Unudulmaz FACİƏ
Bu gün 12 fevral 2023-cü il qardaş ölkə Türkiyəmizdə 6 fevral tarixində baş vermiş olan dəhşətli zəlzələ ilə bağlı elan edilən 7 günlük matəmin son günüdür.
Ancaq buna baxmayaraq bizim matəmimiz hələ başa çatmayıb. Biz bu fəlakətin bizə yaşatdığı dərin sarsıntını, hüzn və kədər hissini sona qədər qəlbimizdə yaşayıb bu fəlakəti bir an olsun yaddan çıxarmayacağıq. Həmişə olduğu kimi qardaş Türkiyəmizə sona qədər dəstəyik və dəstək olacağıq! Fəlakət nəticəsində həyatını itirmiş 29000-dən çox bacı və qardaşlarımıza Allahdan rəhmət diləyir, 80000-dən çox yaralımıza da Allahdan şəfa diləyirəm.
6 fevral 2023-cü ildə qardaş Türkiyədə baş vermiş zəlzələnin görüntülərinə televiziyada baxdıqdan sonra dəhşətli dərəcədə təsirlənərək qələmə aldığım “Qardaşlıq çağırışı” adlı şeirimi dəyərli oxucularıma təqdim edirəm. Allah bütün dünya müsəlmanlarının ümid yeri olan Türkiyəmizi qorusun! Amin!
QARDAŞLIQ ÇAĞIRIŞI
Dözümlü ol, Türkiyə!
Ümidini itirmə!
“Hər şey yaxşı olacaq”,
Deyib ancaq səbr elə.
İmdadına çatırıq,
Sən gözlə yolumuzu.
Duman-çən bürüsə də,
İndi sağ-solumuzu.
Bizi dayandırmadı,
Güclü qar, güclü külək.
Birliyimizin gücü,
Oldu hamıya örnək.
Canımızdan can qopdu,
Titrədi neçə ürək.
Dağıntılar altında,
Qalana edək kömək.
Məzlumların harayı,
Yeri-göyü titrətdi.
Neçə çarəsiz insan,
Bu gün cənnətə getdi.
Dərin kədərimiz var,
Allah olsun Türkə yar,
Qan donduran faciə,
Qəlblərə yağdırır qar.
Səninlədir duamız,
Acın bizim acımız,
Qardaş ölkəm, Türkiyəm,
Bitəcəkdir yasımız.
Qismətdir Yaradandan,
Bu böyük bir imtahan,
İnanırıq, sən bundan,
Üzüağ çıxacaqsan!
Gələcəyə sən inan,
Ərşə səslənsin duan,
Qaranlığa aydınlıq,
Gətirəcək Ərdoğan!
Qoy bilsin bütün dünya,
Hamı eşitsin bunu.
7 günlük matəmin ,
Tezliklə gələr sonu.
Tale bu günü yazdı,
Qan ağlayır gözümüz,
Pis günün ömrü azdı,
Gecənin sonu gündüz.
Bu dövlət zəlzələdən,
Enən, yıxılan deyil!
Bizim qardaşlığımız,
Bitən, sonlanan deyil!
Hamımız səninləyik,
Gəl birgə addımlayaq!
Bu yurdu xoş sabaha,
Biz gəl birgə aparaq!
Ay-ulduzlu al bayraq,
Hey qalxdıqca qalxacaq,
İnşAllah Türkiyəmdə,
Toy-bayram da olacaq!
Sənə dözüm verəcək,
İnan, Ulu Yaradan,
Bil ki, yalnız deyilsən,
Sənlədir Azərbaycan!
Axsa da, gözümüzdən,
Qəmin, kədərin yaşı.
Düşməsin dilimizdən,
Qardaşlıq çağırışı,
Qardaşlıq çağırışı!
Sevindik Nəsiboğlu
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"