Ölkədə “ən axırıncı iş”in bəxtsizləri

11:59 06-06-2023 | icon 286 | Sosial
Ölkədə “ən axırıncı iş”in bəxtsizləri

Taksi qadağaları ilə üzləşənlər nə edəcəklər?

 

Beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyətindən narazılıqlar artmaqdadır. Bu şikayətlər onu göstərir ki, həmin şirkətlərin ölkədəki fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var. Artıq xarici taksi şirkətlərinin fəaliyyətlərini dayandıracağı ilə bağlı xəbərlər də yayılıb. Son zamanlar sürücülərin bu şirkətlərdə çalışmaqdan imtina etməsi də bunu deməyə əsas verir.

 

Həmçinin Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu qərar əsasında yalnız 10 ildən “yaşlı” olmayan avtomobillərin taksi xidmətinə buraxılmasına icazə veriləcəyi deyilir. Bir tərəfdən, taksi şirkətləri bağlanır, digər tərəfdən, avtomobillərlə bağlı qadağa qəbul olunur. Bu halda işsiz qalan taksi sürücülərinin taleyi necə olacaq? Taksi xidməti bundan sonra necə təşkil olunacaq? Bu, Bakıda taksi çatışmazlığına gətirib çıxarmayacaq?

 

Qiymətlər artacaq

 

Nəqliyyat eksperti Yasin Mustafayev açıqlamasında bildirib ki, xarici şirkətlərin qazanc əldə etməyindənsə özümüz bu xidməti təşkil edib, iqtisadiyyatımızı inkişaf etdirə bilərik:

 

 

“Taksi fəaliyyəti ilə məşğul olan xarici şirkətlərin dəqiq statistikası yoxdur. Amma kifayət qədər ciddi rəqəmlərdir. Taksilərin yarıdan çoxunu bu şirkətlər idarə edir. Bazarda kifayət qədər mühüm yer tuturlar. Bunlar məhdudlaşdırılmalıdır. Çünki mobil tətbiqi qurmaqla, bu işi yaratmaqla ölkədən çoxlu pullar aparırlar. Bunu özümüz də edə bilərik: öz şirkətlərimizi quraq, bu işlərlə məşğul olaq, valyuta da kənara çıxmasın”.

 

Y.Mustafayev düşünür ki, xarici taksi şirkətləri fəaliyyətini dayandırdıqdan sonra qiymətlər yüksələcək:

 

“Müəyyən qədər taksi çatışmazlığı, yəqin ki, yaranacaq. Bu, qiymətlərə də müəyyən qədər təsir edəcək. Çünki nə qədər ki kəmiyyət çoxdur, qiymət o qədər aşağıdır. Hazırda taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar, sürücülər çoxdur. Buna görə də qiymət hazırda kifayət qədər aşağıdır. Biz hazırda istəyirik ki, keyfiyyəti yaxşılaşdıraq. Əgər keyfiyyət istəyiriksə, vətəndaş daha çox pul xərcləməlidir. Bu baxımdan qiymət qalxmasının şahidi olacağıq. Amma biz bunu zamanla görəcəyik”.

 

Y.Mustafayev qeyd edib ki, yeni qanun layihəsi hazırlandıqdan sonra hər şey daha aydın olacaq:

 

“Taksi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Bu qanun layihəsində avtomobillərin ümumi vəziyyəti, texniki baxışı, buraxılış ili və s. nəzərdə tutulmalıdır. Qanun layihəsi hələ açıqlanmayıb”.

 

Ölkəmizdə taksiyə ən axırıncı iş kimi baxılır

 

Nəqliyyat ekspertinin sözlərinə görə, bundan sonrakı taksi fəaliyyətində qiymətləndirmə prinsipləri olmalıdır:

 

“Sürücü xidmət göstərdiyi müştəri qarşısında məsuliyyət daşımalıdır, istədiyi kimi hərəkət etməməlidir, avtomobilin içində siqaret çəkməməlidir, çünki ictimaiyyətə xidmət göstərir. Ona görə də fəaliyyətdə əsas bunlar nəzərdə tutulacaq. Məsələn, avtomobilin texniki vəziyyəti, sazlığı, xarici görünüşü, təmizliyi, sürücünün sərnişinə qarşı münasibəti və s. - bunlar tənzimlənməlidir. Sürücü yaxşı münasibətinə görə mükafat, kobud, xoşagəlməz rəftarına görə cəza almalıdır. Qiymətləndirmə prinsipi hazırda var. Məsələn, tətbiqdə ən sonda sürücünün xidməti haqqında qiymətləndirmə mövcuddur. Amma qiymətləndirmə heç bir işə yaramır. Sadəcə, taksi şirkəti özü görə bilir. O da tədbir görür, görmür, mükafat verir, vermir və yaxud sürücünü cərimə edir, ya yox - bunu bilmirik. Amma yeni qanun layihəsində bunlar hamısı nəzərə alınacaq ki, keyfiyyət müəyyən qədər yüksəlsin, insanlar taksidən rahat və güvənli şəkildə istifadə etsinlər. Bizdə taksi fəaliyyətinə ən axırıncı iş kimi baxırlar. Hər yerdən əli üzüləndə adam bir dənə taksi nişanını alır, avtomobilin üzərinə qoyur və avtomatik taksi sürməyə başlayır. Amma sürücü müəyyən tələblərə cavab verməli, şərtlər olmalıdır. Bu tələblər, şərtlər yeni qanun layihəsində nəzərdə tutulacaq”.

 

Y.Mustafayev bildirib ki, qiymətlər qalxsa da, çalışmaq lazımdır ki, tənzimlənmə olsun:

 

“Müəyyən qadağalar, limitlər tətbiq edildikdə bu, təbii ki, qiymət artımına yol açacaq. Amma islahatı da elə etmək lazımdır ki, qiymət artımı çox olmasın. Çünki hazırda qiymətlər kifayət qədər aşağıdır. Dünyanın bir çox yeri ilə müqayisə etdikdə qiymətin aşağı olduğunu görə bilərik. Amma islahatlarda qiymət artımı qaçılmazdır, biz bunu görəcəyik”.

 

Sürücülər komfortlu avtomobil almalıdırlar

 

Ekspertin fikrincə, köhnə avtomobillərin taksi fəaliyyətinə, həqiqətən də, qadağa qoyulmalıdır, çünki vətəndaş yararsız avtomobildə getməməlidir:

 

“Düzdür, hazırda avtomobil parkında istifadə olunan avtomobillərin, demək olar ki, çoxu köhnədir. Bəzisi boyalı, bəzisi əzikdir, buferi, bəzi detalları yoxdur, güzgüsü qırıqdır və s. Bu şəkildə fəaliyyət göstərmək olmaz. O avtomobil həm köhnədir, həm istifadəyə yararsızdır. Qiymət aşağı olsun deyə bunlara icazə verməli deyilik. Fəaliyyətlə məşğul olan adam da xidmət etmək üçün özünə komfortlu avtomobil götürməlidir. Vətəndaş 20-30 ilin avtomobilinə niyə oturmalıdır? Vətəndaşa təmiz, səliqəli, bütün texniki təchizatı yerində olan avtomobil lazımdır.

Qiymət də qalxmamalıdır. Qızıl ortanı elə tutmaq lazımdır ki, keyfiyyət yüksək, qiymət aşağı olsun. Yəqin ki, taksi fəaliyyəti ilə məşğul olanlar da tələblərə uyğun hərəkət edəcəklər. Ya köhnə avtomobillərini satıb, yeni avtomobil alarlar, yaxud da hansısa taksi şirkəti onları işə götürər. Tələblər qoyulandan sonra keyfiyyəti yüksəltmək üçün bu məsələlər ciddi şəkildə həllini tapmalı, köhnə, yararsız avtomobillər dövriyyədən kənarlaşdırılmalıdır. Avtomobillərin buraxılış ilinə görə məhdudiyyət qoyulmalıdır. Xarici təcrübədə də belə nüanslar var ki, bəlli bir yaşı keçmiş avtomobillər dövriyyədən çıxarılmalıdır. Ola bilsin, bu bizdə də tətbiq edilsin”.

 

İqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında qeyd edib ki, taksilərdən həm sürücülər, həm də sərnişinlər narazıdırlar:

 

 

“Azərbaycanda taksi biznesində problem xidmətin keyfiyyəti ilə bağlıdır. Sərnişinlərin haqlı narazılıqları mövcuddur. Hətta bəzən sürücülərin də narazılığı olur. Həmçinin, vergidən yayınma ehtimalları böyükdür. Amma eyni zamanda, Azərbaycanda taksi bazarında çox ucuz qiymətlər formalaşıb. Bu da müştərilərin xeyrinədir. Qiymətlərin də bu qədər azalmasından sürücülər narazıdırlar. Çünki gəlirləri azdır. Burada bir təkmilləşdirməyə ehtiyac var”.

 

Səhv addımın nəticəsini sərnişinlər yaşayacaqlar

 

İqtisadçı fikirləşir ki, qlobal brendlər bizim bazarımızda rahat rəqabət mühitindən istifadə edir:

 

“Təkmilləşdirmə hansısa taksinin lisenziyasını ləğv etmək, monopolist addımlar atmaq, xoşlarına gəlməyən şirkətləri bazardan uzaqlaşdırmaq formasında olmamalıdır. Bu sahədə tənzimləyici qurum, agentlik var. O bu sahədə standartlar, qaydalar və keyfiyyət nəzarətlərini tətbiq etməli, yoxlamaları artırmalıdır. Xidmətin keyfiyyətində problem var deyə hansısa taksi şirkətinin lisenziyasını almaq, ona icazə verməmək bazarda qiymətlərin artımına gətirib çıxaracaq. Qlobal brendlər bizim bazarımızda rahat rəqabət mühitindən istifadə edir. Bazardan uzaqlaşdırmaqdansa daha məsuliyyətli işə cəlb etmək lazımdır. Sürücülərin seçilməsi, treninqi, xidmət keyfiyyətinin yoxlanması, standartlara uyğun olub-olmaması məsələlərinin qabardılması və yoxlanılması daha məqsədəuyğun olar”.

 

İşsiz qalan taksi sürücüləri

 

X.Kərimli həmçinin deyib ki, taksi sayının azaldılması xeyli insanın işsiz qalmasına gətirib çıxaracaq:

 

“Taksilərin sayının bu qədər azaldılması müəyyən problemlər yaradacaq. Birdən-birə 60 min gənci, sürücünü uzaqlaşdırmaq işsizliyə təsir göstərə bilər. Onların yeni iş yeri tapması məsələsi meydana çıxacaq. Amma birdən-birə bütün sürücülər işdən çıxarılmayacağına görə bu haqda danışmaq bir qədər çətindir. Yəqin, hissə-hissə edəcəklər. Edib-etməyəcəkləri də sual altındadır. Amma bu, iqtisadiyyatımızda elə də böyük bir problem yaratmayacaq”. 

 

Hüquqşünas Turan Abdullazadənin fikrincə isə, işsiz qalacaq taksi sürücülərinin işlə təmin olunması üçün müəyyən tədbirlər görülməlidir:

 

 

“Taksi şirkətləri ləğv olunarsa, bu, qanun əsasında olacaq. Təbii ki, işsiz kütlə yaranacaq. Onların işlə təmin olunması istiqamətində də dövlət məqsədyönlü tədbir görməlidir. Amma taksilərlə bağlı hansı qərarın qəbul olunacağını hələ ki heç kim bilmir”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...