Emosional aksiyalar istəyi və reallıq
Müxalifətin vətəndaşa verəcəyi ancaq quru söz, gəlişigözəl vədlərdir
ELMAN BABAYEV
Əli Kərimli daha böyük rəqəmlərə iddia edərək, insanları 50-60 minlik mitinqlərə çağırır. Belə ki, emosional, coşğulu mitinqlər istəyir.
Ortada o qədər gülünc və təhrikedici bir vəd var ki...yəni, ey, bu sayda etirazçı, küçələrə çox halda çıx ki, bütün tələblərin öz həllini tapa bilsin!
Kim deyir ki, 50-60 min insanı aksiyaya çağırmaq olmaz?! Amma gərək üslub təhrikedici, aldatma, qızışdırma üslubu şəklində olmasın.
İkincisi, gərək həqiqətən kütləvi aksiya çağırışı edəni bu qədər müdafiəyə qalxan, inanan, onun arzularına cavab verən vətəndaş olsun, təbii şəkildə.Varmı? Əlbəttə ki, yox.
Vaxt var idi, kütləvi aksiyalar xaricdən ötürülən vəsaitlərlə muzdlu vətəndaş hesabına formalaşdırılırdı. Həmin pul mənbələrinin yolu ölkəyə bağlandıqdan sonra müxalifətin emosional aksiyaları bir daha təkrarlanmadı.
Siyasi prosesləri dəqiq qiymətləndirəndə, hakimiyyət sükanına iddialıların düşdüyü durum diqqətdən kənarda qala bilməz. Zorla bir dirəniş yaratmaq, narazılar qrupu axtarıb tapmaq, mitinqlər üçün iştirakçı ovlamaq üçün çarpışma gedir.
Hər dəfə iddia olunan rəqəmə yetişməyəndə, bunu sünü yollarla şişirtmək, yalan göstəricidən ilhamla təkrar irəli atılmaq, insanları “biz güclüyük” saxtakarlığına inandırıb ətrafına çəkmək fəaliyyəti başlayır.
Əgər bir tərəfdə sosial bazası kasad, ayrı-ayrı sosial narazıları hərəkətə gətirmək üçün min cür vasitəyə əl atan müxalifət varsa, digər tərəfdə ölkədəki vəziyyətə tam nəzarət edən, xalqın rifahının yaxşılaşmasına hədəflənən qərarların təşəbbüskarı prezident İlham Əliyev var; o, cəmiyyətin gözləntilərini gerçəkləşdirməklə sosial narazılıqlardan faydalanmaq istəyənlərin arzularını alt-üst etməyi bacarır.
50-60 minlik mitinq üçün əvvvəlcə narazı deyilən hissəyə real iqtisadi proqram təqdim etmək lazımdır. Uğurlu iqtisadi təhlillər apara bilən, hazırlayan insanlarsa artıq müxalifət liderlərinin yanında deyil, müstəqil çalışırlar. Odur ki, müxalifətdə inandırıcı, gerçəkçi sosial-iqtisadi proqramlarla mübarizə aparmaq, mübarizəni, davanı intellektual müstəvidə yürütmək imkanları çox zəifdir, belə olduqda bütün enerji narazı insan tapmaq, onları emosianallığa kökləmək, reallıqdan uzaq vədlər verməklə öz tərəfinə çəkmək xətti ənənəvi olaraq davam etdirilir.
Siyasi partiyaların gurultulu sözlərdə, boş vədlərdə yaratdığı hər hansı bir mənzərə var, fəaliyyət var, sadəcə. Əslində isə onların daxil olduğu siyasi səhnədə dəyişən heç nə yoxdur. Onların siyasət üçün vacib, uğurlu rolları ortaya çıxmır.
Müxalifət anlamalıdır ki, hakimiyyətin narazı vətəndaşı razı salmaq imkanları onun narazılardan qalxan düzəltmək imkanlarından böyükdür. Çünki idarəçilik, islahatlar səlahiyyəti, dövlət büdcəsi, ehtiyat fondları, bir sözlə, hər məsələyə həll modeli tapmaq gücü ondadır.
Müxalifət olanlarınsa, vətəndaşa verəcəyi ancaq quru söz, gəlişigözəl vədlər ola bilər.
İlham Əliyev hər ilin əvvəlində olduğu kimi əhalinin sosial rifahının güclənməsi ilə bağlı verdiyi qərarlarla, müəyyən problemlərin üstünə birbaşa özünün getməsi ilə indiyə kimi qurduğu səhv siyasi mübarizənin qurbanına çevrilmiş müxalifətin əlini ancaq boşda qoya bilər. Ona nəinki 50-60 minlik bir aksiya 5 minlik bir mitinq şansının yaranması çətindir.
Özünə siyasi qüvvə deyənin 50 minlik aksiyanın qüruru ilə sosial şəbəkələrdə müzakirə açmağa haqqı çatar! 3-5 minlik mitinqlə gündəmi bərk-bərk tutub saxlamaq, cəmiyyətin istəmədiyi bir etirazın virtual məkanda müzakirəsini davam etdirməksə, çarəsizliyin, acizliyin görüntüsündən başqa bir şey deyil.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...