“Freedom hose” sirrini əldən verdi
Təşkilat 2019-cu il hesabatı ilə özünü ifşa etdi
MÜŞFİQ ƏLƏSGƏRLİ
“Freedom House” təşkilatı “Dünyada azadlıq 2019” hesabatını açıqlayıb. Təsnifatı aparılan 195 ölkə “azad”, “qismən azad”, “qeyri-azad” olmaqla 3 qrupa bölünürlər. Hər kateqoriyanın öz rəngi var: yaşıl rəng “azad”, sarı rəng “qismən azad”, qara-çəhrayı rəng isə “qeyri-azad” ölkələri simvolizə edir. Xəritədə yaşıl rəngdə 86 ölkə, sarı rəngdə 59 ölkə, qara rəngdə 50 ölkə göstərilir.
Azərbaycan üçün ayrılan yer haqqında müzakirə açmayaq, zatən ölkəmizə qarşı bəlli, standart bir mövqeləri var. Hansı şərtlərlə olur-olsun, bizim üçün “qeyri-azad ölkə” yarlığından istifadə edir. On illərdir ki, yanaşmaları belədir. Maraq doğuran məqam “Freedom House” siyahısında ənənəvi olaraq “azad” və “qismən azad” kateqoriyalarında göstərilən ölkələrdə baş verən son proseslər və təşkilatın onlara münasibətidir. Özünü beynəlxalq və müstəqil təşkilat elan etsə də, “Freedom House” siyasi sifarişlər icraçısıdır, bu fakt təsdiqini tapıb. Xidmətçisi olduğu dövləti və bu dövlətin marağında olan ölkələri həmişə yaşıl, sarı rənglərdə götərib. Amma iş elə gətirib ki, 2018- 2019-cu ilərdə dünyada söz azadlığı və ümumilikdə insan haqlarının pozulması yönündə ən ciddi insidentlər də, məhz həmən yaşıl, sarı rənglilərdə baş verib. O cümlədən, ABŞ-da. Dünyanı şoka salan Jamal Khashoggi olayı və ABŞ prezidentinin bu olaya “qeyri-adi” münasibəti də, prezident Donald Trampın CNN müxbiri ilə “güləşməsi ” də, digər tükürpədici hadisələr də 2018-ci ildə baş verib və ABŞ-ın neqativləri sırasına yazılıb. İndi “Freedom House” ya həmən faktlara istinad edib ABŞ-ın hesabatdakı ənənəvi rəngini dəyişməlidir, ya da öz obyektivliyini şübhəyə salmalıdır.
“Freedom House” ABŞ-ı və ABŞ-ın maraq dairəsində olan ölkələri qara-çəhrayı rənglə boyaya bilməz, uzun illərin təcrübəsi bunu göstərir. Amma fakt da faktdır axı, hər şey dünyanın gözü qarşısında baş verib: “Washington post” un əməkdaşı Jamal Khashoggi işgəncə ilə öldürülüb və ABŞ prezidenti jurnalistin ölümünə şəxsi maraqlar naminə göz yumub; dünya bunu görüb; Tramp CNN müxbiri ilə “güləşib”, onu əzməyə çalışıb, bunu da hər kəs görüb. Beləliklə, “Freedom House” dillema ilə üzləşib: necə etsin, durumdan necə çıxsın ki, həm obyektivliyinə şübhə gəlməsin, həm də ABŞ-ın rəngini dəyişməsin? Nüans da budur, “Freedom House” dillemanın həlli üçün o qədər primitiv, gülünc bir oyun oynayıb ki, quyruğu əldən verib, özünün on illər ərzində tətbiq etdiyi taktikasını ifşa edib.
Hesabatın 17-ci səhifəsindən başlayaraq, Amerikada demokratiyanın durumuna aydınlıq gətirilib. Vurğulanır ki, “son səkkiz il ərzində ABŞ-da demokratik durum əhəmiyyətli dərəcədə zəifləyib. Mövcud prezidentin qanunun aliliyinə qarşı basqıları, davam edən hücumları, faktiki olaraq jurnalistikanın durumunu və demokratiyanın digər prinsiplərini ən aşağı səviyyəyə endirib, təhlükəli hal yaradıb”. Hesabatın bu girişlə başlayan “ABŞ-da demokratiya” fəsli 2018-ci ildə, həmçinin, son 8 il müddətində ABŞ-da demokratik azadlıq mühitinin pisləşməsi yönündə nə baş veribsə, əksəriyyətini təsvir edib. Hətta ixtisarla, kəm-kəsirlə verilsələr belə, hesabatın şərh bölməsində yer tutan bu faktlar kifayət edir ki, ABŞ-ın yaşıl rəngi, ən azı sarıya çevrilsin. Bəs nəticə? Nəticə odur ki, ABŞ-ın rəngi dəyişməyib, “Freedom House” ABŞ-ı yenə yaşıl rəngdə, yəni hər şeyin yaxşı olduğu ölkələr sırasında göstərib. Hansı prinsiplə, axı pislikləri özü sadalayıb? Təşkilat izahat verməkdən yayınmaq üçün belə taktika işlədib: ABŞ haqqında bilgilər hesabatın yalnız PDF variantında yerləşdirilib, həm də digər ölkələrin arasında. PDF variantlı sənədlərin içində olan bilgilər, Google və digər axtarış sistemləri ilə araşdırılanda, üzə çıxmırlar, çünki PDF proqramının xüsusiyyəti buna imkan vermir. Axtarış sistemi sənədin yalnız adını tapa bilər, içdəki yazılar axtarış sistemində tanınmır. Kimsə bu sənədin adını bilməzsə, axtarışı ABŞ adıyla aparsa, həmən sənədə çıxış tapmaz. Yalnız xüsusi marağı və bilgisi olan şəxslər bu sənədi öz adı ilə, yəni “Freedom House” təşkilatının “Dünyada azadlıq 2019” hesabat” adıyla axtarıb tapmalı, 31 səhifəlik materialı oxumalı, onun 17-ci səhifəsində gizlədilmiş həqiqəti tapmalıdır. Kimdə var bu maraq və səbr?! Google və digər axtarış sistemləri bir yana, hətta freedomhouse.org saytının özündə axtarış aparsanız belə, yenə də ABŞ haqqında neqativ informasiyalar qarşınıza çıxmayacaq. Çünki onlar bazada, xəbər lentində yoxdurlar. Təşkilat təmsilçiləri qəsdən belə ediblər ki, ABŞ haqqında neqativlər görünməsin, diqqət çəkməsin, kimsə sadalanan faktlarla ABŞ-ın rəngi arasındakı təzadın fərqinə varmasın. Xəbər lentində verilən informasiyalar isə elə variantda təqdim ediliblər ki, həqiqət üzə çıxmasın. Test üçün freedomhouse.org saytında “Washington post” un əməkdaşı Jamal Khashoggi haqqında axtarış verin. Nə qədər axtarsanız da, o dəhşətli hadisə və ABŞ prezidentinin bu hadisəyə “şok münasibəti” barədə ətraflı bilgi tapılmaz. Qarşınıza yalnız “Freedom house” prezidenti Michael J. Abramowitz-in Donald Trampa müraciəti çıxacaq. O öz məktubunda acizanə şəkildə xahiş edir ki, Tramp Jamal Khashoggi olayını diqqətdə saxlasın. Bu qədər. Amma nə ölüm hadisəsi, nə də ondan sonrakı proseslər təqib edilməyib, ABŞ-ın yaşıl rənginə təsir edəcək faktlar saytda yerləşdirilməyib. Neqativlər təşkilat saytının künc-bucağında elə variantda gizlədilib ki, heç kəsin diqqətini çəkməsin, axtarılsa da, tapılmasın. Əgər kimsə “Freedom house”-i küncə sıxıb hesab tələb edəcək qədər irəli getsə, həmən hesabat kağız variantda masaya qoyulacaq, baxın “biz obyektiv işləmişik” deyəcəklər. Reallıqda isə sistem elə qurulub ki, heç kəs ABŞ-ın yaşıl rənginə görə “Freedom house” –nin obyektivliyini şübhəyə almasın.
“Freedom house” təkcə ABŞ-la deyil, maraq dairəsində olan digər dövlətlərlə də bənzər davranıb. Şübhə edən varsa, freedomhouse.org saytında daxil olub, hələ 40-ı çıxmamış Mher Yeghiazaryanı axtarsın. Paşinyan hakimiyyətinə etiraz olaraq həbsdə aclıq aksiyası keçirən bu jurnalist və siyasətçinin aksiya sonunda ölməsi faktı barədə bircə kəlmə də tapmazsınız. Çünki sahibləri Michael J. Abramowitz-ə sifariş ediblər ki, Ermənistanın adını hesabatda şərafətli yerdə yerləşdirsin, “Nikol Paşinyanın qələbəsindən sonra baş verən dəyişiklər vəsf edilsin”. Bu tapşırıqla Mher Yeghiazaryan olayı ziddiyyət təşkil edir. “Freedom house” çıxış yolunu onda görüb ki, Mher Yeghiazaryan olayını saytda gizlətsin, Ermənistanı sarı rəngdə göstərsin. Mher Yeghiazaryanla paralel şəkildə Azərbaycanda olan hadisələr barədə axtarış aparsanız, saniyəbəsaniyə hər şeyin təsviri ilə rastlaşarsınız.
Xəbər lenti
“Erməni genosidi ətrafında təbliğat gücləndirilməldir”
"Ermənilər bu faktı gizlədə bilməz"