Nazirlikdə YOXLAMA
Hesablama Palatası 2022-ci ilin İş Planına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində satınalmalarının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğu, bu sahədə daxili nəzarət işinin təşkili vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə audit aparıb, nöqsanlar aşkarlayıb.
Versus.Az Palataya istinadən xəbər verir ki, audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir:
Satınalmaların planlaşdırılmaması və ya tələb olunan müddətlərdə planlaşdırılmaması funksional fəaliyyətin təmin olunması zamanı dövlət ehtiyaclarının rəqabətli mühitin formalaşması ilə ödənilməsi imkanlarını məhdudlaşdırmış, funksional fəaliyyətin icrası məqsədilə əvvəlcədən məlum istiqamətlər üzrə də satınalmaların vaxtında keçirilməməsi ilə nəticələnmişdir. 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub. Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmış, ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilmişdir. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı vermişdir. Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmamış, bəzi hallarda isə həmin iddiaçılar qalib seçilmişdir. Bu isə sifarişçi tərəfindən başa çatdırılmadan müqavilələrə xitam verilməsi, müqavilələrin 50,0%-dən çoxunun isə subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaratmışdır. Müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı tarixlərdən sonra bağlanaraq 1240,0 min manat vəsait ödənişi həyata keçirilmişdir ki, bu da sonradan aparılmış satınalma prosedurlarının formal xarakterli olduğunu göstərir.
Nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnmiş, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaratmışdır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"