Şən, gülərüz, mehriban adamdır. Dərin ağlı, parlaq təfəkkürü, uzaqgörənliyi onu heç vaxt yanıltmayıb. Gözəl yaddaşı var, diqqətindən heç nə yayınmır. Gözlənilməz hadisələr onu təəccübləndirmir, təsadüfün zəruriyyətdən yarandığını yaxşı bilir. Zahirən ciddi və sərt görünsə də, əslində mərhəmətlidir, necə deyərlər, ipək kimi qəlbi var. Hadisələrin mahiyyətini məntiqlə şərh edir və qəbul etdiyi qərarları vaxtından əvvəl açıqlamır. Ürək qızdırdığı insanlara qarşı zarafatcıl, səmimidir. Dost seçimində tələsmir, real keyfiyyətlərə əsaslanır...
Azərbaycan respublikası dünya xəritəsində noxud boyda görünür, fəqət bu balaca ölkə dünya üçün böyük strateji əhəmiyyət daşıyır. Nəhəng ölkələr zaman-zaman bu ölkəni öz müstəmləkəsinə çevirməyə çalışıblar. Nail olanları da olub, olmayanları da...
Nadir şah Əfşardan üzü bəri Azərbaycan qələbə sevincinə həsrət qalmışdı. Şimal, cənub, qərb və şərqdən zaman-zaman işğal olunduqca, ərazisi kiçilib balaca bir ölkəyə çevrilmişdi. Dərbənd, Borçalı, Təbriz, İrəvan bir vaxtlar ona məxsus olsa da, bu gün başqa-başqa ölkələrin ərazisi sayılır...
Qarabağ yaxın keçmişimizin dərdi idi, Azərbaycana məxsus olsa da ermənilər orada öz bildikləri kimi hərəkət edir, “Arsax” adlı qondarma respublika qurmuşdular. Uzun illər Ermənistanı dünyaya təcavüzkar ölkə kimi tanıtdırmağa çalışsaq da, bunu bacara bilmirdik. Xeyli müddət idi ki, içimizdə məğubiyyətin ağrı-acısını yaşayırdıq. Bir ovuc erməniyə məğlub olduğumuz üçün dost ölkələr bizi qınayırdılar. Bəli, məhz onun rəhbərliyi altında Qarabağın böyük bir hissəsi işğaldan azad olundu və müstəqil Azərbaycan Respublikasının ərazisi qismən də olsa geri qaytarıldı...
Səbrli insandır, qərar verməkdə tələsmir. Qərar verdisə təzyiqlərə məhəl qoymadan həyata keçirir və məqsədinə doğru irəliləyir. Gücünə, intelektinə yaxşı bələddir. Şəxsiyyətini sevdirməyi, ürəkləri fəth etməyi bacarır. Bəli, lider olmaq onun alın yazısıdır. Strategiyası xalqını xoşbəxt, ölkəsini firəvan görməkdir...
Ulu Öndər Heydər Əliyev onun haqqında deyirdi: - "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm..."
O, Ulu Öndərin bütün ümidlərini doğrulda bildi. Həm ölkəmizi abadlaşdırdı və həm də ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizəyə qatıldı, Azərbaycanın tarixində böyük siyasətçi, sarsılmaz lider, məğlubedilməz sərkərdə kimi yer aldı…
Zaman keçəcək, əsrlər ötəcək, nəsillər bir-birini əvəzləyəcək. Heç şübhəsiz ki, onu- işğal olunan torpaqları azad edən xalqının xilaskarı, düşmən üzərində ZƏFƏR çalan rəhbərlərdən biri kimi həmişə sevəcəklər. Bu elə bir ZƏFƏRDİR ki, Azərbaycan xalqı iki yüz ildən çox həsrətini çəkib. Döyüşüb, amma heç zaman nail ola bilməyib...
Əhalinin sosial problemlərinə gəldikdə isə, necə deyərlər, nə qədər ki, insan var, dünyanın sonunadək sosial problemlər olacaq və bu istiqamətdə də çox işlər görülüb, görüləcək də. O ki qaldı vicdan və ya siyasi məhbuslara, bu səhnəni yaradan, öz maraqları üzərindən adamları şərləyən məmurlar sıradan çıxdıqca, bu anlam da tezliklə ortadan götürüləcək...
Dekabrın 24-ü ölkəmizin rəhbəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti ad günüdür, 61 yaşı tamam olur. Sıradan bir azərbaycanlı kimi, Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
Yeni yaşınız mübarək, cənab PREZİDENT!