Böyük məqsədlər qorxaq ürəklərdə olmaz...

16:59 06-04-2023 | icon 1200 | Şəhidlər və şahidlər
Böyük məqsədlər qorxaq ürəklərdə olmaz...

Onlar Vətən yolunda, müqəddəs torpaq yolunda canlarını fəda etdilər

 

Vətən müharibəsi şəhidi, əsgər Zaur Kamal oğlu Mədətovun (16 noyabr 1999-cu il Sumqayıt şəhəri 8 oktyabr 2020-ci il Füzuli rayonu) anası Raziyə Vəliyeva ilə müsahibə.

 

Şəhidlərimiz doğma yurdumuzun ərazi bütövlüyünün müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşərək şir kimi düşmənin üzərinə atıldılar. Onlar Vətən yolunda, müqəddəs torpaq yolunda öz canlarını əsirgəmədən fəda etdilər. Fədai kimi ad qazanan bu qəhrəmanlar - şəhidlər həmişə öz canlarını yolunda fəda etdikləri doğma yurdlarının azad, şən və bəxtiyar övladlarının qəlbində yaşayar, iz qoyar, əbədiləşər. Onlar heç bir zaman unudulmazlar. Çünki bu Vətən torpağı neçə-neçə igid oğullar, qızlar yetişdirir….

 

Bu igid oğullar, qızlar şəhidləri özlərinin idealı seçib həyatı onlar kimi yaşamağa, el üçün, vətən üçün, torpaq üçün yaşamağa çalışacaqlar və inanıram ki, onlar bunu çox gözəl bacaracaqlar. Ona görə ki, bir vaxtlar başı üzərində üçrəngli bayrağımızın dalğalandığı, doğulub boya-başa çatdığı torpaqlarda yaşamış və bununla fəxr etmiş, vətənini canından əziz tutmuş igidlərimiz də belə etmişdilər. Onlar da özlərindən əvvəlki Şəhidlərimizin həyatını, yaşam tərzini öyrənərək həyatı onlar kimi saf və təmiz yaşamağa çalışmış və öz həyatlarını bu yolla davam etdirmiş, sonda elə onların etdiyi kimi də uca məqama - Şəhidlik Zirvəsinə yüksəlmişdilər. Bəhs etdiyim qəhrəmanlarımızdan, şəhidlərimizdən biri də könüllü olaraq Vətən torpaqlarının azad olunması uğrunda sinəsini düşmən qarşısında sipər edən igid Azərbaycan oğlu - şəhid Zaur Kamal oğlu Mədətovdur. Gəlin, yenicə açmış gül qədər cavan olan ömrünü heç nəyi düşünmədən Vətən yolunda qurban vermiş qəhrəmanımızın qısa, lakin olduqca mənalı ömür yolunu onun anası Raziyə xanımdan öyrənək.

 

- Salam. Xahiş edirəm, özünüzü təqdim edəsiniz.

 

- Mən, Raziyə Vəliyeva Vətən müharibəsi şəhidi Zaur Mədətovun anasıyam.

 

- Vətən müharibəsi şəhidi Zaur Mədətov haqqında ilk öncə bir ana olaraq nə deyə bilərsiniz? O, kiçik yaşlarında necə bir uşaq idi?

 

- Zaurum haqqında onu deyə bilərəm ki, o lap kiçik yaşlarından öz dediyini edən, inadkar, məqsədinə çatmaq üçün can atan bir övlad idi. Hətta xoşuna gəlməyən paltarı geyinməz, xoşlamadığı yeməyi yeməzdi. Uşaqlığından sevimli, çox qaynar və hərəkətli idi. Öz məqsədinə çatmaq üçün çalışar, arzuladığı nəticəni əldə etdikdə isə çox qürurlanar və sevinərdi.

 

- Şəhidimizin böyüklərə, kiçiklərə qarşı münasibəti necə idi?

 

- Zaurun xarakteri, xasiyyəti elə idi ki, o, yersiz danışmaz, böyüklərə çox hörmətlə, ehtiramla yanaşar, kimsə danışanda sona qədər səbirlə dinləyərdi. Adətən, qohumlarla çox zarafat etməz, yersiz hərəkətləri qətiyyən sevməzdi. Çox mərd oğul idi, söz verib sözünün üstündə durardı. Zaurum həmişə deyirdi: “Böyük məqsədlər qorxaq ürəklərdə olmaz!”. Elə bil Allah-təala yaxşı, mərd, əsl kişiyə xas olan xasiyyətlərin hamısını onda cəmləşdirmişdi.

 

- Topladığım məlumatlardan bilirəm ki, şəhidimiz idmanın cüdo növü ilə məşğul olub, respublikamızda, eləcə də beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. Bu haqda nə deyə bilərsiniz? Onun idmana marağı nə vaxtdan yaranmışdı, o peşəkar idmançı olmaq istəyirdi, yoxsa özünü düşmən önündə məğrur idmançı kimi hazırlayırdı?

 

- Onun idmana olan marağı körpəliyindən yaranmışdı. İdmana çox həvəslə gedirdi. Orta məktəbin 5-ci sinfindən isə idmanın cüdo növünə daha çox maraq göstərdi və idmanın bu növü ilə daha ciddi məşğul olmağa başladı. Respublikamızın bir çox rayonlarında, həmçinin dəfələrlə Türkiyə, Çeçenistan, İnquşetiya, Dağıstan, Gürcüstan və sair yerlərdə keçirilən cüdo yarışlarında iştirak etmişdi. Bu yarışlarda çox nailiyyətləri olmuşdu. O, deyirdi ki, mən idmanla təkcə yarışlar üçün deyil, həm də gələcəkdə torpaqlarımızı azad edərkən düşmən önündə fiziki cəhətdən düşməndən güclü olub onu məğlub etmək üçün məşğul oluram. Bu məqsədlə də o, məşqlərdən yorulmaz, heç bir vaxt yorğunluğundan şikayətlənməzdi.

 

- Şəhidimizin hərbi xidmətə necə yollanması və əsgərlik həyatı barəsində nə deyə bilərsiniz?

 

- Zaur 2018-ci ilin yanvar ayının 8-də çox həvəslə, sevinc içərisində hərbi xidmətə yola düşdü. Əslində o, yanvarın 5-də hərbi xidmətə getməli idi. Lakin hərbi komissarlıqdan demişdilər ki, yanvar ayının 8-də gedəcəksən. Zaur ona görə məyus olmuşdu ki, niyə 3 gün gec gedim? Hərbi xidməti dövründə xidmətindən bizə heç bir şikayəti, gileyi olmadı, ancaq məmnunluq ifadə edirdi. Həmişə Vətənə xidməti ilə fəxr edirdi. Özü Murovda xidmət etməyi arzulasa da Ağstafa ərazisində xidmət etməli olmuşdu. Əsgər yoldaşları onun cəsurluğundan, mərdliyindən, yoldaşlarına dayaq olmasından, gözəl xasiyyətlərindən ağız dolusu danışırdılar.

 

- Şəhidimiz gələcəklə bağlı nə düşünürdü, nələri arzulayırdı, onun gələcəklə bağlı hansı planları var idi?

 

- O, əsgəri xidmətini başa vurub gəldikdən bir həftə sonra yenidən idmanla məşğul olmağa və eyni zamanda “Kristal Abşeron”da mühafizəçi kimi işləməyə başladı. Zaurumun gələcək üçün çox planları var idi. O, heç bir işi plansız görməzdi. Arzuları da çox idi. Əsas arzularından biri isə özünə avtomaşın almaq və trenajor zalı açmaq idi.

 

- Şəhidimizin Vətən Müharibəsində iştirak etməsindən nə vaxt xəbər tutdunuz və onda hansı hissləri keçirdiniz?

 

- Zaur Tovuz döyüşlərindən sonra könüllü olaraq orduya yazılmışdı. Ona görə də 21 sentyabr 2020-ci ildən etibarən o, hərbi təlimlərə cəlb olundu. 27 sentyabr 2020-ci ildə isə Füzuli istiqamətinə yollandı. Hələ Tovuz döyüşləri dövründə Zaur darıxırdı ki, bu mənfur düşmənin dərsini vermək üçün müharibə nə zaman başlayacaq? Nə zaman mən cəhbəyə gedəcəyəm? Tovuz döyüşləri vaxtı o, mənə ancaq müharibəyə aid suallar verirdi. Bir əsgər anası kimi nə qədər narahatlıq keçirsəm də Zaur döyüşlərə gedəndə qürur hissi keçirirdim, bu gün də şəhid balamla qürur duyuram.

 

- Vətən müharibəsinin gedişi zamanı Şəhidimizlə əlaqə saxlaya bilirdiniz?

 

- Vətən müharibəsi başlayanda Zaur Füzuli istiqamətində idi… 29 sentyabr 2020-ci ildə o, zəng vurub dedi ki, burada vəziyyət yaxşıdır, əsgərlərimiz qartal kimi düşmən üzərinə şığıyır. Hamı istəyir ki, bir az da qabağa gedib daha çox torpağımızı düşmən tapdağından azad etsin. Siz məndən nigaran olmayın, özünüzə yaxşı baxın. 30 sentyabr 2020-ci ildə zəng vurub yenə də dedi ki, hər şey əla gedir. Düşmən ordumuzun gücündən, qüdrətindən qorxaraq qaçır. Tezliklə torpaqlarımızı o mənfurların tapdağından təmizləyəcəyik. 2 oktyabr 2020-ci ildə zəng vurub dedi ki, Füzulinin kəndlərinə bayraq sanca-sanca gedirik. Hər şey yaxşıdır, nigaran olmayın. 6 oktyabr 2020-ci ildə isə növbəti zəngi zamanı bildirdi ki, Cəbrayıldayıq, vəziyyətimiz də, kefimiz də yaxşıdır. Elə işimiz düşməni məhv etmək, qovmaqdır. Məndən nigaran olmayın. Özünüzdən muğayat olun. Bu, Zaurumun bizə sonuncu zəngi oldu.

 

- Onun şəhid olma xəbərini nə vaxt aldınız?

 

- 9 oktyabr 2020-ci ildə Füzuli ərazisindən həyat yoldaşıma zəng gəldi ki, Füzuliyə gəlin, burada yaralılar var, baxın, görün sizin oğlunuz bu yaralılar arasında varmı?... Və Zaurumun şəhid olması xəbəri gəldi... Əslində isə bizə özləri bu cür deyiblərmiş, demə, onda Zaurum şəhid olubmuş…

 

- Müzəffər ordumuz qələbə çaldı. Vətən müharibəsində qələbənin qazanılmasından, oğlunuz Zaur Mədətovun şəhid olduğu yerlərin azad olunmasından sonra siz hansı hissləri keçirdiniz?

 

- Qələbəmizə çox sevindim. Bildim ki, şəhidlərimizin ruhu da şaddır. Mənim balamın da bu qələbədə payı olduğu üçün qürur hissi keçirdim. Lakin fikirləşdim ki, kaş mənim balam da bu zəfəri görəydi…

 

- Son olaraq Vətən müharibəsi şəhidi Zaur Mədətovun anası kimi biz gənclərə və şəhid ailələrinə nə deyərdiniz?

 

- Zaurun anası kimi deyirəm ki, heç bir ailə mənim yaşadığımı yaşamasın. Gənclərimizi Allah qorusun. Heç kimə heç nə olmasın. Şəhid ailələrinə isə özüm qarışıq səbir diləyirəm.

 

Müsahibə verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm, Raziyə ana. Həmçinin biz hamımız Vətənə Zaur Mədətov kimi igid oğlu fəda etdiyiniz və “Vətən sağ olsun!” dediyiniz üçün nəinki sizə minnətdarıq, biz sizə və sizin timsalınızda bütün Şəhid analarına, ailələrinə borcluyuq. Bu borc ödənilməzdir. Ölənə qədər bizimlə qalacaq…

 

Məlumat üçün onu da qeyd edim ki, şəhidimiz Zaur Mədətov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!

 

 

SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR