Evi 10 ildir məcburi köçkün tərəfindən zəbt edildi-ŞİKAYƏT

18:15 16-02-2023 | icon 369 | Sosial
Evi 10 ildir məcburi köçkün tərəfindən zəbt edildi-ŞİKAYƏT

 

 

 Sumqayıtda 4 otaqlı evi məcburi köçkün tərəfindən zəbt olunan Ağakişiyevlər ailləsi 10 illərdir kirayələrdə qalır. Ailə haqlarını bərpa etmək üçün Prezidentə MÜRACİƏT edib

 

Məlumdur ki, Ermənistanın 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü, soyqırımı və deportasiya siyasəti nəticəsində 1 milyonadək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın müxtəlif yerlərində, uşaq bağçalarında, məktəblərdə, yataqxanalarda və s. yerlərdə məskunlaşıblar.  Təəssüflə qeyd edilməlidir ki, bəzi hallarda bu məskunlaşma digərlərinin mülkiyyət hüququnun pozulması ilə müşayiət olunub. Onların arasında boş evləri zəbt edərək özlərinə yuva quranlar da az olmayıb.

 

10 il əvvəlin məlumatına görə respublika üzrə şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərin ailələrinin sayı 2998 təşkil edib. Paytaxt Bakıda 2168, Sumqayıt şəhərində 629 mənzildə məcburi köçkünlər yaşayıb.

 

Versus.az-a daxil olan şikayətə əsasən demək olar ki, Azərbaycanda mülkiyyət hüququ ən çox pozulan və indiyəcən təmin olunmayan ailələrdən biri də Sumqayıtda yaşayan Ağakişiyevlər ailəsidir.

 

Sumqayıtda 4 otaqlı evi məcburi köçkün tərəfindən zəbt olunan Ağakişiyevlər ailləsi 10 illərdir kirayələrdə qalır. Ailə haqlarını bərpa etmək üçün Prezidentə MÜRACİƏT edib.

Sumqayıt şəhər sakini, Həqiqət Ağakişiyevə Feytulla qızı  şikayət ərizəsində bildirib ki, qanunla ona məxsus 4 otaqlı evi Kəlbəcərdən olan məcburi köçkün Muxtarovlar ailəsi zəbt edib. Evləri zəbt olunmamışdan əvvəl onlar, 1978-ci ildə Sumqayıt şəhərində yerləşən “Ximkombinat”dan –(indiki Üzvi-Sintez Birliyi) həyat yoldaşı Firuddin Ağakişiyev Balaqadaş oğluna verilən evdə yaşayıblar.

Şikayət ərizəsində qeyd olunub ki, ailə üzvləri artığından onların mənzil sahəsi etdikləri müraciət əsasında artırılmış, ailəyə qaldıqları mənzil dövlətə təhvil verilmək şərtilə 1994 –cü ildə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 21.04.1994-cü il tarixli, 391 saylı sərəncamı ilə yaşayış sahəsi 53,13 kvadrat metrdən ibarət 47-ci məhəllə, ev 13 , mənzil 22-də 4 otaqlı ev verilmişdir.

Lakin  mənzilin orderi əlində olan ailə sevincək təzə mənzilə köçmək istədikdə məlum olmuşdur ki, onların halal mənzili , qapısı qırılaraq Kəlbəcər qaçqınları Muxtarov Zakir Ədil oğlu, Muxtarov Solmaz Ədil qızı və onların ailəsi tərəfindən zəbt olunub.

Evi zəbt edilən Həqiqət Ağakişiyevə bildirib ki, o zaman ailəyə verilən 47-ci məhəllə, ev 13 , mənzil 22-də tikinti davam edirmiş.

“Ümumiyyətlə,  bizim bina tam hazır deyildi, təhvil verilməmişdi. Kanalizasiya qoşulmamışdı, istilik , su, qaz xətti yox idi. Hətta mənzilin pəncərəsi belə qoyulmamışdı deyə biz həmin evə köçmədik ki, tam hazır olsun. Məcburi köçkünlər də evin sahiblərinin-bizim evdə olmamağımızdan istifadə edərək qapını qırıb evimizi zəbt etdilər.

Həyat yoldaşım rəhmətə gedənəcən (2019-cu ildə) öz evimizdə yaşamaq  üçün uzun müddət mübarizə apardı , amma öz evində yaşamaq ona qismət olmadı.

Arzu edirəm heç olmasa övladlarımız öz evlərində yaşasın. Yoldaşımla bizim kimi Sumqayıtda evi zəbt olunmuş 66 ailə ilə birlikdə -bizə hətta “66-lar deyirdilər. Çünki  uzun müddət mülkiyyət hüquqlarımızı bərpa etmək üçün fəaliyyət göstərdik. Biz o qədər Prezident Administrasiyana şikayətə gedirdik ki, artıq bizi görəndə orda deyirdilər ki, ““66-lar” yenə  gəldi”.

Bizim kollektiv və fərdi qaydada getmədiyimiz dövlət qurumu, döymədiyimiz  qapı, yazmadığımız yer, görüşmədiyimiz məsul şəxs qalmadı, amma problemimiz indiyəcən öz müsbət həllini tapmayıb.

Aidiyyati dövlət qurumlarına göndərilən rekord sayda məktublara, teleqramlara, müraciətlərə, çoxsaylı məhkəmələrə baxmayaraq, bizim məsələnin həllinə əsas cavabdeh olan “Qaçqınkom”un keçmiş sərdi Əli Həsənovla və indiki sədri Rövşən Rzayevlə dəfələrlə görüşsək də bizə yalnız vədlər verilib ki, məsələ öz həllini tapacaq.

30 il ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Sumqayıt icra hakimiyyətinə və onun bütün icra başçılarına , Azərbaycanın İnsan Hüquqları üzrə  Müvəkkili olmuş (Ombudsman) Elmira Süleymanovaya,  Baş Prokurorluğa, Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədova, Prezident Administrasiyasına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdiyimiz mürciətlər nəticəsiz qalmışdır və bir qayda olaraq şablon cavablar verilmişdir.

Məsələn belə cavablar :“Bildiririk ki, Azərbaycan Respublikasi Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nomreli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə “Dövlət Proqramı”na əlavələrə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqət meskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və hazırda bununla bağlı işlər davam etdirilir”

Ya da Sumqayıt icra hakimiyyətindən, ”Qaçqınkom”dan eyni tipli cavablar gəlib ki:

”Dövlət Proqramına əlavələrin icrası ilə əlaqədar evlər tikildikdən sonra, yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrin, o cümlədən sizin mənzilinizdə məskunlaşmış məcburi köçkün ailəsinin köçürülməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır”.

Ya da :“Hazırda Komitənin balansında boş mənzil fondu olmadığı üçün həmin mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsini başqa yaşayış sahəsi ilə təmin etməsi imkanı xaricindədir”.

Sərəncamın 2-ci bəndində deyilir ki, 1992-1998-ci illərdə məcburi köçkünlərin mıəskunlaşdıqları yerlərdən çıxarılmasına yol verilməsin. Yəni, məcburi köçkünlərin 1998-ci ilə qədər məskunlaşdıqları həmin evlərdən köçürülməsi dayandırılıb. Onlar o halda köçürülə bilər ki, həmin ailə başqa yerdə yerləşdirilsin, əks halda, evlərdən çıxarıla bilməzlər.

Əlbəttə qaçqınlar o zaman öz doğma el-obalalarını itiriblər. Biz bunu başa düşürük.

Amma biz özümüz bunun nəticəsində evimizdən qaçqın, didərgin düşmüşük neçə illərdir.

Didərgin düşmüş məcburi köçkünlərin yaşayış problemlərinin başqa mülkiyyətçilərin hesabına həll edilməsi Konstitusiya ilə yolverilməzdir.

Zəbt olunan mənzilimiz 27.08.2007-ci il tarixdən bizim adımıza özəlləşdirilib və hamımız  indiyəcən elə o evdə qeydiyyatdayıq.

Məcburi köçkünlərin problemləri, o cümlədən yaşayış hüququnun təmin edilməsi məsələlərinin həlli kobud şəkildə mülkiyyətçilərin üzərinə atılıb. Bu problemlər təcili şəkildə öz həllini tapmalıdır. Şəxsi mənzil sahibi kimi mülkiyyət hüquqlarımız uzun müddət pozulub. Mülkiyyətçinin mülkiyyəti özlərinə qaytarılmalı, qaçqınlar isə dövlət hesabına yerləşdirilməlidir. Düzdür , məcburi köçkünlərin bir hissəsi mənzilllə təmin olunduğundan  bəzi mülkiyyətçilərin  mülkiyyəti özlərinə qaytarılıb.

Amma bizim mülkiyyətimiz hələ də qaytarılmayıb.

Mənzilin boşaldılmasına dair ərizələr ilə müxtəlif dövlət orqanlarına etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Bu səbəbdən həyat yoldaşım məhkəmə iddiası qaldırmaq məcburiyyətində oldu. Sumqayıt şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli Qətnaməsi ilə evimizin boşaldılması haqda iddiamız təmin edilmişdir. Sumqayıt Regional Ədliyyə İdarəsinin Sumqayıt şəhəri üzrə icra şöbəsi 04 noyabr 2011-ci il tarixində icraata başlama haqqında qərar qəbul etmişdir.

Təssüflər olsun ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq 12 ildir ki, icra edilmir. Bu mənim mülkiyyət və Konstitusiya ilə qorunan digər hüquqlarimm kobud pozuntusudur. Qətnamənin icra edilməməsi Sumqayıt şəhəri icra şöbəsinin qanunsuz hərəkətsizliyinin nəticəsidir. İcra şöbəsinin hərəkətsizliyi nəticəsində mənə və ailəmə külli miqdarda maddi və mənəvi ziyan dəyir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (AR Konstitusiyası, mad. 29). Bizim mülkiyyət hüququmuzu müdafiə edən oxşar müddəalar Azərbaycan Respublikasının digər  qanunvericilik aktlarında da öz əksini tapıb.

Məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsinə görə həyat yoldaşım İnsan Hüquqları üzrə Avropa Məhkəməsinədə şikayət vermişdi . İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

21 oktyabr 2014-cl il tarixli bəyanat qəbul edilmişdir Bəyanatda Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması qərar qanunsuz olaraq icra edilməməsi) va 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntularının baş verməsi tanınmışdır. Kömək kimi bizə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 2310 avro məbləgində kompensasiya da ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən Dövlət tanıdığı pozuntuları aradan qaldırmalı idi. Təssüflər olsun ki, Hökümət (yəni müvafiq dövlət orqanları) pozuntuların aradan qaldırılması istiqamətində heç bir addım atmamışdırlar. Nəzərə almaq lazımdır ki, 2018-19-cu illərdə yüzlərlə məcburi köçkün ailələri ev ilə təmin edilərək yaşadıqları yerlərdən yeni mənzillərə köçürülmüşdürlər.

Amma bizim evi zəbt edən məcburi köçkün evimizdən köçürülmədi.

Bir neçə il əvvəl qaçıqnlar siyahıya alındı və dövlət proqramına əsasən onların  bir hissəsi köçürüldü. Deyilrdi və qərar verilmişdi ki, 2021-ci ildə ikinci dalğada bütün qaçqınlar,o cümlədən bizi evi zəbt edənlər Stansiya Sumqayıtda  yeni tikilən şəhərçikdə yerləşəcək. Biz də sevindik ki, axır ki,  evimiz boşaldılacaq, biz də öz evimizə köçəcəyik.

 

Amma bizim qələbə qazandığımız 44 günlük Vətən müharibəsindən sonra bu proses dayandı.

 Və həmin binalarda məskunlaşmağın təyinatı dəyişdi, məzillər əlillərə, şəhid ailələrinə, qazilərə verildi. Köçürülmə dayandı. İndi şükür Allaha torpaqlarımız Şanlı Ordumuz tərəfindən  işğaldan azad olunub. Qaşqınların müəyyən hissəsi  işğaldan azad olunmuş ərazilərə qayıdır,amma bizim evimiz yenə də azad edilmədi.

Evimizi zəbt edən məcburi köçkünlər də  ümumiyyətlə çıxmağa razıdırlar, amma deyirlər ki, onlara ev versinlər çıxsınlar.

Bizim kimi onlar da “Qaçqınkom”a dəfələrlə gedib.

Mən 97-ci ildən şəkər xəstəsiyəm, insult keçirmişəm, iki dəfə ürəyimə stend qoyulub. Təzəlikcə əlim əməliyyat olunub, zobdan əməliyyat olunmuşam, təzyiq xəstəsiyəm. Mən az pensiyamla dərmanlara pulu güclə çatdırıram. Üstəlik kirayədə yaşayıram. Ev almağa imkanımız yoxdur. Yaşadığımız mənzildən çıxarılandan sonra kiraylərdə qalmışıq. Oğlum öz ailəsi ayrı  yerdə , mən , qızım , onun övladı və  həyat yoldaşım vəfat gedənəcən 2 ayrı yerdə kirədə qalmışıq. Öz evimiz zəbt olunduğuna görə məcbur olaraq qaldığımız evlərin kirayəsinə indiyəcən 30 min manatdan çox pul xərcləmişik və xərcləyirik hal-hazırda da. Hələ mən narahatçılığımızı,  digər xərcləri demirəm.

Oğlumun 3 uşağı var, biri, 15 yaşlı qız nəvəm ağır xəstədir, serebral iflic xəstəsidir.Onun xüsusi diqqətə ehtiyacı var.Maddi durumumuz yaxşı deyil, təkcə mənim pensiyamla və oğlumun aldığı az maaşla 8 nəfər çətinliklə dolanırıq. Əgər öz evimizi boşaltsaydılar və ya bizə uyğun ev versəydilər bir yerə yığışıb heç olmasa birtəhər yaşayardıq. Bütün məhkəmə instansiyaları bizim xeyrimizə qərar çıxarıb ki, zəbt olunan mənzil boşaldılsın və bizim mülkiyyət hüququmuz təmin olunsun.

Həyat yoldaşım Qanunvericlik ilə müəyyən edilmiş müddətlərdə mənim xeyrimə olan Sumqayıt şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnamənin icra edilməməsinə görə bizə dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq  hər iki  qurumun ayrılıqda 10.000 manat ödənilməsi üçün Sumqayıt şəhər İcra və Probasiya İdarəsinə və  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldırmışdı, amma bu tələbimiz də təmin olunmadı.

Sonda mətbuat vasitəsilə  hörmətli Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək xahiş edirəm ki, ailəmin mülkiyyət hüququnun təmin olunması üçün bizə köməklik edəsiz” .

 

Ləman 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

"Kilsə Rusiyanın son variantı idi"

Deputat siyasi partiyaların fəaliyyətindən DANIŞDI

Ayda 376 manata mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişafı - MÜZAKİRƏ

Füzuli və Ağdamın 28 kəndində vətəndaşlara müavinətin ödənilməsi niyə dayandırılıb?

Bu məktəb binası BOŞALDILIR

Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq TƏDBİRLƏR

Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

Magistraturaya qəbulun yekun NƏTİCƏLƏRİ

İdmançılarımız Abu Dabidən qələbə ilə döndü

“CineMastercard”da “Çingene kızı Zeugma” - QALA GECƏSİ

“Qarabağ”ın oyununda QADIN HAKİMLƏR

“Yeni Kalidoniya Bakı Təşəbbüs Qrupuna güvənir”