Qardaş Türkiyədə baş verən 7 baldan yuxarı zəlzələnin törətdiyi dağıntılar müasir inşaat və memarlıq layihələrinin vəziyyətini, işlənməsini, tikintisini və digər amilləri yenidən gündəmə gətirir.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən İnşaat-Memarlıq Universitetinin İnşaat Konstruksiyası kafedrasının professoru, uzun müddət tikinti layihələrində çalışan Lətif Zeynalov klassik və müasir inşaat-memarlığına toxunmaqla mühüm məqamlara diqqət çəkib.

 

– Lətif müəllim, Azərbaycan inşaatı, memarlığı müasir tələblərə uyğun olaraq necə inkişaf edir?

 

– Vaxtilə müsahibələrimin birində demişdim: Azərbaycanın bütün memarları, inşaatçıları nə qədər hündür binalar tiksələr də, bundan sonra memarlıq baxımından İsgəndəriyyədən gözəl, yaxşı bina tikə bilməyəcəklər. Bəlkə də bu sözlər bir qədər hissə qapılaraq deyilmişdi. Bizim nəsil Bakı memarlığını o cür tikililərlə görməyə öyrəşmişdi. Müasir memarlığı diqqətlə izləyəndə görürük ki, inkişaf prosesində təkcə olanlarla kifayətlənmək olmaz. Məndən bir inşaatçı kimi soruşsanız, son illərin ən gözəl tikililəri içərisində Heydər Əliyev Mərkəzinin binasını qeyd edərəm. Mərkəz gözəllik, yenilik baxımından dünyanın memarlıq incisi sayıla bilər.

 

– Bir çox insanlar paytaxda tikilən hündürmərtəbəli binaların Bakının relyefinə və köhnə binalara uyuşmadığını deyir...

 

– Yaşlı nəslin yeniliyi görüb ona alışması üçün  vaxt lazımdır. Həyat özü bizə göstərdi ki, binalar gözəl layihələndirilib tikiləndə bizim klassik memarlığımızla uyuşur. Mən deyə bilmərəm ki, yenitikililərdə klassik üslubu tamamilə kənara atmışıq. Yenitikililərimiz olsa da, orada da keçmişə söykənən memarlıq üslubu qalır.

 

– Yeni tikilən binalar yerli relyefə, landşafta nə dərəcədə uyğunlaşdırılır? 

 

- Bakı amfiteatr formasında olduğuna görə,  məşhur memarlarımız vaxtilə məsələ qaldırmışdılar ki, dəniz kənarında alçaq binalar, yuxarıya tərəf qalxdıqca hündür binalar olsun. Memar deyiləm, inşaatçıyam, amma düşünürəm, burada doğruluq var. Yəni bu, aşağıdan baxanda yuxarı, yuxarıdan baxanda aşağıya qədər hər yeri görmək imkanı yaradır. Həyat göstərir ki, tək bu cür də davam etmək mümkün deyil. Bütün dünyada aşağıda da, yuxarıda da həm yüksək, həm də alçaq binalar tikilir. Yəni biz dünyanın inkişaf edən inşaat sistemindən ayrıla bilmərik. Həmçinin bu, o demək deyil ki, tikintilər plansız şəkildə, nə cür gəldi aparıla bilər, xeyr. Məsələn, götürək Bakıda “Sovetski” dediyimiz ərazini... Bir vaxtlar mən də daxil, çoxları fikirləşirdi ki, bu yer bizim tariximiz idi, qalmalı idi və sair. Sonra gördük ki, yerində gözəl memarlıq yarandı. Deməli, tikintilər Baş Plan əsasında aparılarsa, heç də şəhərin dizaynına uyuşmayan mənzərə alınmaz. Digər  tərəfdən, inşaat və memarlığı bir-birindən ayırmaq mümkün deyil. Gərək hər bir memar inşaatçı, hər bir inşaatçı da memar olsun. Əgər konstruktor memarlığı bilmirsə, heç nə alınan deyil və yaxud əksinə. Gərək bunlar bir-birinə uyuşsun. Keçmişdə inşaatçı-konstruktor, memarlıq bir nəfərdə cəmlənmişdi. Müasir tələblərdən biri odur ki, bu sahələr bir-birindən ayrılmalıdır. 

 

– Fevralın 7-də Türkiyədə baş verən yüksəkballı zəlzələ və onun törətdiyi böyük fəlakət Azərbaycanı, insanlarımızı da sarsıtdı. Bu fəlakətin təsiri “Azərbaycanda tikilən binalarımız yüksəkballı zəlzələlərə nə dərəcədə davamlıdır?” – sualları da yarandı.

 

-Bu, qəti şəkildə belə olmalıdır, bunun ikinci variantı yoxdur. Əgər bina tikilirsə, zəlzələlərdə dağılmamalıdır. Əvvəla, Türkiyədə baş verən zəlzələnin doğurduğu fəlakətdən hamımız üzüldük. Türkiyədə baş verən dağıntı, can itkisi heç bir ölçüyə çığmır... Türkiyə televiziya kanalının birində bir türk professorunun zəlzələ ilə bağlı söhbətinə qulaq asdım; deyir ki, dua etmək lazımdır, amma dua ilə iş bitmir, gərək elə tikəsən ki, dağılmasın. Təxminən, söhbətin məğzi bu idi. Deməli, orada tikintidə də, layihələndirmədə də böyük səhvlər var.

Mən sizə səmimi şəkildə, ürəkdən inanaraq deyirəm ki, Azərbaycanda 2010-cu ildən sonra tikilən hündür binalar bu cür yüksəkballı zəlzələlərə davamlıdır. Bu, o demək deyil ki, heç bir bina, insan harasa toxunub zədə almayacaq. Zəlzələnin törədə biləcəyi zərərin bir miqyası var.  Mən bir daha deyirəm ki, Azərbaycanda 2010-cu ildən sonra tikilən binaların bu cür zəlzələlərdə heç bir təhlükəsi yoxdur.

Sizə bir misal deyim; Lahıcda evlər adi çay daşından tikilib. Amma belə bir zəlzələdə uçan deyil. Düzdür, o evlər ikimərtəbəlidir. Bizim dədə-babalarımız o evləri elə düşünüb, elə tikiblər ki, heç bir zəlzələ ona toxunmayacaq. Orada evlərin daşlarının arasında palıd ağacından olan kəmərlər salınıb, biz ona “kətirlər” deyirik. O kətirlər düşünülərək qoyulub ki, daşların arasında kəmər düzəlsin. Bizim yüksək binaların da həm layihələri düzgün qurulub, həm də tikintiyə nəzarət çox yaxşıdır.

 

– Azərbaycanda hansı ərazilər zəlzələ riski sayılır? Bu ərazilərdə tikilən binalarda hansı inşaat-memarlıq üslublarından istifadə olunmalıdır?

 

- Yüksək binaların böyük əksəriyyəti Bakıda tikilir. Gəncədə, yaxud başqa şəhərlərdə nisbətən azdır. Biz yüksək layihələndirmə və inşaat işlərini bütün rayonlarda, şəhərlərdə tikilən binalara şamil edə bilərik. Bizdə tikilən binalar 7-8 ballıq zəlzələlərə davamlıdır, böyük təhlükəsi yoxdur. Əgər bina 9 ballıq zəlzələ gücünə görə tikilirsə, onun da təhlükəsi olmayacaq. Məsələn, Bakıda yaşayış binaları, ictimai binalar, xüsusilə də 16-20 mərtəbə olan binaların hamısı kifayət qədər möhkəm, zəlzələyədavamlıdır. Seysmik cəhətdən bizim tikinti layihələndirmə normalarımız dünyanın bütün ölkələrindən daha sərtdir. İspaniyada keçirilən beynəlxalq konfransda bu istiqamətdə dünya alimlərinin qarşısında etdiyimiz çıxışlar böyük marağa səbəb olmuşdu. Məsələn, eyni bina, eyni seysmik göstərici, eyni şəraitdə bizim hesabatlarla tikilən binanın zəlzələyə davamlılıq  yükləri Amerika normalarından 2 dəfə, 2,5 dəfə daha sərtdir, yəni daha güvənli götürülüb. Hesablamalara görə, bizim tikinti normaları ilə alınan rəqəmlər, ancaq Yaponiya normaları ilə uyğun gəlir. Məsələn, biz qruntu-torpağı, binanın mərtəbələrini eyni götürüb bir dəfə yapon norması, bir dəfə də Azərbaycan norması ilə hesablayırıq. Tutaq ki, Rusiyanın tikinti normaları ilə müqayisə edəndə, bizim tikinti normaları  2,5 dəfə onlardan güvənlidir. Bizdə tikinti layihəsində karkaz sistemi – armaturlanma, sementlənmə 30 tona görə hesablanırsa, bu, ABŞ-da 15 ton götürülür. Ona görə də inamla deyirəm ki, bizdə tikinti layihələri çox ciddi şəkildə güvənli aparılır, yoxlanılır, nəzarət güclüdür. Müqayisədə Türkiyədə tikintiyə nəzarət, demək olar ki, yox dərəcəsindədir. Bizdə tikinti layihələri və tikintiyə nəzarət yüksək səviyyədədir.

Açıq etiraf edək ki, zəlzələ öyrənilməmiş sahədir. Belə bir qayda var, əgər bir məsələdə tam etibarlılıq yoxdursa, həmişə işin güvənli tərəfini götürmək lazımdır.

 

- Bir inşaatçı olaraq Azərbaycanda layihələndirməni yüksək dəyərləndirdiniz. Bəs qurduğunuz möhkəmbünövrəli binaların kənardan mənzərəsinə baxanda hansı çatışmazlığı, yaxud üstünüyü görə bilirsiniz?

 

- Bu, zövq məsələsidir. Ola bilər ki, eyni şəkil birinə gözəl görünsün, birinə xoş gəlməsin. Amma ümumən normaldır.

Mən əsas problemin binanın bəzək işlərində yarandığını deyə bilərəm. Məsələn, yaşadığım binanın rəngi, fasadı bu gün belədirsə, 10 il sonra necə olacaq, onu yenidən rəngləmək mümkün olacaqmı? Bu, əslində bütün dünyanın problemidir. Düzdür, bəzi yerlərdə yaşayış binaları çox sıx tikilib, lazım olandan artıqdır. İstərdik ki, gözəl həyətimiz, yaşıllıq olsun. Amma inkişaf prosesində yer çatışmazlığı, sıxlığın yaranması da qaçılmaz olub.

Bəzən tikinti zamanı, az qala, binaları bir -birinə birləşdirilər. Ona görə də deyirəm ki, baş planın hazırlanması vacibdir. Neçə ildir ki, Baş Plan hazırlanır, amma hələ ki, tamamlanmayıb. Baş Plan olmalıdır ki, ondan kənara çıxılmasın.

 

– Azərbaycan şəhərlərində, rayonlarında, xüsusən Bakıda neçə mərtəbəli binalar tikilə bilər, baş planda bu məsələlər öz əksini necə tapıb?

 

- Baş Planın hazırlanmasında iştirak etmirəm. Məsələ odur ki, Baş Planda hər bir rayonun, yaşayış sahəsinin həm mərtəbəliliyi, həm sıxlığı, nəqliyyatı, su təhcizatı, kanalizasiyası və sair məsələlər öz əksini tapmalıdır. Məsələn, indiki dövrdə bizim üçün ən böyük problem kanalizasiya sistemi, su, enerji təhcizatı ilə bağlıdır. Məsələn, Bakının kanalizasiya sisteminin çox böyük çatışmazlıqları var. O, doğrudan da böyük problemə çevriləcək. Bu tip məsələlər gərək kompleks şəklində həll olunsun. Bax, Baş Plan bu problemi aradan qaldıracaq. Bakının tikintisində indiyə qədər təsdiq olunmuş heç baş plan olmayıb. Bu sahədə biz gecikmişik.

Baş Plana əsasən mən deyə bilmirəm ki, Bakının hansı tərəfində alçaq mərtəbəli, hansı yerində hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Amma ümumi tendensiyaya görə 15-16-20 mərtəbədən yuxarı binalar gözlənilmir. Rayonlarımızda, elə işğaldan azad olunan Qarabağımızda da düzgün olaraq çox da yüksəkmərtəbəli binaların inşası nəzərdə tutulmur.

 

– Qarabağ və digər işğal altında olan ərazilərimiz azad olunandan sonra bərpa olunur. Bir çox şəhərlərin baş planları təsdiqlənib. O ərazilərdə aparılan inşaat işini necə dəyərləndirirsiniz?

 

– İşğaldan azad olunan ərazilərə sərbəst şəkildə getmək olmur. Elə oldu ki, Şuşaya getdim. Ora gedib-gələndən sonra inandım ki, şəhər lazımi səviyyədə tikiləcək və gözəlləşəcək. Orada o qədər gözəl işlər görülür ki... İlk baxışdan düşünürdük ki, camaata icazə verək, gedib orada öz evlərini özləri tiksinlər. Şuşaya qədər yollarda nə qədər gözəl tikilinin aparıldığını gördüm. Dağların üstündən çəkilən elektrik xətləri, qurulan infrastruktur, tikinti işləri Baş Plana görə davam edir. Məsələn, mən Ağdamın Baş Planının müəyyən hissəsini gördüm. O planda yollar və harada nə olacaqsa hamısı göstərilib. Əlbəttə, bu çox gözəldir. Bir də var ki, başlı-başına buraxasan, kim harda nə gəldi tiksin. O yerlərdə torpağı yandırıblar, ağacları məhv ediblər. Adam ağlamaq istəyir. Vəhşi də belə etmir. Əlbəttə ki, bu yerlərdə panlı şəkildə müasir şəhərlər salınacaq və o yerlər daha gözəl olacaqdır.

 

– İşğaldan azad olunan rayonlarda yeni şəhərlərin salınması prosesində hazırlanan Baş Planda zəlzələ amili nə dərəcədə nəzərə alınır?

 

– Azərbaycan 7-8-9 ballıq zəlzələ zonasında yerləşir. 8-9 ballıq zəlzələnin baş verməsi də torpaqdan çox asılıdır. Məsələn, Bakının bir hissəsində torpaq – qrunt yaxşıdır, o biri tərəfində pisdir. Deməli, layihələndirmədə ona uyğun da hesablamalar aparılır, o cümlədən də Qarabağda. Qarabağda əksər yerlər 8-9 ballıq zəlzələ zonasındadır. Kəlbəcər, Laçın 9, Füzuli 8, ballıq zəlzələ zonasıdır və ona uyğun da layihələndirlir.

 

– Əslində, “Seysmoloqlar bunu daha yaxşı bilir”, deyə düşünürük. Bəs, inşaatçı hansı ərazinin, yerin zəlzələ zonası olduğunu necə öyrənir?

 

- Bütün ərazilər seysmoloji cəhətdən öyrənilir. Məsələn, Qarabağın bəzi dağ rayonları son 30 ilə görə tam öyrənilməyib. Bizim zəlzələ rayonları haqqında ümumi xəritəmiz var. Layihələndirmə aparanda  artıq bilirik ki, həmin yer neçə ballıqdır. İndiki tələbat daha başqadır. İndi daha diqqətli, mikrolayihələndirmə işləri aparılır, yerin quruluşu öyrənilir. Bu saat Türkiyədə dağılan evlər bir tikişin-fayın üstündədir. Orada dağıntının böyük olmasının səbəbi odur ki, evlər zəlzələ çatı-fayının üstünə düşüb.

Yəni, əslində yer quruluşunun hissələrində olan çatların – tikişlərin yeri məlumdur. O mənada layihəçilərin əlində təxmini zəlzələ rayonlaması xəritəsi var. Tikintidən əvvəl orada geoloji tədqiqat işləri aparılır, hətta 30 metrədək  dalğanın yayılma sürəti öyrənilir və bunun əsasında dəqiqləşdirilir ki, burada layihələndirmə üçün hansı ilkin məlumatları qəbul etmək lazımdır. Əslində bu özü geniş mövzudur.

Zəlzələ tam öyrənilməyib və bu məsələdə ehtimallar nəzəriyyəsi çoxdur. Hər halda, gözlənilən ən yüksək zəlzələ balı 8-dir. Tarixdə bilinən 9 ballıq zəlzələ Şamaxıda və Göygölün yaranması zamanı olub. Bakıda 7 ballıq zəlzələ olsa da, ondan yuxarı olmayıb. Amma biz layihələndirmə zamanı tikintini 8 bala hesablayırıq.

 

– Sizcə, tikilən binanın da bir “şəxsiyyəti olmalıdırmı?”, onun Azərbaycançılığı bilinməlidirmi?

 

- Doğrudan da maraqlı məqama toxunduz. Məsələn, Belarusda tikilən bir binaya baxanda, elə bil,  bir belarus qadınını görürsən. Siz sualı verəndə gözümün qarşısında bu dayandı. Azərbaycanda da  bayaq dediyim o köhnə binalarımız elə bil Azərbaycan kişilərini, qadınlarını xatırladırdı. Gözəl 4-5 mərtəbəli binalarımız 2-3 mərtəbəli İsgəndəriyyədə sanki onları xatırladırdı. Görünür, gözümüz də öyrənmişdi. Əslində, bu sual ətrafında düşünmək lazımdır. İndiki binalarımıza baxanda “Onları görə bilirikmi?”, buna cavab verə bilmirəm... /"Həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az