Versus.az xəbər verir ki, bunu hafta.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Laçın-Şuşa yolunda Azərbaycan mülki əhalinin keçirdiyi etiraz aksiyası ilə bağlı açıqlamasında bildirib.
Ç.Qənizadə bildirib ki, etiraz aksiyası Azərbaycan ərazilərində yeraltı mədənlərin ermənilər tərəfindən istismarı və Azərbaycan dövlət qurumlarının nümayəndələri tərəfindən monitorinqin keçirilməsi ilə bağlı əldə olunan razılaşmanın Rusiya sülhməramlıları tərəfindən pozulmasına qarşı keçirilir. Onun sözlərinə görə, sülhməramlılar bu pozuntuları məhz erməniləri önə çəkərək həyata keçirir.
“Heç bir səlahiyyəti və hüququ olmayan Vardanyan kimi bir dələduzun da bu prosesdə tərəf kimi müzakirələrə təşəbbüskar kimi qatılması onun məhz Rusiyadan xüsusi olaraq bölgəyə göndərilməsinin bir daha şahidi olduq. Baş verən hadisədə Azərbaycanın müxtəlif mülki dövlət strukturlarının nümayəndələri, QHT və jurnalistlərdən ibarət bir neçə yüz nəfərin Laçın Şuşa yolunda aksiyanın keçirilməsində bütün məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür. Artıq 2 gündür ki, Laçın yolunda etiraz aksiyaları keçirdirik və belə hesab edirik ki, sülhməramlılar nəyə görə Qarabağa gəldiklərini və nəyə xidmət etdiklərini gec-tez başa düşməlidirlər. Əks halda bu aksiyalar davam edəcək.”
Ç.Qənizadə bildirib ki, Ermənistan bu yolun bağlanmasını Azərbaycan tərəfinin “soyqırıma hazırlığı” kimi dünyaya car çəkir. Gah Putindən, gah da ABŞ-ın Dövlət Departamentindən müəyyən mesajlar gəldiyini vurğulayan hüquqşünas, həmin mesajların bir ünvanının olduğunu deyib: - Rusiya sülhməramlıları üzərinə düşən missiyanı düzgün yerinə yetirməlidir!
“Əks halda Azərbaycan tərəfi bu aksiyaları keçirməkdə israrlı və davamlı olacaq və haqlıdır. çünki bu torpaqlar Azərbaycan əraziləridir, bu torpaqlarda hər hansı qazıntı və mədən işlərinin aparılması qeyri-qanunidir. Bunu volkovlar, paşinyanlar, cinayətkar arutunyanlar başa düşməlidir.Ümid edirəm ki, Rusiya prezidentinin Azərbaycan prezidentinə dünənki zəngi də məhz elə bu məsələlərlə bağlı olub. Yəqin ki, Azərbaycan prezidenti də "niyə biz bu addımı atdıq" sualına çox tutarlı cavab verib. Əks halda aksiya dayanardı”.
Ç.Qənizadə hesab edir ki, aksiya o vaxta qədər davam edilməlidir ki, bizim dövlət strukturlarının mütəxəssislərinin həmin ərazilərdə monitorinq keçirməsinə imkan və şərait yaratsınlar.
“Və danışıqların tərəfi də vardanyanlar, arutunyanlar ola bilməz. Çünki onlar xaricin agentlərdir. Orda yaşayan mülki ermənilər isə Azərbaycan vətəndaşları olmaq istəyirlərsə buyursunlar. Əks halda bu bölgədən çıxıb getmək məcburiyyətində qalacaqlar”.