Azərbaycan -türk milləti tarixin müəyyən mərhələlərində düz 4 dəfə öz tarixi torpaqlarından, yurd-yuvalarından zorla, məcbur edilərək, öldürülərək, işgəncələrə, deportasiyalara məruz qoyularaq çıxarılıb. Hər bir azərbaycanlı Azərbaycan torpağının, insanının başına gətirilən bu faciəli tarixi varaqladıqca başına gətirilən bu haqsızlığa, müsibətə üsyan edir, işğalçı və onun havadarlarına lənətlər yağdırır, haqqımı tələb edir… Bu gün az qala Qarabağa iddia edən azsaylı erməni xalqına, guya ədalət istəyən beynəlxalq ədalətin gözü niyə Qərbi Azərbaycanın məhv edilmiş tarixini, soyqırıma, deportasiyalara məruz qalmış insanlarımızın haqqını tanımır?! Demək, Azərbaycan, onun insanı, qarşısında daayanan bədnam iblislərə qalib gəlmək üçün güclənməli, bir ideya, bir yumruq kimi birləşməlidir… Qərbi Azərbayacan bizim ana haqqımızdır…
Bu istiqamətdə “Qərbi Azərbaycan İcması” Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov Həftə İçi”-də danışdı. Bizə Qərbi Azərbaycandan danışdı…
– Fərrux müəllim, indiki Ermənistan sərhədləri daxilində qalan Azərbaycanın tarixi torpaqları - Qərbi Azərbaycanın hansı şəhərindən, kəndindənsiniz. Nə zaman öz yurdunuzu tərk etmək məcburiyyətində qalmısınız? Bir qədər o yerlərdən, ermənilərin azərbaycanlılara qarşı sərgilədiyi düşmən münasibətlərdən danışın...
- Mənim anadan olduğum Cil kəndi Göyçə gölünün lap yaxınlığında yerləşirdi. Tarixi mənbələrə görə kəndin əsası XII əsrdə qoyulub. Çox zəngin təbiəti var idi, kənd üç tərəfdən dağlarla əhatə olunmuşdu, qarşıda isə Göyçə gölünün gözəl mənzərəsi görünürdü. Kənd 31 dekabr 1937-ci ilə kimi Basarkeçər rayonunun tərkibində olmuşdu. Sonra yeni yaranan Cəmbərək rayonunun tərkibinə verilmişdi. "Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən “cil” sözü əsasında əmələ gəlmişdir. İlk siyahıyaalınmaya görə, kənddə 1831-ci ildə 265 nəfər yaşamışdır. Bu rəqəm 1897-ci ildə 739, 1939-cu ildə 1226, 1970-ci ildə 1606 nəfər olmuşdur. 1988-ci il deportasiyası zamanı kənddə 1500 nəfər əhali yaşayırdı. Cil kəndi iqtisadi göstəricilərinə görə, rayonda öndəgedən sovxozlardan idi. Kənddə 13 000 baş xırdabuynuzlu heyvan, 2 500 baş qaramal saxlanırdı. Tütünçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq əsas gəlirli sahələrdən idi. Kənddə 1923-cü ildən fəaliyyət göstərən məktəb, 2 kitabxana, tibb məntəqəsi, Mədəniyyət evi, uşaq bağçası, universam, dəyirman, hamam, Məişət evi və digər ictimai obyektlər fəaliyyət göstərirdi. 1970-1980-ci illərdə ali məktəblərə daxil olan məzunların sayına görə Cil kənd orta məktəbi Qərbi Azərbaycanda fəaliyyət göstərən orta məktəblər siyahısında ilk yerlərdən birini tuturdu. Kənd məktəbinin məzunlarından Azərbaycanda nazir, nazir müavini, komitə sədrləri vəzifəsində işləyənlər olub. Məzunların arasında generallar, elmlər doktoru, professorlar, tanınmış həkimlər, iş adamları, şair və yazıçılar, jurnalistlər və digər peşə sahibləri vardır. Qarabağ torpaqlarının azadlığı uğrunda kəndin 15 nəfər qəhrəman oğlu şəhid olub. Onlar ölümündən sonra müxtəlif medallarla təltif edilib. Mehbalı Zeynalabdinov “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb, Bakıda adına küçə verilib.
– O səfalı kənddə həyatınız necə keçib? Bir az öz həyatınızdan danışın..
– 1 yanvar 1961-ci ildə həmin kənddə anadan olmuşam. 1968-1978-ci illərdə Cil kənd orta məktəbində oxumuşam. Çox yaxşı məktəbimiz və müəllimlərimiz var idi. O, sadəcə bir məktəb deyildi, bir akademiya idi. Bir sinfin 23 nəfər məzunundan 18 nəfəri müxtəlif ali məktəblərə daxil olurdu. Məktəbimizin direktoru Şərif Namazovu, ibtidai sinif müəllimim Daşdəmir Tağıyevi, Azərbaycan dili və ədəbiyyat müəllimin Sədaqət Tanrıverdiyevi, fizika müəllimim Nəriman Həsənovu, riyaziyyat müəllimlərim Sarvan Abbasovu, Əli Məmmədovu, Razim Məmmədovu və digərlərini hörmətlə xatırlayıram.
Bizim kəndimiz Azərbaycan kəndi idi. Bir nəfər də olsun erməni yox idi. Heç qonşu kəndlərdə də ermənilər yaşamırdı. Biz uşaqlar onlarla ünsiyyətdə olmurduq. Rayon mərkəzinə gedəndə onlarla qarşılaşırdıq. Orada isə bizimlə Azərbaycan dilində danışırdılar. Ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən bütün idarə və təşkilatlarda, ictimai yerlərdə, yeməkxanalarda, xəstəxanada istifadə etmək mümkün idi. İndi başa düşürəm ki, onlar bilə-bilə bizə erməni dilini öyrətməyiblər. Əslində, tədris planında məcburi komponentlərdən biri yaşadığın respublikanın dilini və tarixini öyrənməkdir. Onlar bizə bunları öyrətməyiblər. Bizim tədris planlarımız, dərslklərimz Azərbaycandakı məktəblərinki ilə eyni idi. Azərbaycan dilində təhsilimizə heç bir təzyiq və basqı yox idi. Şərait yaradırdılar ki, yaxşı oxusunlar və ali təhsil arxasınca Azərbaycana getsinlər. Gedənlər isə qayıtmırdı. Kəndə qayıdıb müəllimlikdən başqa digər bir sahədə işləmək mümkün deyildi. Bu da düşünülmüş bir siyasət idi. Ermənilərlə qarşılaşanda ilk sözləri belə olurdu: ”hayes (ermənisən), türkes (türsən). Kənddə yaşlı insanlar da, müəllimlər də erməni vəhşiliyindən danışırdılar. 1918-1920-ci illərdə bizim kənddə böyük qırğın olmuşdu. Salamat qalanlar dağ yollarını keçərək Gədəbəyə sığınmalı olmuşdular. Hər il aprelin 24-də azərbaycanlılara rayon mərkəzinə getməyi məsləhət bilmirdilər ki, onlar sizə xəsarət yetirə bilər. Saxta genosid oyunları onların qanına hopmuşdu. Ermənilər uşaqlarını lap balaça vaxtlarından azərbaycanlılara nifrət ruhunda böyüdürdülər. Bu nifrət 1988-ci ildə sonuncu və amansız deportasiyaya gətirib çıxartdı. Həmin dövrdə arxasız və köməksiz qalan, əliyalın Qərbi Azərbaycanlılar mitinqlər keçirərək Azərbaycan hökumətinin onlara kömək etməsini istəsələr də heç nəyə nail ola bilmədilər.
– Bu mitinqlər indiki Ermənistan ərazidə təşkil olunurdu?
– Bəli.1988-ci il may ayının sonu, iyun ayının əvvəllərində həm Basarkeçər, həm də Cəmbərək rayonunda Xankəndidə ermənilərin keçirdiyi mitinqlərə cavab olaraq mitinqlər başladı. “Qarabağ Azərbaycandır!”, “Göyçə mahalına muxtariyyət verilsin!” şüarları altında keçirilən mitinqlərdə hər kənddən yüzlərlə adam iştirak edirdi. Bu mitinqlər deportasiyanı sürətləndirdi. Saqqallı daşnaqlar gecələr kəndlərə hücum etməyə başladılar. Noyabr-dekabr aylarında Ermənistan ərazisindəki azərbaycanlıların hamısı qovuldu. İnsanlar dogma ocaqlarından didərgin salındı. İtlər zəncirdə, mal-qara tövlədə qaldı, insanlar qarlı-şaxtalı günlərdə dağ yolları ilə Gədəbəy rayonuna pənah apardı. Kəndimizin sakinləri hələ də öz evlərinin açarlarını ən qiymətli yadigar kimi qoruyub-saxlayır. Son vaxtlar həmin açarların onlara lazım olacaqları ilə bağlı ümidləri yaman artıb. Mən həmin vaxt Bakıda yaşayırdım. Kənddəki evimizin sənədlərini gətirmək üçün kəndə getməli olmuşdum. Təsəvvür edirsinizmi, rus əsgərləri məni dogma kəndimə buraxmrdılar ki, sizin üçün hər şey bitib. Güc-bəla kəndə daxil oldum, evlər qəbir daşı kimi adamın üstünə gəlirdi, hər tərəfdə ac-susuz qalan yiyəsiz itlər hürür, pişiklər miyoldayırdı. Adamı vahimə basırdı, evlərin çoxu yağmalanmışdı, qapılar, pəncərələr sındırılmışdı. Məni müşayiət edənlərin köməyi ilə lazımi sənədləri alıb geri qayıtdım. Atamın qəbrini ziyarət etməyə belə imkan vermədilər.
– “Qərbi Azərbaycan İcması”, “Qərbi Azərbaycana Qayıdış”, “Qərbi Azərbaycan Konsepsiyası” tarix qarşısında, yeni dünya düzənində açılan hansı səhifədir, hansı tarixi mərhələnin başlanğıcından xəbər verir?
– Qərbi Azərbaycana Qayıdış Konsepsiyası son 200 il ərzində indiki Ermənistan ərazisindən deportasiya olunmuş, müxtəlif təzyiqlərə məruz qalaraq qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin edən çərçivə sənədidir. Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən konseptual sənəddir. Burada Qərbi Azərbaycana Qayıdışın strategiyası və taktikası aydın, konkret şəkildə ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən siyasi leksikona daxil edilən “Qərbi Azərbaycan” ifadəsi Qərbi Azərbaycan İcmasının yaradılması ilə yeni məzmun kəsb etdi. Zaman-zaman doğma yurd-yuvasından deportasiya olunmuş, müxtəlif təzyiqlərə məruz qalaraq isti ocaqlarından didərgin düşmüş insanlara, onların özlərinin və babalarının orada yaratdıqları maddi-mənəvi irsə, mədəniyyətə, maarifçilik mühitinə münasibəti dəyişdi. Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi konseptual fikirlər əzəli torpaqlarımızın tarixinin, coğrafiyasının, mədəniyyətinin, maarifçilik mühitinin öyrənilməsinin metodoloji əsasına çevrildi. Mükəmməl bir Konsepsiya hazırlandı və təsdiq edildi. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin icra mexanizmini özündə ehtiva edən Konsepsiya praktikliyi, beynəlxalq hüquqa, tarixi faktlara və həqiqətə əsaslanması ilə diqqəti cəlb edir. Konsepsiya həm də tərəqqipərvər bəşəriyyətə, dünya dövlətlərinin rəhbərlərini, beynəlxalq təşkilatlara bir müraciətdir.
Məlumdur ki, 1828-ci ildən başlayaraq indiki Ermənistan ərazisinə İrandan, Türkiyədən, Suriyadan, sonralar isə Avropa ölkələrindən köçürülən ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər. Zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə cinayətlər və insan hüquqlarının kobud pozulması 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. 1918-ci ildə 10 min kvadratkilometr ərazidə himayədarlarının köməyi ilə öz müqəddəratını təyin edən, ilkin dövlətlərini (Ararat) yaradan ermənilər 1933-34-cü illərdə SSRİ rəhbərliyinin xeyir-duası ilə ərazilərini 29,8 min kvadratkilometrə çatdırıblar. Zəngəzur da daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox kənd və qəsəbələr Ermənistana verilib. Ermənistanın monoetnik dövlətə çevrilməsi milyonlarla azərbaycanlının öldürülməsi, fiziki işgəncələrə məruz qalması və dədə-baba yurdlarından qovulması hesabına başa gəlmişdir. 1828-ci ildə İrəvan şəhərində yaşayan əhalinin 80 faizini azərbaycanlılar təşkil etdiyi halda, hazırda nəinki İrəvan şəhərində, ümumiyyətlə, indiki Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı yaşamır. Halbuki Azərbaycanın Qarabağ iqtisadi zonasında 20 minə yaxın erməni yaşayır.
Bu gün əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdış məsələsi gündəmdədir. Qərbi azərbaycanlıların bu tələbi haqlıdır, ədalətlidir və bütün beynəlxalq hüquqlara uyğundur. Hesab edirəm ki, Qərbi Azərbaycan əhalisinin indiki Ermənistana təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtması böyük sülhə mühüm töhfə ola bilər.
– Heç şübhəsiz, 44 günlük qələbə savaşımız Zəngəzura, oradan da Qərbi Azərbaycana gedən yolumuzu açdı...
– Bəli, 44 günlük dəmir yumruq əməliyyatı millətin 30 illik Qarabağ həsrətinə son qoydu. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, siyasi iradəsi, Azərbaycan Ordusunun şücaəti, qazilərimizin fədakrlığı, şəhidlərimizin qanı hesabına itirilmiş torpaqlarımız geri qaytarıldı, millətimizin Məkkəsi hesab edilən Şuşaya Azərbaycan bayrağı sancıldı. İndi yolumuz Zəngəzura, oradan da itirilmiş digər yurd yerlərimizədir. Bu yolda millətimizə, dövlətimizə və Ali Baş Komandana uğurlar olsun. (həftə içi)
Tahirə Qafarlı
Versus.az