O tarixdə təqvimlər 7 dekabr 2022-ci ili göstər...

13:00 13-12-2022 | icon 923 | Cəmiyyət
O tarixdə təqvimlər 7 dekabr 2022-ci ili göstər...

Ana Vətənimdə unudulmaz bir gün

 

Kağız üzərində yazılmış, baxanda sadə görünən təqvimlər əslində insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. İnsanlar təqvimlərə, bu təqvimlərdə sanki payızda ağacdan düşən yarpaqlar kimi görünən, ömür payımızdan gedən aylara, günlərə baxarkən təqvimin hər vərəqləri bir-birini əvəzlədikcə onların daxilindəki fikirlər, düşüncələr də bir-birini üstələyir. Hər dövlətin, hər millətin əlamətdar günləri olduğu kimi, hər fərdin də əlamətdar, unudulmaz, yaddaşlarda əbədi iz salan günləri olur. Fərdlər bəzən təqvimlərə baxanda gözləri həmin əlamətdar günlərə sataşır, diqqəti həmin anlara cəmləşir və onlar bir daha həmin təqvim günündə baş verən hadisələri yadlarına salaraq, 24 saatlıq vaxtı 24 səhifəlik bir kitab kimi vərəqləyərək o əlamətdar günü bir daha yad edir, xatirələrində canlandırırlar. Bəzi günlər də olur ki, onlar təqvimdə həmin günlərə baxarkən köks ötürürlər, onların gözləri dolur, o günü bir də yadlarına salmaq, yenidən yaşamaq istəmirlər. İnsan o zaman özünü xoşbəxt hesab edə bilər ki, onun yaşadığı zamanda bayramları, xoş günlərinin sayı matəmlərinkindən çoxdur. Xalq arasında xoş günlərə ağ gün, bəd günlərə isə qara gün deyirlər. Yalnız ağ günü qara günündən çox olan bir insan özünü xoşbəxt, bəxtiyar hiss edə bilər. Mən də öz təqvimimə baxanda görürəm ki, mən də bu təqvimdə özüm üçün bir neçə əlamətdar, bəxtiyar günlər yaşamışam. Elə ona görə də mən də özümü bəxtiyar hesab edə bilərəm, bilirəm ki, oxucular da məni qınamayacaqlar və inanıram ki, bu yazımdan sonra onlar mənim bu fikrimə haqq qazandıracaqlar. Çünki bu məqalə - yazım həyatımda yaşadığım ən gözəl, ən xüsusi, fərqli, fəxrli və ən xoşbəxt günlərdən birinin icmalıdır. Həmin gün mənim təqvimimdə ən unudulmaz, yaddaşımdan silinməz olaraq öz yüksəkliyini qoruyacaqdır. Çünki o tarixdə təqvimlər 7 dekabr 2022-ci ili göstərmişdir...

 

Belə ki, sayca 5-ci kitabım olan, 2020-ci ilin sentyabr ayının 27-də başlamaqla cəmi 44 gün davam edərək qalibiyyətimizlə başa çatan Vətən müharibəmizə, Möhtəşəm Zəfərimizə və Zəfəri qanı, canı bahasına əldə etmiş Şəhidlərimizə, Qazilərimizə həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımın Şəhid ailələrinə çatacaq olan nüsxələrini Şəhid ailələrinə çatdırılması məqsədi ilə 2022-ci ilin yanvar ayının 19-da mən Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd və Ağcabədi rayonlarının icra hakimiyyətlərində oldum və kitabları icra hakimiyyətinin aidiyyəti xidmət sahəsinin əməkdaşlarına təqdim etdim. İndi bu barədə çox yazmağıma ehtiyac yoxdur, çünki oxucularım redaksiya heyətinin üzvü və ictimai müxbiri olduğum “Kredo” qəzetində dərc etdirdiyim “Kəbəyə dönən evlərə doğru” adlanan məqaləmdə bu barədə müfəssəl olaraq oxuya bilərlər. O zaman mənim Ana Vətənim, yurdumun gözəl guşəsi olan Xocavəndə etdiyim səfər mənim üçün unudulmaz olmuşdu. Belə ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov məni böyük hərarətlə, qaynar münasibətlə qəbul etdi və dəyərli vaxtını sərf edərək dərslərimə necə hazırlaşmağımla maraqlandı, yaradıcılığımla, yazılarımla bağlı söhbət etdi. O, mənə uğurlar arzulayaraq söz verdi ki, “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabıma mütləq Xocavənd rayonunda təqdimat keçirəcəkdir. Bu söz məni olduqca sevindirdi, sevincimdən az qalırdım ki, qanadlanıb uçam. Mən cənab başçıya dərin minnətdarlığımı bildirdim və onu da söylədim ki, mümkün olacaq bir təqdimatda mən sevə-sevə iştirak edəcəyəm, həmin gün mənim həyatımın ən gözəl günlərindən biri olacaqdır. İndi fikirləşirəm ki, dediklərim qədər var imiş. O gün mütləq gələcək və ən gözəl günlərdən biri olaraq mənim xüsusi həyat təqvimimə yazılacaqmış...

 

O gün 7 dekabr 2022-ci il tarixinə təsadüf etdi. Qeyd etdiyim kimi Vətən müharibəsi şəhidlərinin işıqlı xatirəsinə həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabıma bundan əvvəl Bakı şəhərində Bakı və Bakı ətrafı yerlərdən olan şəhidlərimizin yaxınlarının iştirakı ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında və Bakı şəhəri Səbail rayon Müharibə Veteranları Birliyində, Respublikamızın cənub regionundan olan şəhidlərimizin yaxınlarının iştirakı ilə Lənkəran şəhər Mərkəzi Kitabxanasında, Qərb regionundan olan şəhidlərimizin yaxınlarının iştirakı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində təntənəli təqdimat mərasimləri keçirilmişdi. Gündən-günə mənə dəyər verən, qədirbilən, müdrik və ulu xalqımızın, onun böyük ziyalılarının əhatəsində olaraq onlardan aldığım stimulla yaradıcılığımı davam etdirərkən dekabr ayının əvvəllərində ana yurdum Xocavənd rayonunun rəhbərliyindən aldığım çağırışla bu günlərin ən sevincli anlarından birini yaşadım. Nəzərinizə çatdırım ki, mən hazırda Kəlbəcər rayonu 20 saylı tam orta məktəbin 9-cu sinif şagirdiyəm və gərgin bir təhsil rejimindəyəm. Buna baxmayaraq təhsilimlə bərabər ədəbiyyatımızdan, yaradıcılığımdan da zövq almaqdayam. Mən özümü bir daha bəxtiyar bir insan hesab edirəm ki, belə müdrik ziyalıların diqqətində, əhatəsindəyəm, onların dəstəyindən, verdikləri stimuldan nəsibimi almışam və almaqdayam. Həmin günlərdə Xocavənd RİH-in rəhbərliyindən eşitdiyim xəbər məni o qədər sevindirdi ki, sevincimi kağız üzərinə köçürməyimə sözlər də, qələm də aciz, gücsüz qalardı. Dekabrın əvvəllərində Xocavənd Rayonunun İcra başçısının müavini çox hörmətli Əfsanə xanım bildirdi ki, 7 dekabr 2022-ci il tarixində Xocavənd rayon Mədəniyyət Evində mənim sayca 5-ci kitabımın təqdimatı keçiriləcəkdir. Onun bu xəbərindən bir az keçmiş kitab təqdimatının afişasını da sosial şəbəkələrdən gördüm. Mənə hər şeydən əziz olan ana torpağımın, rayonumun rəhbərliyinin sosial şəbəkələrdən paylaşdığı şəkli 80-dən çox insan öz sosial şəbəkəsində paylaşmışdı! Onlar da bir-birlərinə bu xəbəri sevinclə çatdıraraq sona qədər tələsirdilər ki, bu xəbərdən bütün Xocavənd əhalisi hali olsun. Bu, məni son dərəcə sevindirirdi. Lakin daxilim mənə deyirdi ki, bundan sonra görəcəklərim və bundan sonra olacaqlar daha diqqətəlayiq olacaq, hələ bu harasıdır ki? Qabaqda o qədər fəxrli, qürurlu anlar var ki...

 

Mən son dərəcə məsuliyyətimlə həmin tədbir üçün hazırlaşdım ki, özümü tez bir zamanda hazırlıqlı bir vəziyyətdə tədbirə çatdırım. Baxmayaraq ki, yavaş-yavaş qış özünü göstərirdi və payız soyuğu hər kəsi titrədirdi, aldığım bu xəbər mənə sonuna qədər bəs etdi ki, sinəmi şaxtaya, soyuğa, sazağa, qara, borana, çovğuna sipər edəm, qalxan edəm və deyildiyi vaxtda, tarixdə qəlbimdə, qanımda daşıdığım Vətən sevgisiylə ana yurduma səfər edəm. Ona görə də bu günlərdə nə istilər nəfəsimi kəsdi, nə soyuqlar nəfəsimi dondurdu. Təbii ki, dərslər və təhsil rejimimin öz yeri var idi. Bununla bərabər ana yurdumun rəhbərliyinin kitabım üçün hazırladığı tədbir məni olduqca maraqlandırırdı. Tədbirdən bir gün qabaq artıq mən hər cəhətdən tədbir üçün hazır idim. Təqvimimə ağappaq bir gün kimi yazılacaq olan o günü, o anları yaşamaq üçün sonuna qədər hazır idim...

 

Beləliklə, 7 dekabr 2022-ci ildə, saat 11-də Xocavənd rayon Mədəniyyət Evində keçiriləcək tədbir üçün çıxdığımız yola saat 06:30-da Xırdalan şəhərindən başladıq və saat 10:40-da təyinat yerinə çatdıq. Bununla da mən canımdan əziz tutduğum, ürəyimin başında saxladığım doğma torpağıma maneələr, əngəllər bilmədən çatmışdım. Xocavəndi görən kimi sanki özümü cənnətdə hiss etdim. Vətənim Azərbaycanın hər yeri mənim üçün əzizdir, əvəzolunmazdır, bunu dəyərli oxucularım və izləyicilərim çox yaxşı bilir. Lakin nədənsə Xocavənd torpağı mənim üçün hər yerdən müsbət mənada fərqlənirdi. Bəlkə də Xocavəndi mənə sevdirən bu torpaq uğrunda respublikamızın müxtəlif regionundan olan 400-dən çox Azərbaycan igidinin canını qurban verməsi, yüzlərlə igidin bu torpaqda qazi olması, bu torpağa şəhidlərimizin, qazilərimizin qanının axması idi... Bəlkə də ona görə bu torpaq məni bu qədər özünə cəlb edirdi...

 

Xocavənd şəhərciyində dayandığımız yerdə sağımızda bir məktəb, solumuzda digər dövlət müəssisələri var idi. İnsanlar sanki buludlara çatmağa can ataraq onlara da can vermişdi. Bulud fikirləşirdi, plan cızırdı və vaxt təyin edirdi ki, öz bərəkətini göydən yerə endirsin. Doğma torpağımın bir günü ilə o biri günü heç cür eynilik təşkil etmir, Azərbaycan gündən-günə yeniləndiyi və gücləndiyi kimi Xocavəndim də eyni dərəcədə ucalardan-ucalara qalxırdı. Yol boyu Xocavənddən olan, lakin öz kəndlərinin, öz torpaqlarının üzünü görməmiş, sonda o torpaqların uğrunda canlarını qurban vermiş Vətən övladlarının portretlərini gördüm. Xəyalımda dəfələrlə etdiyim kimi bir daha onların abidəsini canlandırdım və onların qarşısında baş əydim. Bildim ki, bu, son deyil. Onlara bəs edəcək qədər baş əymək, bəs edəcək qədər dua etməklə kifayətlənmək olmaz. Onların xatirəsinə nələr etsək də yenə azdır. Lakin hər kəsin etməli olduğu müqəddəs borc var: Şəhidləri unutmamaq və xatirələrini daim yad etmək! Mən Xocavənddə olduğum müddətdə bir daha fərqinə vardım ki, qəhrəmanlar yetirən ana torpağım Xocavəndim böyüdüb qurban etdiyi övladlarını bir an belə unutmur, onların xatirəsini hər an əziz tutur, yad edir. Xəyalımdan keçirirdim və yəqin edirdim ki, bu torpaq, bu göy, bu səma qulağıma pıçıldayır ki, hələ bu harasıdır? İlk anda sənin bu gördüklərin azdan da azdır. Mən bunu gələcəkdə cənab başçımızla görüşdüyüm zaman bir daha anlayacaqdım. Bunu düşünmək bəs deyilmiş, həqiqətən də bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşı imiş.

 

Mənim də hamı kimi səbirsizliklə gözlədiyim, bir an belə dayanmadan yuxumu ərşə çəkdirən möhtəşəm tədbirdən əvvəl ilk olaraq rayon rəhbərliyi və şəhid ailələri ilə birgə Xocavənddən olan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdik, onların məzarına qərənfil qoyduq və ruhları qarşısında baş əydik. Ziyarətdən əvvəl ilk olaraq cənab başçımız çox hörmətli Eyvaz Hüseynov ilə görüşdüm. O, əvvəlcə mənim hal-əhvalımla maraqlandı, məni görməyinə o qədər sevindi ki, sanki bu günlərdə bundan artıq sevindiyi olmamışdı. Mən hər dəfəsində etdiyim kimi bu dəfə də diqqətinə görə cənab başçımız Eyvaz müəllimə minnətdarlığımı bildirdim. Eyvaz müəllim Şəhidlərin məzarını ziyarət etdikdən sonra orada çox mənalı və çox dərin bir çıxış etdi. Çıxışında Vətən müharibəsinin və müharibədə qazandığımız parlaq Zəfərimizin əhəmiyyətindən, mühümlüyündən və müharibədən sonra gün üzünə çıxan reallıqlardan söz açan cənab başçı müharibədən sonra Xocavənddə görülən mühüm və sanballı, olduqca əhəmiyyətli işlərdən də söhbət açdı. Şəhidlərimizin dəfn edildiyi xiyabanda böyük bir abidə də vardı. Həmin abidədə Xocavənd uğrunda Şəhidlik Zirvəsinə yüksəlmiş respublikamızın müxtəlif regionlarından olan 400-dən çox vətən oğullarının adları həkk olunmuşdu. Mən də öz növbəmdə orada Şəhidlərimizə həsr etdiyim “Şəhidlər” adlı şeirimi söylədim. Cənab başçı ilə biz Xocavənddən olan şəhidlərimizə, həmçinin 2017-ci ilin fevralında Xocavənd rayonunun Nərgiztəpə ərazisində şəhid olmuş və 1997-ci ilin aprelində Vətənə fəda olan şəhidlərimizə həsr olunan, onların şəkillərinin həkk edildiyi abidəni də ziyarət etdik. Eyni qaydada onların şəkillərinin həkk edildiyi lövhə qarşısına tər qərənfillər düzdük. Sonra Şəhidlərimizə ödəməyə çalışdığımız bu borcu daha da təntənəli etmək, üçün Xocavənd rayon Mədəniyyət Evinə doğru yollandıq. İndi məni qarşıda heç bir vaxt unuda bilməyəcəyim dəqiqələr, saatlar gözləyirdi...

 

Hörmətli Eyvaz müəllimlə birgə Mədəniyyət Evinə daxil olduq. Çoxluğu ilə saysız-hesabsız damlalardan yaranan böyük bir dəryanı xatırladan Xocavənd əhalisi Eyvaz müəllim içəri daxil olan kimi ona olan hörmət və ehtiram əlaməti olaraq ayağa qalxdılar. Tədbir iştirakçılarının çoxluğu məni təəccübləndirdiyi kimi olduqca da həyəcanlandırdı. Əvvəlcə onu qeyd etmək borcumdur ki, tədbirdə Xocavənd rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bundan əvvəl bir çox tədbirlərdə iştirak etmiş, öz kitabımın, eləcə də digər müəlliflərin kitablarının təqdimatında çıxış etmiş və nitq söyləmişdim. Lakin həmin gün dalğalanan, dalğaları təlatümə gəlmiş dənizi xatırladan Xocavənd camaatının yanında sanki bir anlıq ürəyim dayandı. Bu tədbirin zəhmini, çəkisinin ağırlığını öz üzərimdə sonuna qədər hiss etdim. Ancaq cənab başçının istəyi ilə onun yanında əyləşdiyim zaman onun mimikalarını özümə örnək götürdüm və mən də eyni qaydada çalışdım ki, təmkinimi qoruyub saxlayım. Bu meydanda söz mənə həyəcanlanmaq üçün yox, sona qədər fəxr etmək və qürurlanmaq üçün verilmişdi. Mən də şəhidlərimizin adına layiq olaraq bu mötəbər tədbirdə fəxrlə iştirak etməli və çıxış etməli idim.

 

Tədbiri ilk olaraq aparıcı, gənc yazar, AYB-nin üzvü hörmətli Ramil Əhməd açdı. Onunla əvvəlcə şəxsi tanışlığımız olmasa da sonradan xatırladım ki, 2021-ci il 17 iyun tarixində hər ikimiz “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibi olaraq Mədəniyyət Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşük. Bu tədbir ərəfəsində onunla yaxından tanış olmaq mənə nəsib oldu. Söhbət əsnasında onun necə dəyərli, hörmətli və vətənpərvər bir yazıçı, bir ictimai fəal olduğunun fərqinə vardım. Tədbirdə aparıcı qismində etdiyi çıxışlarında zənnimdə yanılmadığımı bir daha anladım. Təqdimatda ilk olaraq Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün ayağa qalxdıq. Sonra isə aparıcı təqdimatla bağlı ilk çıxışını etdi. O, mənim barəmdə özü qədər dəyərli və gözəl sözlər söylədikdən sonra çıxışına ara verdi və iştirakçılara Xocavənd Rayon İcra Hakimiyyətinin haqqımda hazırladığı video-rolikə baxmağı təklif etdi. Zəhmətkeş, vətənsevər, ana yurdu, torpağı hər şeydən əziz tutan Xocavəndim qədər mənə əziz olan Xocavənd əhalisi ilə birgə haqqımda hazırlanan video-rolikə baxdım. Videoda haqqımda bir çox mühüm məlumatlar dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Aşıqsayağı” əsərinin melodiyalarının müşayiəti ilə yer almışdı. Rayon rəhbərliyinin tədbir üçün etdiyi bu cür gözəl işlər, hazırlanan video-roliklər, çağırılan bu qədər ziyalılar mənim məsuliyyətimi birə min artırdığı qədər şükranlarımı da birə min artırırdı. Bir neçə dəqiqə sonra edəcəyim çıxışı necə bacaracağım məni olduqca maraqlandırır və həyəcanıma həyəcan qatırdı. Ancaq fikirlərim məni diqqətimi toplamağa çağırırdı ki, arxana dön və sənə güvənən, sənə inanan insanların yaratdığı dalğaya, dənizə bir bax! Belə müdrik insanların, ziyalıların, zəhmətkeşlərin, qəhrəmanlar yetirən insanların əhatəsində sən mütləq həyəcanına qalib gəlməlisən! Onların tədbiri necə maraqla izləmələri onlara necə təşəkkür edəcəyim barədə məni dəfələrlə düşündürürdü, düşündürdüyü qədər də bu yükdən əyilmək istəyən qəddimi-qamətimi dikəldir, qürurumu artırırdı.

 

Video-rolikə baxışdan sonra öz növbəsində kitab haqqında fikrini bildirən Xocavənd RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri çox hörmətli Şaiq Aslanov çıxışında kitabın hansı dərəcədə əhəmiyyət kəsb etdiyini izah etdi və Xocavənd rayon rəhbərliyinin Vətən müharibəsindən sonra müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə gördüyü işdən də söhbət açdı. Şaiq müəllimin məzmunu son dərəcə dəyərli olan çıxışından sonra Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Məmmədova Tahirə Oruc qızı kitab haqqında öz fikirlərini bildirdi, kitabın icmalını tamaşaçıların diqqətinə çatdırdı. Tahirə müəllimə kitabın mündəricatını, məqalələrin və şeirlərin mövzusunu, kitabın mənasını, məzmununu bir ədəbiyyatçı kimi gözəl və aydın şəkildə təhlil etdi. Sonda mənə uğurlar arzulayaraq çıxışını bitirdi. Xocavəndin, eləcə də Salakətin kənd məktəbinin çalışqan və savadlı şagirdlər yetirən müəllimlərindən biri olaraq Tahirə müəllimənin etdiyi bu çıxış məni fərəhləndirdi, mən də daxil olmaqla tədbir iştirakçılarının böyük alqışlarıyla qarşılandı.

 

Növbəti olaraq Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Əhmədzadə Xəyalə İntiqam qızına söz verildi. O, kitab haqqında müfəssəl məlumat verdi, kitabın dəyərini və önəmini vurğuladı. Bildirdi ki, kitabda xüsusi diqqət çəkən 400-dən çox Şəhidlərimizlə birgə xanım şəhidimiz Arəstə Baxışova haqqında olan şeirim və həmin şeirimin adının “Əsrimizin Tomrisi” adlanmasıdır. O, bu fikri bir daha izah etdi ki, Arəstə Baxışova, həqiqətən də əsrimizin Tomrisi və əsl Tomrisin nəvəsidir. O, qürurumuzu bərpa edən, başımızı göylərə qaldıran igidlərimizdən, şəhidlərimizdən, qəhrəmanlarımızdandır. Xəyalə müəllimənin həmin şeirdən bir bəndi söyləməsi məni olduqca qürurlandırdı. Xəyalə müəllimə çıxışında şəhidlərimizə həsr etdiyim şeir və məqalələrdən əlavə şəhidlərimiz haqqında hazırladığım vikipediya səhifələrindən də söhbət açdı, mənə yaradıcılıq uğurları arzulayaraq çıxışını tamamladı.

 

Bundan sonra tədbirin aparıcısı Ramil Əhməd tamaşaçılara Xocavənd rayon rəhbərliyinin, şəxsən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Eyvaz müəllimin şəxsi təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi, yuxusuz gecələri, həddən ziyadə böyük dəstəyi, əməyi nəticəsində hazırlanmış Xocavənd uğrunda 1-ci Qarabağ və Vətən müharibəsində şəhid olan 400-dən çox qəhrəmanımız haqqında hazırlanmış video-roliki təqdim etdi. Yüksək keyfiyyəti və mənası, məzmunu ilə seçilən video qürurlandırıcı olduğu kimi həm də kədərli idi. Ekranda sol tərəfdə Şəhidlərimizin, sağ tərəfdə müharibədə yaşadığımız xoşbəxt anların xronikası “bir gözümüz ağlayır, bir gözümüz gülür” sözünün zahiri təcəssümünə işarə idi. Sayı 400-ü keçən bu igidlərimizin hər biri yurdumuzun fərqli guşələrindən və fərqli ailələrindən idilər. Bir-birlərini heç tanımırdılar və bəlkə də bir-birlərinin üzlərini, bir dəfə də olsun, görməmişdilər. Lakin onları birləşdirən, eyni edən, bir edən və eyni dərəcədə də cənnətin eyni guşəsinə, ən gözəl guşəsinə çatdıran bu müqəddəs amal Xocavəndin azad olunması, Xocavəndlə birgə Qarabağın azad olunması idi. Onlar qanları və canları bahasına bu arzunu gerçəkləşdirdilər. Mən hesab edirəm ki, tədbirdə yüksək gərginliklə və böyük əməklə hazırlanan bu video-rolikin təqdim olunması, necə deyərlər, çox yerinə düşmüş və hər kəs tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Təkcə Xocavənddən olan Şəhidləri yox, həmçinin Xocavənd uğrunda qurban gedən Şəhidləri və bütün Şəhidləri anmaq Xocavənd rəhbərliyinin və cənab başçının böyüklüyünün nə dərəcədə yüksəkdə olduğunu göstərirdi. Mən və tamaşaçılar, daha doğrusu, biz bunun bir daha şahidi olduq.

 

Çox hörmətli aparıcı Ramil Əhməd yenidən kürsüyə qayıtdı. Video bitib tədbir davam etdikdən sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi çox hörmətli Faiq Xudanlı çıxış etdi. Faiq müəllim çıxışında Kürdəmir Regional Mədəniyyət İdarəsinin Vətən müharibəsindən sonra gördüyü işlər, mədəniyyət sahəsində olan yeniliklər və uğurlardan söz açdı. Bildirdi ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, səyi nəticəsində Vətən müharibəsinə həsr edilmiş bir çox kitab çapdan çıxır və həmin kitabların təntənəli surətdə təqdimatları keçirilir. O, çıxışında kitab ərsəyə gətirməyin kənardan göründüyü kimi asan olmadığını, çox çətin olduğunu, vikipediya səhifələrinin də hazırlanmasının çətin, məsuliyyətli iş olduğunu söylədi və məni təbrik edərək uğurlar arzuladı. Faiq müəllim Kürdəmir Regional Mədəniyyət İdarəsinin gələcəkdə görüləcək işləri haqqında da söhbət açmaqla çıxışını başa çatdırdı. Faiq müəllimin çıxışı və barəmdə bildirdiyi sözlər məni çox qürurlandırdı. Onun bu tədbirdə iştirakına, etdiyi çıxışına görə çox sevindim və öz növbəmdə bir daha Faiq müəllimə təşəkkürümü bildirdim.

 

Hörmətli Faiq müəllimin çıxışından sonra aparıcı Ramil Əhməd kürsüyə qayıdaraq çıxışına davam etdi. O, bildirdi: “Biz hamımız çox maraqlanırıq ki, 14 yaşı təzəcə tamam olan bir yeniyetmə bu qədər işi axı necə görə bilər? Ona görə də mən istərdim ki, bununla bağlı elə müəllifin, yazıçının, şairin, publisistin özündən cavab alaq”. Elə həmin anda sanki bir anlıq həyəcan keçirdim, özümü havasız vakkumdakı kimi hiss etdim, elə bildim ki, kosmonavtlarla birlikdə kosmosdayam. Oturduğum stuldan qalxmağıma bənd olan və mən stuldan qalxanda sanki kükrəyən auditoriyanın sürəkli alqış sədaları mənim həyəcanıma qalib gəlməyimi təmin etdi. Mən başımı qaldıraraq kükrəyən zala bir daha baxdım. Mənə etimad göstərən, mənə güvənən ana torpağımın sülhsevər, vətənsevər, qayğıkeş, mehriban insanlarına baxdıqca daha da qürurlandım və başım dik bir şəkildə kürsüyə çıxaraq çıxışıma başladım. Həyəcanıma nə qədər qalib gəlsəm də həyəcanımdan qalan qalıqlar və zərrələr, həmçinin uzun olan çıxış boğazımı islatmağa, yaşlamağa imkan vermədi. Lakin bunun zərərindən çox xeyri oldu. Mənim kiçik əməyimi bu dərəcədə, yəni yüksəkdən də yüksək dərəcədə qiymətləndirən qəhrəman Xocavəndimin qəhrəman əhalisi ilə üzbəsurət dayanmaq mənə həyatımın ən gözəl dəqiqələrindən birini yaşamağa, yaşatmağa vəsilə oldu. Fırtınadan sonrakı dənizi xatırladan auditoriyanın ruhlandıran baxışları altında çıxışımı “Dəstur, Şuşada bozqurd var!” adlı şeirimi söyləyərək “Qarabağ Azərbaycandır!” nidasıyla bitirdim. Şeirimi bitirər-bitirməz fırtınaya hazırlaşan Xocavənd dənizinin dalğalarının alqış sədaları gurladıqca gurladı və qürurumu artırdıqca artırdı. Mən bərəkətli bir yağıştək yağan bu alqışın qarşısında hərəkətsiz qala bilməzdim. Buna görə də Xocavənd əhalisinə, rayon rəhbərliyinə və cənab başçımıza sonsuz təşəkkürümü bir daha bildirib dəfələrlə əyilərək qarşılarında baş əydim. Bildim ki, bu qaynar münasibətin qarşısında bu, mənim mənəvi borcumdur və bu dəyərin qarşısında sonsuz sayda baş əyməyə dəyər, mənim dəfələrlə baş əyməyim nədir ki? Xocavəndin qarşımda dayanan ümmanının heç zərrəsi belə deyil.

 

Çıxışımı bitirdikdən bir neçə dəqiqə sonra tədbirin rəsmi hissəsini sona çatdırmaq üçün söz tədbirin birinci dərəcəli təşkilatçısı, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Eyvaz müəllim Hüseynova verildi. Cənab başçımız ilk olaraq hər kəsi salamladı, sonra Xocavənd Rayon İcra Hakimiyyəti rəhbərliyinin Vətən müharibəsindən sonra gördüyü və görəcəyi işlər, proyektlər, layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. O, bildirdi ki, Xocavənd rayon rəhbərliyi Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək, yad etmək, yaddaşlarda saxlamaq üçün öz səyini heç bir zaman əsirgəməyib və əsirgəməyəcəkdir. Şəhərciyin bir neçə yerində Xocavənddən olan və Xocavənddə Şəhidliyə ucalan qəhrəmanların xatirəsinə həsr olunan abidələr buna misaldır. İştirakçıların bir az əvvəl izlədikləri Xocavənddə Şəhid olan qəhrəmanlar üçün hazırlanan video-rolikin hər anı, hər saniyəsi bilavasitə cənab başçının rəhbərliyinin, təşkilatçılığının, yuxusuz gecələri, gərgin əməyi, sona qədər əsirgənməyən səyi və təşəbbüsü nəticəsində hazırlanmışdır. Həmçinin cənab başçı 44 günlük şanlı Vətən müharibəmizdən sonra dəyişən geosiyasi maraqlardan, yerini tapan haqq-ədalətdən, bütün dünyaya məlum olan əsl reallıqlardan və həqiqətlərdən söhbət açdı. Ölkəmizə, dövlətimizə və millətimizə açıq-aşkar düşmənçilik siyasəti yeridən qərb ölkələri, o cümlədən Fransa və cənub qonşumuz İran haqqında da fikirlərini, bu məkrə qarşı hansı tədbirləri almağımız haqqında tövsiyələrini bildirdi. Eyvaz müəllim qeyd etdi ki, mənfur düşmənin dərsini alıb geri otuzdurulmasına görə, qələbəmizə görə bizə qısqanclıqla düşmən fikirlər bildirən qərb ölkələrinin bizim hədəflərimizlə, etdiklərimizlə və reallığımızla qəti razılaşması və nəhayət, 30 ildən sonra Qarabağımızın azad edilməsi – bütün bunlar Şəhidlərimizin, Qazilərimizin və cənab Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sayəsində həyata keçdi. Biz də öz növbəmizdə sona qədər çalışırıq ki, onların ruhlarını şad edək, xatirələrini əbədiləşdirək, əmanət olan ailələrinin yaşayışları ilə maraqlanaq və onlara əlimizdən gələn köməyi əsirgəməyək. Eyvaz müəllim çıxışında vurğuladı ki, hazırda təqdimatı keçirilən kitabın respublikamızda bir neçə mədəniyyət ocaqlarında, kitabxanalarda təqdimatı keçirilib. Növbəti təqdimatı isə bir qədər gec olsa da doğma el-obasında, yəni burada, bu məkanda keçirilir. Mən isə fikirləşdim ki, bu heç də gec deyil. Bir fikir var ki, tez olan yaxşı olmaya da bilər, əsas odur ki, gec olsun, güc olsun. Eyvaz müəllim mənim haqqımda hazırlanmış video-rolikdə olmayan bir çox məlumatları ― əlaçı olduğumu, pianoda ifa etdiyimi və sərbəst şəkildə ingilis dilində danışa bildiyimi tədbir iştirakçılarının diqqətinə çatdırdı. Cənab başçımızın dəyərli vaxtını ayırmaqla mənim yaradıcılığımı, ümumilikdə, fəaliyyətimi bu qədər diqqətlə, dərindən izləməsi, sosial şəbəkələrdəki paylaşımlarıma diqqətlə nəzər yetirməsi, izləməsi məni təəccübləndirdi və çox sevindirdi. Hörmətli Eyvaz müəllim söhbəti valideynlərimə də yönəldərək onlara da təşəkkürünü bildirdi. Sonra yaradıcılıq, həyat fəaliyyətimdə olan nailiyyətlərimə görə mənə təşəkkürünü bildirərək, gələcək həyatımda və yaradıcılığımda uğurlar arzulayaraq çıxışını bitirdi və tədbirin rəsmi hissəsi bununla da yekunlaşdı. Tədbir iştirakçıları ilə bərabər mən də gözəl, ətraflı, səmimi çıxışa görə Eyvaz müəllimi dayanmadan sürəkli alqışlarla alqışladım.

 

Sonra isə aparıcı tədbirin rəsmi hissəsinin yekunlaşdığını və bədii hissəsinin başladığını bildirdi. Bədii hissədə Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin şagirdlərinin çıxışlarına yer verildi. Həmyaşıdlarımın böyük həvəs və intonasiya ilə mənim şeirlərimdən hissələri xüsusi məharətlə səsləndirmələri məni daha da qürurlandırdı, ürəyimi dağa döndərdi. Şagirdlərin çıxışından bütün tədbir iştirakçıları çox razı qaldılar, bu onların ara verməyən fasiləsiz alqış sədalarında da özünü göstərirdi. Mən də onların çıxışından olduqca məmnun idim.

 

Şagirdlərin çıxışından sonra özlüyümdə təqdimatın kuliminasiya nöqtəsi saydığım, mənim üçün ayrıca qürur və fəxr dəqiqələri olan anlar yetişdi. Əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı ayağa qalxdı. Hörmətli Eyvaz müəllim özünün 7 dekabr 2022-ci il tarixli 69 nömrəli Sərəncamına əsasən “Hərbi-vətənpərvərlik ruhunun təbliği istiqamətindəki səmərəli fəaliyyətinə və bədii yaradıcılığında Şəhidlərimizin əziz xatirəsinə daim böyük diqqət və həssaslıqla yanaşdığına görə” Fəxri Fərmanı ilə məni təltif etdi və qiymətli hədiyyə bağışladı. Hörmətli Eyvaz müəllimə bu diqqətinə və dəyərinə görə xüsusi minnətdarlığımı bildirirəm. Hələ indiyə qədər sırf bu fəaliyyətimlə bağlı belə bir Fəxri Fərman almamışdım. Bu mənə verilən ən böyük mükafatlardan biridir. Şəhidlərimiz haqqında yazmaq, onların həyatını işıqlandırmaq mənim borcumdur. Ancaq mənim fəaliyyətimi yaxından izləyərək fəaliyyətimə yüksək qiymət vermək hörmətli Eyvaz müəllimin ürəyinin böyüklüyüdür.

 

Sonra isə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi hörmətli Faiq Xudanlı məni “Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə” təşəkkürnamə ilə təltif etdi. Həmin an özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Müsbət mənada o qədər qarışıq duyğuların içərisində idim ki, hələ də o duyğuların təsirindən ayılmamışam və istəsəm də ayıla bilmərəm. Təbii ki, heç ayılmaq da istəmərəm. Mənim üçün əzizdən əziz olan kəslərin mənə ayırdıqları diqqət, əməyimə verdikləri bu qədər yüksək dəyər məni daha da ruhlandırdı, qürurumu elə ucalıqlara aparıb çatdırdı ki, indi də özümü zirvələrin zirvəsindəki kimi hiss edirəm. Vətən övladlarının mənim yaradıcılıq fəaliyyətimi, əməyimi bu qədər yüksək qiymətləndirmələri ürəyimi gül kimi açdı, məni quş kimi qanadlandırdı, sevincim birə min artaraq həddini-hüdudunu tanımadı, daşdıqca daşdı. Təbii ki, tədbirə bəzək olan, tədbiri xüsusi canlandıran, rövnəq verən qəhrəman Xocavənd xalqının sürəkli alqışları da tamam başqa cür insanı ruhlandırır və ilhamlandırırdı. Bu böyük ziyalılarımızın həddən ziyadə təbii səmimiyyətləri mənim üçün çox böyük stimul idi. Eyvaz müəllimin zərgər dəqiqliyi ilə seçdiyi və mənə layiq bildiyi hədiyyələr də unudulmaz xatirələrimin bir hissəsi kimi özünü başqalaşdırıb xüsusiləşdirmişdir. Fəxri Fərman və təşəkkürnamənin təqdim edilməsindən sonra tədbirə xüsusi rəngini qatan aparıcı Ramil Əhməd yekun çıxışını etdi. Çıxışında hələ də unutmadığım və unuda bilməyəcəyim bu sözləri söylədi: “Biz inanırıq ki, yaşadığı bu xoş gün, bu xoş anlar, dəqiqələr Sevindiyin həyatında, yaradıcılığında xüsusi bir an kimi, əlamətdar bir gün kimi təqvimə düşəcəkdir. Bu gözəl tədbirdən illər keçsə də Sevindik əziz, doğma torpağında, sakini olduğu Xocavənd torpağında yaşadığı bu xoş anları, bir an belə olsun, unutmayacaq, qəlbinin, fikrinin, duyğularının ən uca yerində saxlayacaqdır”. Tədbirin sonunda “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımı şəhid valideynlərinə — şəhid Şirxan Quliyevin atası İsmixan əmiyə, şəhid Qara Balakişiyevin atası Əmirxan əmiyə, şəhid Elmin Mirzəyevin atası Əvəz əmiyə, həmçinin şəhid Zülfüqar Fərəcovun, şəhid Xəyal Namazovun, şəhid Tural Abdullayevin və şəhid Elzamin Tağıyevin ailələrinə şəxsən özüm həm kədər hissi ilə, həm də fəxrlə təqdim etdim. Tədbir cənab başçımız Eyvaz müəllimə təqdimatı keçirilən kitabımı hədiyyə etməyimlə sona çatdı. Onu da qeyd edim ki, Beyləqandan olan şəhidimiz Vaqif İsmayılzadənin atası Vüqar əmi və şəhidimizin həyat yoldaşı Samirə xanım da mənim dəvətimlə tədbirdə iştirak edirdilər. Tədbirdə iştirak etdiklərinə görə Vüqar əmiyə və Samirə bacıma dərin minnətdarlığımı bildirirəm.

 

Mən bir daha öz növbəmdə əziyyət çəkib tədbir üçün toplaşan ana yurdumun doğmadan doğma, əzizdən əziz sakinlərinə ehtiramımı bildirmək üçün onların qarşısında baş əydim. Mənim ana yurdum Xocavənd təkcə belə bir gözəl tədbirə vəsilə olduğu üçün yox, hər şeyə görə təşəkkürlərin ən zirvədə olanına, bir sözlə, hər şeyin ən yaxşısına layiq idi. Mən tədbir iştirakçılarına veriləcək olan kitabları imzaladım və aidiyyatı üzrə tədbir iştirakçılarına hədiyyə etdim. Tədbir artıq bir neçə dəqiqə idi ki, qurtarmışdı. Biz cənab başçımız Eyvaz müəllim Hüseynov və Mədəniyyət Nazirliyinin Kürdəmir Regional İdarəsinin rəisi hörmətli Faiq müəllim Xudanlı ilə birgə Mədəniyyət Evinin həyətinə çıxdıq. İnanın ki, tədbirdən çıxanlar həyətdə gözləyirdilər, nahar vaxtı olmasına baxmayaraq heç kim oradan ayrılmaq, getmək istəmirdi, elə bil ki onlar ara fasilə üçün həyətə çıxmışdılar və yenidən tədbir üçün zala qayıdacaqdılar. Binada və həyətdə şəhid ailələri və tədbir iştirakçıları ilə xatirə şəkilləri də çəkdirdik. Beləliklə, müvəqqəti vida zamanı gəlib çatmışdı. Bu, təbii ki, müvəqqəti vida idi. Mən ana yurdumdan ayrılsam da ruhum, qəlbim, fikrim buranı çoxdan özünə məskən etdiyi üçün bu gözəl yerlərdən ayrılmırdı və indi də ayrılmır. Ayrılmayacaq da. Düşmən qüvvələr nə qədər əlləşib-vuruşsalar da Vətənimin digər gözəl guşələrini, eləcə də Xocavəndimi Azərbaycandan ayıra bilməyəcəklər, necə ki Şəhidlərimiz, Qazilərimiz, rəşadətli Azərbaycan Ordusu, mətin Azərbaycan xalqı Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşərək mənfur düşmənin başına zərbə endirməklə onu məhv etdi və o pis arzusunu gözündə qoydu.

 

Mədəniyyət Evinin həyətində Eyvaz müəllimlə və rayon rəhbərliyi ilə, həmçinin ictimaiyyət nümayəndələri ilə bir daha söhbət etdik. Sonuna qədər onların qayğısı, diqqəti və söhbəti ilə əhatələnmişdim. Cənab başçımız, eləcə də Faiq müəllim, Xocavənd rayonunun Hərbi Komissarı çox hörmətli Bəxtiyar müəllim Hümbətov ilə səmimi və unudulmaz söhbət etdik. Eyvaz müəllim tədbirin necə keçməsi ilə bağlı təəssüratlarımı öyrənmək istədi. Mən isə öz növbəmdə bir daha Eyvaz müəllimə dərin minnətdarlığımı bildirərək qarşısında onun vermiş olduğu stimuldan cəsarətlənib bu sözləri söylədim: “Eyvaz müəllim, Sizin təşəbbüsünüzlə elə bir tədbir həyata keçdi ki... Bir söz var ki, elə bil mənə dünyaları verdilər. Siz isə elə bir iş gördünüz ki, dünyaları vermək bu işin yanında dəryada bir zərrə də deyil”. Eyvaz müəllim təvazökarcasına etdiklərinin üstündən keçərək bunların onun vətən, xalq, millət, yaradıcı insanlar qarşısında borcu olduğunu bildirdi. Sonda tədbirin təşkilatçıları ilə bir daha görüşərək hər birinə ümumən sonsuz təşəkkürlərimi bildirdim və yaşayış ünvanıma, Xırdalan şəhərinə qayıtmaq üçün yola başladım. Ayağım sanki sözümə baxmırdı. Xocavəndə doğru gedəndə yeyin yeriyən ayağım indi könülsüzcəsinə sürünən palazı xatırladırdı. Orada olan hər kəs bir daha əl edərək bizimlə xudahafizləşdi. Eyvaz müəllim isə xüsusilə hər zamankı kimi hərbi salamıyla fərqləndi, mən də ona cavab olaraq əlimi sinəmə qoyub baş əydim, təzim etdim. Beləliklə, axırıncı yox, axarıncı olan unudulmaz dəqiqələrim müvəqqəti olaraq yekunlaşdı.

 

Mənim üçün sonsuzlaşan, əbədilik qazanan 7 dekabr 2022-ci il tarixdə Xocavənd rayon Mədəniyyət Evində keçirilən “Möhtəşəm Zəfərin nişanəsi” kitabımın təqdimatına görə və hər şeyə görə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Eyvaz müəllim Hüseynova, Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq müəllim Xudanlıya, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyevaya, Şəhid ailələrinin tədbirdə iştirak edən nümayəndələrinə, tədbirin aparıcısı Ramil Əhmədə, hüquq-mühafizə orqanları rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə, əziyyət çəkərək tədbirdə nitq söyləyən və ümumən iştirak edən bütün Xocavənd sakinlərinə, ziyalılarına dərindən dərin minnətdarlığımı, sonsuz təşəkkürümü bildirirəm. Mənim təqvimimə qazandırdığınız bu unudulmaz gün bayatılarda deyildiyi kimi min-min aya, minlərlə aya dəydi. Bu unudulmaz gün nə qədər mənə əzizdirsə, Xocavənd nə qədər mənə əzizdirsə, siz də mənə o qədər əzizdən əziz, doğmadan doğmasınız! Allah sizləri var etsin!

 

Sonda məqaləmi tədbirdə etdiyim çıxışla bitirmək istəyirəm:

 

“Çox dəyərli və hörmətli tədbir iştirakçıları! Hər birinizi səmimi qəlbdən, alovlu salamlayır, Şəhidlərimizə, Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı bahasına işğaldan azad edilmiş, hər qarışı, zərrəsi hər birimiz üçün hər şeydən qiymətli olan torpaqlarımıza, o torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsi üçün, haqqın, ədalətin bərpa edilməsi üçün başladığımız Şanlı Vətən müharibəmizə həsr etdiyimə görə mənim üçün digər 4 kitabımdan daha çox əziz olan və daha çox sevdiyim, daim tanıtmağa çalışdığım və çalışacağım “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimatında məni tək buraxmadığınız və təqdimatda iştirak etdiyiniz üçün sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm.

 

Əziz tədbir iştirakçıları! Qeyd etmək istəyirəm ki, bu gün mənim üçün böyük və tarixi bir gündür. Ona görə ki, bundan əvvəl kitabda haqlarında bəhs edilmiş, cənub regionundan olan (Cəlilabad, Masallı, Lənkəran, Astara və Lerik) Şəhidlərimizin ailə üzvlərinin iştirakı ilə Lənkəran Mərkəzi Kitabxanasında, Bakı və Bakı ətrafından olan Şəhidlərimizin ailələrinin iştirakı ilə Bakı şəhərində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında, Bakı şəhəri Səbail rayon Müharibə Veteranları Birliyində və şimal-qərb regionundan olan Şəhidlərimizin yaxınlarının iştirakı ilə (İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) Şəki şəhəri Heydər Əliyev Mərkəzində təqdimatı keçirilən, sayca 5-ci kitabım olan və 44 günlük Vətən müharibəmizə, şəhidlərimizə və işğaldan azad edilmiş torpaqlarımıza həsr etdiyim “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimatı növbəti dəfə mənim üçün doğma olan bir məkanda keçirilir. Mən xoşbəxtəm ki, bu kitabın təqdimatı mənim, sözün əsl mənasında, Ana Vətənim olan Xocavənddə, bu yurdda, özü də elə Xocavəndin öz torpağında keçirilir. Bu gün məhz buna görə mənim üçün çox gözəl, tarixi, fərqli və fəxrli bir gündür. Mən inanıram ki, bu gündən sonra neçə illər keçsə belə, mən bu anları, bu torpağı, bu səmimiyyəti, bu isti münasibəti, sizlərlə birlikdə olduğum bu möhtəşəm zalı, mənim əməyimə qiymət verən hörmətli Xocavənd əhalisini, ziyalıları və bu fəxrli günü, bir an belə olsun, unuda bilməyəcəyəm və unutmayacağam. Bu, həm gələcək illərimin stimulu kimi, həm də fəxarətlə və şərəflə dolu dəqiqələrin yaşandığı bir gün kimi mənim yaddaşımda həmişə təzəliyini qoruyub saxlayacaqdır.

 

Təbii ki, ilhamımın mənbəyi olan yurdumun, vətənimin hər qarışı mənim üçün eyni dərəcədə əziz və doğmadır. Lakin Xocavənd mənim Ana Vətənim kimi həmişə ürəyimin başındadır. Çünki bu yer, bu torpaq saysız-hesabsız igidlər, qəhrəmanlar yetişdirib. Dədələrim, babalarım bu torpaqda ayaq açıb, yeriyib, bu torpağın havasıyla, suyuyla böyüyüblər. Ulu babam, Böyük Vətən müharibəsi veteranı Balay Əsgərov və ömrünü öz el-obasının şad, firavan günlərinə həsr etmiş, keçmiş SSRİ-nin əməkdar səmərələşdiricisi olan ana babam Saleh Həsənov və onların timsalında Xocavənddə doğulub boya-başa çatmış, hazırda aramızda olmayan ziyalılarımız bizə bir miras qoyub getmişlər. Ona görə də biz bu torpağı ürəyimizin şah damarı qədər əziz tutmalı və hər nə olursa olsun, dünyaya göz açdığımız yeri unutmamalı, yaşatmalıyıq. Elə elimizin igidləri, ərənləri də belə etdilər. Xocavəndin, Hadrutun düşmən tapdağında qaldığı gündən düşmən tapdağından azadlığa çıxdığı günə qədər keçən 30 ildə bizə nə Xocavəndi, nə də Qarabağı unutdura bilmədi mənfur düşmən. Əksinə böyükdən uşağa hamının qəlbində torpaq həsrəti, vətən sevgisini daha da coşdurdu, çağlatdı. Mən uşaq yaşlarımdan Qarabağ həsrəti ilə, Xocavənd həsrəti ilə yaşamışam, boy atmışam. O vaxtlar hələ doğulmasam da biləndən sonra ki babam Saleh Həsənov Xocavənd işğal olunan gün vaxtsız vəfat edib, bu hal məni daha da çox ağrıdıb. Məhz ona görə də babama yazdığım şeirimdə bildirmişdim ki, “bir gün mən Xocavəndi azad edəcəyəm, Sizin ruhunuzu şad edəcəyəm”. Bunu məlum səbəbdən mən edə bilməsəm də Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu cəmi 44 gündə Qarabağımızı azad edərək ulularımızın ruhlarını şad etdilər. Eşq olsun Ali Baş Komandanımıza, eşq olsun Şanlı Azərbaycan ordusuna!

   

Hörmətli tədbir iştirakçıları! Xocavənd və Qarabağ, həmçinin düşmən tapdağında olan ərazilərimizin azad olunması şeirlərimin, publisistik yazılarımın əsas mövzusuna çevrilmişdi. Buna görə də yazılarımın toplusu olaraq işıq üzü görən “Dünyamsan Azərbaycan”, “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım”, “Könüllərə yol gəzirəm” və nəhayət, “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitablarımın əsas mövzusu vətənpərvərlik, gənclərimizə, həmyaşıdlarıma vətənpərvərlik mövzusunu aşılamaq, işğal altında olan torpaqlarımızın azadlığına çağırış idi. Lakin indi təqdimatı keçirilən “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımda söz Vətən həsrətindən yox, vətənin bir hissəsini, özəyini canları, qanları bahasına bizə qaytaran, lakin özləri qayıtmayan Vətən igidlərindən bəhs edilir. Burada Qarabağın qara dastanı yox, Qarabağın Zəfər dastanından bəhs olunur. Bu kitabda Şəhidlərimizin qisasına çağırışdan əlavə həm də onların alınmış qisaslarına yazdığım şeirlər və publisistik məqalələr yer almışdır. Bu kitab həsrətin yox, vüsalın kitabıdır. Siz bu kitabı oxuyanda bunun bir daha fərqinə varacağınıza əminəm. Onu da bildirim ki, 708 səhifəlik bu kitabda respublikamızın 60-dan çox rayonundan olan 400-dən çox Şəhidimizə və 2 qazimizə, 2 döyüşçümüzə həsr etdiyim məqalə və şeirlər, 365 şəhidimizin haqqında açdığım Vikipediya səhifələri yer almışdır. Birinci və İkinci Qarabağ müharibəsində Şəhidlik Zirvəsinə ucalan, Xocavənddən olan Vətən oğullarımızın da xatirəsi bu kitabda bir daha əbədiləşdirilmişdir. Mən bu kitabla onlara olan sonsuz borcumuzun, bir az da olsun, ödənilməsinə çalışmışam və hesab edirəm ki, onlara olan borcumuz o qədər ödənilməzdir ki, Onlara həsr etdiyimiz neçə-neçə kitablar, ucaltdığımız neçə-neçə abidələr, qəhrəmanlıqlarına yazdığımız neçə-neçə hekayələr, çəkdiyimiz filmlər Şəhidlərimizə olan borcumuzu ödəməyə çatmaz. Ancaq mən bir Vətən övladı kimi yaşadığım bu torpağın uğrunda canını əsirgəmədən fəda edən qəhrəmanlarımızı unutmamaq üçün sona qədər çalışdım ki, onlara layiqli bir kitab, qəhrəmanlıq dastanı, bir abidə hazırlaya bilim. Bu kitabın Şəhidlərimizə nə dərəcədə layiq olduğu, təbii ki, sizlərin, geniş oxucu kütləsinin qərarından asılıdır.

 

Onu da qeyd edim ki, bu kitabın kompüter yazısı mənim yuxusuz gecələrimin məhsulu olmaqla 1400 səhifə idi və möhtəşəm Zəfərimizin birinci ildönümünə çatdırmaq üçün mən bu kitabı 11 ay müddətinə yazmışdım. Lakin mənim üçün doğma və əziz olan şəhidlərimizin ailə üzvlərinin istər-istəməz narazı qalacaqlarını zənn etdiyimdən mən bu missiyamı davam etdirdim. Hazırda 300-ə yaxın şəhidimizdən bəhs olunan 508 səhifədən ibarət, eyni mövzulu “Dirçələn Xarı bülbül” adlı növbəti kitabım Mədəniyyət nazirimiz cənab Anar Kərimovun şəxsi təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin müvafiq komissiyasında çap üçün oxunuşdadır. Ümid edirəm ki, Xocavənd rayonundan olan şəhidlərimiz haqqında məqalə və şeirlərimin də yer aldığı həmin kitabımın təqdimatını doğma Xocavəndimizdə keçirəcəyik.

 

Bu gözəl günü, bu gözəl tədbiri təşkil edərək bizlərə bəxş etdikləri üçün mən başda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Eyvaz müəllim Hüseynov olmaqla, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə xanım Quliyevaya, Rayon İcra Hakimiyyətinin əməkdaşlarına, Mədəniyyət nazirimiz cənab Anar Kərimova, Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi hörmətli Faiq müəllim Xudanlıya, və sizlərə dərin minnətdarlığımı bildirirəm. Şəhid ailələrinin isə qarşısında baş əyir, Şəhid analarının əllərindən opürəm. Qeyd edim ki, cənab nazirimiz Anar Kərimovun xüsusi diqqəti və qayğısı sayəsində təkcə bu il onunla 3 dəfə görüşümüz olub. Bu görüşlərdən ən çox mənim yaddaşımda iz salanı isə nazirimizin şəxsi təşəbbüsü ilə bizim göz bəbəyimiz olan azad Şuşa şəhərində 9 sentyabr 2022-ci ildə şairə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş beynəlxalq tədbirdə görüşümüz olub. Allah vətənimizin belə qədirbilən oğullarını, qızlarını bizə çox görməsin, ana vətənimiz naminə belə səmimi, qayğıkeş, qədirbilən, sadə insanların, belə məmurların sayı çoxdan çox olsun. İnşəAllah!

 

Əziz tədbir iştirakçıları! Redaksiya heyətinin üzvü, ən gənc müxbiri, hər sayında bir qəhrəman şəhidimiz haqqında ən azı bir səhifə yazı dərc etdirərək siz izləyicilərimə çatdırdığım ”Kredo” universitetinin, yəni “Kredo” qəzetinin baş redaktoru, ustadım, ədiblərin “poeziyamızın Xudafərini” adlandırdıqları Əli Rza müəllim Xələflinin təqdimatını keçirdiyimiz bu kitabın ön sözündə yazdığı bir abzası diqqətinizə çatdırmaq istəyirəm. Hörmətli Əli Rza müəllim yazır: “Mənə elə gəlir ki, belə kitabların yazılması yaddaş üçün əvəzsiz iksirdir. Vaxt gələcək, Zəfər müharibəsinin tarixi yüz illiklərin fonunda qeyd olunacaq. Ola bilsin ki, hansı zamandasa insanlar bu müharibəni bir əfsanə kimi yada salacaqlar, bir nağıl kimi danışacaqlar. Ancaq bu kitab həmin andaca canlanacaq, yaddaşının üzərini toz basmış insanların gözü önündə qalxacaq və hər kəsə diktə edəcək ki, bu tarix əsası olmayan əfsanə deyil, yaşanmış həqiqətdir. Deməli, bu kitab həm də yaddaşımızın qaraçuxası kimi gələcəkdə, hətta uzaq gələcəkdə xalqımızın yaddaş keşikçisi olacaq”.

 

Əzizlərim! Qeyd etmək istəyirəm ki, kitabda siz mənim 27 sentyabr 2020-ci ildə Xocavəndə həsr etdiyim “Arzusundayam” adlı şeirimi oxuya bilərsiniz. Mən o günlərdə Xocavəndimin, Qarabağımın arzusunda idim və həm də onun arzusunda idim ki, mən bu möhtəşəm Zəfərimizə bir kitab həsr edim və o kitabımın ana Vətənim Xocavənddə təqdimatı keçirilsin. Birinci arzumu Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, ikinci arzumu isə Xocavənd rayonunun İcra Hakimiyyətinin başçısı başda olmaqla Kürdəmir Mədəniyyət İdarəsinin rəhbərliyi və sizlər gerçəkləşdirdiniz. Buna görə hamınıza minnətdaram. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı versin! Allah sözü imzası olan Ali Baş Komandanımızı, Rəşadətli ordumuzu, vətənimizi və qəhrəman xalqımızı qorusun. Xocavənd bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

 

Sevindik NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...