

 

Ananın yadına oğlu şəhid olduqdan sonra ibtidai sinifdə əzbərlədiyi bir şeir düşür və indiyə qədər heç fikrindən çıxmır. Bu barədə Rəvana ibtidai sinifdə dərs deyən Mənsumə müəlliməyə də danışır.O vaxt uşaqlar “Əlifba bayramına hazırlaşırdılar, müəllimə bütün şagirdlərə əzbərləmək üçün şeir vermişdi: “Rəvan şeirini elə həvəslə əzbərləmişdi. “Əlifba bayramı”nın videosu da var. Balamın söylədiyi şeir bu idi:

 

Vətən adlı ocağa
Hər gün isinmək gərək.
Bu torpağın yolunda
Torpağa dönmək gərək!”

 

Balam da torpağının yolunda torpağa döndü.... Bilmirəm bu şeir  təsadüf idi, ya balamın taleyi belə yazılmışdı.....”.

 

Aybəniz xanım təmizlik işində çalışırdı. Ailənin bütün yükü tək ananın üzərində idi. Üstəlik də qazancının çoxu ev kirayəsinə gedirdi. Bütün çətinliklərə baxmayaraq, Rəvan dərslərini yaxşı oxuyurdu. Məktəbdən  sonra ev işlərində də anasına kömək edirdi. Aybəniz xanım oğlunun çox təmizkar, səliqəli olduğunu deyir:

 

“Uşaqlıqdan hər işdə mənə kömək etməyə çalışırdı. Dərsdən gəlib, yemək yeyəndən sonra süfrəni yığışdırardı, qabları yuyardı. Balam imkansızlıqdan 9-cu sinifdən sonra təhsilinə davam edə bilmədi. Bərbər sənətini öyrənirdi. “Ana işləym, sənə kömək edəcəyəm, çox yorulmusan” deyirdi. Hara addım atsaydı, məsuliyyəti, ağlı, mehribanlığı  ilə orada tez bir zamanda uğur qazanırdı. Deyirdim ki, “oğlum, bu sənəti öyrən, sonra yavaş-yavaş imkanımız olar, sənə bir bərbər salonu açarıq. Özün işlədərsən”. Amma Rəvanın ən böyük arzusu futbolçu olmaq idi. Uşaqlıqdan deyirdi ki, “məşhur futbolçu olacam, bütün dünya məni tanıyacaq”. Bəlkə də başqa şəraitdə yaşasaydı bu arzusuna çatardı....”.

 

2020-ci ilin 7 yanvarında Rəvan hərbi xidmətə yollanır. Öncə Ağcabədidə ximət edir, aprel ayında isə Füzuliyə göndərilir.... Anasına, qardaşına çox bağlı idi Rəvan.... Qardaşı özündən iki yaş kiçik idi. Hüseynə anasının onlardan ötrü necə əziyyət çəkdiyini, fədakarlıq göstərdiyini anladır və deyirdi ki, “gərək biz də həmişə anamızın başını uca edək, onun zəhmətini itirməyək”....

 

İmkan olan kimi hər gün evlərinə zəng edirdi, anasının səsini eşitmədən rahat olmazdı Rəvan....

 

2020-ci ilin 27 sentyabrı.... Vətən müharibəsi.... Vətən adlı ocağın bütövlüyü uğrunda igid Azərbaycan oğullarının mücadiləsi.... O oğullardan biri də Rəvan Quliyev idi....

 

Cəmi 19 yaşında, 9 ayın əsgəri idi Rəvan.... Müharibənin ilk günündən düşmənə qarşı ölüm-dirim savaşı verirdi....

 

Aybəniz  xanım da hamı kimi sentyabrın 27-si müharibənin başladığını eşidir və narahat olmağa başlayır. Həmin gün oğlu ilə əlaqə qura bilmir. Bir neçə saat sonra həmişə zəng etdikləri nömrə cavab verir  və Rəvanın hərbi xidmətinin on ayı dolmadığı üçün narahatlığa əsas olmadığını deyir. Təbii ki, bu sözlər anaya təsəlli verməyə hesablanmışdı.... Ayın 28-də Rəvan anasına zəng edib, yerlərinin dəyişdiyini, amma onları döyüşə aparmadıqlarını deyir... Aybəniz  xanım da düşünür ki, yəqin torpaqlar işğaldan xilas edildikcə, onları azad olunan ərazilərdə yerləşdirirlər.... Gecə-gündüz müharibədə olan bütün əsgərlərə və oğluna dua edirdi. Amma bilmirdi ki, Rəvan savaşda, ön cəbhədədir....

 

Oğlu şəhid olduqdan sonra onların evlərinə ziyarətə gələn əsgər yoldaşları Rəvanın qəhrəmanlıq dolu döyüş yolundan danışacaqdılar....

Müharibədə olduğunu qardaşından başqa heç kimə deməmişdi və ona tapşırmışdı ki, ana bilməsin:

 

“Hər telefon zəngində mənə xidməti yerində olduğunu deyirdi. Tanıyanların da “narahat olma, doqquz ayın əsgərini müharibəyə aparmazlar” sözünə inanmışdım. Gündə, bəzən də günaşırı zəng edirdi. Həmişəki kimi danışırdı, heç nə hiss etdirmirdi. Mən nə biləydim ki, balam odun, alovun içərisindədir....”

 

Qardaşı Hüseyn kresloda oturub, anasına qulaq asır, ah çəkir... Hüseyndən “bu xəbər səni sıxmadı, heç kiminləsə bölüşmək istəmirdin?” deyə soruşuram. Cavabı “əlbəttə sıxılırdım, ürəyim patlayırdı, bilirdim ki, müharibədir, qardaşıma hər an hər şey ola bilər. Özü də bu barədə mənə demişdi. Təkliyə çəkilib ağladığım da olurdu, amma mən qardaşıma söz vermişdim. Heç kim, hələ anam Rəvanın müharibədə olduğunu bilməməliydi. Rəvan özündən də çox anamı düşünürdü....” olur....

 

Sonradan döyüş yoldaşları Aybəniz xanıma, Rəvanın müharibədə də hər gün anasından danışdığını, onları əziyyətlə böyütdüyündən söz açdığını deyəcəkdilər....

 

Ana ilə söhbət edərkən divanda əyləşən Fatma nənə səssiz-səssiz ağlayır.... Göz yaşları yanaqlarına axan nənə nəvəsindən danışanda hönkürür:

 

“Onu yaş yarımından mən saxlamışdım. Uşaqlıqdan o qədər sakit idi mənim balam, heç səsi çıxmazdı. Böyüsədə, mənim gözərimdə körpə idi. Hamı çox istəyirdi Rəvanımı. Özünə elə böyük hörmət qazanmışdı.... Məktəblər  yay tətilinə çıxanda kəndə gəlirdi. Aylar necə keçirdi bilmirdim, heç ayrılmaq istəmirdim ondan.... Anasına çox bağlı idi. Həmişə məndən anasız necə yaşadığımı soruşurdu. Nə biləydik ki, bizi onsuz qoyub gedəcək.... Rəvansız çox çətindir. Kaş onun yerinə mən öləydim....”.

 

Aybəniz xanım oğlu ilə sonuncu dəfə sentyabrın 23-ü axşam danışır. Hər şeyin yaxşı olduğunu deyir, onlara dua etməyi istəyir. Sonra da kiçik dayısının telefonunu soruşur:

 

“Mən niyə balamın müharibədə oluğunu bilmədim.... Həmişəki kimi danışırdı. Səsində heç vaxt bir narahatlıq, əndişə hiss etmədim. Demə o axşam Rəvanımın səsini son dəfə eşidirdim.... Ancaq “ana, özünüzdən muğayat olun” deyirdi. Dayısının telefonunu istəməsi, sonra da onun nömrəsini əzbər deməsi mənə qəribə gəldi. Çünki bütün nömrələri əzbər bilirdi. Həmin axşam dayısına da zəng edib, onlara da “özünüzə yaxşı baxın” deyib. Balam bizim hamımızla vidalaşırdı....”.

 

Sentyabrın 24-ü nə qədər gözləsələr də, Rəvan zəng etməyib. Aybəniz xanım ürəyinə heç nə gətirməsə də, gün böyu gözü telefonda qalıb. Ayın 25-i səhər işə getməliydi, amma evdən çıxmaq istəmirdi.... Gecikmək də olmazdı, istəmədən durub gedir.... Yolda qardaşı zəng edir və.... “Rəvan....” deyib, ağlayır.... Ana həmin an oğlunun şəhid olduğunu bilir.....

 

Cəmi 19 yaşında Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin azadlığı uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdi.... Döyüşlərin birində ayaqları əzilmişdi,dizləri yara idi. Nə qədər təkid etsələr də, tibbi yardım almamışdı, döyüşə davam etmişdi....

 

Sonradan Aybəniz xanım bütün bunları oğlunun döyüş yoldaşlarından eşidəcəkdi.....

 

Rəvangil yenidən cəbhənin Füzuli ərazisinə göndərilir və sentyabrın 24-də gedən döyüşlərdə iştirak edir. Minamiyotlardan atılan mərmilər nəticəsində Rəvan və dörd döyüş yoldaşı qəhrəmancasına şəhid olur.

 

Ayın 25-də Neftçala rayonunun Astanlı kəndində uğrunda can verdiyi torpağa tapşırılır.

 

7 yaşında “Əlifba bayramında” Bu torpağın yolunda

Torpağa dönmək gərək!”söyləyən Rəvan, 19 yaşında torpağa dönüb, Vətən olur....

 

Ana son dəfə oğlu ilə vidalaşır:

“Balamı son dəfə gördüm.... Mənim bütün həyatım, arzularım, istəklərim Rəvanla bağlı idi.... Amma balam gedirdi.... Minamyotdan atılan mərmiləri gözəl oğlumun, qıymadığım balamın ürəyini, böyrəklərini yaralamışdı.... Hər gün, hər an balamla son vidam gözlərimin qarşısındadır, son günümə qədər yadımdan çıxmaycaq. Rəvan şəhid olanda mənim 41 yaşım var idi. Onun şəhid xəbərini aldığım gündən bu günə elə 41 yaşımda qaldım. Rəvandan sonra mən yaşamıram.... Oğlumun yoxluğunu qəbul edə bilmirəm.... “Rəvan yoxdur” da deyə bilmirəm, Rəvan var, mən ölənə qədər də balam mənimlə olacaq....”

 

Rəvan Quliyev şəhid olduqdan sonra "Vətən uğrunda""Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Ana “Kaş ki, balam müharibədən sağ qayıdaydı, o medalları özünə təqdim edərlərdi , yaxasına taxanda mən də baxıb qürur duyaydım” deyir....

 

Bəzən təsəlli verməyə söz tapa bilmirsən....

 

Rəvanı yuxuda gördüyünü, daha çox uşaq vaxtlarının yuxusuna gəldiyini deyir, ürəyi bala dağlı ana:

“Bir də çox ağladığım zaman daha tez-tez yuxuma gəlir balam....”.

 

.....Ən böyük arzusu futbolçu olmaq,bütün dünyanın onu tanıması idi.... Ancaq Rəvan qəhrəman oldu.... Anadan olanda bir evin, bir ailənin övladı idi.... Cəmi 19 yaşında elə bir qəhrəmanlıq göstərib, tarix yazdı ki, bir millətin, bir xalqın oğluna çevrildi Rəvan.... Qəhrəmanlığı ilə əbədi yaşamaq haqqı qazandı....

 

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür