Deputatdan xaricdəki azərbaycanlı iş adamlarına ÇAĞIRIŞ
"Azad edilmiş ərazilərə investisiya qoyub qazanmaqdan ötrü qayıdışa hazırdırlarmı?”
“Xankəndiyə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə “kabinet” formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətlərini yeni separatizm hərəkatına qoyur. Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Lakin bizi xaricdə yaşayan milli iş adamlarımızın azad edilmiş torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmayə qoymaması da narahat etməlidir. Azərbaycanlılar da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Onlar azad edilmiş ərazilərə investisiya qoyub qazanmaqdan ötrü qayıdışa hazırdırlarmı?”
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, Qarabağ və azərbaycanlı genlərini daşıyan yüzlərlə milyonçu var:
“Biz xarici milli burjuaziyanı köçkünlər üçün ev tikməyə çağırmırıq, onların belə hüquqi öhdəliyi yoxdur. Qarabağda qazanmaqdan ötrü Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya gərəkdir. O üzdən dünya azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdırlar”.
Deputat qeyd edib ki, həmin iş adamlarına əlavə toxunulmazlıq və zəmanət gərəkdirsə, onu da dövlətə açıq deməlidirlər:
“Onsuz da müqəddəs torpaqlarda itki yoxdur, xalqa yatırılan kapital batmır. Bir özəl məktəbin, yaxud klinikanın tikilməsi ordunun tankı-topu qədər önəmlidir. Ona görə də ermənilərlə savaşda hamının silahla döyüşməsinə ehtiyac yoxdur. Dövlətimiz vardanyanları özü neytrallaşdıracaq, əvəzində xaricdən gələn milyonçularımız Qarabağda qazansalar, düşmən üzərində Qələbəni davam etdirərlər”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"